Azərbaycanda Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında ölkəmizdə fəaliyyət göstərən universitetlərin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib. Reytinqə görə, məzunları ən çox işlə təmin edilən ilk 3 universitet Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Dövlət Universitetidir. Universitetlərin məzunlarını təyinatla işlə təmin etməsi hansı üstünlüklərlə və çətinlikləri yarada bilər. Məzunların öz istəklərinə uyğun olmayan yerlərə təyin olunması onların gələcək karyerasını zədələyə bilərmi?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Elman Sadıqov Moderator.az-a danışıb. Qeyd edib ki, bu gün iqtisadiyyatımızda neft sektorunun, həmçinin qeyri-neft sektoru üzrə maliyyə sahəsinin digər sahələrlə müqayisədə daha çox inkişaf etməsi bu sahələrdə ixtisaslı kadrlara davamlı tələb formalaşdırır. Bu isə məhz neft, iqtisadiyyat, maliyyə ixtisasları üzrə məzun olan ali təhsilli gənclərimizin məşğulluq göstəricilərinə hiss olunacaq dərəcədə müsbət təsir göstərdiyi üçün bu istiqamətlərdə təhsil verən ali məktəblərimiz də məşğulluq reytinqində daha yüksək yerləri tuturlar.
“Qeyd olunan səbəblərdən, o cümlədən təhsilin də keyfiyyətinin ilbəil hiss olunan artımı səbəbindən Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri özlərinə daha rahat iş tapırlar. Həm keçmiş imic və ənənələri, həm də müxtəlif çoxsaylı profillər üzrə təhsil verən Bakı Dövlət Universitetinin tələbələri də hüquq, elm və pedaqoji istiqamətlər daxil olmaqla bir çox istiqamətlərdə məşğulluqlarını təmin edə bilirlər. Lakin ixtisas məsələləri ilə bağlı bu universitetdə görülməli işlər çoxdur. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə daha çox neft sahəsi üzrə kadr yetişdirir. Çünki bu universitetin özünün spesifik bir ənənəsi var. Vaxtilə burada da yüksək ixtisaslı kadrlar hazırlanıb və bunlar da daha çox özlərini neft, kimya, mühəndislik və s. sahələrdə yetişdirib, iş tapıblar.
Qeyd edək ki, məzunların məşğulluq reytinqi bakalavr pilləsindən məzun olub ölkənin əmək bazarında öz məşğulluqlarını təmin edən, sahibkarlıq fəaliyyəti quran və ya ölkəmizin universitetlərində magistraturaya daxil olan məzunları əhatə edir. Əslində burada bəzi universitetlər üçün fərqli xarakterik cəhətlər var. Məsələn, yüksək reytinqə malik olan ADA Universitetinin bakalavr üzrə məzun sayı yuxarıda qeyd olunan 3 universitetdən kifayət qədər aşağıdır və müqayisədə sayca az olan bu məzunların da bir hissəsi öz magistr təhsillərini xarici universitetlərdə davam etdirirlər. Nəticədə onlar öz məşğulluqlarını ölkədə təmin etmədikləri üçün bakalavr pilləsindən məzun olanların məşğulluq reytinqində əks olunmurlar. Lakin, zamanla bir neçə səbəbdən göstəricilər düzələcək. Əvvəla, xaricə magistraturaya gedənlərin də sayı məzunların məşğulluq reytinqində növbəti fazada universitetin reytinqinə müəyyən dərəcədə təsir göstərəcək. İkincisi, xaricdə magistraturada oxuyub qayıdan məzunlar əmək bazarında iş tapdıqca bu amil məzunların məşğulluq reytinqində həmin universitetlərin reytinqlərinə təsir göstərəcək və bu təsir hiss olunmağa başlayıb.
Məzunların məşğulluq reytinqi hər bir universitetə öz məzunlarının işlə təmin olunması, daha yüksək məşğulluq göstəricilərinə nail olaraq reytinqlərini yüksəltməsi üçün rəqabət mühiti formalaşdırır. Bu gün universitetlərdə yaradılmış və yaradılmaqda olan karyera mərkəzlərinin əslində başlıca strateji hədəfləri budur.
Təyinatla göndərilmək məsələsinə gəldikdə isə bu, bəzi ölkələrdə tətbiq olunan təcrübədir və düzgün bir şəkildə tətbiq olunduqda çox böyük önəm daşıyır. Bir çox ölkələrdə ucqar rayonlarda, kəndlərdə ixtisaslı kadrlara olan tələbi qarşılamaq üçün tələbələr ora təyinatla göndərilir və yerləşdirilir. Yəni əmək bazarında regionlar üzrə bərabər yerləşməni, regionlara ixtisaslı kadrların göndərilməsini təmin etmək məsələləri önəmlidir. Bu, böyük və kiçik şəhərlərin, şəhərlər və kəndlərin, o cümlədən ayrı-ayrı regionların inkişaf səviyyələri arasında böyük fərqlərin qarşısının alınmasında əsas amillərdən biridir. Təyinat ömürlük olmur. 2-3 illik olur və bu illər ərzində məzunlar təcrübə toplayırlar. 2-3 ildən sonra isə öz seçimləri ilə karyeralarını istədikləri şəkildə davam etdirə bilərlər. Hazırda ölkəmizdə əslində geniş və konseptual bir məsələ olan təyinatla göndərilmə məsələləri minimum səviyyədədir".