“Qondarma işlərdə o qədər silahlı üsyana hazırlaşan adamlar və silahlar sənədləşdirmişdilər ki, belə bir silahın olmadığını çox gözəl bildikləri halda, Moskvadan İkinci dünya müharibəsində silah çatışmadığına görə onların dövlətə təhvil verilməsini tələb etməyə başlamışdılar. Lakin məlum olmuşdu ki, silah yoxdur. O, sadəcə olaraq kağız üzərində olmuşdu...”
“Həyat yoldaşı rus olan, 1920-ci ildən rusların Azərbaycanda möhkəmlənməsi üçün dəridən-qabiqdan çıxan, sovet işğal rejiminin güclənməsi üçün çalışan, FK(ÇK)-nın Gəncə şöbəsində “əksinqilabçı burjua millətçi” şəxslərin “zərərsizləşdirilməsində” xüsusi fəallıq göstərən, millilikdən uzaq bir şəxs birdən-birə anti-rusçuluqda ittiham edilməyə başlanır...”
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... ı
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix kafedrasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində 1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...
2. Balabəy Cabbar oğlu Həsənbəyov
Birinci istintaqdan 12 gün sonra, 10-11 fevral 1937-ci il də ikinci istintaqı keçirən müstəntiq B.Həsənbəyova təzyiqi daha da artırmışdı. Belə ki, o, keçmiş rektoru inadkarlıq edərək istintaqı aldatmaqda, səmimi olmamaqda, istintaqa müqavimət göstərməkdə ittiham edib.
“ Sual:
29 yanvar 1937-ci il ildə istintaqa ifadənizdə göstərmisiniz ki, yanınızda heç kim əit və əim söhbətlər aparmayıb. Yenə bu fikirdə qalıb inadkarlıq edirsinizmi?
Cavab:
Bəli, təsdiq edirəm ki, açıq şəkildə heç kim mənim yanımda əit və əim söhbətlər aparmayıb.
Sual:
Necə yəni “açıq?” Bəyəm qeyri-açıq şəkildə əks-inqilabçı görüşlərini kimsə söyləyibmi?
Cavab: Heç kim mənim yanımda bu və ya digər formada ÜİK(b)P xəttinə, ÜİK(b)P və sovet hakimiyyətinin milli siyasətinin əleyhinə danışmayıb.
Sual:
Düz danışmırsınız və istintaqı aldatmağa cəhd edirsiniz. İstintaqa müqavimət göstərməyin . İstintaqı məcbur etməyin ki, sizi digər ifşa olunan müttəhimlərin ifadələri ilə ifşa etsin. Məsləhət görürəm ki, hərəkət tərzini dəyişib səmimi olasınız, həqiqəti söyləyəsiniz.
Cavab:
...Mən istintaqı aldatmıram və bildiklərimin hamısını söyləyirəm”.
Belə cavabdan sonra müstəntiq olduqca hiyləgərcəsinə, sanki obyektiv istintaq aparırmış kimi ondan: “İstintaq bilmədiklərinizi söyləməyi tələb etmir. Doğrusunu deyin, SSRİ- də elm sahəsinin vəziyyət ilə bağlı əks-inqilabi trotskiçi görüşlər barədə sizə kim danışmişdır?”, - deyə soruşub. İstintaq materiallarından aydın göründüyü kimi, B.Həsənbəyov təmkini pozmadan bu suala da: “Xatırlamıram.
Belə görüşlər haqqında mənə heç kim bir söz deməyib”,– cavabını vermişdi.
Bunun doğru olmadığını bildirən müstəntiq B.Həsənbəyovu həbsdə olan Çiçikalovun 31 yanvar - 1 fevral 1937-ci ildə istintaqa verdiyi ifadəsi ilə tanış edib.
“...B.Həsənbəyovu mən 1929-cu ilin sonundan tanıyıram.1932-ci ildə mən onunla Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda (Bundan sonra Az.DETİ-B.Əziz) görüşdüm və ona bu institut haqqında danışdım. Həsənbəyova SSRİ-də elmi işin vəziyyətinin pisləşməsi haqqında əit baxışlarımı söylədim. Bildirdim ki, Stalinin məktubunun nəticəsində elm cəbhəsi iflasa uğrayıb”. Bu ifadə qeyri-səmimi
olduğunuzu sübut edir. Bir daha məsləhət görürəm ki, həqiqəti
söyləyəsiniz”.
Ancaq B.Həsənbəyovun bu sualdan sonrakı cavabları açıq-aydın göstərir ki, təqsirləndirilənin ifadələri məsləhətdən daha çox, ilk istintaqdan sonrakı on iki günlük “istirahət” zamanı necə cavab vermək barədə “başasalmanın” nəticəsi olmuşdur.
“Etiraf edirəm ki, SSRİ-də elm cəbhəsinin vəziyyəti haqqında Çiçikalovla 1932-ci ildə söhbətlərim olub. Bu söhbət zamanı Çiçikalov demişdir: Stalinin məktubundan sonra yazmaq və nəşr olunmaq çətinləşib. Maksimum dərəcədə ehtiyatlı olmaq lazımdır. Elmi işçilər yazmağa qorxurlar. Bu isə özünü elmi işin vəziyyətində göstərir... Hətta bu barədə digər elmi işçilərlə də danışıqlarım ola bilərdi
Aprel ayının 5-də, ikinci istintaqdan iki ay sonra B.Həsənbəyovun üçüncü istintaqı olmuşdir. Müstəntiq ondan evində axtarış zamanı əks-inqilabçı Trotskinin əsərlərindən götürülmüş sitatların tapıldığını bildirib onun kim tərəfindən yazıldığını soruşur. O, bunun özü tərəfindən yazıldığını bildirib səbəbini belə izah edir:
”Bunlar mənə 1931-ci ildə yazdığım “Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi” adlı elmi işim üçün lazım olmuşdur”. Bu əslində Trotskinin kifayət qədər savadlı olması, onun fikirlərindən istifadə etmədən problemi elmi cəhətdən araşdirmağın mümkün olmamasının etirafı idi. Ancaq müstəntiq bunu dərk edəcək səviyyədə olmadığından bu nüansa, məntiqə əhəmiyyət verməmiş, ondan bu sitatları nə
üçün saxladığını soruşub. O isə cavabında: “sadəcə olaraq onlara fikir verməmişəm”, - deməklə kifayətlənir.
Belə cavab müstəntiqi qane etmir və bu sitatları evində əks-inqilabi sənəd saxlamaq kimi dəyərləndirib deyir: “...Bizə məlumdur ki, 1936-cı ilin əvvəllərində marksizm- leninizm institutunda (bundan sonra MLİ.-B.Əziz) keçirilən partiya yığıncağında xalqımızın rəhbərləri Lenin və Stalinə qarşı əks-inqilabi çıxışlar etmisiniz. Bunu boynunuza alırsınızmı?”
Təqsirləndirilən bu ittihamı da qəbul etməyib...
Ən maraqlı, heyrətedici ittiham bundan sonra olur. Həyat yoldaşı rus olan, 1920-ci ildən rusların Azərbaycanda möhkəmlənməsi üçün dəridən-qabiqdan çıxan, sovet işğal rejiminin güclənməsi üçün çalışan, FK(ÇK)-nın Gəncə şöbəsində “əksinqilabçı burjua millətçi” şəxslərin “zərərsizləşdirilməsində” xüsusi fəallıq göstərən, millilikdən uzaq bir şəxs birdən-birə anti-rusçuluqda ittiham edilməyə başlanır. Bundan başqa, müstəntiq indi istintaqın səmtini dəyişib trotskiçi ittihamdan millətçiliyi sübut etməyə keçir.
“Sual: İstintaqa məlumdur ki, ADU-nun tələbələri arasında millətçi əhval-ruhiyyəni qızışdırmaq məqsədi ilə tədrisin yalnız rus dilində aparılması xəttini aparmısınız”.
Burada qərəz, şantaj açıq-aydındır. Göründüyü kimi, sovet rejimi öz doğma dilində tədris aparmaq istəyənləri əks-inqilabçı millətcilikdə, rus dilində aparmaq istəyənləri isə millətçiliyi qızışdırmaqda, proletar beynəlmiləlçiliyini qəsdən pozmaqda ittiham edir. Bəs bu bədbəxt hansı dildə oxumağı məsləhət bilsin? B.Həsənbəyov bu sualı düzgün hesab etmədiyini bildirib.
“ADU-da fənlərin yalnız rus dilində tədris olunması ilə bağlı məsələ Az.K(b)P MK-nın bürosunda müzakirə olunmuş və bu barədə oradan müvafiq göstəriş almışdım.
Sual: Siz verilən suala cavab vermədiniz.
Cavab: Xeyr, mənverilən suala hərtərəfli cavab verdim”.
Bununla üçüncü istintaq başa çatıb. Sonra o, ifadəsini oxuyur, doğruluğunu qeyd edib imzalayır.
28 may 1937-ci ildə başlayan dördüncü istintaq müstəntiqin BDU-nun elmi kitabxanasının müdiri Ağamir Məmmədovu “tanıyırsanmı” sualı ilə başlayıb. Suala qısa cavab verən B.Həsənbəyov onu 1919-cu ildən, Gəncədə məktəbdə oxuyandan tanıdığını bildirir. Ardınca müstəntiq ondan A.Məmmədovun evində olub-olmadığını, onlara nə məqsədlə getdiyini soruşur. O, A.Məmmədovgildə 2-3 dəfə olduğunu, sonuncu dəfə 1931-1933-cü illərdə Azərbaycan tarixinə dair bəzi materiallar, məlumatlar toplamaq məqsədi ilə getdiyini bildirib. Bundan sonra müstəntiq A.Məmmədovun onlarda olub-olmadığını, hansı məqsədlə getdiyini soruşur. O, A.Məmmədovun onlarda 1931-1933-cü illərdə iki dəfə,1935-1936-cı illərdə isə yalnız bir dəfə, xidməti işə görə gəldiyini söyləyir.
“Sual: Şəxsi münasibətləriniz necə olub?
Cavab: Əvvəllər pis olmayıb. Son dövrlərdə isə-1936-cı ilin dekabrından münasibətlərimiz korlandı. Mən onu işdən azad etdim. Ona görə Məmmədov məndən öz narazılığını bərkdən səsləndirməyə başladı.
Sual: A.Məmmədovun əim görüşləri haqqında sizə nə məlumdur?
Cavab: Onun əim mövqeyi haqqında mənə heç nə məlum deyil. Yalnız onu deyə bilərəm ki, Məmmədov ADU-nun kitabxanasında müdir olanda məlum oldu ki, kitabxanada Azərbaycan dilində kitablar çox azdır. Xüsusən Stalinin “Leninizmin məsələləri” və s. Sual: Siz bunu nə vaxt bildiniz və hansı tədbirləri gördünüz?
Cavab: Kitabxanada Azərbaycan dilində kitabların az olması ilə bağlı məsələdə əsas günahkarA. Məmmədov olmuşdur. Çünki, vaxtında kitabxananı belə ədəbiyyatlarla təchiz etməmişdir. Bu təxminən 1936-cı ilin avqustunda olmuşdur”.
Müstəntiq ondan Məmmədovu nə vaxt və hansı səbəbdən işdən çıxardılığıni soruşub. O, A.Məmmədovu 1936-cı ilin dekabrında işdən çıxardığını söyləyib səbəbini belə izah edir: “Kitabxanada belə vəziyyət yaratdığı üçün mahiyyəti etibarı ilə bu, A.Məmmədov tərəfindən düşmənçilikdir. Azərbaycanlı tələbələrin Azərbaycan dilində dərslik və lazımi ədəbiyyatlarla təmin edilməməsi tədris işinin pozulmasına və onların narazılığının artmasına gətirib çıxarmışdır. Bundan başqa, Məmmədov həm də ona görə işdən çıxarılmışdır ki,1935-1936-cı tədris ilində Azərbaycan tarixindən, etnoqrafiyadan mühazirə
keçərkən ideoloji səhvlərə yol verib. Məsələn, Pyotrun Azərbaycanı işğal etməsini ideallaşdırıb və s. ...
Sual: Çiçikalov 31.01-1.02.1937-ci ildə istintaqa ifadəsində bildirib ki, Həsənbəyov əim A.Məmmədovla müntəzəm əlaqə saxlayıb, onun əim görüşlərini siyasi cəhətdən tamamilə düzgün hesab edib. Bu ifadə ilə də düz danışmamaqda ifşa olunursunuz.
Cavab: Doğru deyil, yalandır
(...)
Sual: Sən istintaqla mübarizəyə girişmisən. Bunu dayandır, səmimi ifadələr ver.
Cavab: Mən istintaqla mübarizə aparmıram.
Sual: ADU-da ancaq rus dilində mühazirələr oxumaqla bağlı göstərişiniz hansı konkret əks-inqilabçı
ziyankar məqsəd daşımısınız?
Cavab: Mən ADU-da 1935-ci ilin yanvarından, tədris ilinin yarısından işləməyə başlamışam. Hələ mənə qədər belə bir qayda qoyulmuşdu ki, bütün mühazirə rus dilində oxunurdu. Onda bu rus dilini bilməyən azərbaycanlı tələbələr arasında narazılıq doğururdu. Bu qayda mənə qədər olan ADU-nun keçmiş rektoru
Ələkbərli tərəfindən qoyulmuşdu. Doğrudan da, mən bu qaydanı dəyişdirmədim. Hərçənd başa düşürdüm ki, bu tələbələr arasında narazılıq yaradır. Ona görə 1935-1936-cı tədris ilindən bu qayda dəyişdirildi və mühazirələr həm rus, həm də Azərbaycan dilində keçilməyə başlandı. Mən təsdiq edirəm ki, ciddi siyasi səhvə yol vermişəm. Vaxtında Azərbaycan dilində mühazirələr oxunmasını təşkil etməmişəm.
Sual: Nəyə görə siz bilə-biləki bütün mühazirələrin rus dilində oxunması tələbələr arasında millətçilik əhval-ruhiyyəsini artırır, bunun qarşısını vaxtında almağa çalışmamısınız?
Cavab: Bütün fənlərin Azərbaycan dilində keçilməsini tədris ilinin yarısından təşkil etmək mümkün deyildi. Azərbaycanlı müəllimlərin dərs yükü çox idi, dərs otaqları çatışmırdı və s.
Sual: Əgər Azərbaycan dilində fənləri tədris etmək dediyiniz kimi mümkünsüz və ya çox çətin idisə,
onda sizin “ciddi siyasi səhvləriniz” nə ilə nəticələnə bilərdi?
Cavab: Müəllim və tədris binası 3-4 fəndən Azərbaycan dilində mühazirə oxumağa imkan verərdi. Ancaq mən bunu etmədim. Mənim ciddi siyasi səhvim də budur”.
Müstəntiq belə zəif cavabdan, sanki, Azərbaycan dilinə canı yanırmış kimi maksimum yararlanmaq üçün yenidən ondan nə üçün bunu etmədiyini, bunun siyasi nəticələrini qiymətləndirə bilmədiyini soruşub.
“Sual:...Bilirsiniz, bunun nəticəsində tələbələr arasında narazılıq yaranır. Bu tələbələr elmlə yanaşı həm də, siyasi təhsil alırlar. Bu işin siyasi nəticələrini belə məqamda olan elm adamı bilməyə bilməzdi. Amma buna baxmayaraq vaxtında lazımi addım atmamısınız. Cavabınız istintaqı qane etmir.
Cavab: Boynuma alıram ki, sayıqlıq göstərməmişəm.
Sual: Bu elə belə sözdür. Siz dərslərin rus dilində aparılmasına qəsdən imkan vermisiniz ki, tələbələr
arasında narazılıq yaransın, millətlərarası narazılıq güclənsin, əks-inqilabi hisslər yüksəlsin. Bunu boynunuza alırsınızmı?
Cavab: Boynuma almıram.
Sual: Çiçikalovun elan olunan ifadəsində göstərilir ki, Siz qəsdən dərslərin ancaq rus dilində aparılması xəttini tutmusunuz. Hətta bu zaman böhtan ataraq söyləmisiniz ki, guya bunu yuxarı instansiyalar göstəriş verib. İndi bunu da inkar edəcəksiniz?
Cavab: Mən Çiçikalovun ifadəsindəki fikirləri rədd edirəm.
Sual: Yenə inkarçılıq edirsən. Sənə Zeynallının ifadəsini oxuyuram. O deyir ki, sən qəsdən dərslərin yalnız rus dilində aparılmasına şərait yaratmaqla millətçilik əhval-ruhiyyəsini qızışdırmağa çalışmsan. Bunu da inkar edəcəksən?
Cavab: Zeynallının ifadələrini də rədd edirəm.”
Bununla da dördüncü istintaq yekunlaşıb. Sonda təqsirləndirilən protokolu oxuduğunu, düz olduğunu imza atmaqla təsdiq edir.
4 avqust 1937-ci ildə beşinci istintaq olub. Maraqlıdır ki, əvvəlki istintaqlarda da fasilə, daha doğrusu
“necə cavab vermək ” dərsi, təxminən iki ay çəkmişdi. Təqsirləndirilənin cavabları göstərir ki, bu dəfə 3 nömrəli əzabvermə metodu artıq öz “ bəhrəsini ” verib. Bunun nəticəsində B. Həsənbəyovdan istintaqa sərf edən “etirafedici ” ifadələr alınıb.
“Sual: Altı aydan çoxdur ki, istintaqa müqavimət göstərir və düzgün ifadələr vermirsən. İstintaq qəti cavab gözləyir. ÜİK(b)P, sovet dövləti və bütün xalq qarşısında hər şeyi açıb söyləmək fikirdəsən, yoxsa səni gərək digər müttəhimlərin ifadələri, üzləşmələr vasitəsi ilə ifşa edək?
Cavab: Altı aydan çoxdur ki, özümün əit və əim təşkilatlarda iştirakımı boynuma almayaraq istintaqa müqavimət göstərdiyimi etiraf edirəm. Lakin indi ÜİK(b)P, sovet hökuməti və sovet xalqı qarşısında əks-inqilabi mübarizədən əl çəkib hər şeyi açıb söyləməyi qərara aldım. İstintaqa əim təşkilatlardaözümün və onların digər üzvlərinin fəaliyyəti haqqında ətraflı, dəqiq ifadələr vermək fikrindəyəm. Boynuma alıram ki, mən əit və əim təşkilatların üzvü olmuşam...”
(...)
Boran Əziz və Vaqif Əmiraslanlının araşdırmalarından bəlli olur ki, B.Həsənbəyovun altıncı istintaqı əvvəlkindən iyirmi iki gün sonra, 26 avqustda, yeddinci istintaqı 2 sentyabr 1937-ci ildə keçirilmişdir.
(...)
Cinayət işinin materialları içərisində çox maraqlı sənədlərdən biri də BDU-nun müəllimləri-Tixomirov, Nikolayev, Çiçikalov, Bukşpan, Safranoviç, o cümlədən Drabkin və Melyuxindən 7 avqust 1937-ci ildə istintaqın məlum yollarla aldığı ifadələrdir. Bunların hamısı təxminən eyni məzmunda olduğu üçün
Melyuxinin ifadəsi üzərində dayanmağı daha münasıb hesab etdik.
“...Bağırova qarşı terror aktı həyata keçirmək üçün lazımi hazırlıq işləri görmək üçün bizim əit təşkilatdan aşağıdakılar bu işə cəlb olundu: 1. Həsənbəyov. 2. Çiçikalov. 3. Tixomirov. 4. Bukşpan. 5. Mən, Melyux.
Bizim vəzifəmizə yerlərdə terrorçu qruplar yaratmaq, buraya xüsusən, keçmişdə orduda xidmət etmiş, hərbi işi yaxşı bilən gəncləri cəlb etmək daxil idi”.
Materiallar içərisində xeyli üzləşmələr də var...”
(...)
“Nəhayət, 3 sentyabr 1937-ci ildə B.Həsənbəyova ittiham aktı elan edilib. Ona Azərb.SSR cm. 64,69,70,73-cü maddələri ilə ittiham irəli sürülüb. İttiham aktında qeyd olunur ki, “...Az.SSR XDİK DTİ 1936-cı ilin sonunda Azərbaycan əit və əim təşkilat aşkara çıxararaq ləğv etmişdir. Onlar öz qarşılarına silahlı üsyan hazırlamaq, ziyankarlıq, casusluq, partiya və hökumət rəhbərlərinə terror tətbiq etmək yolu ilə Azərbaycanı SSRİ-dən ayırmağı məqsəd qoymuşdur.
Azərbaycan əit-millətçi təşkilat öz fəaliyyətində trotskiçi-zinovyevçi terrorçu mərkəz və əks-inqilabçı sağ təşkilatların mərkəzi ilə əlaqə saxlamışdır. 1934-1936-cı illərdə B.Həsənbəyov əks-inqilabçı Azərbaycan millətçi təşkilata cəlb olunmuşdur”.
Bundan sonra ittiham aktında Balabəy müəllimin əit və əim təşkilata cəlb olunma şəraiti, kimlər tərəfindən və nə zaman üzv edilməsi, göstərdiyi əks-inqilabi fəaliyyət təsvir olunmuşdur.
(...)
İttiham aktı 3 sentyabr 1937-ci ildə Azərb.XDİK DTİ-nin IV şöbəsinin DT kapitanı Sinman tərəfindən tərtib edilmiş, 5 sentyabr 1937-ci ildə XDİK DTİ komissarı Sumbatov-Topuridze tərəfindən təsdiq edilmişdir.
1937-ci il oktyabrın 10-da SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyasının hazırlıq iclası keçirilmişdi. İclasın sədri Matuleviç, üzvlər Zaryanov və Jiqur olmuşdur. Burada repressiya illərinə xas olan qərar qəbul edilmişdi:
“B.C.Həsənbəyovun işinə qapalı məhkəmə iclasında müdafiəçisiz, ittihamçısız və şahidsiz baxılsın”.
1937-ci il oktyabrın 11-i saat 17:45-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qapalı məhkəmə iclası keçirilmişdi. İstintaq materiallarında yazıldığına görə B.Həsənbəyov özünü günahkar bilmiş, istintaqdakı ifadələrini təsdiq etmişdir. O, həmçinin məhkəmə istintaqına deyəcəyi əlavə sözünün olmadığını və günahının yüngülləşdirilməsini xahiş edib.
Repressiya illərindəki digər məhkəmələr kimi bu da 15 dəqiqədən sonra başa çatmışdır. Ümumilikdə yeddi dəfə istintaqa ifadə vermiş B.Həsənbəyovun məhkəmə istintaqı, 5 dekabr 1937-ci ildə başa çatmış və ona qarşı ittiham aktı tərtib edilmişdi. Balabəy müəllimi Azərb. SSR cm-in 64,69,70 və 73-cü maddələrində nəzərə tutulan cinayətlər üzrə ittiham etmişdilər. “Humanist sovet məhkəməsi” universitetin rektoru, professor Balabəy Cabbar oğlu Həsənbəyovu ən ağır cəzaya -güllələnməyə məhkum etmişdir. Hökm səhərisi gün Bakı şəhərində yerinə yetirilmişdi...
Cinayət işinin materialları arasında bir sənəd dədiqqətimizi çəkdi. Bu, terror aktları, silahlı üsyanlara hazırlaşarkən guya istifadə olunacaq çoxlu sayda olan silahlarla bağlı idi. Qondarma işlərdə o qədər silahlı üsyana hazırlaşan adamlar və silahlar sənədləşdirmişdilər ki, belə bir silahın olmadığını çox gözəl bildikləri halda, Moskvadan İkinci dünya müharibəsində silah çatışmadığına görə onların dövlətə təhvil verilməsini tələb etməyə başlamışdılar. Lakin məlum olmuşdu ki, silah yoxdur. O, sadəcə olaraq kağız üzərində olmuşdu...
(Davamı var)
Təqdim etdi:
Sultan Laçın