“Məktəblərdə adambaşına maliyyələşdirmə təhsil sistemində müəyyən ədalətliliyi qismən təmin edir, amma bu modelin tətbiqi hər bir məktəbin özünəməxsus xüsusiyyətlərini və ehtiyaclarını nəzərə almır...”
“33 il əvvəl Borçalıda 180 azərbaycan məktəbi olduğu halda, bu gün 120 azərbaycan məktəbi var. Bu məktəblərin sayının sürətlə azalması, orada yaşayan soydaşlarımızı, elə bizi də çox narahat edir...”
“Bəs bu problemləri, hər hansı sosial narazılıq yaratmadan həll etmək olarmı? Əlbəttə. Bu problem müxtəlif ölkələrdə yaranıb, gələcəkdə də yaranacaq. Onlar bu problemi belə həll ediblər...”
Məlum olduğu kimi, bu günlərdə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev ölkədə 1500 məktəbin faktiki olaraq bağlanmaq təhlükəsi ilə üz-üzə qaldığını etiraf etdi. Ardınca ictimaiyyət bu fikrə öz etirazını bildirdi, sosial şəbəkələrdə və KİV-lərdə buna əks olan müxtəlif fikirlər səsləndi, deputatlar, ziyalılar, təhsil ekspertləri məsələyə öz münasibətlərini bildirdilər. Nəticədə bir neçə gün sonra nazir bu məsələ ilə əlaqəli sözlərinə sosial şəbəkələrdə aydınlıq gətirərək eyni fikri bir az yumşaq formada təqdim etdi: “Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq...”
Bəs ölkənin təhsil sistemində yaranmış bu kifayət qədər ciddi problemin hansı optimal həll yolları mümkündür?..
Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, UNEC Biznes Məktəbinin müəllimi, mövzu ilə pedoqoji elmləri üzrə fəlsəfə doktoru İlham Əhmədov mövzu ilə bağlı Moderator.az-a “Təhsildə irrasional rasionallaşma” başlıqlı analitik məqaləsini təqdim edib. Aktuallığını nəzərə alaraq materialı dəyərli oxucularımızın, o cümlədən mütəxəssislərin müzakirəsinə buraxırıq:
“İstənilən yeniliyin, sosial-iqtisadi proseslərin 2 tərəfi var: müsbət və mənfi tərəfləri. Ona görə də bu sahədə hər hansı addım atılanda əvvəlcə bunun nəticələrini hərtərəfli təhil etmək, sonra qərar vermək lazımdır. Məktəblərdə adambaşı maliyyələşdirmənin də sosial-iqtisadi yenilik kimi öz müsbət və mənfi cəhətləri var. Belə məsələlərdə tələsik və ya yarımçıq qərarlar vermək sonda ciddi problemlər yarada bilər. Təhsil kimi həssas sosial sahədə qərarların qəbulu hərtərəfli təhlil edilməli, sonda qərar verilməlidir. Yalnız bu halda düzgün qərarlar qəbul etmək mümkündür.
Son illər Azərbaycan təhsil sistemində, o cümlədən məktəblərdə adambaşı maliyyələşdirmə modeli tətbiq edilir. Burda əsas məqsəd təhsilin maliyyələşdirilməsi üçün optimal variantların axtarışıdır. Bu modeldə məktəblərin maliyyələşməsi şagirdlərin sayına əsasən aparılır. Yəni məktəbin nə qədər çox şagirdi varsa, bir o qədər də çox maliyyə vəsaiti alır və ya əksinə. Bu model bəzi ölkələrdə artıq tətbiq edilib. Son günlər bizim ölkədə də bu geniş müzakirələrə səbəb olub. Belə ki, keçən həftə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib: “Təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır. 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır. Bunun ağrılı proses olduğunu bilirik. Amma bunu etməliyik. Və qəti sözünü deyib: sözün qısası, rasionallaşmaya getməliyik.” Az sonra ictimaiyyət bu fikrə öz etirazını bildirdi, sosial şəbəkələrdə və KİV-lərdə buna əks olan müxtəlif fikirlər səsləndi. Millət vəkilləri, ziyalılar, təhsil ekspertləri bu məsələyə öz münasibətlərini bildirdilər. Biz də bu mövzuda "Təhlükəli və səmərəsiz rasionallaşma" başlıqlı bir məqalə yazmışdıq (
burada:). Bir neçə gün sonra nazir bu məsələ ilə əlaqəli sözlərinə sosial şəbəkələrdə aydınlıq gətirməli oldu, yəni, fikrini bir az yumşaltdı: “Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.”
Gəlin məktəblərdə adambaşı maliyyələşdirmənin, məktəblərin rasionallaşmasının nə olduğuna, bunun müsbət və mənfi cəhətlərinə nəzər salaq. Bu proseslərin müsbət cəhətlərini təhsil menecerləri çox təbliğ edib, amma mənfi tərəflərindən danışmayıblar. Bu məsələdə düzgün qərar vermək üçün prosesin müsbət tərəfləri ilə yanaşı mənfi tərəflərini də demək, təhlil etmək lazımdır. Bu səbəblərdən məktəbdə adambaşına maliyyələşdirmənin mənfi cəhətlərini qeyd edək:
1. Kənd yerlərindəki məktəblər üçün yaranan problemlər. Şagird sayı az olan kənd məktəbləri kifayət qədər maliyyə vəsaiti əldə edə bilmir. Bu, onların fəaliyyətini davam etdirməkdə çətinliklər yaratmasına səbəb olur.
2. Prosesin keyfiyyətə yox, kəmiyyətə fokuslanması. Məktəblər daha çox şagird cəlb etmək üçün tədrisin keyfiyyətini yox, kəmiyyətini artırmağa diqqət edə bilər.
3. Zəif təhsil göstəriciləri olan məktəblərin durumunun pisləşməsi. Şagird sayına əsaslanan maliyyələşmə zəif təhsil göstəriciləri olan məktəblər üçün əlavə çətinliklər yaradır, çünki onlar daha az şagird cəlb edir və nəticədə daha az maliyyə alarlar.
4. Təhsildə rəqabət mühitinin pozulması. Böyük şəhərlərdə yerləşən məktəblər adətən daha çox resurs və infrastruktur üstünlüyünə malik olduğu üçün, daha çox şagird cəlb edə bilər. Bu isə kiçik məktəblərin və ya ucqar ərazilərdəki məktəblərin maliyyə vəziyyətini zəiflədir.
5. Məktəblərin əlavə ehtiyacları nəzərə alınmır. Adambaşı maliyyələşmə yalnız şagird sayını nəzərə alır, lakin xüsusi təhsil ehtiyacları olan şagirdlər və ya zəif infrastrukturla işləyən məktəblərin əlavə ehtiyaclarını nəzərə almır.
6. Maliyyə qeyri-sabitliyi. Şagird sayında baş verən dəyişikliklər məktəbin maliyyə sabitliyinə də təsir edir. Bu, vəziyyət xüsusən əhalinin seyrək olduğu bölgələrdə problem yarada bilər.
Məktəblərdə adambaşına maliyyələşdirmə təhsil sistemində müəyyən ədalətliliyi qismən təmin edir, amma bu modelin tətbiqi hər bir məktəbin özünəməxsus xüsusiyyətlərini və ehtiyaclarını nəzərə almır. Bu modelin mənfi təsirlərini azaltmaq üçün əlavə dəstək mexanizmləri olmalıdır, xüsusi ilə ucqar bölgələrdə yaşayan şagirdlər üçün əlavə imkanlar yaradılmalıdır. Bu zaman həm də təhsilin keyfiyyəti ilə bağlı monitorinq sistemləri tətbiq edilməli, təkcə kəmiyyətə deyil, həm də keyfiyyətə diqqət yetirilməlidir. Məktəblərdə adambaşı maliyyələşdirmənin əsas məqsədi məktəblərin rasionallaşdırılmasına nail olmaqdır. Məktəblərin rasionallaşdırılmasının da müsbət və mənfi cəhətləri var. Hökumət hər hansı islahat aparanda ilk növbədə bunun insanlara ziyanlı olub-olmamasını diqqətdə saxlamalıdır. Məktəblərin rasionallaşdırılmasının mənfi cəhətləri kmi bunları qeyd edə bilərik:
1. Şagirdlər üçün çətinliklər. Məktəblərin bağlanması və ya birləşdirilməsi zamanı şagirdlərin yeni məktəblərə daşınması və ya uyğunlaşması problemlər yarada bilər.
2. Kənd yerlərindəki çətinliklər. Ucqar bölgələrdə məktəblərin bağlanması təhsilə çıxışı çətinləşdirə bilər.
3. Cəmiyyətin narazılığı. Yerli icmalar, xüsusilə kənd yerlərində, məktəblərin bağlanmasına qarşı mənfi münasibət göstərə bilər.
4. Sosial problemlər. Məktəblərin bağlanması müəllimlərin işsiz qalmasına səbəb ola bilər.
5. Keyfiyyət fərqlərinin dərinləşməsi. Böyük şəhərlərlə kənd yerləri arasındakı təhsil fərqlərini daha da artıra bilər. Məktəblərin rasionallaşdırılması təhsil sistemində islahatların həyata keçirilməsinin mühüm bir hissəsidir. Lakin bu proses icra edilərkən cəmiyyətin ehtiyacları, sosial problemlər və regional fərqlər diqqətə alınmalıdır.
Uğurlu rasionallaşdırma yalnız maliyyə səmərəliliyi deyil, həm də təhsilin keyfiyyətinin artırılması ilə nəticələnməlidir. Rasionallaşdırmanın mənfi təsirlərini azaltmaq üçün xüsusi sosial dəstək proqramlarının həyata keçirilməsi zəruridir. Bəs bu problemləri, hər hansı sosial narazılıq yaratmadan həll etmək olarmı? Əlbəttə. Bu problem müxtəlif ölkələrdə yaranıb, gələcəkdə də yaranacaq. Onlar bu problemi belə həll ediblər: azkomplektli məktəblər yaratmaq, bu məktəblərdə hibrid təhsil- bütün siniflərdə müəllimin nəzarəti ilə sinifdə distant təhsil təşkil etmək. Bu halda məktəbdə 30 yox, 10 müəllimə ehtiyac olacaqdır. Bu halda bir sinifə ildə 25000 manat yox, xeyli az xərc gedəcəkdir. Bunu haqda daha ətraflı izah edək. Azkomplektli məktəblərdə distant təhsilin tətbiqi ilə tədrisin təşkili imkanları. Azkomplektli məktəblərdə distant təhsilin tətbiqi, müəyyən şərtlər daxilində, bu məktəblərin bağlanmasının qarşısını ala bilər. Distant təhsilin tətbiqi azkomplektli məktəblərdə tədrisin təşkilinə əlavə imkanlar yaradır. Distant təhsil (DT) azkomplektli məktəblərə nə kimi imkanlar yaradır?
1. Keyfiyyətli tədrisə çıxış imkanı. Azkomplektli məktəblərdə müəllim çatışmazlığı problemi daim olub. Distant təhsil vasitəsi ilə şagirdlər, şəhərlərdə və ya ixtisaslaşmış məktəblərdə çalışan yüksək ixtisaslı müəllimlərin dərslərinə qoşula bilərlər. Bu da tədrisin keyfiyyətini, şagirdlərin təhsil imkanlarını və təhsilə marağını yüksəldər.
2. Məktəblərin fəaliyyətinin qorunması imkanı. Əgər azkomplektli məktəblərin bağlanması nəzərdə tutulursa, distant təhsil onların ənənəvi formada bağlanmasının qarşısını ala bilər. Belə məktəblər hibrid təhsil modelinə keçərək, həm ənənəvi, həm də onlayn dərsləri birləşdirə bilərlər.
3. Resurslardan səmərəli istifadə imkanı. Azkomplektli məktəblər üçün bütün fənlər üzrə müəllim tapmaq və onları işə cəlb etmək çətindir. Distant təhsil bu problemi həll edərək, müxtəlif bölgələrdəki şagirdlərə bir platforma üzərindən təhsil alma imkanı verir.
4. Şagirdlərin transferi (yerdəyişməsi) problemini aradan qalxır. Məktəblərin bağlanması zamanı şagirdlər digər məktəblərə getməli olur ki, bu da nəqliyyat və vaxt itkisi kimi problemlər yaradır, qış mövsümündə dağ kəndlərindəki yolların nəqliyyat üçün də riskli olmasını unutmalı deyilik. Distant təhsil vasitəsilə şagirdlər öz evlərindən təhsillərini davam etdirə bilərlər.
5. Müasir texnologiyalardan istifadə. Distant təhsil şagirdlərin İKT bacarıqlarını inkişaf etdirir və onları gələcəyin rəqəmsal dünyasına hazırlayır. Bu, həm şagirdlərin, həm də müəllimlərin innovativ texnologiyalarla işləmə qabiliyyətini artırır.
6. Şagirdlər və onların ailə üzvləri gələcəkdə bu texnologiya ilə peşə təlimləri də keçə bilərlər. Nəzərə alaq ki, gələn il 200 min azərbaycan vətəndaşı hökumətin maliyyə dəstəyi ilə “COURSERA” platforması üzərindən müxtəlif onlayn təlimlər keçmək imkanına malik olacaqlar. Bütün bunlarla yanaşı, distant təhsilin azkomplektli məktəblərdə tətbiqi müəyyən problemlərlə də qarşılana bilər. Lakin bu problemlərin həll edilməsi mümkündür.
Distant təhsilin azkomplektli məktəblərdə tətbiqinin mümkün problemləri:
1. Texnoloji infrastruktur çatışmazlığı. Ucqar bölgələrdə internetə çıxışın zəif olması distant təhsil prosesini çətinləşdirə bilər. Bu problemi həll etmək üçün hökumət tərəfindən infrastruktur yatırımları tələb olunur.
2. Texnoloji biliklərin çatışmazlığı. Həm müəllimlər, həm də şagirdlər arasında rəqəmsal savadlılığın aşağı olması distant təhsilin effektivliyini azalda bilər. Buna görə təlimlər və dəstək proqramları təşkil edilməlidir.
3. Sosial təmasın azalması. Distant təhsil, şagirdlərin məktəb mühitindəki sosial əlaqələrini zəiflədə bilər. Bu, uşaqların psixososial inkişafına mənfi təsir göstərə bilər.
4. Maliyyə problemləri. Texnologiya təminatı (kompüterlər, planşetlər, internet bağlantısı və s.) azkomplektli məktəblər üçün əlavə maliyyə yükü yarada bilər.
Distant təhsilin azkomplektli məktəblərdə tətbiqi üçün təkliflər:
1. Hibrid təhsil modeli. Ənənəvi tədrisi tamamilə dayandırmadan, distant təhsili əlavə vasitə kimi tətbiq etmək lazımdır. Məsələn, əsas dərslər məktəbdə keçirilsin, bəzi fənlər isə onlayn formada təqdim olunsun.
2. Texnoloji infrastrukturun gücləndirilməsi. Ucqar bölgələrdə internetə çıxışı təmin etmək üçün dövlət və ya özəl sektor vasitəsilə sərmayə qoyulmalıdır.
3. Müəllim və şagirdlər üçün təlimlər. Distant təhsilin effektivliyini artırmaq üçün həm müəllimlər, həm də şagirdlər üçün texnologiyalardan istifadə üzrə təlimlər təşkil olunmalıdır.
4. Distant təhsil platformalarının yaradılması. Yerli məktəblərə uyğunlaşdırılmış xüsusi distant təhsil platformaları hazırlanmalıdır. Bu platformalar müasir metodikaları dəstəkləməli və istifadəsi asan olmalıdır.
5. Müxtəlif texnologiyaların tətbiqi. Video-dərslər, onlayn tapşırıqlar, tədris materialları və virtual siniflər vasitəsilə distant təhsil zənginləşdirilə bilər.
Distant təhsilin azkomplektli məktəblərdə tətbiqi, onların bağlanmasının qarşısını almaq üçün səmərəli bir həll yoludur. Amma bu yanaşma texnoloji və inzibati dəstək tələb edir. Bu proseslərin düzgün planlaşdırılması və icrası həm məktəblərin fəaliyyətini qorumağa, həm də təhsilin keyfiyyətini artırmağa, həm sosial narazılığa sion qiymağa, həm də ucqar kəndlərdə həyatın davam etməsinə imkan yarada bilər...
Distant təhsilin azkomplektli məktəblərdə tətbiqi imkanlarının yaradılması Gürcüstanda yaşayan azərbaycanlıların da məktəb problemlərini həll edə bilər. Belə ki, 33 il əvvəl Borçalıda 180 azərbaycan məktəbi olduğu halda, bu gün 120 azərbaycan məktəbi var. Bu məktəblərin sayının sürətlə azalması, orada yaşayan soydaşlarımızı, elə bizi də çox narahat edir. Orda məktəblərin bağlanma səbəbi müəllim çatışmazlığıdır. Son 33 ildə, Borçalı gənclərinin Azərbaycanda ali pedaqoji təhsil almaq imkanlarının olmaması öz acı nəticələrini göstərir. Biz bu problemi hələ 2017-ci ildə qaldırmışdıq. Təklif etmişdik ki, bu problem distant təhsil sistemi yaratmaqla həll edilə bilər. Gürcüstandakı icma nümayəndələri, ölkəmizin gürcüstandakı səfirliyi, AR Diaspora komitəsi bu təşəbbüsə hamılıqla dəstək verirdilər. Lakin, sonda AR Təhsil Nazirliyi bu təşəbbüsə dəstəkləmədiyi üçün, proses sona çatmadı, təşəbbüs elə təşəbbüs olaraq qaldı. İndi ucqar kəndlərimiz üçün bu problemləri həll edə bilsək, həm məktəblərimiz bağlanmaz, həm də Gürcüstanda yaşayan azərbaycanlı uşaqlar da bu layihədən faydalana bilərlər. Elə başqa ölkələrdə yaşayan diaspora uşaqları da...
Dosent İlham Əhmədov"