Bizi sosial şəbəkələrdən izləyin:
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu artıq başlanıb. Abituriyentləri maraqlandıran əsas məsələlərdən biri ali təhsil müəssiəslərinə qəbul zamanı ixtisaslara görə keçid ballarının artması ilə bağlıdır.
Bu il keçid balları arta bilərmi?
Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, bu il universitetlərə qəbul zamanı keçid ballarında artım olub-olmayacağını müəyyən etmək üçün bir neçə əsas faktoru nəzərə almaq lazımdır:
"Keçid balları əsasən qəbul planı (yerlərin sayı), abituriyentlərin ümumi nəticələri və ixtisaslara olan tələbat əsasında müəyyən edilir.
İlk olaraq, qəbul planında dəyişikliklər mühüm rol oynayır. Əgər universitetlərdə tələbə qəbulu yerlərinin sayı artırılarsa, keçid balları müəyyən qədər aşağı düşə bilər. Əksinə, bəzi ixtisaslarda və universitetlərdə qəbul planı azaldılarsa, keçid ballarının artması mümkündür.
Ötən illərdə bəzi universitetlərdə yerlərin sayı artırıldığı üçün bəzi ixtisasların keçid ballarında cüzi azalmalar müşahidə olunmuşdu. 2025-ci il üçün qəbul planı hələ tam açıqlanmasa da, son illərin tendensiyasına əsasən, texniki və mühəndislik ixtisasları üzrə qəbul yerlərinin artırılması ehtimalı var.
İkinci mühüm faktor abituriyentlərin ümumi nəticələridir. Əgər bu il imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin olarsa və abituriyentlərin nəticələri aşağı düşərsə, keçid ballarında azalma müşahidə oluna bilər.
Əksinə, imtahanlar daha asan olarsa və yüksək bal toplayan abituriyentlərin sayı çox olarsa, keçid ballarının artması ehtimalı yüksəlir. Dövlət İmtahan Mərkəzi (DİM) son illərdə imtahan suallarını beynəlxalq standartlara uyğun tədricən çətinləşdirdiyi üçün bu il də bəzi fənlər üzrə mürəkkəb sualların sayının artması mümkündür".
K.Əsədov qeyd edib ki, ixtisaslara olan tələbat da keçid ballarına təsir edir.