Bakıda yerləşən bu universitetlər şəhərdən kənara köçürülə bilər
Elm və Təhsil
614
15:12, Bu gün

Bakıda yerləşən bu universitetlər şəhərdən kənara köçürülə bilər

Prezident İlham Əliyev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib.
 
Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında yer alan məsələlərdən biri də təhsil müəssisələri ilə bağlıdır.
 
Belə ki, Proqramda Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanması qeyd olunub.
 
Əsas icraçı orqan Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Nazirliklərə 2025−2029-cu illərdə təhlillərin aparılması, təkliflərin hazırlanması və aidiyyəti qurumlarla razılaşdırılması tapşırılıb.
 
Belə olan halda Bakıda hansı ali təhsil müəssisələri şəhərdən kənara köçürülə bilər? Məsələ münasibət bildirən təhsil eksperti Kamran Əsədov BAKU.WS-ə bildirib ki, universitetlərin şəhərdən kənara köçürülməsi nəqliyyat axınını optimallaşdıraraq yolların yüklənməsinin azalmasına kömək edə bilər:
 
 
"Bakı şəhərinin nəqliyyat sisteminin tənzimlənməsi məqsədilə ali təhsil müəssisələrinin şəhər mərkəzindən kənar ərazilərə köçürülməsi təklif olunur. Şəhərdaxili nəqliyyat yükünün əsas səbəblərindən biri səhər və axşam saatlarında tələbələrin universitetlərə və yataqxanalara gedib-gəlməsidir. Xüsusilə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Tibb Universiteti kimi iri tələbə kontingentinə malik ali məktəblər bu prosesdə əsas hədəflərdən biridir. Bu universitetlərin şəhərdən kənara köçürülməsi nəqliyyat axınını optimallaşdıraraq yolların yüklənməsinin azalmasına kömək edə bilər.
 
Şəhər kənarında müasir kampusların yaradılması ali təhsilin keyfiyyətinə də müsbət təsir edəcək. Avropa və ABŞ-da universitetlərin böyük əksəriyyəti şəhərdən kənarda geniş kampuslarda fəaliyyət göstərir. Məsələn, Almaniyada Heidelberg Universiteti və ABŞ-da Stanford Universiteti geniş ərazilərə malik kampuslarda yerləşir və tələbələr üçün yaşayış, kitabxana, laboratoriya və idman komplekslərini özündə birləşdirir. Azərbaycanın da bu təcrübədən istifadə edərək təhsil şəhərcikləri yaratması mümkündür. Belə kampuslar universitetlərarası inteqrasiyanı gücləndirə və tələbələrin akademik mühitdə daha effektiv fəaliyyət göstərməsinə şərait yarada bilər.
 
 
Universitetlərin şəhərdən kənara köçürülməsi ekoloji cəhətdən də müsbət nəticələr verə bilər. Bakı şəhərində avtomobil tıxaclarının əsas səbəblərindən biri təhsil müəssisələrinin sıx olduğu ərazilərdə yaranan nəqliyyat yüklənməsidir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı şəhərində gün ərzində aktiv hərəkət edən avtomobillərin əhəmiyyətli bir hissəsi ali təhsil müəssisələrinin yerləşdiyi rayonlarda sıxlıq yaradır. Nəqliyyat axınının şəhər kənarına yönəldilməsi karbon emissiyalarının azalmasına və ekoloji balansın qorunmasına töhfə verə bilər".
 
Ekspert əlavə edib ki, universitetlərin şəhərdən kənara köçürülməsinin müəyyən çətinlikləri də var: "Birinci növbədə, bu proses tələbələr və müəllimlər üçün əlavə nəqliyyat xərcləri və yol müddətinin uzanması kimi problemlər yarada bilər. Almaniya və Böyük Britaniya kimi ölkələrdə şəhərdən kənarda yerləşən universitetlər üçün xüsusi nəqliyyat sistemləri mövcuddur. Məsələn, Almaniyada tələbələr üçün aylıq nəqliyyat kartları tətbiq olunur və tələbələr bu kartlar vasitəsilə şəhərin istənilən nöqtəsindən kampusa rahat şəkildə çata bilirlər. Azərbaycanda da belə sistemin qurulması tələbələrin əlavə yük altına düşməsinin qarşısını ala bilər.
 
 
İqtisadi baxımdan da universitetlərin köçürülməsi müəyyən risklər daşıyır. Şəhərin mərkəzində yerləşən təhsil müəssisələri ətraflarında geniş bir biznes mühiti formalaşdırır. Kitab mağazaları, kafe və restoranlar, tələbələrə xidmət göstərən digər obyektlər universitetlərin köçürülməsi nəticəsində müştərilərini itirə bilər. Bu, həmin ərazilərdə iqtisadi durğunluğa səbəb ola bilər. Alternativ olaraq, yeni kampusların ətrafında biznes infrastrukturu yaradılmalı və sahibkarlara yeni investisiya imkanları təqdim olunmalıdır".
 
Link kopyalandı!
Son xəbərlər