Səməd Vurğun 1930-cu illərdə həbsdə olub?...- BDU rektorunun istintaq işindən...
Elm və Təhsil
2861
05 Sep 2024 | 10:24

Səməd Vurğun 1930-cu illərdə həbsdə olub?...- BDU rektorunun istintaq işindən...

“...T.Şahbazi 11 iyul 1937-ci ildə həbs olunub. Birinci dəfə 13 iyulda istintaq keçirilib. 9 noyabr 1937-ci ilə qədərki bütün istintaqlarda o, verilən ittihamları qətiyyətlə rədd edib. Ancaq 9 noyabr 1937-ci ildə birdən-birə o özünü həm günahkar bilmiş, həm də anti-sovet fəaliyyətindən danışmışdır. Onun könüllü olaraq belə ifadə verməsi şübhəlidir...”
 

Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... ı

Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.

Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...

Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix kafedrasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində  BDU-nun ilk azərbaycanlı rektoru 1917-1920-ci illərdə “Azərbaycanın əbədi səadətini Rusiyanın tərkibində olmaqda” görənlərdən, müstəqil dövlətimizi-Cümhuriyyəti devirməyə çalışanlardan, bu yolda bütün qüvvə, bacarıq və biliyini əsirgəməyənlərdən biri” - Tağı Abbas oğlu Şahbazinin elə həmin Rusiya-bolşevik dövləti tərəfindən repressiya olunması, əksinqilabçı kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz. 

"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...

(Əvvəlİ burada: )

Qeyd edək ki,T.Şahbazinin istintaqında adı keçən adamların sayı 140 nəfər olmuşdur... Bu şəxslərin adlarınınqarşısında “həbs olunub”, “həbs olunmayıb”, “İttiham edilib”, “mühacirət edib”, “vəfat edib” kimi sözlər yazılıb. İstintaq materiallarından aydın olur ki, bu siyahını DTİ-nin IV bölməsinin rəisi, Dövlət təhlükəsizliyi leytenantı Klemençiç tərtib etmişdir. 
 
Burada indiyə qədər repressiyaya aid olan heç bir yerdə rast gəlmədiyimiz bir məsələ ilə qarşılaşdıq. Bu bizim üçün tam gözlənilməz oldu. Belə ki, siyahıda adı olan adamlardan biri də, Azərbaycan sovet ədəbiyyatının tanınmış şairi Səməd Vurğun olmuşdur.Maraqlıdır ki,onun adının qarşısında həbs edilib qeydi var. Ancaq Səməd Vurğunun nə tərcümeyi-halında, nə də haqqında yazılan kitablarda bu barədə heç nə göstərilmir. Bu barədə arxivdə olan, oxuculara məlum olmayan digər məlumatların əsasında gələcəkdə yazmaq istədiyimiz məqalədə daha geniş bəhs edəcəyik. 
 
31 dekabr 1937-ci ildə Qroznı şəhərində Matuloviçin sədrliyi, Zaryanov və Jiqurun üzvlüyü ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının(AMHK) səyyar sessiyasının iclası keçirilib. Lakin burada güllələnmə hökmü veriləcəklərin sayının çoxluğu və bununla da ölüm haqqında qərar verməyə vaxtın olmamasından iş nisbətən az olan şəhərə göndərilmişdir. Bu səbəbdən SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyası Nikitiçenkonun sədrliyi, İyevlevin və İşenkonun üzvlüyü ilə yeni tərkibdə iclası keçirilmişdir. İclasda T.Şahbaziyə verilən ittiham aktındakı qərar təsdiq edilb.
 
Materiallardakı müvafiq qeydə görə qərarın surəti təqsirləndirilənə ertəsi gün, 1 yanvar 1938-ci ildə verilmişdir.
 
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının məhkəmə iclası 2 yanvar 1938-ci ildə ittihamçısız, şahidsiz və vəkilsiz – qapalı şəkildə keçirilmişdir.
 
Hərbi Kollegiyanın bağlı məhkəməsi 15:30-da işə başlamış və cəmi 15 dəqiqə sonra, 15:45 də öz işini yekunlaşdırmışdır.
 
Məhkəmənin qərarında yazılıb: “Müttəhim T.Şahbazi özünü günahkar bilmişdir. Son sözdə demişdir ki, əim(əks-inqilabçı müsavat-red.) təşkilatın avantürist xarakter daşıdığına inanmış, peşman olmuş və bağışlanmasını xahiş etmişdir ”.
 
Lakin Hərbi Kollegiya bu xahişi nəzərə almayaraq onu ən ağır cəzaya-güllələnməyə məhkum edib. İşdə olan materialların içərisindəki arayışdan aydın olur ki, T.Şahbazinin ölüm hökmü Bakı şəhərində 2 yanvar 1938-ci ildə yerinə yetirilmişdir.
 
T.Şahbazinin həyat yoldaşı, “Vətən xaininin ailə üzvü” kimi səkkiz il həbs cəzası çəkmiş Mariya Kirillovna Paşina-Şahbazi 29 iyul 1954-cü ildə ərinin işinə yenidən baxılması xahişi ilə SSRİ dövlətinin başçısı N.S.Xruşşova ərizə ilə müraciət edib.
 
28 dekabr 1955-ci ildə SSRİ prokurorluğunun Baş Hərbi prokurorunun köməkçisi, ədliyyə polkovniki Sumarev Azərb.SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi (bundan sonra NS yanında DTK.- B. Əziz) sədri Quskova, surəti Zaqafqaziya Hərbi Dairəsi Hərbi prokuroruna (Bundan sonra ZHD HP- B.Əziz) olmaqla məktub göndərib. Burada göstərilib ki, adı çəkilən orqanların sorğusuna və T.Şahbazinin həyat yoldaşının məktubuna əsasən, onun 970034 nömrəli istintaq-arxiv işi bu dövlət qurumlarına göndərilmişdir. Məktubda istintaq-arxiv işinin göndərildiyi dövlət orqanlarına məsləhət görülür ki, “ ...Yoxlama zamanı aşağıdakılara diqqət yetirmək zəruridir: 19 noyabr 1937- ci ildə T.Şahbazi göstərir ki, əim təşkilata onu H.Sultanov və Cəfər Bağı cəlb etmişdir. Ancaq işdə bu adamların istintaq protokollarının əsli yoxdur. İstintaqdan ayrı-ayrı protokollardan çıxarışlar var. H.Sultanov və C.Bağinın istintaq protokollarının əslinə baxmaq lazımdır ki, həqiqətən belə ifadə olubmu. Olubsa, sonradan onlar bu ifadələrdən imtina ediblər, yoxsa yox. T.Şahbaziyə qarşı onlar daha hansı ifadələr verib?
Həmin istintaq T.Şahbaziyə bildirib ki, o, Bakı şəhər Xalq Təhsil Şöbəsində (Bundan sonra BŞXTŞ.-B.Əziz) məktəb müəllimi olan Ələsgər Əliyevi, şair Sanılını familiyasınıunutduğu daha iki nəfəri əim təşkilata cəlb edib. Ancaq bu adamların heç biri iş üzrə dindirilməyib. Müəyyənləşdirmək
lazımdır ki, bu adamlar məsuliyyətə cəlb olunubmu? ”.
 
Ümumilikdə, beş cəhətə xüsusi diqqət yetirmək tövsiyə edilib. Dördüncüdə məsləhət görülüb ki, “...aşağıdakı uyğunsuzluğa fikir verilsin: T.Şahbazi 11 iyul 1937-ci ildə həbs olunub. Birinci dəfə 13 iyulda istintaq keçirilib. 9 noyabr 1937-ci ilə qədərki bütün istintaqlarda o, verilən ittihamları qətiyyətlə rədd edib. Ancaq 9 noyabr 1937-ci ildə birdən-birə o özünü həm günahkar bilmiş, həm də anti-sovet fəaliyyətindən danışmışdır. Onun könüllü olaraq belə ifadə verməsi şübhəlidir. Bununla əlaqədar olaraq Şahbazinin türmə işini tələb edib baxmaq lazımdır ki, istintaqa qanunsuz metod tətbiq edib-etməməsi ilə bağlı şikayəti olubmu? O, neçə dəfə türmədən istintaqa çağırılıb? Yaxud karserə-xüsusi kameraya salınıbmı?
 
Bundan başqa müəyyənləşdirmək lazımdır ki,T.Şahbazinin işini aparan Az.XDİK keçmiş işçisi Voronkov, Platonov və digərləri cinayət və ya digər məsuliyyətə cəlb edilibmi? Əgər bu işçilər, sosialist qanunçuluğunu pozmağa görə cəzalandırılıbsa, onda onların işi haqqında geniş arayış
hazırlansın.
 
Arzu olunur ki, T.Şahbazini yaxından tanıyan adamlarla əlaqə yaradılaraq şahid kimi dindirilsin, onun iş xasiyyətnaməsi, görüşləri xarakterizə edilsin”.
 
16 oktyabr 1955-ci ildə T.Şahbazinin həyat yoldaşı Moskvaya, Sov. İKP MK-ya Şatunovskayaya məktub yazıb. O, kömək istəyərək “.. yəqin Siz mənim ərimi Bakıda birgə işlədiyiniz vaxtdan yaxşı tanıyırsınız” deyə buna ümid etdiyini bildirib. Sonra o, ərinin 1915-ci ildən kommunist partiyasının üzvü olduğunu, özünün də ixtisasca həkim olduğunu, uzun illər bu ixtisas üzrə işlədiyini qeyd edib göstərir ki, onu da 4 noyabr 1937-ci ildə həbs edərək 8 il cəza veriblər.
 
Qeyd edək ki, o, N.S.Xruşşova ilk məktubunu hələ 29 iyul 1954-cü ildə yazıb. Məktuba cavab 28 avqust 1954-cü ildə Baş Hərbi Prokurordan gəlib. Orada göstərilib ki, “...məktub yoxlanılır və nəticəsi haqqında Sizə məlumat veriləcəkdir”.
 
Bir qədər keçdikdən sonra cavab almadığını görən Mariya Kirillovna yenidən şikayət məktubu yazıb bildirir ki, axırıncı məktubdan bir il iki ay keçməsinə, bir neçə dəfə şikayət etməsinə baxmayaraq ona əri haqqında heç bir məlumat verilməyib. “...Azərb.K(b)P MK qərar verib ki, ərimin bəraət işi sürətlənsin və yaxın vaxtda məni evlə təmin etsinlər. Baksovet vəd edib ki, bu qərara əsasən sentyabrın ilk günlərində mənə ev verəcək. Buna görə mən yaşayıb işlədiyim Zaparojye şəhərindən köçüb Bakıya gəldim. Ancaq indiyə qədər mənə ev verilməyib. Belə güman edirəm ki, bu gecikmə ərimin bəraəti haqqında sənəddən asılıdır. O isə məndə yoxdur. Moskvaya getməyə isə maddi imkanım və səhhətimin pisliyi imkan vermir. Bu səbəbdən xahiş edirəm ki, ərimin bəraət alması haqqında sənədin verilməsinin sürətlənməsinə köməklik edib mənə də məlumat verəsiniz. Məktubun sonunda o, ünvanı göstərməklə ərinin qohumunun evində müvəqqəti yaşadığını bildirmişdir.
 
17 yanvar 1956-cı ildə DTK-nın müavini A.Zamanovun imzası ilə AK(b)P MK-ya məktub göndərilir. O, xahiş edir ki, 4 mart 1937-ci ildə əim kimi partiyadan çıxarılmış T.Şahbazinin partiya arxivində onun hansısa antipartiya qruplaşmasına və müxalifətə mənsubluğu barədə məlumatlar
varsa, yoxlasınlar və məlumat versinlər. Tezliklə göndərilən cavab məktubunda onun partiya
arxivində olan anket məlumatları verilib .
 
Şahidlər Yusif Məlikov, Mir Həşim Mirbağır oğlu Salayev (o dövrkü 1 saylı hüquq məsləhətxanasının müdiri), Az.SSR Yazıçılar İttifaqının Rəyasət Heyətinin üzvləri Süleyman Rəhimov, Mehdi Hüseyn, Məmməd Arif, Mir Cəlal, A.Vəliyev, S.Rüstəm, İ.Əfəndiyev birgə məktub göndərib imzaları ilə T.Şahbazini müsbət xarakterizə etmişlər.
 
T.Şahbazinin istintaq -arxiv işində maraqlı sənədlərdən biri DTK-nın Hərbi Prokurorluğa türmədə məhbusların istintaqa aparılması haqqındakı qeydlər dəftəri ilə bağlıdır. Göndərilən arayışda bildirilib ki, T.Şahbazinin türmə işi Daxili türmədə saxlanılmayıb və 1938-ci ildə haraya verilməsi barədə də heç bir məlumat yoxdur...
(...)
 
Beləliklə, yaranmış yeni şəraitlə əlaqədar T.Şahbazinin istintaq-arxiv işinin yenidən araşdırılması başa çatır və bu barədə yekun arayış hazırlanır. Onu 9 aprel 1956-cı ildə tərtib edən DTK-nın istintaq şöbəsinin baş müstəntiqi, mayor Abdullayev, istintaq şöbəsinin rəis müavini Biliçenko olmuşdur.
 
10 aprel 1956-cı ildə isə onu DTK-nın sədr müavini A.Zamanov təsdiq etmişdir.  İşin yenidən yoxlanılmasından sonra gəlinən nəticə ilə bağlı geniş arayış hazırlanıb. Arayışın sonunda T.Şahbazinin günahsız olmasını nəzərə alaraq təklif olunub ki, vaxtilə onun haqqında verilən ədalətsiz, heç bir fakta əsaslanmayan qərar ləğv olunsun. 
 
“....Nəzərə alsaq ki, T.Şahbazi haqqında əlavə istintaq onun günahkar olduğunu müəyyənləşdirmədi və o, yoxlanılmamış məlumatlar əsasında həbs olunub. Bunu əsas götürərək təklif edirik ki, 2 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının verdiyi qərar ləğv olunsun”.
 
14 may 1956-cı ildə Hərbi Prokurorluq bu məzmunlu məktubu SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasına göndərmişdir. Məktubun məzmunu aprelin 9-da mayor Abdullayevin verdiyi təkliflə eynidir. Qeyd olunur ki, “...işdə adı keçən adamların əksəriyyəti, o cümlədən R.Axundov, H.Sultanov bəraət almış, işin içərisində olan ifadələr ziddiyətlidir, ifadələr alınarkən zor tətbiq edilmiş, iş yenidən yoxlanılarkən istintaqa şahid kimi ifadə verən adamların ifadələri T.Şahbazinin günahsız yerə həbs olunduğunu göstərir!
 
Bundan başqa işi aparan müstəntiqlər Sinman və Klemençiç istintaq zamanı yol verdikləri saxtakarlığa, qeyri-qanuni metodlar tətbiq etmələrinə görə həbs olunub. Ona görə yaranmış vəziyyətlə əlaqədar onun fəaliyyətində cinayət tərkibi olmadığı üçün bəraət verilsin”.(13,156)
 
28 iyul 1956-cı ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın təklifini müzakirə edib T.Şahbazinin günahsız olduğu qənaətinə gəlir və ona bəraət verilməsi haqqında qərar qəbul edir.
25 avqust 1956-cı ildə SSRİ Ali Məhkəməsinə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin dəftərxanasından məktub gəlmişdir. Bu, əslində tipik formalizm nümunəsidir. Məktubda göstərilib ki, işə nəzarət qaydasında baxılması üçün T.Şahbazinin həyat yoldaşı M.K.Şahbazi Paşina ona tezliklə cavab verilməsi xahiş edib. İndi bu yüksək dövlət orqanı da ərizəçiyə növbədənkənar cavab verilməsini istəyir. Halbuki, artıq T.Şahbaziyə bəraət verilməsi haqqında qərar bir aydan
çox idi ki, verilmişdir.
 
Mariya Kirillovna Şahbazi-Paşina 15 avqust 1956-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.E.Voroşilova şikayət məktubu yazıb. O, məktubunda 1937-ci ildə ərinin günahsız yerə həbs olunmasından, onun şikayətindən sonra işin Hərbi Kollegiya tərəfindən 11 aprel 1956-cı ildə Moskvaya aparmasından, şikayət məktubu yazılana qədər heç bir xəbər çıxmamasından narazılığını bildirir. O, həmçinin ərinin bəraəti haqqında kağız olmadığı üçün özünün, qızının həyatını, əmək
fəaliyyətlərini düzəldə bilmədiyini bildirib xahiş edir ki, işə baxılmasının sürətləndirilməsi haqqında müvafiq dövlət orqanlarına təsir etsin.
 
10 sentyabr 1956-cı ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Azərb.SSR Nazirlər Soveti yanında DTK-nin sədrinə, surəti Baş Hərbi Prokurora və SSRİ DİN-nin I Xüsusi şöbəsinə,həmçinin SSRİ Nazirlər Soveti yanında DTK-nın uçot-arxiv şöbəsinə məktub göndərib (14,160). Orada bildirilir
ki, Şahbazi-Paşinaya məlumat verilsin ki, 28 iyul 1956- cı ildə T.Şahbazinin işinə baxan Hərbi Kollegiya ona bəraət vermişdir. Bu səbəbdən “...ona bu barədə məlumat verilsin, müsadirə edilmiş əmlakı geri qaytarılsın və ya dəyən ziyan ödənilsin. Bu barədə Hərbi Kollegiyaya məlumat verilsin ”.
 
Bu məktubdan sonra DTK-dan Bakı şəhəri Zəhmətkeş Deputatları Sovetinin (Bundan sonra ZDS-B.Əziz) sədrinin müavini Eyvazovun adına məktub göndərilərək bildirilmişdir ki, “ 2 iyun 1938-ci ildə T.Şahbazi cəza alıb və əmlakı müsadirə edilib. Hərbi Kollegiyanın qərarı ilə ona bəraət verilib. Bizə arxiv materiallarından aydın olub ki, onun əmlakı müsadirə olunarkən istifadə edilmək üçün Baksovetə verilib. T.Şahbazinin həyat yoldaşı M.K.Paşina-Şahbazinin əmlakının geri qaytarılması haqqında şikayət məktubu baxılması üçün sizə göndərilir”.
 
Maraqlıdir ki, T.Şahbazi həbs edildiyi zaman onun evində axtarış aparılıb və bununla bağlı protokol tərtib edilib. Lakin saxtakarlıq o həddə çatıb ki, protokolda bu barədə heç nə yazilmayıb.
 
28 fevral 1957-ci ildə Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri S.Rəhimovun imzası ilə DTK-nın sədri Kopılevə məktub yazılıb. Orada bildirilir ki, bəraət almış T.Şahbazinin Teymur adlı qardaşı Azərbaycan Yazıçılar İttifaqına müraciət edib. O, müraciətində bildirir ki, Azərnəşrdə qardaşının əsərləri nəşr olunacaq. T.Şahbazi həbs olunarkən evində axtarış aparıldığı zaman onun “Qrup” adlı əsərinin əlyazması da yoxa çıxıb. Bu səbəbdən Yazıçılar İttıfaqı və T.Şahbazinin qardaşı həmin əsərin tapılmasında köməklik göstərilməsini onlardan xahiş edib. Məktuba verilən cavabda bildirilir ki, arxasına qırmızı karandaşla yazılanlarlardan aydın olur ki, saxlama kamerasında belə bir əlyazma yoxdur. Bu barədə də T.Şahbazinin qardaşı Teymura telefonla məlumat verilib.
 
Uzun müddətli yazışmalardan, şikayət ərizələrindən sonra, nəhayət, 25 sentyabr 1956-cı ildə Tağı Abbas oğlu Şahbaziyə bəraət verilməsi haqqında onun həyat yoldaşına SSRİ Ali Məhkəməsi Hərbi kollegiyasından arayış verilib. O, bu arayışı alması haqda qəbz də verib...
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər