ADU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTOLAR
Elm və Təhsil
1808
18 Sep 2024 | 18:20

ADU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTOLAR

Sentyabrın 18-də Azərbaycan Dillər Universiteti (ADU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Moderator.az xəbər verir ki, müqavilə ADU-nun rektoru, akademik Kamal Abdulla və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov tərəfindən imzalanıb.
 
İmzalanma mərasimində çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla son illər universitetin əldə etdiyi yüksək nailiyyətlərdən, bir çox ölkələrin ali təhsil müəssisələri arasında uğurlu əməkdaşlıq əlaqələrindən danışıb. Yeni təhsil ilinin uğurla başladığını vurğulayan rektor qeyd edib ki, beynəlxalq reytinq cədvəllərində dünyanın ən nüfuzlu universitetləri sırasına daxil olan Azərbaycan Dillər Universitetinin 2024/2025-ci tədris ilində bakalavriat pilləsi üzrə qəbul planı 99,09% dolub. Yeni tədris ilində Azərbaycan Dillər Universitetinə qəbul nəticələrinə əsasən 63 tələbə 600 baldan yüksək, dörd tələbə isə 650-dən yüksək bal toplayıb.
 
Tədbirdə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, Fondun əsas missiyası təhsilin dayanıqlı inkişafına nail olmaq, dövlətin təhsil siyasətinin təmin edilməsində yaxından iştirak etməkdir. Təhsilin İnkişafı Fondunun həyata keçirdiyi “TələbəPlus” layihəsi tələbələrin eyni güzəşt və endirimlərdən faydalanmalarını təmin etmək, onların sosial həyatına dəstək göstərmək məqsədi daşıyır. 
 
Elnur Nəsibov qeyd edib ki, “TələbəPlus” layihəsi çərçivəsində müxtəlif alış-veriş və iaşə obyektlərində tələbələrin güzəştlər əldə etməsi üçün Təhsilin İnkişafı Fondunun öz tərəfdaşları ilə birlikdə 250-dən çox şirkətlə razılaşma əldə edilib. Bundan başqa, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi ilə müəyyən istiqamətlərdə tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Hazırda ictimai nəqliyyatda da güzəştlərin tətbiq edilməsi ilə bağlı müzakirələr aparılır. “TələbəPlus” layihəsi çərçivəsində ilkin olaraq 150 min tələbə kartı kartının istifadəyə verilməsi planlaşdırılır. Tələbələrin sosial və akademik həyatında yenilik yaratmağa yönələn “TələbəPlus” kartlarının oktyabr ayının sonundan ilkin istifadəyə verilməsi nəzərdə tutulur. Gələcəkdə “TələbəPlus” kartının ali təhsil müəssisələri ilə yanaşı, kollec və peşə təhsili müəssisələrində oxuyan tələbələrə də mərhələli şəkildə verilməsi nəzərdə tutulur.
Link kopyalandı!
Son xəbərlər