“25 illik təhsil islahatları təhsilimizi daha mükəmməl, keyfiyyətli etmək əvəzinə, bütün parametrlər üzrə tənəzzülə uğratdı...”  
Elm və Təhsil
297
19:15, Bu gün

“25 illik təhsil islahatları təhsilimizi daha mükəmməl, keyfiyyətli etmək əvəzinə, bütün parametrlər üzrə tənəzzülə uğratdı...”  

“Təhsil islahatları prosesində 2 ciddi nöqsan daim özünü göstərmişdir: yarıtmaz kadr siyasəti və qeyri şəffaf, səmərəsiz və şübhəli maliyyə siyasəti.  Bu nöqsanlar hələ də özünü göstərir. Təhsilin indiki durumu bu nöqsanların nəticələridir...”
 
Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda təhsil, eləcədə elmi sahəsindəki islahatlarla bağlı “Təhsil islahatı  prosesində unutduğumuz məqamlar” növbəti tənqidi analitik yazısını təqdim edib. Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:
“Dünya sürətlə inkişaf edir. Bu sürətli inkişafla əlaqədar bütün sahələr transformasiya edilir. Bu məqsədlə dünyanın hər yerində davamlı islahatlar həyata keçirilir. Bu islahatların ən mühümü və taleyüklüsu, təhsil sistemində reallaşır. Bu heç də təsadüfi deyil.  Hər bir ölkənin ən mühüm sərvəti, onun insanlarıdır. İnsanlar isə məhz təhsil sistemində formalaşır, kapitallaşşır, ölkəni inkişaf etdirir. Bu səbəbdən bütün ölkələrdə davamlı olaraq təhsil islahatları  isra edilir. Biz də “neft kapitalını insan kapitalına çevirmək”  devizi ilə təhsil islahatları apardıq…  
 
Ölkəmizdə  25 ildir ki,  təhsil islahatları aparılır. Amma təəssüf ki, bu islahatlar təhsili daha mükəmməl, keyfiyyətli,  əlçatan, rəqabətqabiliyyətli  etmək əvəzinə, əksinə olaraq bütün parametrlər üzrə təhsili tənəzzülə uğratdı...  
 
Təhsil islahatları prosesində 3 mühüm məqama diqqət yetirməli idik. Amma bu fundamental məsələlər  nəzərdən qaçmışdır. İslahat aparanlar unutdular ki: 
1. təhsil millətin gələcəyidir.
2. dağıtmaq asan, qurmaq çətindir.
3. 100 ölç, 1 biç.
 
Biz   bu gün də bu 3 sadə həqiqəti dərk  hələ dərk etməmişik.  Ona görə də  nəyi və necə etməyi bilmirik, bilmək də istəmirik,  normal təhsili söküb, əvəzində tərsinə qurulan təhsil sistemi yaratdıq. 
 
25 il ərzində  reallaşan təhsil islahatlarının monitorinqi göstərir ki, “islahatçı”lar təhsil islahatı nədir? Təhsil islahatı necə reallaşmalıdır?”  kimi sualların cavabını doğru təyin edə bilməyiblər.  Təhsil islahatlarına hazırlıqsız başlanılmış, məsuliyyətsizliklə icra etmiş, beləliklə bu təhsildəki günkü ağır durum yaranmışdır...   
 
Belə ağır  vəziyyətin yaranmasının bir səbəbi də 25 il əvvəl bizim təhsil sahəsində real islahat təcrübəmizin olmaması idi. Çünki 70 il sovet dönəmində təhsil islahatları Moskvada layihələnmiş və yerlərdə islahatlar  mərkəzdən təqdim edilən yol xəritəsi əsasında reallaşmışdır.  Biz strateji yox, ən yaxşı hallarda taktiki məsələləri icra etmişik.  Bu səbəbdən bizim strateji düşüncəsi olan kadrlarımız da çox azdır. Amma 25 ildə bu boşluqları doldurmaq mümkün idi. Digər MDB ölkələri də bizimlə eyni start vəziyyətdə islahatlara başlasalar da, onların təhsil sistemi çökmədi, əksinə, rəqabətədavamlı təhsil sistemi qura bildilər. Rusiya Federasliyası və Ukraynada 2022-ci ilə qədər normal təhsil sistemi vardı. Qazaxıstan, Belarus, Gürcüstan, Baltikyanı  v.s. ölkələr daim təhsil reytinqlərində bizdən xeyli yaxşı mövqelərdə olmuşlar... 
 
Bu illər ərzində ölkəmizdə  təhsilə dair bir çox dövlət proqramları və strategiyalar hazırlanmış, qəbul edilmiş və icra edilmişdir.  Amma bu proqramların çoxu məzmunca qüsurlu, icrası keyfiyyətsiz olmuşdur. 
 
Bizim bu məsələlərə dair son 20 ildə xeyli məqalələrimiz olub, amma TN, nə də sonralar da ETN bu məqalələrdəki təhlillərə və təkliflərə məhəl qoymadı. 
 
Bu 25 ildə təhsil sistemi kapitanlarının  səhvi üzündə  təhsil sistemimiz “Titanik”  kimi sürətlə aysberqə yaxınlaşırdı.
 
Yuxarıda qeyd etdiyimiz  3 məqamı bir az ətraflı şərh edək. 
 
1. TƏHSIL MILLƏTIN GƏLƏCƏYIDIR. Yəni islahat aparanlar millət, xalq, gələcək nəsil, dövlət qarşısında öz məsuliyyətlərini dərk etməli idilər.
2. DAĞITMAQ ASAN, QURMAQ ÇƏTINDIR
 
Dağıtmaq- qurmaq deyil! Hər hansı bir sistemi dağıtmaq çox asan, amma onu yenidən qurmaq, yaratmaq, daha da mükəmməl etmək isə  çətindir. Quruculuq, xüsusi ilə elm, təhsil və texnologiya sahəsində yenidənqurma daha çox zəhmət, bilik və təcrübə tələb edir. Destruktiv yanaşmalar (sındırmaq və ya məhv etmək), tənəzzül asan, konstruktiv yanaşma (qurmaq, yaratmaq), inkişaf çətindir.
 
3. 100 ÖLÇ, 1 BIÇ. Hərəkət etməzdən əvvəl  islahat prosesini  başa düşmək, layihələndirmək  lazımdır. Bir işə başlamadan əvvəl düşünmək və vəziyyəti düzgün anlamaq lazımdır. Hər hansı bir addım atmazdan əvvəl onu başa düşmək, məqsəd və nəticələri düzgün qiymətləndirmək,  hansı nəticə verəcəyini bilmək çox  vacibdir. Ağıllı və düzgün qərar vermək üçün əvvəlcə zəruri resurslara sahib olmaq, peşəkar komanda yığmaq lazımdır. Düşünmək lazımdır ki, mövcud məhdud resurslarla layihəni necə reallaşdırmaq və daha yaxşı etmək mümkündür...  
 
Bizdə hələ də təhsil islahatlarını layihələndirə bilən, hazırlayan, reallaşdıran, monitorinq edən heç bir qurum, nə beyin mərkəzi, nə elmi mərkəz yoxdur. 25 il  ərzində bu “yağlı tikə”ni  TN öz əlində saxladı. Dünyanın heç bir ölkəsində TN  islahat aparmır, onlar sadəcə strateji hədəfləri müəyyən edir, maliyyə ayırır,  qalan məsələləri isə universitetlər və digər elmi qurumlar autsorsinq  formatında və ya  qrantlar əsasında icra edirlər. 
Təhsil islahatı nədir?
 
Təhsil islahatı  ölkənin təhsil sistemində mövcud problemləri, geriliyi  aradan qaldırmaq, keyfiyyətli, bərabər və əlçatan təhsili hamı üçün  təmin etmək məqsədi ilə həyata keçirən strateji dəyişiklikləri  nəzərdə tutulur. Təhsil islahatı cəmiyyətin sosial-iqtisadi ehtiyaclarına cavab vermək, texnoloji tərəqqiyə uyğunlaşmaq və qlobal səviyyədə rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaq üçün vacibdir.
 
Təhsil islahatının əsas istiqamətləri. Təhsil islahatları bir neçə istiqamətdə həyata keçirilə bilər. 
 
Təhsil keyfiyyətinin artırılması. Bu məqsədlə müasir təhsil standartlarının tətbiqi,  müəllimlərin peşəkarlığının artırılması,  sosial müdafiəsinin gücləndirilməsi  məsələləri həll edilməlidir. Eyni zamanda keyfiyyətə ciddi təsir edən amilləri-tədris materiallarının yenilənməsi və rəqəmsal resursların hazırlanması və istifadəsi  təmin edilməlidir.
 
Təhsilin əlçatanlığı və bərabərliyin təmin edilməsi. Bütün sosial qruplar üçün bərabər təhsil imkanlarının yaradılması,  xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün uyğunlaşdırılmış təhsil proqramlarının hazırlanması (inklyuziv təhsil), uzaq bölgələrdə və kənd yerlərində təhsil infrastrukturunun inkişaf etdirilməsi.
 
Təhsil idarəçiliyinin təkmilləşdirilməsi. Təhsil sistemində şəffaflıq və hesabatlılığın artırılması (bu daim bizdə çox zəif olub),  müstəqil məktəblərin (dövlət, özəl, bələdiyyə məktəblərinin yaradılması,  yeni  idarəetmə modellərinin tətbiqi, məktəb və universitetlər arasında idarəetmə modellərinin müasirləşdirilməsi.
 
Təhsildə rəqəmsallaşma və innovasiyaların  tətbiqi. Rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası, İnternetə asan çıxışın təmin edilməsi,  rəqəmsal savadlılığın yüksəldilməsi,  STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat) təhsilinə xüsusi diqqətin verilməsi 
 
Beynəlxalq standartlara uyğunlaşma. Təhsil sistemində Bolonya prosesi və digər beynəlxalq standartların tətbiqi,  xaricdə təhsilin təşviqi və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi,  
 
Peşə və ali təhsilin inkişafı. Əmək bazarının tələblərinə uyğun peşə təhsili proqramlarının yaradılması,  praktiki bilik və bacarıqlara üstünlük verən yanaşmanın tətbiqi, universitetlərin tədqiqat mərkəzləri kimi inkişaf etdirilməsi.
 
Təhsil islahatının mərhələləri. Sistemli təhsil islahatları bir neçə mərhələdə icra edilməlidir.
 
Mövcud vəziyyətin qiymətləndirilməsi. Təhsil sistemindəki problemlərin təhlili, sosial və iqtisadi ehtiyaclara uyğun tələblərin müəyyənləşdirilməsi. Bizim islahatlarda bu mərhələ çox səthi icra edilmişdir.  
 
Strategiyanın hazırlanması. İslahatın məqsəd və vəzifələrinin müəyyən edilməsi, qısa, orta və uzunmüddətli hədəflərin qoyulması, resursların (maliyyə, kadr, texnoloji) planlaşdırılması. 
 
Pilot layihələrin həyata keçirilməsi. Yeni proqramların sınaqdan keçirilməsi, uğurlu təcrübələrin seçilib genişləndirilməsi.  
 
Pilot layihələrin nəticələrinin  tam miqyaslı tətbiqi. İslahatın ölkə miqyasında həyata keçirilməsi, müəllim, şagird və valideynlərin maarifləndirilməsi.  
 
Nəticələrin monitorinqi və qiymətləndirilməsi. İslahatın uğur göstəricilərinin təhlili, nəticələr əsasında proqramın təkmilləşdirilməsi və davamlılığın təmin edilməsi.
 
Təhsil islahatı üçün əsas prinsiplər. İcra edilən təhsil islahatları bu prindiplər əsasında reallaşmalıdır (bu prinsiplər “Təhsil Qanunu”nda da əks edilib):
• Şəffaflıq və iştirakçılıq (cəmiyyətin fikrinin nəzərə alınması).
• Qloballaşma və yerli tələblərə uyğunlaşma.
• Davamlılıq və dayanıqlılıq.
• Səmərəlilik və qənaətcil yanaşma.
Təhsil islahatı düzgün və ardıcıl həyata keçirildikdə, o, cəmiyyətin bütün sahələrində müsbət dəyişikliklərə səbəb olur.  Ölkədə reallaşan təhsil islahatlarının 25 illik  xronologiyasına baxanda burada qeyd edilən məsələlərin nəzərə alınmadığını, ya da qismən nəzərə alındığını görürük. 
 
Təhsil islahatlarının 25 illik  xronologiyasına baxanda 25 il ərzində reallaşan islahatların  sistemsizliyinin də şahidi oluruq. 
 
Təhsil islahatları prosesində 2 ciddi nöqsan daim özünü göstərmişdir: yarıtmaz kadr siyasəti və qeyri şəffaf, səmərəsiz və şübhəli maliyyə siyasəti.  Bu nöqsanlar hələ də özünü göstərir. Təhsilin indiki durumu bu nöqsanların nəticələridir.
 
Təhsil islahatları prosesində buraxılan səhvlər, deyəsən, indi də elm sahəsindəki islahatlarda müşahidə edilir. ETN məmurları  aparırıq. elmi prosesləri yox, nəticəni maliyyələşdirmək istəyirik.  Yuxarıda qeyd etdiyimiz  unudulmuş 3 mühüm məqamı menecerlər elm sektorunda da nəzərə almırlar. Düzü, təhsil islahatlarında bu qədər səhvlərə yol verildikdən sonra, ölkənin elm sektorunu natamam təhsil sisteminə inteqrasiyası da çox çətin olacaq və indiki durumda biz bunun yaxşı nəticə verəcəyinə ümidsizik. Amma nazirin verdiyi bəyanatlardan və müsahibələrdən bəlli olur ki, bu sahədə də peşəkarlıq arzu ediln səviyyədə deyil. Ona görə elm sektorunda islahatlar barədə də bəzi fikirlərimizi  bildirmək istərdik.
 
Elm sahəsində islahatların qısa xülasəsini belə təqdim edə bilərik.   
 
Elm sahəsindəki islahatlar elmin təşkili, planlaşdırılması, maliyyələşdirilməsi, infrastrukturun gücləndirilməsi, kadr potensialının gücləndirilməsi v.s. məsələləri, bir sözlə elmin inkişafını sürətləndirə bilən sistemli və köklü dəyişiklikləri əhatə etməlidir.  Bura həm də yeni elmi istiqamətlərin, müasir elmi problemlərin tədqiqi məsələləri, elmi nəticələrin kommersiyalaşdırılması kimi məsələlər də aiddir. Elm sahəsində islahatlar  dedikdə, ölkədə və ya  elmi təşkilatda fəaliyyətin keyfiyyətini artırmaq, onun strukturunu, təşkilati formalarını və inkişaf strategiyalarını yeniləndirmək, müasirləşdirmək  məqsədi ilə həyata keçirilən tədbirlər nəzərdə tutulur. 
 
Elm sektorunda islahat proqramları bu məsələləri əhatə edə bilər: maliyyələşmənin yaxşılaşması,  elmi tədqiqatlara ayrılan vəsaitin davamlı artırılması, elmi qrantların ədalətli və şəffaf bölüşdürülməsi, innovasiyaların yaradılması və tətbiqinə dəstək verilməsi, elm və təhsilin  səmərəli inteqrasiyası,  universitetlərdə tədqiqat fəaliyyətinin gücləndirilməsi,   tədris proqramlarının müasir elmi biliklərə uyğunlaşdırılması,  elmi infrastrukturun inkişafı,  laboratoriyaların, tədqiqat mərkəzlərinin və texnoparklarının yaradılması,  müasirləşdirilməsi,  elmi əməkdaşlığın təşviqi,  beynəlxalq əməkdaşlığın inkişafı, elmi şəbəkələrin genişləndirilməsi, alimlər arasında əməkdaşlığın artırılması, kadrların peşəkar inkişafı,  alimlərin peşəkar inkişafı üçün təlimlərin və ezamiyyələrin, beynəlxalq və yerli elmi konfransların təşkili, gənc tədqiqatçıların inkişafının dəstəklənməsi, ölkədən  beyin axınının qarşısının alınması,  elmin populyarlaşdırılması,  elmi biliklərin cəmiyyətə çatdırılması, elmi maarifləndirmə tədbirlərinin təşkil edilməsi və cəmiyyətin elmə marağının artırılması.
 
Bütün bunlar elm sektorunda icrası zəruri olan tədbirlərin tam olmayan siyahısıdır. Bunların daha ətraflı araşdırılması və layihələr formasında tərtibi bu gün ETN qarşısında duran mühüm vəzifələrdir...
 
İlham Əhmədov, təhsil ekpserti,, pedaqoji elmlər üzrə fəlsəfə doktoru”. 
 
Link kopyalandı!
Son xəbərlər