Azərbaycan təhsil sistemindəki problemlərin həlli, ölkənin gələcəyini formalaşdıran gənc nəslin daha yaxşı təhsil alması və inkişafı üçün vacibdir. Təhsil sahəsinin əsas problemlərindən biri də kənd və şəhər məktəbləri arasında fərqlərdir. Azərbaycanın kənd bölgələrində təhsilin keyfiyyəti şəhərlərə nisbətən xeyli geri qalır. Kənd məktəbləri, adətən, lazımi resurs və infrastrukturdan məhrumdur. Müəllim çatışmazlığı, siniflərin sayı və dərs materiallarının olmaması kənd məktəblərində tədrisin keyfiyyətini aşağı salır. Nəticədə, kəndlərdəki şagirdlər təhsildə bərabər imkanlara malik deyillər.
Bu problemin həll yolları kimi kənd məktəblərinə yatırımların artırılması göstərilir. Kənd və şəhər məktəbləri arasındakı fərqləri aradan qaldırmaq üçün dövlət tərəfindən kənd məktəblərinə xüsusi diqqət ayrılmalı və maliyyə dəstəyi artırılmalıdır. Müəllimlərin kəndlərdə işləməyə həvəsləndirilməsi üçün stimullaşdırıcı proqramlar yaradılmalı, təhsil infrastrukturu yaxşılaşdırılmalıdır.
Təhsil üzrə ekspert, “Təhsil-press.az” İnformasiya Agentliyinin direktoru Əkbər Hüseynzadə Moderator.az-a açıqlamasında bu mövzuya münasibət bildirib:
“Kənd məktəblərinin problemləri ümumiyyətlə, cəmiyyət həyatındakı başqa problemlərlə bağlıdır. Ölkə əhalisinin az qala yarısı Bakıda və Bakıətrafı qəsəbələrdə, Abşeron rayonunda, Sumqayıt şəhərində yaşayır. İşsizlik, aktiv sosial həyat arxasınca əyalətlərdən mərkəzə axın edən ailələr uşaqlarını da şəhər məktəblərinə oxudurlar ki, bu da onların hüququdur. Nəticədə kənd məktəblərində şagird sayı seyrəlir, qonşu kəndlərin məktəblərinin bnirləşdirilməsi məsələsi aktuallaşır. Çünki şagird sayı müəllim sayına adekvat olmayan məktəblərin saxlanılması xərcləri özünü doğrultmur. Bu da öz növbəsində qonşu məktəblərə getmək məcburiyyətində qalan uşaqların nəqliyyat diskriminasiyasına məruz qalması çətinliyini yaradır və məxsusi olaraq bəlli marşrutlar üzrə hərəkət etməli olan məktəbli avtobuslarının təşkil olunmasının vacibliyini önə çıxarır. Məncə, əyalət təhsilinin aqibəti, inkişafı regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının necə yerinə yetirilməsi ilə bağlıdır. Bu məsələnin həlli təkcə Elm və Təhsil Nazirliyinin öhdəsindən gələ biləcəyi iş deyil. Dövlət proqramları qənaətbəxş səviyyədə yerinə yetirilməyincə, təkcə təhsil müstəvisində görüləcək işlərin ilk baxışda müsbət görünəcək nəticələri də dayanıqlı olmayacaq, müvəqqəti xarakter daşıyacaq”.