Təhsilin əsas funksiyalarından biri də fərdi milli özünüdərk kontekstində formalaşdırıb şəxsiyyət müstəvisinə qaldırmaqdır. Tədris və təlim-tərbiyənin, dünyəviliklə milli dəyərlərin tarazlığının qorunması təhsilin əsas missiyası hesab edilməlidir. Amma istər dünyanın bir çox ölkələrində, istərsə də Azərbaycanda tolerant yanaşma tərzi özünü təhsil sahəsində də göstərmiş və tədris prosesinin daha çox adamlar üçün əlçatımlılığını təmin etmək üçün dövlət dili ilə yanaşı, bir neçə digər dildə də məktəblərin açılmasına, pedaqoji prosesin təşkilinin seçimdən asılı olaraq başqa dillərdə də tədrisinə icazə verilib.
Hazırda xüsusən də ibtidai siniflər üçün rus bölməsi bağlanmasını tələb edən bir çox şəxs var. Ötən həftə hətta müğənni Murad Arif rus bölməsinin bağlanmağının tərəfdarı olduğunu dilə gətirib.
Ümumiyyətlə, ildə bir neçə dəfə rus bölməsi ilə problemlər zaman-zaman qabardılır. Bu problemlər bəzən dil amili ilə, bəzən tədrisin zəif təşkili ilə, bəzən isə bir başqa səbəblə əlaqələndirilir.
Amma hər bir halda mən düşünmürəm ki, bizdə rus bölməsi anlayışı təhsilimizdə bir problem olaraq mövqe tutur. Bunu qətiyyən o cür adlandıra bilmərik. Ölkə üzrə 4532 ümumi təhsil müəssisəsi var. Onlardan 300-ə qədərində təhsil rus və Azərbaycan bölməsi üzrə paralel şəkildə aparılır. Cəmi 17 məktəbdə isə təhsil yalnız rus dilində aparılır. Yəni, göründüyü kimi say o qədər də çox deyil. Rəsmi dövlət dilimiz Azərbaycan dilidir. Ölkəmizdə qeyri-dillərdə olan məktəblərin sayı çox cüzi təşkil edir. Azərbaycan daim özünün tolerantlığı, demokrat prinsiplərə yanaşması ilə də fərqlənib. Biz istər din, tədris, mədəni məsələləri baxımından çox tolerant ölkəyik. Kənardan baxanda da bu belə də dəyərləndirilir. Şəxsən mən uşaqların Azərbaycan dilində, oxumasının tərəfdarıyam. Bu, subyektiv fikrimdir. Amma elə ailələr var ki, onların uzun illərdir ünsiyyət dili rus dili olub. Təbii ki, dil də psixoloji faktordur və o ailədə uşaq da artıq rus dilində danışır. Bunu biz birdən-birə gətirib Azərbaycan dili bölməsinə sala bilmərik. Məsələn, rus dili bölməsində problem var idi ki, şagirdlər Azərbaycan dilinin, Azərbaycan tarixinin mənəvi dəyərlərindən nisbətən az məlumatlıdırlar. Artıq bu da aradan qaldırılma qüzrədir. Düşünürəm ki, rus bölmələrinin bağlanmasındansa, bu bölmələrdə maarifləndirmə aparılmalıdır.
Bizdə əsas diqqət rus və ya başqa dildə tədris yox, həmin bölmələrdə oxuyan uşaqların Azərbaycan dili, tarixi, milli dəyərləri və s.olan münasibətidir. Sırf bu münasibətin daha da yaxşılaşdırılması üçün dövlət tərəfindən vacib addımlar atılıb.
Ümumi təhsil müəssisələrində tədris olunan humanitar fənlər xüsusilə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, o cümlədən çağırışaqədərki hazırlıq şagirdlərdə milli kimliyin formalaşması və vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətli rola malikdir. Bu səbəbdən sözügedən fənlərin öz ana dilimizdə tədris olunması vacib addımdır. Çünki bizim övladlarımız öz mədəniyyəti və tarixi haqqında öz dilində düşünərək ən düzgün təəssüratı əldə edə bilər.
Son illərdə Azərbaycan dilinin tədrisinə və onun öyrənilməsinin keyfiyyət və kəmiyyətcə yaxşılaşdırılmasına xüsusi önəm verilir. Belə ki, tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili (dövlət dili) fənninə ayrılan saatların miqdarı artırılıb (həftədə 2 saatdan 3 saata). Həmin siniflərdə Zəfər tarixi və Ortaq türk tarixi kursları, çağırışaqədərki hazırlıq fənni artıq dördüncü ildir ki, Azərbaycan dilində tədris olunur.
Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması bu istiqamətdə aparılan məqsədyönlü işlərin tərkib hissəsidir.
Bildiyiniz kimi, “Təhsil haqqında” Azərbaycan Respublikası qanununa əsasən tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. Qanunda qeyd edilmiş bu maddənin yeni redaksiyada yəni sözügedən fənlərin məhz Azərbaycan dilində tədris edilməsinin növbəti dövrdə nəzərə alınması məqsədəuyğun hesab olunur.
Ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə digər dillər üzrə şagird qəbulu aparılır Eyni zamanda bəzi məktəblərdə beynəlxalq akkreditə olunmuş proqramların da tədrisinə şərait yaradılıb. Bu təhsil sistemində digər xalqların nümayəndələrinin təhsilinə şərait yaradılması baxımından nümunəvi tolerant addımdır.
2022-2023-cü ildə pilot olaraq 20 ümumi təhsil müəssisəsində icrasına başlanılmış ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində Azərbaycan tarixi fənninin dövlət dilində tədrisi layihəsi uğurla nəticələndiyi üçün layihənin əhatə dairəsi genişləndirilmiş və 6-cı sinifdə də tətbiq edilməsi barədə qərar verilib. Rus bölmələrində təhsil alan şagirdlərin əksəriyyəti azərbaycanlı ailələrdən olduğu üçün prosesin bu formatda davam etdirilməsi məqsədəuyğun addım kimi qiymətləndirilir.
Yaxın zamanlarda tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat fənni üzrə Azərbaycan ədəbiyyatı nümunələrinin də dövlət dilində keçirilməsi nəzərdə tutulub. Həqiqətən də şagirdlərin Azərbaycan ədəbi nümunələrini original mənbədən olduğu kimi oxuyub anlaması mənimsəməni də gücləndirir. Çünki əksər hallarda fərqli mədəniyyətlərə sahib olan xalqların tarixi keçmişi və ənənələri əsasında yaradılmış əsərlər olduğu kimi oxunduğu zaman həqiqi mənasını ifadə edir və oxucunu düzgün məntiqi nəticəyə yönləndirir.
Elmin Nuri