Bu BDU rektorunun tələm-tələsik güllələnməsi təəccüb doğurur... -FOTOLAR
Elm və Təhsil
3244
09 Sep 2024 | 10:26

Bu BDU rektorunun tələm-tələsik güllələnməsi təəccüb doğurur... -FOTOLAR

“Demək olar ki, heç bir başqa işdə belə tələskənliyə rast gəlinmir. 1937-ci ildə M.Məmmədov günahsız yerə həbs edilib güllələndikdən sonra onun məqalələri də məhv edilmiş və itirilmişdir...”
 
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində  1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
 
"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...
(Əvvəli burada:)
 
...Maqsud Məmməd oğlu Məmmədov
 
Repressiyaya məruz qalanlardan biri,1929-1930-cu illərdə Universitetin rektoru vəzifəsində çalışmış
Məmmədov Maqsud Məmməd oğlu olmuşdur. (Qeyd: Biz M.Məmmədov haqqında əvvəllər başqaları tərəfindən yazılmış məlumatlara arxiv materialları əsasında xeyli əlavələr etmiş,elmi dövriyyəyə yeni sənədlər,faktlar gətirmiş və dəqiqləşmələr aparmışıq).
 
1897-ci ildə İrəvan şəhərində dünyaya göz açan M.Məmmədovu Sovet hakimiyyəti 1920-ci ildən rəhbər partiya işlərinə irəli çəkməyə başlayıb. O, rektor təyin olunana qədər Azərbaycan SSR-in Ərzaq Nazirliyində, Naxçıvanda Fövqəladə Maliyyə Komissarlığında və s. yerlərdə işləmişdir.
 
M.Məmmədov 1929-cu ildə Bakı Dövlət Universitetinin rektoru təyin olunmuş və bir il bu vəzifədə çalışmışdır. Maqsud müəllim 1930-1931-ci illərdə Azərbaycan SSR xalq maarif komissarı, 1931-1933-cü illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin (Bundan sonra AK(b)P MK-B.Əziz) katibi kimi yüksək vəzifələrdə çalışmışdı. Lakin M.C.Bağırovun Azərbaycana rəhbər təyin olunması ilə onun təqibi başlamışdı. O, markisizm-leninizm metodologiyası mövqeyindən dialektik və tarixi materializmə, SSRİ-də milli məsələlərin həllinə və s.aid xeyli sayda məqalə yazsa da, repressiyadan canını qurtara bilməmışdı.
 
Azərb.SSR cm-nin 64,69,70,73-cü maddələri ilə ittiham irəli sürülən M.Məmmədov 20 sentyabr 1937-ci ildə həbs edilmişdir. Onun həbsi haqqındakı qərar Azərb.SSR XDİK DTİ-nin müstəntiqi,DT-yi kapitanı Sinman tərəfindən imzalanmışdır
 
Müstəqilliyimizin düşməni olan, bolşevik Rusiyası tərəfindən “beşinci kalon” funksiyasını yerinə yetirən Azərbaycan Kommunist Partiyasının sıralarına 1920-ci ildə daxil olan təqsirləndirilən, 22 oktyabr 1937-ci ildə xalq düşməni kimi partiya sıralarından xaric edilmişdir. Başdansovdu tərtib edilmiş istintaq materialındakı sənədə görə onun təhsili xüsusi ali təhsil olmuş, III kursa qədər oxumuşdur. Halbuki digər sənədlərdə onun İrəvan kişi gimnaziyasını bitirməsi, Politexnik institutunu, Moskvada Sverdlov adına İnstitutu və Qırmızı Professorlar İnstitutunu qurtarması göstərilmişdir .
 
İstintaq dövründə tətbiq edilən məlum üsullardan sonra verdiyi ifadədə onun guya R.Axundov tərəfindən əks-inqilabçı trotskiçi millətçi təşkilata cəlb edildiyi göstərilmişdir. M.Məmmədov müstəntiqin hansı əks-inqilabi praktik iş görməsi və təşkilata kimləri cəlb etməsi haqqındakı sualına cavabında  Rəsul Rzanın,
Sultanovun, həmin dövrdə Moskvada aspiranturada oxuyan, sonralar tanınmış tarixçi, EA-nın müxbir üzvü olmuş İsmayıl Hüseynovun adını çəkmişdir.
 
Həbsindən cəmisi 72 gündən sonra, 2 dekabr 1937-ci ildə istintaq tez-tələsik başa çatdırılmışdır. İstintaqın başa çatması haqqında aktı XDİK DTİ-nin müstəntiqi, DT-yi kapitanı Avanesyan tərtib etmişdir.
 
5 dekabr 1937-ci ildə bu qurama, saxta cinayət işi haqqındakı ittiham aktını DT Komissarı Sumbatov-Topuridze təsdiq etmişdir. M.Məmmədovun cinayət işi ilə bağlı 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hazırlıq iclası keçirilmişdir. Məhkəmə qərara almışdır ki, işə şahidlərsiz, vəkilsiz və qapalı şəraitdə baxılsın. Həmin gün saat 1000-1020 arasında keçirilən məhkəmə Maqsud müəllimi Azərb. SSR cm-nin 64,70 və 73-cü maddələri ilə günahkar hesab edib əmlakı müsadirə edilməklə güllələnməyə məhkum etmişdir.
 
Cinayət işinin materialları içərisində hökmün dərhal yerinə yetirilməsi haqqında akt mövcuddur. Qeyd edim ki, bu cinayət işinin başlayıb qurtarması, məhkəməyə göndərilməsi, güllələnmə hökmü haqqında qərarın verilməsi və hökmün yerinə yetirilməsindəki operativlik, sürətlilik təəccüb doğurur. Demək olar ki, heç bir başqa işdə belə tələskənliyə rast gəlinmir. 1937-ci ildə M.Məmmədov günahsız yerə həbs edilib güllələndikdən sonra onun məqalələri də məhv edilmiş və itirilmişdir.
Stalinin vəfatından sonra günahsız adamların bağışlanması prosesi M.Məmmədovdan da yan keçmədi. Azərbaycan Politexnik İnstitutun müəllimi, dos.Məmmədova Kəmalə yaxın qohumu olan Maqsud müəllimin günahsız olduğu halda, həbs olunması, haqsız yerə güllələnməsi və bu səbəbdən ona bəraət verilməsi xahişi ilə dövlət orqanlarına ərizə ilə müraciət etmişdir. Yaranmış yeni şəraitə uyğun olaraq M.Məmmədovun cinayət-arxiv işi hərtərəfli, obyektiv araşdırılmış və bu haqda geniş arayış hazırlanmışdır. Bu zaman işdə yol verilən nöqsanlar göstərilmiş, şahid ifadələrindən, repressiyada iştirak etmiş müstəntiqlərin etiraflarından, Maqsud müəllimin keçmiş iş yoldaşlarının və digərlərinin ifadələrindən istifadə edilmişdir.
 
Arayış hazırlanarkən əldə edilən xeyli yeni sənədlərin içərisində 26 yanvar 1956-cı ildə Partiya arxivindən alınan sənəd diqqəti daha çox cəlb etdi. Orada yazılmışdır: 
 
“1920- ci ildən partiya üzvü, sosial mənşəyi-kəndli.
1915-1918 - İrəvan xüsusi məktəbində müəllim.
1918-Gəncə şəhərində Qaçqınlar İşi üzrə Komitədə kiçik nəzarətçi.
1918-1919 - Gəncə şəhərində hərbi məktəbdə yunker.
1919-1920 - BDU-nun tələbəsi və istintaq dəftərxanasında kargüzar.
1920-1925 -Az.Xalq Ərzaq Komissarlığında idarə rəisi, Az.Xalq Komissarlığında işlər müdiri.
1925-1927 - Xalq Maliyyə Komissarlığının Naxçıvan nümayəndəsi.
1927-1931-“Key Birliyi” idarəsinin üzvü; BDU-da rektor.
1931-1933 - Az.K(b)P MK –nın katibi.
1933-1934 - Şaumyan ad. İnstitutda direktor.
1934-1936 - Qırmızı Professorlar İnstitutunda dinləyici. Moskva.
1936-1937 - Az.K(b)P MK-da elm və təhsil şöbəsinin müdiri. 
 
Az.K(b)P MK-nın bürosunun 17.IX.1937-ci il tarixli qərarı ilə MK-nın tərkibindən azad edilmiş və partiyadan xalq düşməni kimi çıxarılıb”.
 
24 may 1956-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası M.Məmmədovun işinin araşdırılmasına başlamış və may ayının 30-da ona bəraət verilməsi haqqında qərar qəbul etmişdir.
 
6 oktyabr 1956-cı ildə SSRİ Ali Məhkəməsi bu qərarı təsdiq etmişdir.
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər