Hər il onminlərlə bakalavr məzun olur. Onların isə 18-19 min nəfəri magistraturaya sənəd verir.
Bəs görəsən, ən çox məzunu magistraturaya qəbul olan universitetlər hansılardır? 5 il ərzində bu say necə dəyişib?
AzEdu.az Təhsil Portalı olaraq mövzu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) 12 nömrəli Abituriyent jurnalına istinadən geniş araşdırma etdik.
Araşdırmaya əsasən 2023-cü ildə Bakı Dövlət Universitetinin (BDU) 3985 bakalavr məzunu magistraturaya sənəd verib. Onların 3136 nəfər ixtisas seçimində iştirak edib, 2275 nəfər isə magistraturaya qəbul olub.
2022-ci ildə isə BDU-nun 3648 məzunu sənəd verib, onlardan 2755 nəfər ixtisas seçimində iştirak edib və 2072 nəfər magistraturaya qəbul olub.
Statistikalar onu göstərir ki, 2021-ci ildə sənəd verənlərin sayı 3771, ixtisas seçimi edənlərin sayı 2895, magistrant olanlar isə 1901 nəfər olub.
2020-ci ildə BDU məzunlarından 2659 nəfər magistraturaya sənəd verib, 2206 nəfər ixtisas seçimində iştirak edib, 1506 nəfər isə magistraturaya qəbul olub.
2019-cu ildə məzunlardan 2194 nəfər magistraturaya sənəd verib, 1244 nəfər isə magistrant adı qazanıb.
Statistikalar göstərir ki, 5 il ərzində ali məktəblərin magistratura səviyyələrinə qəbul olan bakalavrların böyük qismi BDU-nun məzunları olub.
Məntiqi təfəkkürün yoxlanılması üzrə test tapşırıqları bakalavrlara magistratura imtahanında ən çox bal qazandırır. Bəs görəsən, hansı universitetin məzunlarının məntiq fənnindən əldə etdikləri ortalama bal daha yüksəkdir?
2023-cü ildə Bakı Ali Neft Məktəbinin (BANM) məzunlarının magistratura imtahanında məntiq fənni üzrə əldə etdikləri ortalama bal ölkə üzrə ali məktəblər içərisində ən yüksək nəticə kimi qeydə alınıb.
Belə ki, BANM-da məntiq üzrə orta bal 2023-cü ildə 39,5 bal olub.
2022-ci ildə də məntiq fənni üzrə ən yüksək ortalamanı BANM məzunlarının payına düşüb və 37.2 bal olub.
2021-ci ildə BANM məzunları 22.6-lıq nəticə, 2020-ci ildə 15,3, 2019-cu ildə isə 18 bal olub.
5 illik statistikaya əsasən məntiq fənni üzrə ən yüksək ortalama Bakı Ali Neft Məktəbinin məzunlarının payına düşür.
Universitetlərdə bəzən 1 il, bəzən isə 2 il xarici dil üzrə bakalavrlara dərs keçirlər.
Bəs görəsən, magistratura imtahanında hansı universitetin məzunları xarici dildən daha yüksək nəticə göstəriblər? Əlbəttə, burada tədris ingilis dilində olan universitetlər bir qədər fərqlənəcək.
Tədris ingilis dilində olan Bakı Ali Neft Məktəbinin 2023-cü ildə məzunlarının xarici dil üzrə orta balı 21,7 olub.
Hazırda fəaliyyət göstərməyən "Naxçıvan" Universitetinin məzunlarının 2023-cü ildə xarici dil üzrə orta bal 16,5 olub. Bu digər tədris Azərbaycan dilində olan universitetlərlə müqayisədə ən yüksək rəqəmdir.
2022-ci ildə Bakı Ali Neft məktəbinin məzunlarının xarici dil üzrə ortalaması 22,2 bal olub.
Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun məzunlarının xarici dil üzrə orta balı isə 16 olub. Bu rəqəm də həmin il üçün tədris Azərbaycanca olan təhsil müəssisələri arasında ən yüksək olaraq qeydə alınıb.
2021-ci ildə BANM məzunlarının xarici dil üzrə ortalama balı 38,7 olub.
2021-ci ildə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məzunlarının xarici dil fənni üzrə ortalama balları 31.8 olub.
2020-ci ildə BANM məzunlarının xarici dil üzrə ortalaması 21 bal olaraq formalaşıb.
Həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunlarının xarici dil üzrə orta balı isə 18 olub.
2019-cu ildə BANM məzunlarının xarici dil üzrə ortalamaları yenə də ən yüksək səviyyədə olub. Belə ki, həmin il ortalama bal 22.7 olaraq qərarlaşıb.
Həmin ildə Bakı Mühəndislik Universitetinin məzunlarının xarici dil üzrə ortalama balları tədris Azərbaycan dili olan digər universitetlər arasında ən yüksək – 15,5 bal olaraq formalaşıb.
Nəticələr onu göstərir ki, ən çox tələbəsi magistraturaya qəbul olan universitet BDU, ən çox tələbəsi xarici dil və məntiq fənnindən yüksək nəticə görəsən ali təhsil müəssisəsi isə BANM olub.