1502
07 Sep 2024 | 19:31

"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?

Ali məktəblərə qəbul imtahanlarının da, ixtisas seçimlərinin də həyəcanı başa çatdı. Universitetlərə qəbul ola bilməyənlər kədərlənməklə yanaşı, tələbə olmaqdan ötrü alternativ yollar axtarışındadırlar. Bu cəhdlər təkcə boş qalan plan yerlərinin ixtisas seçimi ilə məhdudlaşmır, daha çox xarici ölkələrin ali məktəblərində oxumaq arzuları ilə meydana çıxır. Elm və Təhsil Nazirliyinin akkreditasiya siyahısında olmayan, Türkiyə, Ukrayna və Rusiyanın aşağı reytinqli, tanınmayan ali məktəblərinə daxil olmaq üçün yarış başlayır. Vasitəçi şirkətlər də gəncləri diplomu ölkəmizdə tanınmayan, attestatla qəbul aparan universitetlərə şirnikləşdirirlər. Təbii ki, bu tora düşənlər də az deyil.
 
Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi bəyan edib ki, xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır: "İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır”.
 
Təhsil məsələləri üzrə ekspertlər xaricdə təhsilin zərərli tərəflərinin də olduğunu gizlətmirlər.
 
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova hesab edir ki, öz ölkəmizdə imtahandan uğur qazanmayan gənc başqa ölkədə də buna müvəffəq olmur: "Valideyn fikirləşir ki, övladım imtahandan keçmədisə, xaricdə "sadəcə attestatla qəbul” təkliflərinə yönəlməliyəm. Təcrübəmizdən görürük ki, bu cür gənclərin 90%-i həmin ölkələrdəki təhsil müəssisələrində illərlə vaxt itirib, sonra da diplom ala bilmədən ölkəmizə geri qayıdırlar”. G.Əkbərova bildirir ki, bu cür universitetlərin bəziləri dərs keyfiyyətinin aşağılığına və bir çox fərqli faktorlara görə dünya ölkələri tərəfindən tanınmır, ölkəmizdə də akkreditasiyası yoxdur: "Belə universitetlərin hər zaman bir işbaz dəstəsi olur və bir çox gözboyayıcı vədlərlə valideynləri "yanlış yön”ə çəkməyi bacarırlar. Valideyn fikirləşir ki, problemsizdir. Gənc bitirib qayıdır, lakin diplom tanınmır. Nəticədə valideynlər verilmiş vədlərin qurbanına çevrilməklə yanaşı, öz övladlarının da həyatını alt-üst edirlər. Dövlət qurumları tərəfindən bu cür universitetlərin siyahısının açıq qaynaqlı paylaşılmasına baxmayaraq, yenə də maariflənməyən onlarla valideyn bu "tələ”yə düşür”. İŞ katibinin fikrincə, bəzən də valideynlər əsgərlik yaşına çatmış övladlarını müəyyən müddətlik məcburi hərbi xidmətdən yayındırmaq məqsədi ilə bu yollara baş vururlar”.
 
Təhsil məsələləri üzrə ekspert Vaqif Fətullayev hesab edir ki, ölkədə ali məktəblərə qəbul olmayan gənclərin xaricdə təhsilə can atmasının əsas səbəbi stereotiplə - valideynlərin və ya qohumların qınağı ilə bağlıdır: "İmtahanlarda uğur qazana bilməyən gənclər özlərini bir qədər təzyiq altında hiss edirlər. "Nə olursa-olsun, attestatla da olsa, lap diplomu tanınmasa belə, istənilən universitetə daxil olum”, - deyə düşünürlər. Digər səbəb oğlanların hərbi xidmətdən müəyyən qədər möhlət almaq istəməsi ilə bağlıdır”. Ekspertin fikrincə, xarici ölkələrdə yüksək reytinqli universitetlərə qəbul almaq bir qədər çətindir: "O ali məktəblərin dil bilgisi və müəyyən qəbul şərtləri var. Onların şərtlərini ödəyə bilmədikləri üçün əksər gənclər az reytinqli universitetlərə daha asan qəbul olmaq yolunu seçirlər. Məsələn, attestatla Türkiyə, Ukrayna və ya Rusiyada tanınmayan, kollec səviyyəli ali məktəblərə daxil olurlar. Sonra da diplomları tanınmır. Onlar mütəmadi olaraq "təhsil aldıqları” ölkədə olmur, tədris dilini də bilmirlər”. V.Fətullayevin fikrincə, belə halların qarşısını almaq üçün güclü maarifləndirməyə ehtiyac var: "İnsanlar başa düşməlidir ki, ali məktəbə qəbul olmamaq, diplom qazanmamaq həyatın sonu deyil, başqa alternativlər var. Onlar peşə təhsilinə yönələ, yaxşı peşə öyrənə bilərlər. Hesab edirəm ki, bu istiqamətdə "Məsləhət xidmətləri”nin təkmilləşdirilməsi yaxşı olar. Həmçinin 9-11 siniflərdə bu yöndə maarifləndirmə işi təşkil olunmalı, valideynlərə təlimlər keçirilməlidir”.
 
V.Fətullayev distant təhsil infrastrukturunun formalaşdırılmasını da məqsədəuyğun hesab edir: "Gənclər xaricdə əhəmiyyətli təlim proqramlarını mənimsəyə və sertifikatlar əldə edə bilərlər. Bu infrastrukturun formalaşdırılması, elə bilirəm, bu kimi halların qarşısının alınmasına dəstək ola bilər”.
 
Azərbaycan "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndiyevin sözlərinə görə, Türkiyənin reytinq sıralamasında ilk yerdən son yerə qədər yer alan universitetlərin diplomu ölkəmizdə tanınır: "Türkiyə universitetlərində əyani təhsil alan Azərbaycan vətəndaşları məzun olduqdan sonra diplomları birmənalı olaraq tanınır. Əgər distant formada təhsil alıbsa, Azərbaycan qanunvericiliyinə görə diplom tanınmır. Düzdür, Türkiyə universitetlərinə attestatla, daha rahat imtahan formatları ilə də qəbul aparılır. Ancaq tələbənin oxumaq qabiliyyəti aşağıdırsa, o, Türkiyə universitetlərindən rahatlıqla məzun ola bilmir. Çünki qəbul olmaq nə qədər asandırsa, universiteti bitirmək o qədər çətindir. Çox rastlaşılan haldır: tələbə 8 il ilişib qalır, amma ikinci kursu belə tamamlaya bilmir”.
Rusiya və Ukrayna universitetlərinə gəlincə, TUMİB sədri bildirir ki, əgər həmin universitetlər Elm və Təhsil Nazirliyinin akkreditasiya siyahısında yer alıbsa, onların da diplomları tanınır. Amma müəyyən proseslərdən keçməlidir: "Məlumdur ki, Rusiya və Ukrayna universitetlərinin təhsilində hələ də xoşagəlməz hallar mövcuddur. Tələbələr universitetlərə adlarını yazdırır, hər hansı "şirinlik” müqabilində 4 ildən sonra diplom alırlar. Müəyyən dövrdə ora gedən insanlar olur, təhsil aldıqları dili bilmirlər, ölkədə olmurlar. Təbii ki, onların diplomları tanınmayacaq”.
 
T.Əfəndiyev imtahanlardan kəsilən və aşağı nəticə göstərən gənclərə məsləhət görür ki, peşə təhsilinə üz tutsunlar: "Əksər peşə sahələrində ciddi problemlər yaşanır. Avtomobil ustası, aşpaz, şirniyyat ustası peşələrinə ciddi ehtiyac var”.
 
"Kaspi" qəzeti
Link kopyalandı!
Son xəbərlər