Əkbər Hüseynzadə: “Universitetlərin paytaxtdan köçürülməsi onların şəbəkəsinin optimallaşdırılması ilə paralel aparılmalıdır”
Elm və Təhsil
265
10:26, Bu gün

Əkbər Hüseynzadə: “Universitetlərin paytaxtdan köçürülməsi onların şəbəkəsinin optimallaşdırılması ilə paralel aparılmalıdır”

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə Bakıdakı universitetlərin köçürülməsi konseptual səviyyədə müzakirə edildiyini, hələ təhlillər aparıldığını dedi: “Bu istiqamətdə işləyirik. Amma Bakının mərkəzində yerləşən universitetlərin 15-20 min tələbəsi, üstəlik, onların müəllimləri də var. Bu, elə də asan məsələ deyil. Amma eyni zamanda, biz bunu istisna etmirik. Düşünürük ki, təhsil nə qədər sakit mühitdə olsa, bir o qədər yaxşı olur. Məsələn, Qarabağ Universitetindən müsbət mesajlar alırıq. Hazırda bu məsələ ilkin layihə formasında nəzərdə tutulur”.

Əsasən, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan İqtisadiyyat Universiteti, Pedaqoji və Azəbaycan Dİllər Universitetinin kontingenti çox olduğu üçün onların köçürülməsi daha məqbul hesab olunur. Bu təşəbbüsün əsas məqsədi əlbəttə ki, şəhərdaxili nəqliyyat problemlərini azaltmaq və tələbələrin sosial həyatını yaxşılaşdırmaqdır.

Məsələyə təhsil üzrə ekspert, “Təhsil-press.az” İnformasiya Agentliyinin direktoru Əkbər Hüseynzadənin münasibətini öyrəndik. Ekspert yada saldı ki, Dünyanın bir çox ölkəsində universitetlər mərkəzi hissədən kənarda yerləşdirilir: “Bu təcrübənin əsas məqsədi tələbələr üçün geniş tədris və tədqiqat mühiti yaratmaq, yaşayış və nəqliyyat xərclərini optimallaşdırmaq, şəhər mərkəzində nəqliyyat yükünü azaltmaq, tələbələri daha sakit və akademik mühitdə cəmləşdirməkdir. Bakı şəhərində 40-dan çox ali təhsil müəssisəsi var və tələbələrin böyük hissəsi şəhərin mərkəzinə yönəlir. Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, səhər saatlarında ictimai nəqliyyatda sıxlığın 30-40%-ni tələbələr təşkil edir. Universitetlərin şəhərdən kənara köçürülməsi bu yükü azalda bilər. Yaşayış və kirayə qiymətləri optimallaşar. İqtisadi canlanma və yeni inkişaf zonaları yarana bilər. Universitetlərin şəhərdən kənara köçürülməsi həmin ərazilərin inkişafına səbəb ola bilər. Aydın məsələdir ki, hər hansı ali təhsil müəssisəsinin bir bölgədən digərinə köçürülməsi üçün yeni bölgədə müvafiq maddi-texniki baza və infrastruktur yaradılmalıdır, bu da böyük maliyyə vəsaiti tələb edir. Ona görə də, universitetlərin şəhər mərkəzindən kənara köçürülməsi məsələsi müxtəlif səviyyələrdə müzakirə olunsa da, bu istiqamətdə konkret addımların atılması üçün hələlik rəsmi qərarlar mövcud deyil.

Paytaxtdakı universitetlərin hara köçürülməsi məsələsinə gəlincə, Əkbər Hüseynzadə ümumiyyətlə, ali təhsil müəssisələrinin əyalətlərə köçürülməsinin tərəfdarı olduğunu bildirdi: “Təkliflər səslənir ki, Bakıdakı bəzi universitetlərin şəhərdən kənara, məsələn, Xırdalan, Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərinə köçürülməsi məqsədəuyğundur. Hələ bir neçə il bundan qabaq Qəbələdə ali məktəblər üçün yeni və müasir binaların inşa olunacağı, gələcək plana görə, Bakıda yerləşən bəzi universitetlərin bura köçürüləcəyi barədə məlumatlar yayılmışdı. Hətta, ictimailəşən siyahıda köçürülən universitetlərin adları da yer almışdı. Səhv etmirəmsə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt və Böyükşor ərazilərində yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılacağı barədə məlumat da yayılmışdı. Təəssüf, hamı çalışır ki, Bakıda universitetə qəbul olsun. Amma bölgə insanlarının elə həmin rayonda təhsil alması daha məqsədəuyğundur və ümumi prosesə töhfə verə bilər. Paytaxt sakini olan tələbələrin əyalətlərə, məsələn, Qarabağa, Şərqi Zəngəzura köçürüləcək universitetlər üçün qurulacaq yataqxanalarda yaşaması sonradan həmin rayonlarda açılacaq iş yerlərində məşğulluqlarını təmin etmələrinə də gətirib çıxara bilər. Axı nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş zonalarda nəhəng quruculuq işləri gedir. Yaxın gələcəkdə həmin regionlarda yeni müəssisələrin açılacağı nəzərdə tutulur ki, onların da ixtisaslı kadrlara ehtiyacı olacaq. Şəxsən mənim fikrimcə, Bakıya ən yaxın universitet ərazi baxımdan daha geniş olan Qaradağ rayonunda olmalıdır. Xırdalan və Masazır Bakı şəhərinə yaxın olduğuna görə, Bakıda evləri olan tələbələr bu qəsəbələrdə tikiləcək kampuslarda yaşamağa ehtiyac duymayacaqlar və nəticədə nəqliyyat gərginliyi azalmayacaq. Sumqayıt isə artıq sənaye və texniki ixtisaslar üzrə bir neçə universitet və ali təhsil mərkəzinə ev sahibliyi edir”.

Təhsil eksperti ali təhsil müəssisələrinin köçürülməsindən öncə, ya da bu proseslə paralel olaraq onların optimallaşdırılmasının da vacibliyini vurğuladı: “Ali təhsil ocaqlarında bir-birini təkrar edən, eyni istiqamətli fakultələrin sayı həddindən artıq çoxdur. Bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırıldı. Uzun müddət müstəqil fəaliyyət göstərən 14 kollec birləşdirildi, 3 kollec profil üzrə müvafiq ali müəssisələrinin tabeliyinə verildi. Hazırda Azərbaycan Dillər Universiteti ilə Slavyan Universitetində, Azərbaycan Texniki Universiteti ilə Memarlıq və İnşaat Universitetində demək olar ki, eyni kadr hazırlığını həyata keçirirlər. Gözlənilirdi ki, AzTU ilə AzMİU Prezident sərəncamı ilə yaradılan Bakı Mühəndislik Universitetinin adı altında birləşdiriləcək. Ancaq bu məsələ hələ ki ləngiyir. Turizm və Menecment Universitetinin Azərbaycan Dövlət İqtisad Universiteti ilə birləşdirilməsi də təxmin olunurdu. Yeri gəlmişkən, bu təcrübə bizim təhsil sistemində yaşanıb - Azərbaycan Müəllimlər İnstitutu ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib”.

Link kopyalandı!
Son xəbərlər