BSU Abşeronda məktəblilər üçün məlumat sessiyası keçirib
Elm və Təhsil
497
30 Jan 2025 | 22:30

BSU Abşeronda məktəblilər üçün məlumat sessiyası keçirib

 
Yanvarın 30-da Bakı Slavyan Universiteti (BSU) tərəfindən Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri üçün maarifləndirici məlumat sessiyası təşkil olunub.
 
Tədbirin əsas məqsədi şagirdləri Bakı Slavyan Universitetinin fəaliyyət istiqamətləri, mövcud fakültələr, ixtisaslar və ali təhsil imkanları barədə məlumatlandırmaq, eləcə də onların suallarına aydınlıq gətirmək olub. Sessiya çərçivəsində iştirakçılara universitetin akademik proqramları, beynəlxalq əməkdaşlıq imkanları və tələbə həyatı haqqında ətraflı məlumat təqdim edilib.
 
 
Tədbirin açılışında çıxış edən Milli Məclisin deputatı Nigar Məmmədova Azərbaycan gənclərinin müxtəlif sahələrdə fəallıq göstərdiyini, təşəbbüskar və innovativ ruhları ilə seçildiyini qeyd edib. Deputat çıxışı zamanı 44 günlük Vətən müharibəsində gənclərin nümayiş etdirdiyi vətənpərvərlik və fədakarlığı xüsusilə vurğulayaraq, onların ölkənin inkişafında və milli maraqların qorunmasında mühüm rol oynadıqlarını bildirib.Nigar Məmmədova, həmçinin, Azərbaycanın ev sahibliyi etdiyi COP29 beynəlxalq tədbirinə toxunaraq, gənclərin ekoloji problemlərin həllində, qlobal çağırışlara cavab verməkdə və dayanıqlı inkişaf hədəflərinə nail olmaqda əsas iştirakçılardan biri olduğunu qeyd edib. 
 
Sessiyada çıxış edən BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarına səmimi görüş üçün təşəkkür edərək, bütün gəncləri qarşıdan gələn 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Rektor ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın inkişaf strategiyasının müəllifi olduğunu qeyd edərək, ölkənin gələcəyinin məhz gənclərin bilik və bacarıqları əsasında formalaşacağını vurğulayıb.
 
 
A. Nağıyev çıxışında Azərbaycan dövlətinin gənclər siyasətinin uzunmüddətli və strateji baxışa əsaslandığını bildirib. Rektor Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətə toxunaraq vurğulayıb ki, müasir Azərbaycan gəncləri ölkənin idarəçilik sistemində, dövlət strukturlarında və beynəlxalq arenada mühüm mövqelərə sahibdirlər. O, gənclərin üzərinə düşən məsuliyyətin böyük olduğunu qeyd edərək, onların yüksək elmi biliklərə, vətənpərvər ruhuna və milli-mənəvi dəyərlərə bağlı mütəxəssislər kimi yetişməsinin vacibliyini diqqətə çatdırıb. Həmçinin Azərbaycan gənclərinin ölkə və beynəlxalq səviyyədə qazandığı uğurlardan bəhs edərək, onların yalnız akademik sahədə deyil, həm də dövlətin suverenliyinin qorunması, ekoloji problemlərin həlli və beynəlxalq platformalarda Azərbaycanın maraqlarının təbliği istiqamətindəki fəaliyyətlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. A. Nağlyev xüsusilə bir neçə il öncə Azərbaycan gənclərinin Şuşa və Laçının işğaldan azad olunması uğrunda mübarizədə, eləcə də ekoloji sərhədlərin qorunması məsələlərində göstərdiyi fəallığı qeyd edib.
 
 
Çıxışının sonunda A.Nağıyev BSU-nun təhsil prosesi və yaradılmış geniş imkanlar barədə ətraflı məlumat verərək, universitetdə fəaliyyət göstərən beynəlxalq mərkəzlər, xarici dillər üzrə tədris proqramları və tələbələr üçün açılan yeni perspektivlər haqqında danışıb. O, bu cür tədbirlərin tələbə-məktəbli əlaqələrinin qurulmasında və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
 
Tədbir çərçivəsində çıxış edən Bakı Slavyan Universitetinin Rəqəmsallaşma və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Zümrüd Yolçuyeva BSU-da 2024/2025-ci tədris ilindən etibarən tətbiq ediləcək yeni təqaüd proqramları barədə geniş məlumat verib və bildirib ki, bu təşəbbüsün əsas məqsədi istedadlı gənclərimizi həvəsləndirmək, sosial cəhətdən aztəminatlı ailələrin övladlarını təhsilə cəlb etmək, əmək bazarına insan resurslarını yetişdirməkdir. Bundan əlavə, Z.Yolçuyeva bildirib ki, BSU pedaqoji ixtisaslara qəbul olan oğlan tələbələr üçün də xüsusi təqaüd proqramı təqdim edir və bu proqramın məqsədi müəllimlik peşəsinə marağı artırmaq, təhsil sahəsində gender balansını qorumaq, eləcə də cəmiyyətdə peşəkar pedaqoqların yetişdirilməsinə töhfə verməkdir.
 
 
Sonda BSU-nun tələbələri “Tələbəlik həyatının təşkili və onun sosiallaşmaqda əhəmiyyəti”, “Peşə seçiminin müasir dövrün tələblərinə uyğunlaşdırılması və yaradıcılıq peşələrinə münasibət”, “Könüllülük proqramlarının gənc nəslin inkişafına və ‘gələcəkdəki mən’ anlayışının formalaşmasına təsiri”, “Asudə vaxtın səmərəli keçirilməsi: düşərgələrin gənclərin sosiallaşmasındakı rolu” mövzularında çıxış edərək, şagirdlərin ünvanladıqları sualları cavablandırıblar.
Link kopyalandı!
Son xəbərlər