Elm və Təhsil
1026
17 Jan 2025 | 13:33

"Azərbaycan elmi niyə məhsuldar qüvvə ola bilmədi?.."- EKSPERTDƏN MARAQLI TƏHLİL

“Elm hər bir millətin, hər bir dövlətin inkişaf səviyyəsini müəyyən edən ən mühüm amildir. Elmin inkişafı olmadan cəmiyyətin tərəqqisi mümkün deyil..." -Heydər Əliyev
 
"Bizim iqtisadiyyat təbii resurslara əsaslandığı üçün elmə tələbat az olmuş, beləliklə, elm məhsuldar qüvvəyə çevrilə bilməmişdir..."
 
Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda  elmin gerçək inkişafını əngəlləyən amillərlə bağlı növbəti analitik yazısını təqdim edib. Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:
 
“...Müstəqillik illərində biz elmə lazımı diqqət yetirə bilmədik. Bu diqqətsizlik   elmin zəif maliyyələşməsi və  elmdə səhv kadr siyasətində özünü göstərir. Nəticədə ölkə elmi dünya  elminin  sürətli inkişaf tempindən geri qaldı, diqqət çəkən nailiyyətləri olmadı, beləliklə də dünya elm məkanına səmərəli inteqrasiya edə bilmədi. Elə təhsilimiz kimi...
Bu problemləri həll etmək üçün 3 il əvvəl  ETN yaradılması haqqında qərar qəbul edildi. Bu xoşniyyətli  qərar hələlik  gözləntiləri doğrultmur.  Çünki, köhnə səhvlər  davam edir...  
 
Elmin inkişafına konseptual yanaşma hiss edilmir. Müstəqillik illərində elmin inkişafına dair cəmi bir dəfə strategiya qəbul edildi (2009-cu ildə),  o da  keyfiyyətsiz icra edildi, heç bir real nəticə vermədi.  Ölkənin texnoloji və innovativ inkişafına dair isə heç bir proqram qəbul edilməmişdir. Məlumdur ki, ümumi məsələləri həll etmədən, xüsusi məsələlərin həllinə cəhd etmək, nəticə verməz… 
 
Bəs elm nədir?  Elmin missiyası nədir?.. 
 
Elm — ətraf aləm, təbiət, cəmiyyət və insan inkişafının qanunauyğunluqlarını öyrənən sistemli biliklər toplusudur. Elm faktların toplanması, izahı, sistemləşdirilməsi və tətbiqi yolu ilə dünyanı anlamaq, inkişaf etdirmək üçün sistemli fəaliyyətdir.  Elmin məqsədi ətraf aləmi dərk etmək, proseslərin səbəb-nəticə əlaqələrini aşkarlamaq, fərdin və cəmiyyətin həyatını yaxşılaşdırmaqdır…  
 
Elmin missiyası cəmiyyətin bilik ehtiyaclarını təyin etmək, onu ödəmək, insan həyatını yaxşılaşdırmaq,  dünyanın dərk olunmasına dəstək verməkdir.  Elmin  məqsədi  ölkənin sosial- iqtisadi inkişafına təkan verməkdir...   
 
Bu gün elmə yeni baxış- kompleks və inteqrativ yanaşmalar formalaşır.  Müasir dünyada elmin funksiyaları,  elmə yanaşmalar  təkcə biliklərin əldə olunması ilə məhdudlaşmır, həm də geniş sosial-iqtisadi, etik və qlobal problemlərin həllini nəzərdə tutur.   Elmə  edilən investisiyalar texnoloji innovasiyalar yaradır. İnnovasiyaların  iqtisadiyyatda tətbiqləri bu investisiyaların səmərəsini  artırır, beləliklə elm məhsuldar qüvvəyə çevrilər…   
 
Məhsuldar qüvvə nədir? Məhsuldar qüvvə  cəmiyyətin maddi sərvətlər istehsal etmək üçün istifadə etdiyi bütün vasitə, resurs və qabiliyyətlərin məcmusudur. Məhsuldar qüvvələrin əsas komponentləri  işçi qüvvəsi (insan),  istehsal vasitələri, (əmək alətləri, əmək predmetləri), elmi biliklər və texnologiyalar (istehsalat prosesində istifadə olunan elmi biliklər, innovasiyalar və texniki nailiyyətlər), təbiət resursları (torpaq, su, hava, mineral ehtiyatlar v.s. digər təbii sərvətlər), ictimai əmək bölgüsü (müxtəlif istehsalat sahələrinin və peşələrin əmək bölgüsünə uyğun olaraq təşkil edilməsi). Göründüyü kimi,  elmi biliklər və texnologiyalar  məhsuldar qüvvənin əsas amillərindəndir…  
 
Elmin məhsuldar qüvvəyə çevrilməsi üçün iqtisadiyyatın elmə, elmi biliklərə, texniki nailiyyətlərə və innovasiyalara təlabatı olmalıdır. Əgər belə təlabat varsa, onda bu sahənin inkişafı üçün zəruri addımar atılır. Bizim iqtisadiyyat təbii resurslara əsaslandığı üçün elmə tələbat az olmuş, beləliklə, elm məhsuldar qüvvəyə çevrilə bilməmişdir.    Amma bu müddətdə region ölkələrindən  elm və texnologiyanı  qismən  inkişaf etdirənlər olmuşdur (Türkiyə, İran, Qazaxstan, Belorusiya v.s.)… 
 
 
Elmə yeni baxış biliklərin və elmi tədqiqatların nəticələrinin hamı üçün açıq və əlçatan olmasını nəzərdə tutur.  YUNESCO açıq elm-təhsil siyasətini təşviq edir.  Açıq elm  məlumatların ictimaiyyətlə paylaşılmasını,  internet vasitəsilə tədqiqatlara daha geniş çıxışı təmin etməyi nəzərdə tutur. Bu, elmin təbliği, populyarlaşması, gənclərin elmə cəlb edilməsi üçün çox  əhəmiyyətlidir… 
 
Bizdə elmin təbliği, populyarlaşması  prosesi  zəifdir. Bu haqda da düşünməliyik.  Bizdə  gənclərin elmə cəlb edilməsi ilbəil zəifləyir. Bu sahədə xeyli problemlər var.  Elmə gələnlərin isə əksəriyyəti qadınlardır…   
 
Elmə yeni yanaşmanın digər istiqaməti rəqəmsallaşma və süni intellektin elmi tədqiqatlarda geniş tətbiq imkanlarıdır.  Rəqəmsallaşma və böyük verilənlər (“big data”) elmi araşdırmaları daha sürətli və dəqiq edir. Süni intellekt texnologiyaları isə elmi tədqiqatlarda təhlil proseslərini  avtomatlaşdırır və insan əməyinə qənaət edir. Bu texnologiyalar elmin inkişafını daha da sürətləndirə bilər…  
Elm cəmiyyətin sosial-iqtisadi və texnoloji inkişafına təsir edən əsas amillərdənddir. Əksər ölkələrdə elm və texnologiyanın iqtisadi inkişafda rolu  nəzərə alınaraq elm-təhsil sferası strateji və təhlükəsizlik amili kimi qəbul edilir. 
 
Elm, bilik və innovasiyalar  istehsalatın təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına kömək edir. Yeni texnologiyaların tətbiqi məhsuldarlığı artırır. Məsələn, müasir aqrar elmlərinin son nailiyyətləri daha çox məhsul əldə etməyə imkan verir, sənayedə avtomatlaşdırma və robot texnologiyaları əməyin məhsuldarlığını yüksəldir v.s.  
 
Elm innovasiyaların,  texnoloji tərəqqinin mənbəyidir. Yeni elmi kəşflər və ixtiralar istehsalatda inqilabi dəyişikliklər yaradır. Süni intellekt və “big data” iqtisadiyyatda yeni sahələrin yaranmasına, nanotexnologiya,  biotexnologiya  istehsal və tibb sahələrində ciddi irəliləyişlərə imkan verdi…  
 
Elm təhsilin, insan kapitalının inkişafına da təsir edir. Bugünkü mürəkkəb və intensiv inkişaf edən dünyada təhsil sistemi elmsiz transformasiya edə bilməz, təhsilin rəqəmsalllaşması mümkün olmaz. Bunu 25 illik təhsil islahatları prosesində  praktik olaraq  gördük.  Yüksək ixtisaslı işçi qüvvəsi iqtisadiyyatın sürətli inkişafı üçün zəruridir, bu isə müasir təhsil sistemi vasitəsi ilə mümkündür. 
 
Elm təbii resurslardan səmərəli istifadəni, dayanıqlı inkişafı təmin edir. Bunun nəticəsində  enerji istehsalında bərpa olunan mənbələrin istifadəsi (günəş, külək enerjisi),  ətraf mühitin mühafizəsi üçün yeni texnologiyaların tətbiqi  zəruridir. 
 
Bu gün ölkədə elmin inkişafı üçün hansı siyasət, strategiya reallaşır? Təəssüf ki, heç bir…
 
Bilməliyik ki,  ölkə elminin  inkişafı müxtəlif sahələrə dair, sistemsiz, fərdi fəaliyyətlər və kiçik nailiyyətlər hesabına başa gələn və  reytinqli xarici  jurnallarda dərc edilən məqalələr hesabına mümkün deyil.  Çünki bu iqtisadiyyatın inkişafına yox, reytinqlərə xidmət edir. Elm isə iqtisadiyyatın inkişafına xidmət etməlidir…  
 
Əvvəlcə  elmi tədqiqatlar aparılmalıdır. Bu məqsədlə  elmi kollektivlər  zəruri resurslarla təmin edilməli, istiqamətlər üzrə aktual problemlərin sistemli tədqiqinə cəlb  edilməlidir.  Bu halda müəyyən elmi nəticələr və innovasiyalar yaranar, onları iqtisadiyyatda tətbiq etmək, iqtisadi inkişafa nail olmaq və daha keyfiyyətli elmi məqalələr hazırlamaq, elmi nəticələri kommersiyalaşdırmaq mümkün olar…  
Xaricdə elmi jurnallarda məqalələrin ödənişli dərci (bəzi hallarda bunun ETN tərəfindən kompensasiya edilməsi), nəticə etibarı ilə ölkə pullarının, o cümlədən dövlətin elmin inkişafına ayırdığı cüzi pulların xarici ölkələrə transferi deməkdir. Bunun hər il 1000 dəfələrlə təkrarlandığını nəzərə alsaq, söhbət artıq milyonlardan gedir… 
 
Bu durum "xaricdə təhsil" proqramı xətti ilə minlərlə gəncin xaricə oxumağa yollanmasına oxşayır. O vaxt yüz milyonlarla pulun bu proqrama yönəldilməsi,  əksər tələbələrin diplom alandan sonra orada qalması, geri qayıdanların (əsasən orda iş tapa bilməyənlər) da bir hissəsinin yerli məzunlardan az fərqlənməsi,  beləliklə,  bu pulların ölkə iqtisadiyyatının inkişafı baxımından səmərəsiz xərclənməsi halı olmuşdur.  Bu proqrama sərf edilən  pullar yerli universitetlərin inkişafına xidmət etsəydi, daha doğru olardı. Biz vaxtilə belə təklif etmişdik (2007-ci ildə).  Reallıqda isə  həmin proqram Avropa universitetlərinin inkişafına xidmət etdi (1 milyard dollara yaxın onlara investisiya etdik, bir neçə ildə, halbuki, öz universitetlərimizdə hətta antivirus proqramı almağa da pul tapılmırdı)…   
 
İndi  oxşar  səhvi  elmlə əlaqəli edirik.  Biz konkret elmi problemlərin həllinə yönəli investisiya etməliyik.  Ayrı-ayrı məqalələrin xaricdə dərcinin ölkə iqtisadiyyatına təsiri yoxdur.   
 
Bu gün elmdə  fənnlərarası (elmlərarası) yanaşma daha çox özünü biruzə verir.  Elm artıq konkret sahələr çərçivəsində inkişaf etmir, əksinə, müxtəlif  elm sahələrinin qarşılıqlı təsiri və inteqrasiyası baş verir. Bugünkü elm, fərdi deyil, kollektiv fəaliyyət nəticəsində inkişaf edir...
 
Son  onilliklərə  bioinformatika  (Biologiya + İnformatika + Riyaziyyat + Statistika),  nanotexnologiya (Fizika + Kimya + Biologiya + Materialşünaslıq),  süni intellekt və Maşın Öyrənməsi (Kompüter elmləri + Riyaziyyat + Statistika + Neyrologiya), ekoinformatika ( Ekologiya + İnformatika + Statistika),  biotexnologiya (Biologiya + Kimya + Mühəndislik + Genetika), qlobal sağlamlıq elmləri (Tibb + İctimai sağlamlıq + Epidemiologiya + Sosial elmlər),  astrobiologiya (Astronomiya + Biologiya + Kimya + Planetologiya),  kvant hesablama (Fizika + Riyaziyyat + Kompüter elmləri), neuroinformatika (Neyrologiya + İnformatika + Riyaziyyat + Psixologiya),  robototexnika və avtonom sistemlər (Mühəndislik + Süni intellekt + Fizika + Elektronika),  iqlimşünaslıq və iqlim modelləşdirilməsi (Meteorologiya + Fizika + Kompüter elmləri + Ekologiya), sosial və davranış elmlərində analitika (Sosial elmlər + Statistika + Data elmləri) v.s. inteqrativ elmlər yaranmış və sürətlə inkişaf edir. Təbii ki, inteqrativ elm sahələrində ayrı-ayrı alimlərin fərdi qaydada ciddi nəticələr əldə etməsi çətindir.  Bu sahələrdə iri elmi kollektivlərin  davamlı olaraq birgə fəaliyyətinə ehtiyac var...  
 
Müasir elm çoxsaylı sahələrə bölünür və bu sahələrin sayı daim artır, çünki elmi biliklər inkişaf etdikcə yeni inteqrativ və fənnlərarası (multidissiplinar)  istiqamətlər yaranır. Elmdə 8–10 böyük kateqoriya müəyyən edilir, lakin hər bir kateqoriyanın daxilində yüzlərlə xüsusi elm sahələri mövcuddur.  Müasir elm təxminən 75 000 elmi sahədən ibarətdir… 
 
Digər ciddi problem təhsil elmləri üzrə tədqiqatların təşkili və  onun nəticələrindən təhsil islahatları  prosesində səmərəli istifadə məsələsidir. Bu problem əvvəllər də mövcud olub,  amma son 10 ildə daha bərbad vəziyyət yaranıbdır. Bu sahədə ənənələr və təcrübə dağılıb, nəsillər arasında varislik pozulub, mövcud elmi potensialdan istifadə çox səmərəsiz olmuşdur.  ETN-nin tərkibində olan  Təhsil İnstitutu (ARTİ),  faktiki olaraq öz əsas  missiyasını icra edə bilmir… 
 
Bütün bu məsələlər ölkənin elm seqmentində olan problemlərin cüzi hissədir. Bu sahədə olan çoxsaylı digər problemlərin müəyyən edilməsinə, sistemli monitorinqlərə,   düzgün qərarların qəbuluna, onların keyfiyyətli icrasına  ehtiyac var. Əks halda elm və təhsil daha da zəifləyəcəkdir. Biliklər iqtisadiyyatı dövründə  zəif  elm və təhsillə iqtisadi inkişafı təmin etmək çətin olacaqdır, xüsusən də təbii resursların tükəndiyi və  ona olan təlabatın azaldığı bir məqamda... 
 
İlham Əhmədov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru"
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər