“Hazırda ali məktəb tələbələrimiz fiziki cəhətdən bizim dövrün 5-6 cı sinif şagirdləri kimidirlər. Əksəriyyəti eynək taxır və zəif fiziki quruluşa sahibdirlər”
Bu sözləri Moderator.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.
O qeyd edib ki, ənənəvi təhsil bilikyönümlü, kurikulum isə şəxsiyyətyönümlüdür:
"Məktəb şəxsiyyət yetişdirməlidir. Biz burada kosmonavtlar, Nyutonlar, Mendeleyevlər yetişdirmirik. Bunun üçün xüsusi liseylər, gimnaziyalar var. Şagirdləri həddindən artıq yükləmək olmaz. Çünki məktəbin vəzifələrindən biri də şagirdlərin asudə vaxtını səmərəli keçirməsidir. Bizim məktəblilər üçün asudə vaxta yer qalmır. Şagirdlərə müstəqil həyatda lazım olmayan mövzular dərsliklərdən çıxarılmalıdır.
Nə qədər ki, dərs yükü ilə bağlı proqram və dərsliklərdə sadələşmə və yüngülləşmə aparılmayacaq, uşaqlarımız ifrat dərəcədə yüklənməklə, bir növ mənəvi istismara məruz qalacaq, repetitor və əlavə hazırlıq kurslarından asılı vəziyyətə düşəcək. Bilik o vaxt bilikdir ki, o hafizə gücünə deyil, əql gücünə qazanılmışdır".