“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...”-  MÜTƏXƏSSİS
Elm və Təhsil
469
10:28, Bu gün

“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...”-  MÜTƏXƏSSİS

“Ümumiyyətlə, təhsilimizdə düzgün strategiya olmadığından 2000-ci ildə qəbul olunmuş qeyd etdiyimiz dövlət proqramının ardınca digər təhsil proqramlarə da biri-biri ilə əlaqəsiz, yarımçıq, keyfiyyətsiz şəkildə hazırlandı və icrası da bərbad halda həyata keçirildi...”
 
“Müstəqillik illərində Azərbaycan müstəqil dövlət olduğu üçün vəziyyət tamam dəyişdi. Və artıq Moskvadan heç bir strateji sənədlər, islahat proqramları və s. materiallar gəlmədi və biz hər şeyi özümüz etməli olduq.  Lakin bunun çətinliyini, məsuliyyətini müstəqilliyin ilk illərində kifayət qədər dərk edə, qiymətləndirə bilmədik. Elə bildik ki, hər şey kortəbii olaraq öz axarıyla davam edəcəkdir. Və bu ətalətlə yaşamağa başladıq. Lakin hardasa 1990-cı illərin sonlarında anladıq ki, dünyada sürətli inkişaf gedir, təhsil sistemləri fasiləsiz islahatlar aparır və biz də həmin islahatları aparmalıyıq. Nəticədə 1999-cu ildə təhsil islahatlarına dair proqram qəbul etdik. Həmin proqramın da əsasında 2000-ci ildə təhsilin inkişafına dair dövlət proqramı qəbul olundu. Təəssüf ki, həmin proqram təhsil sahəsində ən uğursuz proqramlardan biri oldu”. 
 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında son 33 illik müstəqillik illərində təhsil sahəsində obyektiv və subyektiv səbəblərdən yaranan problemlərdən danışan tanınmış təhsil eksperti İlham Əhmədov dilə gətirib.
 
“Təsəvvür edin ki, o proqramla bağlı Prezident sərəncamına 7-8 dəfə əlavələr olundu. Hər dəfə hansısa maddə çıxdı, hansısa dəyişdi və s. Eyni zamanda həmin proqramda təhsil sisteminə zərbə vuracaq bir qərar da vardı: Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filialının yaradılması haqda... O vaxt Azərbaycanda 100 minə yaxın işsiz müəllim var idi. Odur ki, heç bir ehtiyac olmadığı halda Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi. Xüsusən də onun 11 regionda filiallarının yaradılması... Hələ biz Bakıda normal bir universitet yarada bilmədiyimiz halda birdən-birə ənənəsi, normal maddi bazası, kadr təminatı olmayan rayonlarda institutun filiallarını açdıq. Filial o deməkdir ki, orada təhsil alan vətəndaş oxuyub qurtarıb əsas müəssisənin, yəni Müəllimlər İnstitutunun diplomunu alacaqdır. Bakıda yerləşən bu təhsil müəssisəsində az-çox müəyyən bir səviyyə var idi. Ancaq regionlarda çox ağır bir durum hökm sürürdü. Sonradan işləyə bilmədiyinə görə həmin filiallardan 4-5-ni bağladılar. Fəqət, həmin müddət ərzində, çoxsaylı, on minlərlə o cümlədən saxta diplomlu, standartlara cavab verməyən müəllim hazırlandı. Bu gün müəllimlərin sertifikasiyası zamanı yaranan problemlər də əsasən Müəllimlər İnstitutu və onun filiallarını yetişdirdiyi müəllimlərlə bağlıdır”, - davamında bunları söyləyən mütəxəssis təhsilimizdə düzgün ümumi strategiya olmadığından və maliyyələşmə zəif olduğundan bir çox proqramların düzgün hazırlanmadığını və real nəticələri olmadığını vurğulayıb.
 
“Ümumiyyətlə, təhsilimizdə düzgün ümumi strategiya olmadığından 2000-ci ildə qəbul olunmuş qeyd etdiyimiz dövlət proqramının ardınca digər proqramlar: 2005-2007-ci illərdə məktəblərin kompüterlə təminatıyla bağlı dövlət proqramı, 2008-2012-cillərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə proqram, 2009-2013-cü illərdə ali təhsil məkanının Avropa təhsil məkanına inteqrasiyasıyla bağlı və s. dövlət proqramları biri-biri ilə əlaqəsiz, yarımçıq, keyfiyyətsiz şəkildə hazırlandı və icrası da bərbad halda həyata keçirildi. Ən pisi isə odur ki, həmin proqramların əksəriyyəti çox az məbləğdə maliyyələşirdi və bu səbəbdən də ciddi nəticəsi olmurdu”, - deyə təhsil eksperti diqqətə çatdırıb. 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər