Bu rektor ermənilərin saxta istintaqı, soydaşlarının şərləməsi ilə 2,5 il həbs düşərgəsində qaldı... 
Elm və Təhsil
2684
12 Sep 2024 | 10:31

Bu rektor ermənilərin saxta istintaqı, soydaşlarının şərləməsi ilə 2,5 il həbs düşərgəsində qaldı... 

“Üzləşdirmələr zamanı şahid ifadələrində konkretlik olmayıb. Ona görə də bu ifadələrə etibar etmək olmaz. Həm də onlar sonra öz əvvəlki ifadələrindən imtina edib. Ona görə işi  yenidən diqqətlə araşdırmaq zərurəti yaranır...”
 
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində  1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
 
"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...
(Əvvəli burada:)
 
“Hüseyn İsrafil oğlu Quliyev
BDU-nun repressiya məruz qalmış rektorlarından biri
 
1899-cu ildə Bakının Nardaran kəndində anadan olmuş, həbs edilərkən Bakı ş., Kommunist küçəsi, ev 16-da yaşayan Quliyev Hüseyn İsrafil oğludur.
 
Onu da bildirim ki, Hüseyn Quliyev haqqında olan bu arxiv sənədi ilk dəfə bizim tərəfimizdən elmi dövriyyəyə daxil edilir. Qeyd edim ki, istintaq materiallarında Hüseyn müəllimin həbs tarixində dolaşıqlıq var. Belə ki, işi aparan Azərb.SSR XDK DTİ-nin II şöbəsinin XI bölməsinin əməliyyatçısı, serjant Qalustyanın tərtib etdiyi aktda onun 8 iyul 1938-ci ildə, özünün 14 yanvar 1938-ci ildə XDİ Komissarına yazdığı məktubda isə 9 iyulda həbs edildiyi göstərilmişdi. Tərtib edilmiş anket məlumatına görə, H.Quliyev yoxsul kəndli ailəsindəndir, inqilaba qədər muzdur olmuşdu. Sovet hakimiyyəti dövründə ali təhsil alıb. 1927-ci ildən ÜİK(b)P-nin üzvü olub. Atası, qardaşı və bacıları haqqında heç bir məlumat yazılmasa da, 65 yaşlı anasının adının Quliyeva Reyhan Məmməd qızı olduğu qeyd edilib. Universitetə rektor təyin olunmamışdan əvvəl o, Sənaye Texnikumunun direktoru olub.
 
Həbsindən 17 gün sonra, 25 iyul 1938-ci ildə bütün partiya üzvlərinin işində olduğu kimi H.Quliyev də “xalq düşməni” kimi partiya sıralarından xaric edilib...
(...)
 
...Maraqlıdır ki, onun fəaliyyətini yolxlayan partiya komitəsinin arayışını hazırlayan komissiyanın sədri azərbaycanlı olsa da, tərkibi tamamilə ermənilərdən ibarət olub. 
 
İstintaq materiallarının içərisində diqqəti çəkən sənədlərdənbiri, Sənaye texnikumunun ilk partiya təşkilatının 1937-ci il iyun ayının 5-də keçirilmiş iclasının Azərbaycan dilində, latın qrafikası ilə yazılmış protokolundan çıxarışdır. Çıxarışdan aydın olur ki, bu iclas direktorun fəaliyyətindəki nöqsanlara həsr olunmuşdur. Partiya təşkilatı qeyd etmişdir ki, “ Texnikumda tənqid tamamilə boğulur. Burada olan yaramaz hallar, tədris hissəsində yol verilən nöqsanlar, vaxtında aradan qaldırılmadığı üçün dövlət və partiya tərəfindən qarşıya qoyulan vəzifələr yerinə yetirilməyib”. Arayışda kadrların düzgün seçilməməsi, israfçılığa yol verilməsi xüsusi qeyd edilmişdir.
 
Bundan başqa, iclasda deyilmişdir ki, H.Quliyevin dövründə müəllimlərə artıq dərs saatı yazılmış, idman zalının müdiri isə 7 min rubldan çox pul mənimsəmişdir.
 
Beləliklə, yuxarıda deyilənləri nəzərə alan “...ilk partiya təşkilatı qərara alır : 1.1927-ci ildən Az.K(b)P-nin üzvü olan Quliyev Həsənə partiya töhməti verilsin”.
 
İstintaq işində bu protokolun rusca olan variantı da var. Ancaq rusca olan variant daha geniş, siyasiləşmiş məzmundadır. Variantlardakı fərqlərə baxmayaraq ilk partiya təşkilatının və iclasın katibi onun doğruluğunu təsdiq ediblər.
 
Rusca variantda Azərb.K(b)P MK-nın, Stalin və Jdanovun çıxışlarından irəli gələn vəzifələr və onun texnikumda yerinə yetirilməsi vəziyyəti, bunun yarıtmaz şəkildə həyata keçirilməsi və s.-yə geniş yer verilmişdir.
 
Sənədlərdən aydın olur ki, bu protokol Azərb.SSR XDİK DTİ II şöbəsinin XI bölməsinin serjantı Qalustyan, həmçinin həmin şöbə və bölmənin bir azərbaycanlı işçisi tərəfindən tərcümə edilmişdir...
 
Cinayət işinin materialları arasında olan digər bir arayış Azərbaycan Sənaye Texnikumunun keçmiş direktoru Hüseyn Quliyevin oradakı fəaliyyətinə aiddir.
(...)
 
14 yanvar 1939-cu ildə Hüseyn müəllim Azərb. SSR XDİ Komissarına ərizə ilə müraciət etmişdir. O, 9 iyul 1938-ci ildə heç bir günahı olmadan həbs edildiyini, buna səbəb kimi həmin dövrdə həbsdə olan Niyazi Muxtarzadə və Ağabala Səfiyevin əsassız şər və böhtanlarının olduğunu
bildirib. Hüseyn müəllim göstərib ki, “... mənim onlarla işdən başqa heç bir əlaqəm olmayıb. Mənim istintaqım dörd aydır ki, davam edir. İstintaqa bildiyim doğru məlumatları çatdırmışam. İstintaqda altmış dəfə ifadə vermişəm. Hamısında sübut etmişəm ki, günahsızam. Eyni zamanda mən əks- inqilabçıların ifşasında iştirak etmiş, üzləşmə zamanı  onların əsl simalarını açıb göstərmişəm. Mən günahsız yerə yeddi aydır ki, həbsdəyəm. Xahiş edirəm, məni çağırın və dinləyin. Onu da bildirirəm ki, mən həmişə təmiz və vicdanla işləmiş, dövlət və partiyaya sədaqətli olmuşam. Bütün tapşırıqları da eyni formada vaxtında yerinə yetirmişəm. İmkan veriləcəyi
dövrdə bundan sonra eyni formada çalışacağıma söz verirəm”.
 
Müəlliflər tərəfindən qeyd: 
 
“Bu da istintaqın necə saxtalaşdırılmasına bir sübutdur. Çünki istintaq materiallarının içərisində cəmi iki istintaqın protokolu var. 58 dindirməyə aid heç bir protokol qeydə alınmayıb. Ancaq nədənsə bunlar protokolda qeyd edilməyib... Ərizədən görünür ki, Hüseyn müəllim həbsdə olduğu yeddi ayın dörd ayında istintaq olunub. Üç ay heç bir istintaq aparılmayıb. Beləliklə, bu istintaqda da müstəntiq bütün cəhdlərə baxmayaraq təqsirləndirilənin əit və əim təşkilatın üzvü olmasını onun boynuna qoya bilmir, etirafedici ifadə almağa müvəffəq olmur”.
 
Müstəntiqin işin içərisinə daxil etdiyi sənədlərdən biri vaxtı ilə Azərb.K(b)P Kaqanoviç, Voroşilov Rayon Partiya Komitələrində II,III katib vəzifələrində işləmiş Səfiyev Ağabala Mirzə oğlunun həbsdə olduğu zaman istintaqa verdiyi ifadədir. O, qeyd edib ki, vəzifədə olduğu dövrdə H.Quliyevi əks-inqilabçı trotskiçi təşkilatın üzvlərindən biri kimi tanıyıb. Qriqoryan və Bumaqovun 26-28 may 1938-ci ildə apardığı istintaqda A.Şəfiyev özünün 1936-cı ildə KASPAR-da 3 siyasi şöbənin rəis köməkçisi olmuş Fyodor Zekin tərəfindən əks- inqilabçı trotskiçi təşkilata cəlb edildiyini bildirib. O özü də guya təşkilata yüzə yaxın adam cəlb edib ki, onlardan biri də Hüseyn Quliyev olmuşdur.
 
(...)
 
Bununla H.Quliyevin istintaqı başa çatıb. Ancaq cəmi iki istintaq, bir neçə adamın məlum üsullarla alınan ifadələri, özünü verilən maddələrlə günahsız hesab etmədiyini bildirməsi belə onu cəzadan qurtarmır. Bütün bunlardan sonra 13 sentyabr 1938-ci ildə müstəntiq istintaqın bitməsi və ittiham verilməsi barədə qərar qəbul edib.
 
XDİK DTİ-nin IV şöbəsinin I bölməsinin əməliyyatçısı, DT- nin leytenantı Kukuçakov H.Quliyevi Azərb. SSR cm 21/64, 70,71 və 73 maddələri ilə ittiham edib onun əit və əim təşkilatın üzv olmasını”müəyyənləşdirib ”.Təqsirləndirilənin işi ayın tarixi göstərilməyən 1938-ci ilin noyabrında Azərb. SSR XDİK DTİ-nin XI şöbəsinə göndərilib və onu DTİ-nin XI şöbəsinin rəisi DT leytenantı Qriqoryan təsdiq edib.
 
Burada müəmmallı cəhətlərdən biri qərarın bu qədər gec təsdiq edilməsidir. Demək olar ki, əksər repressiya olunanların ittiham edilməsində XDİK DTİ-nin müvafiq bölməsinin qəbul etdiyi qərarın onun tabe olduğu şöbə tərəfindən belə ləngidilməsi nadir hadisələrdəndir.
 
İşin içərisində maraqlı sənədlərdən biri XDİK DTİ-nin XI şöbəsinin II bölməsinin əməliyyat müvəkkili, DT-nin kiçik leytenantı Slopanyukun Mirqədirova Məryəm və Raymonda Kvyatkovskayanın 24156 saylı işinə baxarkən qəbul etdiyi qərardır . Materiallardan aydın olur ki, H.Quliyevin işi başqa işdə də keçmişdir.
 
“... Müəyyən etdim: SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim ediləcək. ...Bu iş üzrə Quliyev H.İ. oğlu ittiham edilən qismində keçir. Qərar: İttiham edilən Quliyev H. İ. oğlunun istintaq işi buradan - 24156 No-li işdən ayrılsın”.
 
Beləliklə, bu nəticəyə gəlmək olar ki, Hüseyn müəllimin əim və əim təşkilatın üzvü olması barədə ondan etirafedici ifadə ala bilməyəcəyinə əmin olan istintaq qadın məsələsini ortaya atmışdır...
 
(...)
 
17 aprel 1939-cu ildə ZHDH tribunalının bu iş üzrə qapalı iclası keçirilmişdir. Qapalı iclasın sədri II dərəcəli hərbi hüquqşünas Kapustin, üzvləri Samoxin və kiçik komandir Serebriyakov, texniki katib I dərəcəli indendant Djqamadze.
 
Vəkilsiz keçən iclasda ittiham olunanlara verilən hökm aşağıdakı kimi olmuşdur:
 
“1. Şəfiyev A.M.- 15 il
2. Muxtarzadə N. – 13 il
3. Əsədullayev Y.- 12 il
4. Qamin İ.F. – 10 il
5. Quliyev H.İ. – 12 il
6. Qurbanov N. – 10 il
 
Hamısının əmlakı müsadirə edilsin, 5 il bütün siyasi hüquqlardan məhrum edilsin. Yazışma qadağan edilsin.
 
7.Vasyayev P.S.- azad edilsin.
 
Hökm qətidir, ondan şikayət etmək olmaz.
H.Quliyevin həbs müddətinin başlanması həbs edildiyi günün səhərisi, 9 iyuldan hesablansın”.
 
Lakin maraqlıdır ki, bu hökmdən Azərbaycanda istintaq aparan XDİK-ğı narazı qaldığı üçün şikayət edib. Ancaq hökmdən etirazda, nədənsə Quliyev və Qaminin adı yoxdur. Ümumiyyətlə, bu hökmdən sonra repressiya illərində nadir rast gəlinən hadisə baş verib. Təqsirləndirilənlərə verilən hökmlər yarıbayarı azaldılır. Məsələn, uzun müddətli yazışmalardan sonra Şəfiyev və Əsədullayevin işinə yenidən baxılıb və onların hər ikisinin həbs müddəti 5 ilə endirilib.
 
5 iyul 1940-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası 17 aprel 1939-cu ildə baxdığı işə SSRİ Ali Məhkəməsinin sədr müavininin etirazına əsasən yenidən baxıb.
 
“Məhkəmə: 1. Müəyyən edir ki, Şəfiyev, Muxtarzadə, Əsədullayev, Quliyev, Qamin və Qurbanova hökm ilkin istintaqda öz ifadələri əsasında verilib. Məhkəmədə isə onlar bundan imtina edib. Sonra da bu imtinanı əsaslandırıblar.
 
2. Üzləşdirmələr zamanı şahid ifadələrində konkretlik olmayıb. Ona görə də bu ifadələrə etibar etmək olmaz. Həm də onlar sonra öz əvvəlki ifadələrindən imtina edib. Ona görə işi  yenidən diqqətlə araşdırmaq zərurəti yaranır....
...
4. Müttəhimlərə ittiham aktı verilərkən onların hamısı israrla şahidlərin məhkəməyə dəvət edilməsini, üzləşdirmə aparılmasını tələb etmişlər. Ancaq Tribunal bunları nəzərə almamışdı.
 
5. Tribunal işə baxarkən özünü günahkar bilməyən müttəhimlərdən bunun səbəbini hətta formal olsa da soruşmayıb. Motiv aydınlaşdırılmayıb.
 
Yuxarıda deyilənləri nəzərə alaraq SSRİ Ali Məhkəməsinin sədr müavinin etirazı ilə razılaşıram və Şəfiyev, Muxtarzadə, Əsədullayev, Quliyev, Qamin və Qurbanovun ittihamları dəyişdirilsin. İş yenidən baxılması üçün ilkin istintaqa qaytarılsın. Bu zaman şahidlərin ifadələri yenidən yoxlanılsın, şahidlər məhkəməyə çağırılsın. Vasyayev haqqında hökm qüvvədə saxlanılsın”.
21 oktyabr 1940-cı ildə Azərb. SSR XDİK DTİ-nin istintaq idarəsinin baş müstəntiqi,DT-nin baş leytenantı 24704 No-li arxiv cinayət işinə yenidən baxaraq hərtərəfli araşdırmadan sonra obyektiv qərar qəbul edib. 
 
“... Quliyev Hüseyn İsrafil oğlu... Şəfiyevin, Muxtarzadənin ifadələri əsasında həbs edilmiş və cinayət məsuliyyətinə məhkum olunmuşdur. İfadələrdə Quliyevin başqalarının sözlərinə əsasən əks-inqilabçı təşkilata məxsus olduğu və bundan sonra onunla əks-inqilabi əlaqə saxladıqlarını bildirmişdilər. Sonralar Şəfiyev və Muxtarzadə bu ifadələrdən imtina etmişlər. Quliyev özünü günahkar hesab etməmişdi. Quliyevin əks-inqilabi fəaliyyəti haqqında konkret heç bir şey müəyyən edilmədi. 
 
Qərara alıram: müttəhim Qamin, Qurbanov, Quliyevin haqqında olan cinayət işi kifayət qədər dəlil-sübut olmadığına görə cinayət işi dayandırılsın. Onlar həbsdən azad edilsin”.
 
Həmin dövrdə Hüseyn müəllim onunla birgə həbs olunanlar kimi uzaq Sibirdə həbs düşərgəsində idi. Bundan sonra SSRİ XDİK “QULAQ”1 idarəsinin II şöbəsi, 2 noyabr 1940-cı ildə Azərb.SSR XDİK qərarına əsasən müvafiq həbs düşərgələrində onların azad olunması haqqında məktub göndərmişdi. Cinayət işinin içərisində olan materiallardakı qeyddən aydın olur ki, “Vyatlaq” həbs düşərgəsində olan Hüseyn Quliyev bubarədə məlumatı 4 fevral 1941-ci ildə almışdı.
 
Beləliklə, 8 iyul 1938-ci ildə günahsız yerə həbs olunan Hüseyn Quliyevin ağrılı-acılı, əzablı həbsinə son qoyulur, o, azad olunaraq doğma vətəninə qayıdır"...
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər