Bugün repetitorluq haqqında fikirlər birmənalı deyil; kimisi onun təhsil üçün çox zərərli proses, kimisi isə əksinə, hazırda təhsilimizin üzünü ağ edən bir predmet kimi qəbul edir. Şəxsən mən bu iki fikrin heç biri ilə qətiyyən razı deyiləm. Hətta hər iki əks fikri absurd yanaşma hesab edirəm: repetitorluq nə təhsilin kürəyinə dəyən xəncər yarasıdır, nə də təhsilimizin yeganə xilas yoludur. Qətiyyən! Repetitorluq sadəcə, təhsilverənlər tərəfindən həyata keçirilən bir xidmət növüdür və uzun illər boyu dünyanın bir çox ölkələrində də tətbiq olunub, olunur və olunacaq da. Lakin bizdə vəziyyət bir xeyli fərqlidir. Elə həmin fərqdir ki, bizə repetitorluğu bu qədər fərqli müstəvilərdə təqdim edir.
Ölkəmizdə özünün əsas mahiyyətindən kənara çıxmaqla fəaliyyət göstərən repetitorluq institutu dünyanın əksər ölkələrində ehtiyac olunan xidmət sahələrindəndir.
Lakin bizdən fərqli olaraq repetitorlara müraciət ali məktəblərə qəbul olunmaq üçün yox, aşağıdakı parametrlər əsasında edilir:
-Hər hansı ixtisasla bağlı mütəxəssis kimi formalaşmaq üçün edilən müraciətlər;
-Şəxsin bakalavriatura səviyyəsi üzrə təhsilini tamamladıqdan sonra məşğul olmaq istədiyi elmi sahə ilə bağlı formalaşmaq üçün edilən müraciətlər;
-Magistraturaya qəbul zamanı edilən müraciətlər – Bir sıra Avropa ölkələrində magistraturaya qəbul olunmaq həddindən artıq çətindir. Çünki tələblərin ağır olması ilə yanaşı, ayrılan plan yerləri də çox az olduğu üçün insanlar xüsusi repetitor xidmətinə ehtiyac görmüş olurlar.
Xarici ölkələrdə əsasən bu 3 səbəbə görə repetitorlara müraciətlər ildən ilə artmaqdadır. Sinqapurun ən böyük ingilisdilli qəzeti olan "The Straits Time" qəzetinin 2015-ci ildə 500 valideyn arasında apardığı sorğuya əsasən, hər 10 valideyndən 7-si öz övladını ödənişli repetitor yanına göndərir. 2015-ci ildə sinqapurluların bu məqsədlə xərclədiyi ümumi vəsait 1,1 milyard Sinqapur dolları olub ki, bu da 2004-ci ilə nisbətdə təxminən iki dəfə çoxdur.
Cənubi Koreyanın rəsmi statistika qurumunun məlumatına görə, koreyalı şagirdlərin təxminən 70 faizi fərdi ödənişli repetitor xidmətlərindən yararlanır. Honq-Konqda şagirdlərin 73,5 faizi pullu repetitor xidməti alır. Yaponiya Təhsil siyasəti tədqiqatları Milli İnstitutunun apardığı tədqiqata əsasən burada şagirdlərin 62 faizi repetitorlardan istifadə edir. 2007-ci ildə Yaponiyada 37 min məktəb var idisə, repetitor mərkəzlərinin sayı 50 min olub. Müxtəlif sorğulara əsasən, Estoniyada şagirdlərin 40-50 faizi repetitor xidmətlərindən yararlanır. Bundan başqa, Almaniyada 2016-ci ildə aparılmış sorğuya əsasən, 17 yaşlı gənclərin 47 faizi repetitordan yararlanıb".
Yaponiyada orta məktəbin digər pilləsinə keçid və universitetə daxil olmaq üçün şagirdlər "məharət məktəbi", daha doğrusu, "repetitor məktəbi"nə gedirlər. Həmin məktəbdə xüsusi dəvət edilmiş müəllimlər əsas məktəbdə şagirdlərə deyilənləri bir daha izah edir və bu biliklərə yenilərini də əlavə edirlər ki, şagirdlər imtahanı yüksək səviyyədə verə bilsinlər.
Türkiyədə müvafiq lisenziya əsasında fəaliyyət göstərən çoxlu sayda kurslar və təşkilatlar mövcuddur. Onların xidmətlərindən istifadə edənlərin sayı da yüksəkdir.
Braziliyada da repetitorluq təcrübəsi geniş yayılmışdır. Maraqlı hal odur ki, əgər müəllimin bu xidmətlə məşğul olması barədə məktəbə məlumat daxil olursa, onun əməkhaqqından müəyyən məbləğ tutulur. Əlavə olaraq müəllim öz fəaliyyətinə görə vergi ödəyir.
Rusiyanın tədris xidməti bazarında repetitorluğun meydana gəlməsi XVIII əsrə təsadüf edir. O vaxt çar I Pyotr ölkəyə çoxlu fransız, ingilis, alman müəllimlər dəvət etdi, XIX əsrdə yaşlı gimnazistlər və tələbələr aktiv olaraq fərdi dərslər keçməyə başladılar. Hazırda Rusiyada repetitorluq heç vaxt olmadığı aktivliyə malikdir.
2009-cu ilin yanvarında Belarus Respublikası prezidentinin fərmanına uyğun olaraq repetitorluq fiziki şəxslərin iş adamı kimi fəaliyyət göstərərək icra etdikləri və vergi ödədikləri işlərin siyahısına daxil edilmişdir.
2007-ci ildə Qazaxıstanda keçirilən monitorinq göstərmişdir ki, universitetlərin birinci kurs tələbələri arasında aparılan sorğuda respondentlərin 89,6%-i xüsusi dərslər aldıqlarını və ya hazırlıq kurslarına getdiklərini bildirmişlər. Onların 49,8%-i repetitorlardan istifadə etmiş, 39,8%-i hazırlıq kursuna getmişdir. Bununla belə, hazırlıq kurslarına gedənlərin 62%-i həm də repetitorların xidmətindən istifadə etmişdir.
Göründüyü kimi, dünyanın bir çox ölkələrində repetitorluq institutu aktiv şəkildə fəaliyyət göstərir. Lakin diqqət etməli olduğumuz iki vacib məsələ vardır:
-Bu ölkələrin heç birində repetitorluq institutu özü “kölgə təhsili” ola-ola təhsilin inkişaf mexanizminə, onun nüfuzuna, məktəbin maarifçi ab-havasına ciddi təsir etmir. Bir növ, ali məktəblərə qəbul, yaxud başqa məqsədlər üçün yeganə vasitə rolunda çıxış etmir;
-Tədris proqramları ilə tərs mütənasiblik təşkil edən qəbul imtahan proqramının diktəsi ilə hərəkət etmir.
Bunun isə bir əsas səbəbi var: məktəblər məhz onlar üçün nəzərdə tutulan tədris proqramının nəzəri əsaslandırılması, Kurikulum Proqramının məzmun xətləri əsasında dərs keçməlidir. Belə olmadığı halda, biz imtahan sualları ilə şagird bilikləri arasında böyük uçurum görəcəyik. Çünki DİM tərəfindən hazırlanan suallar məhz həmin əsaslandırılmayan (amma sənəddə yazılan) məzmun xətlərinə uyğun hazırlanır. Belə olduğu halda da şagirdləri imtahan suallarındakı məzmun xətlərlə tanış edən bir sima ortaya çıxır və təhsilin bütün rəngini müəyyənləşdirir. Onun isə adı-REPETİTORDUR!!!
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı