Onu şərləyən müstəntiq özü də az sonra “humanist sovet” istintaqının qurbanı oldu…
Elm və Təhsil
2635
06 Sep 2024 | 15:44

Onu şərləyən müstəntiq özü də az sonra “humanist sovet” istintaqının qurbanı oldu…

“Müstəntiq bu cavabdan sonra hədə və təzyiqə keçərək onun düz danışmadığını bildirib…”
 
"O dövrdə mətbuatda tez-tez fəhlələrin, kəndlilərin sağıcıların, çobanların, pambıqçıların və elm adamlarının “xalq düşmənləri”ni pisləyən kollektiv və ya fərdi məktubları, müraciətləri dərc olunurdu..."
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... ı
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix kafedrasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində  1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
 
"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...
 
(Əvvəli burada:  )
 
2. Balabəy Cabbar oğlu Həsənbəyov
 
Repressiyaya məruz qalan rektorlardan biri də Bakı Dövlət Universitetinə rəhbərlik edərkən həbs edilən Balabəy Cabbar oğlu Həsənbəyov olmuşdur...
 
B.Həsənbəyov 1920-ci illərdə partiya, sovet orqanlarında çalışmış, Moskvada Qırmızı Professorlar İnstitutunu qurtardıqdan sonra respublikanın elmi həyatında yaxından iştirak etmişdir. Sovet hakimiyyəti illərində Siyasi iqtisad adlanan elm sahəsində respublikanın görkəmli alimlərindən biri olmuşdu. B. Həsənbəyov rektor olmaqla yanaşı, BDU-nun Siyasi iqtisad kafedrasına da başçılıq etmişdir. 
 
(Qeyd: 
B.Həsənbəyov haqqında ilk dəfə Z.Bünyadov “Qırmızı terror” kitabında məlumat versə də, biz məsələyə müstəqillik dövrünün tələbləri baxımından yeni konsepsiya əsasında yanaşmış, istintaq materialları əsasında mövzuya əhəmiyyətli əlavələr etmiş, elmi dövriyyəyə yeni faktlar, sənədlər daxil etmiş və dəqiqləşdirmələr aparmışıq)
 
O, təşkilatçı alim, yaxşı maarif işçisi kimi Azərbaycanın hüdudlarından kənarda da tanınan, qəbul edilən şəxslərdən olmuşdur.
7 yanvar 1937-ci ildə B.Həsənbəyovun həbs edilməsi haqqında qərar XDİK DTİ-nin IV şöbəsinin IV bölməsinin rəis köməkçisi, leytenant Mark Şer tərəfindən imzalanmışdır. Qərarı Azərb. SSR XDİK DTİ-nin rəisi,III dərəcəli DT Komissarı Sumbatov-Topuridze təsdiq etmişdir. Rektorla bağlı həbs qəti imkan tədbiri barədəki 67 saylı order 27 yanvar 1937- ci ildə imzalanmışdır. Ertəsi gün, 28 yanvarda DTİ-nin IV şöbəsinin IV bölməsinin rəisi, baş leytenant X.İ.Qriqoryanın başçılığı altında B.Həsənbəyovun evində axtarış aparılmışdır. Axtarış aparılması haqqında tərtib edilmiş protokolda evdə JQ seriyalı 081046 No-li pasport, 144214 nömrəli partiya bileti, Azərb.Mərkəzi İcraiyyə Komitəsinin (Bundan sonra MİK. B.Əziz) üzvü olduğunu təsdiq edən vəsiqə, AK(b)P-nın IX qurultayının üzvlük mandatı, hərbi bilet, 197 ədəd müxtəlif mövzulara aid kitablar, xeyli sayda əlyazmalar, tədrisə aid konspektlər, məktublar olduğu qeyd edilmişdir. Qəribədir ki, evdə şkaf, stol, stul, paltarlar, yaxud pul, qızıl zinyət əşyalarının olub olmaması barədə heç nə yazılmamışdır. Halbuki digər həbs olunanların evində axtarış aparılarkən bu barədə də qeydlərə rast gəlirik. B.Həsənbəyovun anket məlumatında yazılmışdır ki, o, “1899-cu ildə Yelizavetpolda, indiki Kirovabadda (Bundan sonra Gəncə-B.Əziz) anadan olmuş, Bakıda 225-ci kvartalda 10-cu blok, 58-ci mənzildə yaşamışdır. ...iqtisadçı, siyasi iqtisad professoru, ADU-nun rektoru, Siyasi iqtisad kafedrasının müdiri...1928-ci ildə Qırmızı Professorlar İnstitutunda oxuyub...Gəncə və Bakı şəhərlərində müxtəlif partiya təşkilatlarında xidmət etmiş, 1919-cu ildən ÜİK(b)P-nın üzvü; AK(b)P Voroşilov PK və Az. MİK üzvü, ... milliyyət qrafası - türk. Həyat yoldaşı Antonina İvanovna Blinova, APİ-də aspirant, 27 yaş; qohumu Ənvər, 17 yaş; xalası Anfisuya 54 yaş”.
 
İşin içiində olan B.Həsənbəyovun partiya sıralarından xaric edilməsinin səbəbləri haqqında 16 aprel 1937-ci ildə AK(b)P Voroşilov rayon komitəsinin katibi Okinşeviçin imzası ilə göndərilən arayışda yazılıb: “1919-cu ildən ÜİK(b)P-nın üzvü B.C.Həsənbəyov trotskiçi və partiya düşməni kimi XDİK orqanları tərəfindən ifşa edildikdən sonra partiya sıralarından xaric edilmişdir ”.
28 yanvar 1937-ci ildə XDİK-da Balabəy Cabbar oğlu Həsənbəyov haqqında tərtib olunmuş arayışda göstərilmişdir ki, guya alim müxtəlif məsələlər üzrə partiyanın yeritdiyi xəttə əks-inqilabi trotskiçi böhtanlar atmışdır. “Tixomirov və Çiçikalovun ifadələrindən müəyyənləşdirilmişdir ki, onlar Həsənbəyovla əks-inqilabi trotskiçi əlaqədə olmuşlar. Həsənbəyov müxtəlif məsələlər üzrə partiyanın yeritdiyi xəttə əks-inqilabi trotskiçi böhtanlar atmışdır”.
 
BDU-nun Tarix fakültəsinin dekanı, görkəmli tarixçi, Qırmızı Professorlar İnstitutunun keçmiş məzunu, professor B.N. Tixomirov həbs edildikdən sonra ondan işgəncə tətbiq etməklə, B. Həsənbəyovun əleyhinə ifadələr almışlar. Bu ifadələrdənbirində göstərilirdi ki, B.Həsənbəyov əks-inqilabi trotskiçilərdən Tağıyev, Bədəlbəyli, Nikolayev, Safranoviç və digərlərini himayə etmiş, 1936-cı ildə Marksizm-Leninizm İnstitutunun (Bundan sonra MLİ-B.Əziz) işçilərinin və tələbələrinin partiya iclasında əks-inqilabi trotskiçi kimi çıxış etmişdir. Bundan başqa, guya XDİK-ə məlum olmuşdur ki, rektor universitetində millətçi əhvali-ruhiyyəli şəxslərdən – Ağamir Məmmədov, Heydər Verdiyev, Abdullayev və başqalarından ibarət bir dəstə yaratmışdır.
 
Beləliklə, bu cür saxta ittihamları əsas götürən Azərb. SSR XDİK DTİ-nin müstəntiqi, leytenant M.Şer tərtib etdiyi arayışda göstərirdi ki, “B.C.Həsənbəyov həbs edilməli və Azərbaycan SSR cm-nin 72,73-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunmalıdır ” .
 
Maraqlıdır ki, yüzlərlə günahsız adamın güllələnməsinə baiskar olmuş bu əliqanlı müstəntiq özü də sonralar “humanist sovet” istintaqının qurbanı olmuşdur. Bolşevik müstəntiq professora böhtan dolu ittihamı asanlıqla qəbul etdirə bilmədiyindən istintaqın müddətini iki dəfə artırmışdır. O, bu qərarını belə əsaslandırmışdır: “ B.C.Həsənbəyov əks-inqilabi trotskiçi təşkilatın üzvü olub ÜİK (b)P-yə və sovet hökumətinə qarşı mübarizə vasitəsi kimi hökumət əleyhinə silahlı üsyan hazırlanmasında iştirak etmiş, mədəni cəbhədə ziyankarlıq işi aparmış, terrorun tərəfində durmuşdur ” .
 
 
Balabəy müəllimin birinci istintaqı 29 yanvar 1937-ci ildə keçirilmişdir. Bu zaman siyasi iş üstündə həbs edilənlərin hamısında olduğu kimi, ondan da ənənəvi sual soruşulmuşdu:
 
“Sual:
İstintaqa aydın olmuşdur ki, əks-inqilabi millətçi təşkilatın üzvüsünüz. Bunu etiraf edirsinizmi?
 
Cavab:
Mən heç vaxt heç bir əks-inqilabi millətçi təşkilatın üzvü olmamışam. Həmişə əks-inqilabi millətçliyə qarşı mübarizə aparmışam ”.
 
Müstəntiq B.Həsənbəyovun cavabı ilə kifayətlənməmiş, ona yeni bir sual vermişdi:
 
Əks-inqilabçı trotskiçilərdən kimləri tanıyırsınız? 
 
Cavab:
 
Rəsmi mənbələrdən mənə aşağıdakı əks-inqilabçı trotskiçilər məlumdur: 1.Safranoviç, siyasi iqtisad üzrə professor, 1936-cı ildə həbs edilmişdir. 2. Nikolayev, tarix üzrə professor, 1936-cı ildə həbs edilmişdir. 3. Drabkin, tarix üzrə professor. Məndə olan məlumata görə Moskvaya getmişdir. 4. Meqavorman, siyasi iqtisad müəllimi. Haradadır bilmirəm. Bundan başqa, 1936-cı ildə XDİK tərəfindən prof. Tixomirov və prof. Çiçikalov həbs edilmişdir. Nə üçün həbs edildiyini bilmirəm. Ola bilsin, əks-inqilabçı trotsikiçi kimi həbs edilib. Ancaq bunu təsdiq edə bilmərəm. Prof. Vasiliyev və prof. Qarber haqqında da məlumatım rəsmi mənbələrdəndir. 
 
Sual: 
Haradan bilirsiniz ki, onlar əks-inqilabçı-trotskiçidir? 
 
Cavab: 
Bunlar mənə rəsmi mənbələrdən məlumdur. Şəxsən mənim yanımda onlar hər hansı bir formada əks-inqilabçı-trotskiçi fikirlər söyləməyiblər.”
 
Müstəntiq onun belə cavabını səmimi hesab etməyərək “Bunu qəti təsdiq edirsiniz? ” deyə soruşub. 
 
Cavab:
Bəli qəti təsdiq edirəm. Ümumiyyətlə, mənim onlarla hər hansı siyasi söhbətim olmayıb”.
 
Cavab müstəntiqi qane etmədiyindən bu dəfə ondan “əks-inqilabçı- trotskiçi “ (Bundan sonra əit-B.Əziz ) təşkilatda fəaliyyət göstərən başqa kimləri tanıdığı soruşulub.
 
“Cavab:
 
Keçmişdə, 1930-1934-cü illərdə Bakıda prof. Qarberlə prof. Vasiliyev işləmişdilər. Onlar haqqında da mənə rəsmi mənbələrdən məlum olmuşdur ki, bu adamlar əks-inqilabçı-trotskiçidirlər. Onlar şəxsən mənə heç bir vaxt trotskiçi fikirlərini bildirməyiblər. Bunlardan başqa mənə trotskiçilərdən heç kəs bəlli deyil ”.
Bundan sonra müstəntiq B.Həsənbəyovdan əks-inqilabçı millətçilərdən kimləri tanıdığını soruşub.
 
“Rəsmi mənbələrdən mənə məlum idi ki, keçmişdə milli təmayülçülüyə aşağıdakılar daxil idi: 1.Xuluflu, EA-nın filialının işçisi. 2.Əyyub Xanbudaqov. 3.Həbib Cəbiyev. 4.Möhsüm Qədirli. 5.S.M.Əfəndiyev. 6.B.A.Talıblı.
 
Mən isə heç bir gizli əks-inqilabi iş aparmamışam. Bunu on milyonlarla adam desə də, inanin ki, yalandır”.
 
O dövrdə qəzet səhifələrində belə adamlar barədə kifayət qədər “ifşaedici” yazılar çap edildiyindən, “ayıq”, ”proletar beynəlmiləlçiliyinə sadiq” sovet adamının hər biri bunlar haqqında məlumatlı olduğundan, müstəntiq ondan azadlıqda qalıb gizli fəaliyyət göstərən əks-inqilabçı millətçilərdən kimləri tanıdığı haqqında məlumat verməyi tələb edib. Təqsirləndirilən belə adamlardan heç kəsi tanımadığını bildirir. Müstəntiq bu cavabdan sonra hədə və təzyiqə keçərək onun düz danışmadığını bildirib.
 
“Şəxsən Sizə gizlənən əit və əim xeyli adamlar məlumdur. İstintaq xəbərdarlıq edib bildirir: bizdə məlumatlar var ki, siz gizli əks-inqilabçı iş aparırsınız. İstintaqa müqavimət göstərməyin. Gizlənən əit və əim-dən kimlər məlumdursa onlar haqqında danışın. 
 
Cavab: 
 
Bir daha rəsmi surətdə bəyan edirəm ki, mən gizlənən əim-dən və əit-dən heç kimi tanımıram. Deməliyəm ki, mən aşağıdakı adamları siyasi etibarlılıq baxımından şübhəli hesab edirəm: 1.Prof.Belyayev. O, Moskvada XDİK tərəfindən həbs olunan Çiçikalovla bir oxumuşdur. Bakıda Belyayev, Çiçikalov və əit-çi Xazanovla yaxın olmuşdur. Belyayev öz xidməti işinə məsuliyyətsiz yanaşır, Çiçikalov kimi mühazirələri pozur. Mən şübhələnirəm ki, bu gizli dağıdıcı fəaliyyət elm cəbhəsindəki mübarizənin bir formasıdır. Mənə həmçinin məlumdur ki, Belyayevdə böyük dövlətçilik şovinizmi var və buna görə o partiya töhməti alıb. Mən Belyayevi şübhəli hesab edərək onun haqqında bütün bildiklərimi XDİK-ya rəsmi surətdə yazmışam. 
 
2. Y. Cəfərov, AK(b)P-nin üzvü. Hansısa məktəbdə dərs deyir .Onun haqqında mənə o məlumdur ki, Gəncədə 1920-1921-ci ildə həmkarlar təşkilatı haqqında diskussiyada əit mövqeyi müdafiə etdi və partiya yığıncağında tpotskiçi baxışlarını söyləmişdi. Mən onun haqqında Az.K(b)P Voroşilov rayon komitəsinə yazılı xəbər vermişəm. 
 
3. Biləndərli, ADU-nun SSRİ xalqları tarixi kafedrasının müəllimi, 1936-cı ildə Az.XDİK tərəfindən repressiya olunmuş, Az.SSR Torpaq Komissarlığının işçisi Biləndərzadənin qohumu. Biləndərli Tixomirovla dost idi və onun himayəsi ilə irəli çəkilmişdir. Biləndərli haqqında da mən XDİK–ya yazili məlumat vermişəm. Əlavə edirəm ki, ADU-nun əmlakını dağıdır, Tixomirov və Nikolayevə çoxlu kitablar verir. Bu kitablar Universitetə qaytarılmayıb. Əks-inqilabi görüş və fəaliyyətlərini bildiyim adamlar haqqında mən vaxtında yazılı partiya və sovet orqanlarına məlumat vermişəm. Mən heç bir gizli əks-inqilabi iş aparmamışam ”.
 
Sonda B.Həsənbəyov ifadənin özü tərəfindən yazıldığını, oxunduğunu və bu səbəbdən imza etdiyini təsdiq edir.
Qeyd edək ki, B.Həsənbəyov rəsmi mənbələr deyərkən qəzetlərdə dərc olunan məlumatları nəzərdə tutmuşdu. O dövrdə mətbuatda tez-tez fəhlələrin, kəndlilərin sağıcıların, çobanların, pambıqçıların və elm adamlarının “xalq düşmənləri”ni pisləyən kollektiv və ya fərdi məktubları, müraciətləri dərc olunurdu...
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər