Hüquqşünas olmaq istəyirəm - ABŞ-da qızıl medal qazanan MƏKTƏBLİ
Elm və Təhsil
492
17 Jan 2025 | 19:22

Hüquqşünas olmaq istəyirəm - ABŞ-da qızıl medal qazanan MƏKTƏBLİ

Azərbaycanı ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında təmsil edən Mətanət Mustafayeva təbiət elmləri fənni üzrə qızıl medal qazanıb.
 
Moderator.az xəbər verir ki, "Azərtac" Mətanət Mustafayeva ilə həmsöhbət olub.
 
Onun 13 yaşı var, Azərbaycan Britaniya məktəbində 8-ci sinifdə təhsil alır. Deyir ki, hələ üçüncü sinifdə oxuyarkən müəllimi onda təbiət elmlərinə maraq yaradıb.
 
Mətanət Mustafayeva təbiət elmləri fənnini yaxşı bildiyi üçün anasının olimpiada haqqında elanı göstərməsi ilə özünü sınamaq qərarına gəlib. Özü sərbəst şəkildə hazırlaşıb, məktəb biliyi ilə imtahan verib:
 
“Bəzi mövzuları məktəbdə öyrənmədiyimiz üçün internetdə araşdırdım. Daha çox astronomiya və fizika fənni üzrə hazırlaşdım. Əvvəlcə Azərbaycanda, daha sonra Amerikada keçirilən olimpiadada qızıl medal qazandım. Fəxr edirəm ki, Azərbaycan Bayrağını başqa ölkələrdə qaldıra bildim”.
O ongünlük yarışma müddətində NASA-ya getmək şansını da əldə edib: “Amerikada universitet və məktəblərə, muzeylərə apardılar, professorlar və astronomlarla tanış olduq. Ən çox sevdiyim NASA-ya getməyimiz oldu. Orada astronomlara suallarımı vermişdim və onlar da sualımı bəyənmişdilər”.
Mətanət daha əvvəl FISO Olimpiadasında da ingilis dili və elm fənləri üzrə iştirak edib. Ölkə üzrə hər iki fəndən qızıl, dünya üzrə ingilis dilindən gümüş, elm fənnindən qızıl medal qazanıb.
 
Albert Eynşteyni özünə kumir kimi seçən müsahibimiz hazırda elmə maraq göstərsə də, gələcəkdə bu sahə üzrə işləməyi planlaşdırmır: “Elmi çox sevirəm, lakin gələcəkdə hüquqşünas olmaq istəyirəm. Oksford Universitetinə qəbul olmaq üçün hazırlaşıram. Fikrimcə, olimpiadalarda qalib olmaq bu yolda mənə kömək edəcək”.
Mətanət Mustafayeva təhsil həyatı ilə yanaşı, hobbilərinə də vaxt ayırmağa çalışır: “Boş vaxtım az olur. Amma buna baxmayaraq, pianoda ifa edirəm, şahmat oynayıram, boyalarla rəsm çəkirəm, eyni zamanda, qrafik rəsmlər çəkirəm. Bunlarla yanaşı, dil biliklərimi təkmilləşdirirəm. Hazırda fransız və alman dillərini öyrənirəm”.
 
Mətanət onun kimi uğurlu olmaq istəyən yaşıdlarına daima dərslərinə diqqətlə yanaşmağı, çox çalışmağı tövsiyə edib. Deyir ki, vaxtla işləməyi öyrənsələr, yaxşı nəticələr qazana bilərlər.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər