“Qeyri-Hökumət Təşkilatları da tədricən formalaşırdı. Qarabağ, demokratiya, insan haqları, milli dəyərlərlə bağlı QHT-lər daha fəal idi. Qarabağ Azadlıq Hərəkatı xüsusilə fərqlənirdi...”
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
Müstəqilliyin ilk dövründə həyata keçirilən tədbirlər. İctimai-siyasi həyat... - XXXXVIII mövzu
Müstəqilliyin ilk illəri sarsıntılar, böhranlar, hakimiyyət dəyişiklikləri ilə müşayət olundu. Həm müharibə çətinlikləri, həm də siyasi qarşıdurmalar ölkədə sabit hakimiyyətin formalaşdırılmasına, ciddi iqtisadi, siyasi, sosial tədbirlərin həyata keçirilməsinə imkan vermirdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması vəziyyəti bir qədər sabitləşdirdi. Təcrübəli siyasətçinin ilk addımlarından biri Müstəqil Dövlətlər Birliyi (MDB) ilə münasibətlərin nizama salınması oldu. Azərbaycan 1993-cü il sentyabrın 24-də MDB-ə üzv oldu. H.Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycanın yeni, üçüncü prezidenti seçildi. O zaman Azərbaycanın həqiqi bir dövlət kimi mövcudluğu şübhə altında idi [9, s.259]. H.Əliyev Ordunun yenidən qurulması, diplomatik müstəvidə səylərin artırılması ilə yanaşı sabitliyin bərqərar olması, iqtisadi və sosial sahələrdə də tədbirlərin həyata keçirilməsinə başladı.
1993-cü ilin avqustunda “Talış-Muğan Respublikası” deyilən qondarma qurum ləğv edildi, təxribatçı Əlikram Hümbətov həbs edildi [23, s.67] (Ə.Hümbətova ömürlük həbs cəzası verildi, 2004-cü ildə Avropa Şurasının müraciəti əsasında azadlığa buraxıldı və ölkədən xaric edildi. O, xaricdə anti-Azərbaycan fəaliyyəti ilə məşğul oldu, Ermənistan və erməni mərkəzləri ilə əməkdaşlıq etdi, dəfələrlə Ermənistanda tədbirlərə qatıldı. 2022-ci ilin dekabrında Niderlandda öldü.). Azərbaycanın şimalında separatçılıqla məşğul olan “Sadval” (ləzgi dilində “birlik” deməkdir) təşkilatının fəaliyyətinin də qarşısı 1994-cü il ərzində əsasən alındı. Ləzgi xalqı bu təşkilatın tələblərini dəstəkləmədiyinə görə separatçı hərəkat geniş vüsət almadı [8].
Baş nazir Surət Hüseynov, XTMD (“OMON”)-nin Qərb bölgəsi üzrə komandirlərindən Elçin Əmiraslanov, Bakı şəhəri Xətai rayonunun prokuroru Mahir Cavadov və digərlərinin daxil olduğu qruplaşma 1994-cü ilin oktyabrında dövlət çevrilişi etməyə cəhd göstərdi. Onların Daxili İşlər nazirinin müavini, XTMD (“OMON”)-nin komandiri Rövşən Cavadovu da öz tərəflərinə çəkmək cəhdi baş tutmadı. O, son anda prezident H.Əliyevi müdafiə etdi. R.Cavadov da daxil olmaqla bu şəxslərin Qarabağ müharibəsində ciddi xidmətləri olmuşdu, lakin siyasi cəhətdən naşılıqlarına görə təxribatlara uyur, bəzi daxili və xarici qüvvələrin təsiri altına düşürdülər. H.Əliyevin siyasi qüvvələrə, xalqa müraciəti, izdihamlı mitinqin keçirilməsi ilə bu cəhdin qarşısı alındı, Surət Hüseynov və digərləri xaricə, Rusiyaya qaçdı. Təşkilatçılardan Surət Hüseynov 1997-ci ildə Azərbaycana gətirildi, ömürlük həbs cəzasına məhkum edildi, 2004-cü ildə əfv edildi [5] (S.Hüseynov 2023-cü ilin iyulunda Türkiyəyə müalicə üçün aparılarkən İstanbul hava limanında vəfat etdi).
1995-ci ilin martında bu dəfə Rövşən Cavadovun rəhbərliyi altında dövlət çevrilişinə cəhd edildi. Elçin Əmiraslanov, Mahir Cavadov yenə də qiyamın əsas rəhbərlərindən idi. H.Əliyev qiyamçılara qarşı hərbi qüvvə yeritdi, atışma zamanı Rövşən Cavadov yaralandı, xəstəxanada dünyasını dəyişdi [10]. Mahir Cavadov hazırda mühacir həyatı yaşayır. Elçin Əmiraslanov isə ömürlük həbs cəzası çəkir.
Azərbaycan rəhbərliyi tədricən dövlət quruculuğu işləri ilə məşğul olmağa başladı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. (Azərbaycan SSR dövründə 5 dəfə-1921, 1925, 1927, 1937 və 1978-ci illərdə konstitusiyalar qəbul edilmişdi). 1995-ci il Konstitusiyası ilə Azərbaycan respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edildi. 5 bölmə, 12 fəsil, 158 maddədədn ibarət Əsas Qanunumuza görə, insan, onun hüquq və azadlıqları ali dəyərlərdir, hakimiyyətin yeganə mənbəyi xalqdır, dövlət, xüsusi və bələdiyyə mülkiyyətləri toxunulmazdır, dövlətin idarə olunması qanunverici, idarəedici və məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsü əsasında həyata keçirilir, ideoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq təmin edilir, hər hansı ideologiyanın üstünlüyünə imkan verilmir və sair [2]. 12 noyabr ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.
Azərbaycanda çoxpartiyalı sistem formalaşdı. 1992-ci ildə Milli İstiqlal, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Müsavat (bərpa edildi), Yeni Azərbaycan, 1993-2000-ci illər ərzində Kommunist, Liberal, Demokrat, Xalq Cəbhəsi, Vəhdət və digər partiyalar yarandı (sonrakı illərdə Ədalət, Böyük Quruluş, Klassik Xalq Cəbhəsi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ağ, Yeni Zaman, Azad Vətən və digər partiyalar meydana gəldi. Hazırda 26 partiya rəsmi fəaliyyət göstərir.). Çoxpartiyalı sistem şəraitində müstəqillik dövrünün ilk parlament seçkiləri 1995-ci il noyabrın 12-də keçirildi. Seçkilərdə 8 siyasi partiya iştirak etdi. 125 nəfərdən ibarət Milli Məclisin böyük əksəriyyətini YAP və bitərəf deputatlar təşkil etdi, Milli İstiqlal və Xalq Cəbhəsi partiyaların hərəsi 3 mandat ala bildi [3]. Parlamentə ikinci çağırış seçkilər 2000-ci ilin noyabrında keçirildi. Seçkilərdə 33 siyasi partiyanın və bitərəflərin nümayəndələri iştirak etdi. YAP 78, bitərəflər 26, Xalq Cəbhəsi Partiyası 6, Vətəndaş Həmrəyliyi Partiyası 3, Kommunist Partiyası 2, Milli İstiqlal Partiyası 2, Müsavat Partiyası 1 və sair yerlər aldılar [6].
Azərbaycanda Qeyri-Hökumət Təşkilatları da tədricən formalaşırdı. Qarabağ, demokratiya, insan haqları, milli dəyərlərlə bağlı QHT-lər daha fəal idi. Qarabağ Azadlıq Hərəkatı xüsusilə fərqlənirdi. Qurum 1993-cü ilin avqustunda təsis edildi, ilk sədri ehtiyatda olan zabit Xəqani Hüseynov seçildi, az sonra Xəqani Hüseynov, professor Aslan Şahverdiyev (sonralar deputat oldu), dosent Akif Nağıdan ibarət həmsədrlik tətbiq edildi. 1996-cı ildə qurumun qeydiyyatı ləğv edildi, yalnız 1998-ci ildə Qarabağ üzrə Koordinasiya Şurası şəklində fəaliyyətini davam etdirə bildi. 2000-ci ilin yanvarında qurum Qarabağ Azadlıq Təşkilatı (QAT) adı ilə bərpa edildi, Akif Nağı sədr seçildi [7, s.69.]. QAT Qarabağın yalnız hərbi yolla işğaldan azad edilə biləcəyi ideyasını təbliğ edir və cəmiyyətin böyük hissəsini bu ideya ətrafında birləşdirə bilmişdi [9, s.317] (Qarabağ Azadlıq Təşkilatı uzun müddət uğurla fəaliyyət göstərdi, İkinci Qarabağ müharibəsindən sonra fəaliyyət xarakterini dəyişdirdi və 2022-ci ilin avqustunda yenidən təşkil olunaraq siyasi partiyaya- Azad Vətən Partiyasına çevrildi). QHT-lər müxtəlif istiqamətlərdə fəaliyyətini davam etdirir. (Hazırda Azərbaycanda 4 minə yaxın QHT dövlət qeydiyyatından keçib) [1].
(Davamı var)
Ədəbiyyat:
1. Azərbaycanda qeydiyyatdan keçən QHT-lərin sayı açıqlanıb.- report.az/daxili-siyaset/azerbaycanda-qeydiyyatdan-kecen-qht-lerin-sayi-aciqlanib/.
2. “Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri.”- kayzen.az/blog/ law/7827/ azerbaycan-konstitusiyasınınn-inkişaf-mərhələləri.html.
3. Azərbaycan Respublikasında parlament seçkiləri.- cec.gov.az/az/umumi/ seckiler-referendumlar/1995.html.
4. “Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası- İqtisadiyyat. –https//files.preslip.az/projects/ azerbaijan/gl4.pdf.
5. Heydər Əliyev qiyamı belə yatırdı.- axar.az/news/gundem/66921.html.
6. 2000-ci il parlament seçkilərinin nəticəsi.- meclis.gov.az/cat-dep.php? cat=95&lang=az.
7. Nağı A. Qarabağ müharibəsi. Qısa tarix. Bakı, “Namiq Həbibov”, 2015.
8. “Sadval”ın təhlükəsi hələ qalmaqdadır.- hafta.az/sadvalin-tehlukesi-hele-qalmaqdadir-71724-xeber.html.
9. Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. Bakı, “İlay MMC”, 2008.
10. Azerbaijan Coup Attempt Crushed Caucasus: Loyal forces storm a building and overcome mutinous police units, President reports. Los Angeles Times, 18 March 1995.
11. Shah Deniz has been and still is BP`s Largest discovery since Prudhol Bay.- bp.com/en_az/azerbaijan/home.html.
12. Zonn I. S., Kosarev A. N., Glantz M., Kostianoy A. G. The Caspian Sea Encyclopedia.- Heidelberg- Dordrecht- London- New York: Springer Science & Business Media, 2010.
13. Аббасова Н. «Контракт века»- 25 лет: прошлое, настоящее, будущее. Интерфакс Азербайджан (9 сентября 2019).- web.archive.org/web/ 20220130135153/ https: //interfax.az/view/777131.
14. Абдуллаев Н.Н. Правовая основа сотрудничества между Азербайджанской Республикой и ЕС в энергетической сфере// Международное право,- 2021, №3, s.1-14.-https//nbpublish.com/ library_read_article.php?id=35859.
15. Ализаде Э.Ф. Формирование внешней политики Азербайджана в системе геополитических координат Каспийского региона: энергетический фактор.// Международные отношения и диалог культур: журнал.- 2018. Выпуск 6.
16. Гамбарли М.М., Энергетическая политика Азербайджанской Республики как основа государственной безопасности.- Политикус: научный журнал.- Баку, 2019,- вып.3.
17. Гусейнов В.А. Каспийская нефть: экономика и геополитика.- Москва: Олма медиа групп, 2002.
18. Нефтепровод Баку-Джейхан.- travelgeorgia.ru/499/.
19. Президент Илхам Алиев: Начинается новый этап разработки газоконденсатного месторождения «Абшерон».- trend.az/azerbaijan/politics/ 3301927.html.
20. CBC. «25 лет назад манат был признан единым платежным средством в Азербайджане. youtube.com/watch? v=oRzOnHFfbZU&ab_ channel=CBCTV Azerbaijan.
21. Успешная модель независимой экономики.- trend.az/business/ economy/ 1922347.html.
22. Цалик С. Каспийские нефтяные месторождения: кто окажется в выигрыше?- New York: Институт Открытого Общества, 2003, s.113.-https: //resourcegovernance.org/sites/default/files/Caspian- oil-Windfalles- 051203_ rus.pdf.
23. Шнирльман В.А. Войны памяти: мифы, идентичность и политика в Закавказе.- Москва, Академкниг, 2003.
24. Юнусов А. Азербайджан в начале XXI века. Конфликты и потенциальные угрозы. Баку, 2007.