BDU-nun indoneziyalı tələbəsi: “Məqsədim Azərbaycanı İndoneziyada daha çox tanıtmaqdır”
Elm və Təhsil
210
16:13, Bu gün

BDU-nun indoneziyalı tələbəsi: “Məqsədim Azərbaycanı İndoneziyada daha çox tanıtmaqdır”

Sofiana Jamil Afifah Bakı Dövlət Universitetinin (BDU) indoneziyalı tələbəsidir. BDU-da  İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Təhsil mübadiləsi proqramı” çərçivəsində təhsil alır. Həm Azərbaycan mədəniyyətini, həm də ölkənin təhsil sistemini çox müsbət qiymətləndirir.
 
Moderator.az indoneziyalı tələbə ilə müsahibəni təqdim edir.
 
- Xoş gördük, Sofiana, özün barədə məlumat verə bilərsənmi?
 
- Hazırda BDU-nun hazırlıq qrupunda təhsil alıram. Eyni zamanda həm ingilis, həm də Azərbaycan dilini öyrənirəm. Bu, mənim dil biliklərimi inkişaf etdirməyə kömək edir. Hazırlıq kursunu bitirdikdən sonra “Tarix müəllimliyi” ixtisası üzrə magistr təhsili alacağam.
 
- Necə oldu ki, təhsil almaq üçün Azərbaycanı, məhz BDU-nu seçdiz?
 
- Burada təhsil almağım indoneziyalı müəllimlərimin tövsiyəsi ilə baş tutub. İƏT-in “Təhsil mübadiləsi proqramı” çərçivəsində tələbə adını qazandığım zaman çox sevinmişdim. İndoneziya ilə Azərbaycan arasında möhkəm əlaqələr mövcuddur. Burada indoneziyalı tələbələrin təşkilatı fəaliyyət göstərir, bu da mənim üçün böyük dəstək oldu.
 
- Ölkəmizlə bağlı hansı təəssüratların var?
 
- Azərbaycanı çox sevirəm. Xüsusilə Bakı şəhəri, İçərişəhər çox maraqlıdır, burada  zəngin tarixi abidələr var. Bir müddət əvvəl Şuşaya səfər etmək şansım oldu. Bu, mənə çox təsir etdi. Azərbaycan çox qədim tarixə malikdir və bu zənginlik muzeylərdə də öz əksini tapır.
 
- Milli mədəniyyətimizi, yeməklərimizi necə, bəyənirsən?
 
- Azərbaycan mətbəxi çox fərqlidir. Biz İndoneziyada əsasən düyü ilə hazırlanmış yeməkləri yeyirik, amma burada ən çox bəyəndiyim yemək xəngəl oldu. Bir gün müəllimimiz xarici tələbələr üçün xəngəl bişirmişdi, biz onu çox bəyəndik. Xəngəl burada çox məşhurdur.
 
- Azərbaycanın iqliminə öyrəşmək çətin olmadı ki?
 
- Bildiyiniz kimi, İndoneziyada 2 fəsil var. Buna görə bir az çətin oldu. Amma zamanla uyğunlaşdım.
 
- Azərbaycanın təhsil sistemi barədə fikirlərin maraqlıdır...
 
- Azərbaycanın təhsil sistemi çox yaxşıdır. Burada müəllimlərin öyrətmə metodları yüksək səviyyədədir. Hər zaman kömək etməyə hazırdırlar, öyrənmək istədiyimiz mövzuları aydın izah edirlər. Bu da təhsilimə müsbət təsir göstərir.
 
- BDU-da təhsil almağın hansı üstünlükləri var?
 
- Bu universitet akademik tədqiqatlara güclü dəstək təklif edir. BDU-da oxumağım mənə tarixi hadisələr, nəzəriyyələr və pedaqoji metodlar haqqında anlayışlarımı  dərinləşdirmək imkanı verib. Xarici tələbə kimi müxtəlif mədəniyyətlərdən olan həmyaşıdlarımla ünsiyyət dünyagörüşümü genişləndirib, tənqidi təfəkkürümü artırıb, mədəniyyətlərarası dialoqda iştirak etmək bacarığımı təkmilləşdirib.
 
- Tələbə həyatını necə keçirirsən?
 
- BDU-nun “Tələbə evi”ndə qalıram. Yataqxanada xarici tələbələr də qalır. Biz birlikdə asudə vaxt keçirir, yemək bişiririk. Mən indoneziyalı tələbələrin təşkilatında da çalışıram. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ilə birlikdə layihələr həyata keçiririk.
 
- Gələcəkdə Azərbaycanda qalmaq və ya işləmək istəyirsənmi?
 
- Bəli, Azərbaycanda təhsilimi davam etdirmək istəyərəm. Burada iş imkanları da olsa, böyük məmnuniyyətlə çalışmaq istərəm. Azərbaycan mənə çox maraqlı və cəlbedici  ölkə kimi görünür. Ölkəmə qayıtdıqdan sonra da Azərbaycanla İndoneziya arasındakı əlaqələrin inkişafına dəstək olmaq istəyirəm. Məqsədim Azərbaycanı İndoneziyada daha çox tanıtmaqdır. İstəyirəm ki, indoneziyalı gənclər Azərbaycan haqqında məlumatlı olsunlar. Bu çərçivədə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı haqqında indoneziyalı gənclər üçün onlayn təqdimat da etmişəm.
Link kopyalandı!
Son xəbərlər