Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Elm və Təhsil
431
08:36, Bu gün

Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?

Demək olar ki, ildə bir neçə dəfə xaricdə təhsil almış diplomları tanınmayan şəxslər gündəmdə olur. Bu problem xaricdə təhsil almaq xəyalı quranları da narahat edir. Diplomların tanınmaması kimi hallar nə üçün baş verir? Bu halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
 
Ötən il diplomları tanınmayan şəxslərin sayına nəzər salaq:
 
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü il ərzində diplomlarının tanınması üçün 6058 nəfər müraciət edib.
 
"Müraciət edən 6058 nəfərdən 4941 nəfərin diplomları tanınıb. Geriyə qalan 1117 nəfərin isə diplomları tanınmayıb. Eyni zamanda, 2025-ci ilin yanvar ayı ərzində diplomlarının tanınması üçün 402 müraciət qeydə alınıb. Həmin müraciətçilərdən 300-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb",- deyə məlumatda qeyd edilib.
 
Bu çətinliklə qarşılaşmamaq üçün əvvəlcədən hansı məqamları bilmək lazımdır?
 
Məsələ ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, xaricdə təhsil almış şəxslərin diplomlarının Azərbaycanda tanınmaması müxtəlif səbəblərlə əlaqədardır:
 
"Son illərdə xaricdə təhsil almağa maraq artsa da, bəzi məzunlar ciddi problemlərlə üzləşirlər. Diplomlarının tanınmaması onların əmək bazarına inteqrasiyasını çətinləşdirir və iş tapmaqda maneələr yaradır. Bu problem təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də müşahidə edilir. Diplomların tanınmaması məsələsi əsasən təhsil müəssisəsinin statusu, təhsil proqramlarının məzmunu, təhsil formasının uyğunluğu və tələbənin real iştirak səviyyəsi kimi amillərlə bağlıdır.
 
Azərbaycanda xarici ali təhsil müəssisələrinin diplomlarının tanınması Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, tanınma prosesi bir neçə meyara görə aparılır. Birinci meyar təhsil müəssisəsinin həmin ölkədə akkreditasiyasının olub-olmamasıdır.
 
Akkreditasiyası olmayan və ya qeyri-rəsmi statusda fəaliyyət göstərən universitetlərin verdiyi diplomlar tanınmır. Bəzi ölkələrdə təhsil müəssisələri kommersiya məqsədilə açılır və bu universitetlər məzunlarına yalnız nominal bir diplom təqdim edirlər. Bu cür təhsil müəssisələrinin verdiyi sənədlər akademik və hüquqi cəhətdən etibarsız sayılır. Xüsusilə müəyyən Asiya və Şərqi Avropa ölkələrində fəaliyyət göstərən bəzi universitetlər distant və ya eksternat təhsil forması təqdim edərək diplom verir. Bu diplomlar tədris prosesində tələbənin fiziki iştirakı olmadan əldə edildiyi üçün Azərbaycanda tanınmır".
 
"İkinci əsas meyar təhsil formasının uyğunluğudur. Azərbaycan qanunvericiliyinə əsasən, yalnız əyani formada alınan ali təhsil diplomları tanına bilər. Qiyabi, distant və eksternat formada təhsil alan məzunların diplomlarının tanınması əksər hallarda mümkün olmur. Distant təhsil bir çox ölkələrdə qəbul edilsə də, Azərbaycanda bu təhsil forması hələ tam tənzimlənməyib və hüquqi statusu aydın deyil.
 
Ona görə də xaricdə distant formada təhsil alan şəxslərin diplomları tanınmır. Eyni zamanda, bəzi hallarda tələbələr ali təhsil aldıqları ölkədə kifayət qədər müddət keçirmirlər və bu, onların akademik fəaliyyətlərinə mənfi təsir göstərir. Əgər tələbə nəzərdə tutulan müddətin çox hissəsini başqa ölkədə keçiribsə və ya əsas dərslərdə iştirak etməyibsə, onun diplomunun tanınması mümkünsüz ola bilər.
 
Üçüncü faktor təhsil proqramının məzmunudur. Bəzi ölkələrdə tədris proqramları Azərbaycanın ali təhsil standartlarına uyğun gəlmir. Əgər tədris olunan fənlər, kurikulum və proqramın ümumi həcmi Azərbaycan ali təhsil sisteminin tələblərindən fərqlidirsə, həmin diplomun tanınması çətinləşir.
 
Məsələn, bəzi universitetlərdə bakalavr təhsili üç il davam edir, halbuki Azərbaycanda bakalavr təhsilinin standart müddəti dörd ildir. Eyni zamanda, bəzi ölkələrdə magistratura proqramları bir il davam edir, lakin Azərbaycanda bu proqramlar minimum bir il yarım və ya iki il olmalıdır. Əgər tələbənin aldığı təhsil müddəti bu tələblərə uyğun gəlmirsə, diplomun tanınması mümkün olmur", - deyə o qeyd edib.
 
K.Əsədov əlavə edib ki, dördüncü əsas səbəb akademik keyfiyyətin aşağı olmasıdır:
 
"Bəzi universitetlərdə akademik tələblər çox aşağı olur və tələbələr real biliyə sahib olmadan diplom alırlar. Belə hallarda məzunların bilik səviyyəsi yoxlanıldıqda, onların diplomlarının formal xarakter daşıdığı üzə çıxır. Bu problem xüsusilə diplomun pulla satıldığı universitetlərdə geniş yayılıb. Son illərdə bir çox ölkələrdə saxta diplom ticarəti geniş vüsət alıb və bu diplomlar müxtəlif ölkələrdə tanınmır.
 
Dünya təcrübəsində diplomların tanınması prosesi müxtəlif ölkələrdə fərqli qaydalara əsasən həyata keçirilir. Məsələn, Avropa İttifaqı ölkələrində "Boloniya sistemi" çərçivəsində təhsil standartlarının harmonizasiyası aparılmışdır və əksər ölkələr bir-birinin diplomlarını avtomatik tanıyır. Lakin hər bir ölkənin öz daxili tələbləri var. Məsələn, Almaniyada xaricdə alınmış diplomların tanınması üçün həmin universitetin Almaniyanın Mərkəzi Xarici Təhsil İdarəsi (ZAB) tərəfindən akkreditasiya olunmuş siyahıda olması lazımdır. ABŞ-də isə xarici diplomların tanınması federativ sistemə görə müxtəlif ştatlarda fərqli qaydalarla həyata keçirilir. Burada əsas tələb universitetin ABŞ Təhsil Departamenti tərəfindən tanınmış akkreditasiya agentlikləri tərəfindən akkreditasiyasının olmasıdır".
 
O vurğulayıb ki, xaricdə təhsil almaq istəyən şəxslər gələcəkdə bu problemlərlə üzləşməmək üçün əvvəlcədən bir sıra tədbirlər görməlidirlər:
 
"Birinci növbədə, təhsil alacaqları universitetin həmin ölkədə rəsmi akkreditasiyasının olub-olmamasını yoxlamalıdırlar. Bunun üçün həmin ölkənin təhsil nazirliyinin rəsmi saytına baxmaq və universitetin akkreditasiyası barədə məlumat almaq mümkündür. İkinci vacib məqam təhsil formasıdır - yalnız əyani təhsil forması seçilməlidir. Distant və ya eksternat təhsil formaları gələcəkdə ciddi problemlər yarada bilər. Üçüncü olaraq, təhsil müddətinin Azərbaycan standartlarına uyğun olması yoxlanılmalıdır. Məsələn, əgər magistratura təhsili bir il davam edirsə, bu, gələcəkdə nostrifikasiya zamanı problem yarada bilər. Dördüncü olaraq, təhsil proqramının məzmunu öyrənilməlidir - oxunacaq ixtisasın fənnləri və kurikulum Azərbaycan təhsil sisteminə uyğun olmalıdır.
 
Bütün bu amilləri nəzərə alaraq, xaricdə təhsil almaq istəyənlər əvvəlcədən geniş araşdırma aparmalı və gələcəkdə diplomlarının tanınmaması kimi problemlərlə üzləşməmək üçün düzgün seçim etməlidirlər. Təhsil investisiya tələb edən və gələcək karyeraya birbaşa təsir edən amildir. Ona görə də, bu mövzuda diqqətli olmaq və diplomun tanınma şərtlərini əvvəlcədən öyrənmək vacibdir", - deyə K.Əsədov əlavə edib.
 
Qeyd edək ki, ötən gün təşkil edilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bir şəxs diplom alırsa, həmin təhsil müəssisəsində olmalı və tədris dilini bilməlidir.
 
"Diplomu vermək üçün əlimizdə kifayət qədər əsas olmalıdır. Buna görə bildirmək istəyirəm ki, diplomlarını ala bilməyənlər məhkəməyə müraciət edərək əsaslandıra bilərlər", - deyə nazir fikrini tamamlayıb.
Link kopyalandı!
Son xəbərlər