Repetitor hazırlığı öndə: Orta məktəblərdə tədris sıradan çıxır... - Ekspert
1801
12 Oct 2024 | 12:00

Repetitor hazırlığı öndə: Orta məktəblərdə tədris sıradan çıxır... - Ekspert

Təhsil sistemimizdə repetitorların fəaliyyəti qaçılmaz zərurətə çevrilib. Abituriyentlər və onların valideynləri üçün məktəbdə keçirilən dərslər kifayət etmir, nəticədə əlavə hazırlıq dərslərinə və repetitorlara müraciət etmək məcburiyyətində qalırlar.
 
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədova görə, bu vəziyyət təhsilin keyfiyyətində ciddi boşluqların olduğunu göstərir:
 
“Dərsliklər və tədris proqramları şagirdlərin ali məktəblərə hazırlaşması üçün yetərli olsaydı, bu qədər test topluları, əlavə dərs vəsaitləri və müxtəlif hazırlıq kitabları nə üçün çapdan çıxardı? Hər il minlərlə test toplusu və dərs vəsaiti abituriyentlərə ünvanlanaraq bazara çıxır. Bu, məktəb dərsliklərinin onların ehtiyaclarını qarşılamadığını və əlavə resurslara ehtiyac duyulduğunu bir daha sübut edir.
 
Əsas məsələ odur ki, məktəb tədrisi şagirdlərə lazım olan biliyi verməli, onları təkcə imtahanlara deyil, həm də həyat üçün hazırlamalıdır. Amma mövcud vəziyyətdə abituriyentlər məktəbdə keçirilən dərslərlə kifayətlənə bilmirlər, nəticədə repetitorlara üz tutaraq əlavə vaxt və vəsait sərf edirlər”.
 
Ekspert vurğulayır ki, məktəb dərsliklərinin bu tələblərə cavab verə bilməməsi təhsil sistemində ciddi problemlərə işarə edir:
 
“Təhsil ocaqları şagirdləri yüksək keyfiyyətli tədrislə təmin etməli, onların qəbul imtahanlarına hazırlaşmasında əsas faktor olmalıdır. Lakin bu gün cəmiyyətimizdə məktəb tədrisi ilə repetitor hazırlığı arasında ciddi uçurum yaranıb. Bu boşluğu repetitorlar doldurur, valideynlərsə əlavə pyl xərcləməli olurlar.
 
Halbuki təhsil sistemimizi elə bir səviyyəyə gətirməliyik ki, şagirdlər rəsmi tədrislə kifayətlənə bilsinlər. Bu, həm valideynlərə maddi yükün azalması, həm də şagirdlərin məktəb təhsilinə daha çox önəm verməsi üçün vacibdir. Təhsilin repetitorlardan asılı qalması məktəbin əsas funksiyasını zəiflədir və təhsilin bütünlüklə kommersiya məqsədli sistemə çevrilməsinə gətirib çıxarır”.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər