“R.Köçəryan 1998-ci ilin martında prezident seçildi və bununla Ermənistanda “Qarabağ klanı”nın erası başladı. R.Köçəryan bütün kompromis variantları rədd edərək, maksimalist mövqe tutdu, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması variantını qəti şəkildə rədd etdi...”
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
İkinci Azərbaycan-Ermənistan müharibəsi: başlanması, gedişi və ilkin nəticələri...- XXXXVII mövzu
(Əvvəli burada:)
Kəlbəcərin itirilməsindən sonra ölkədə siyasi böhran dərinləşdi. Bəzi siyasi partiyalar hakimiyyətə qarşı sərt mübarizəyə keçdi, polkovnik Surət Hüseynovun rəhbərliyi ilə hərbi müxalifət ortaya çıxdı. Nəticədə 1993-cü ilin iyununda hakimiyyət dəyişikliyi baş verdi, Ordunun müqavimət gücü tam zəiflədi. Yeni hakimiyyət vaxtın azlığına görə Ordunu yenidən qura, müqaviməti təşkil edə bilmədi. Ermənistanın işğalçı ordusu vəziyyətdən istifadə edərək Ağdam (23 iyul), Füzuli və Cəbrayıl (23 avqust), Qubadlı (31 avqust), Zəngilan (29 oktyabr) rayonlarını işğal etdi. Rayonların işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası əvvəlki 822 saylı qətnamənin davamı olaraq, 853, 874, 884 saylı qətnamələrini qəbul etdi. Bu qətnamələrin hadisələrin gedişinə heç bir təsiri olmadı...
Azərbaycanın yeni seçilmiş prezidenti Heydər Əliyev Ordunu möhkəmləndirmək üçün bir sıra tədbirlər həyata keçirdi, noyabrın 2-də prezidentin çağırışı ilə könüllülərin qəbuluna başlanıldı, 4 hərbi çağırış reallaşdırıldı. 1993-cü il dekabrın 15-də Azərbaycan Ordusu beş əməliyyat istiqamətində-Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Kəlbəcər istiqamətlərində əks-hücuma keçdi. İki ay davam edən əməliyyatın gedişində bütün istiqamətlər üzrə müəyyən nəticələr əldə olundu, ciddi uğur isə Füzuli istiqamətində qazanıldı, rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edildi [10]. Ordumuz 1994-cü ilin fevralında Kəlbəcər istiqamətində uğurlu əməliyyat həyata keçirdi, 10-dan artıq kəndi azad edərək, Kəlbəcər şəhərinə yaxınlaşdı. Lakin hava şəraiti ilə əlaqədar uğuru davam etdirmək mümkün olmadı, hərbi hissələrimiz ciddi itkilər verərək geri çəkilməli oldu [4, s.271]. Düşmən aprel ayında Tərtər istiqamətində yeni hücum cəhdi etdi, ağır döyüşlərdən sonra işğalçı qüvvələrin qarşısı alındı.
1994-cü il mayın əvvəlində Azərbaycan və Ermənistan nümayəndələri Qırğızıstanın paytaxtı Bişkek şəhərində Rusiyanın vasitəçiliyi ilə danışıqlara başladı. “Bişkek protokolu” adlandırılan sənəd qəbul edildi. Bu sənədi orada Ermənistan parlamentinin sədri Babken Araksyan, “DQR parlamentinin sədri” Karen Baburyan imzaladı. Dağlıq Qarabağ ermənilərinin nümayəndəsinin imza atmasına etiraz olaraq Azərbaycan tərəfi sənədi imzalamaqdan imtina etdi. Rusiyalı vasitəçi Vladimir Kazimirov sənədi Bakıya gətirdi. Azərbaycan rəhbərliyinin tələbi ilə mayın 8-də sənədə parlament sədri Rəsul Quliyevlə birlikdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Nizami Bəhmənov da imza atdı. Bu sənədin şərtlərinə uyğun olaraq mayın 12-dən atəşkəs elan olundu [7].
Azərbaycan atəşkəsə dair sənədi imzalamaqla erməni işğalının nəticələrini müvəqqəti olaraq tanımalı oldu. Azərbaycanın 360 km-lik sərhəddi Ermənistan tərəfindən pozulmuşdu. İşğal nəticəsində Dağlıq Qarabağın 57 yaşayış məntəqəsində yaşayan 50 minədək azərbaycanlı öz yurdlarından çıxarıldı. Dağlıq Qarabağın ətrafında 7 rayon işğal edildi. Ermənistan, Dağlıq Qarabağ, onun ətrafındakı rayonlardan 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi [8, s.84]. Atəşkəs sazişi imzalanarkən Naxçıvanın Kərki, Qazax rayonunun 7 kəndi də daxil olmaqla Azərbaycanın 12 min kv. kilometr ərazisi işğal altında idi. Ekspertlərin hesablamalarına görə, həmin vaxt üçün Azərbaycanın həlak olanlarla itkiləri 11 min nəfər, ermənilərin ölənləri isə 6 min nəfər təşkil edirdi [11, s.324-326]. BMT-nin 1994-cü ildəki hesabatında həmin vaxta qədər Azərbaycana dəyən zərərin 53,4 milyard ABŞ dolları səviyyəsində olduğu qeyd edilib [19].
Atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycan Qarabağın işğaldan azad olunması uğrunda mübarizəni diplomatik müstəviyə keçirdi. Danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirildi. Müəyyən dəyişikliklərdən sonra bu vaxt Minsk qrupunun tərkibi Azərbaycan, Ermənistan, ABŞ, Rusiya, Fransa, Türkiyə, Almaniya, Belarus, İsveç, İtaliya, Niderland, Portuqaliya, Finlandiyadan ibarət idi [2]. Minsk qrupunun 1992-1993-cü illərdə ilk sədri İtaliyadan Mario Raffaelli, 1994-cü ildə isə İsveçdən Yan Eliasson oldu. 1994-cü ilin dekabrında ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edildi. Bu vəzifəni əvvəlcə Finlandiya ilə Rusiya, 1995-1996-cı illərdə isə İsveç və Rusiya nümayəndələri tutdu. 1997-ci il 1 yanvardan isə yeni üç həmsədrlik formatına keçid etdilər, ABŞ, Rusiya, Fransanın həmsədrliyi başlandı [2]. Təxminən eyni zamanda münaqişə üzrə ATƏT sədrinin şəxsi nümayəndəsi postu təsis edildi, həmin vaxtdan fasiləsiz olaraq bu vəzifəni polşalı diplomat Anjey Kaspşik tutdu [1]...
ATƏT-in Mİnsk qrupu həmsədrləri 1997-ci ildə münaqişənin həlli üçün “paket variant” və “mərhələli variant” deyilən təkliflərlə çıxış etdilər. Hər iki variant Dağlıq Qarabağın ətrafındakı rayonların bir hissəsinin azad olunması ilə Xankəndi üçün yüksək statusun müəyyən edilməsini nəzərdə tuturdu [14, s.60]. Bu şərtlər Ermənistanın maraqlarına cavab verirdi. O vaxtkı prezident Levon Ter-Petrosyan şərtləri məqbul hesab etdi, sonra daha ağır şərtlərin ola biləcəyinə dair xəbərdarlıqla çıxış etdi. Lakin Qarabağda və Ermənistandakı ermənilər onun mövqeyini “xəyanət” kimi dəyərləndirdi [13]. Robert Köçəryanın qruplaşması vəziyyətdən istifadə edərək, 1998-ci ilin fevralında L.Ter-Petrosyanın istefasına nail oldu. R.Köçəryan 1998-ci ilin martında prezident seçildi və bununla Ermənistanda “Qarabağ klanı”nın erası başladı. R.Köçəryan bütün kompromis variantları rədd edərək, maksimalist mövqe tutdu, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması variantını qəti şəkildə rədd etdi. Əslində, Ermənistan rəhbərliyinin barışmaz mövqeyi Azərbaycana sərf edirdi. Təklif olunan variantlar Azərbaycan üçün ərazi itkisinin rəsmiləşdirilməsinə gətirə bilərdi. Digər tərəfdən isə, Azərbaycan bu vəziyyətdən Ermənistanı beynəlxalq birliyin nəzərində barışmaz tərəf kimi təqdim etmək üçün istifadə edirdi. Azərbaycan prezidenti H.Əliyev bu şəraitdə bacarıqla manevr edirdi, Ordu quruculuğu və digər məsələlər üçün vaxt qazanmağa çalışırdı. Minsk qrupu həmsədrləri bir daha ermənilərin əsassız iddialarını nəzərə alaraq, 1998-ci ilin noyabrında “ümumi dövlət” adlı yeni təklif paketi ilə çıxış etdi. Bu variant Dağlıq Qarabağdakı qondarma rejimə, faktiki olaraq “dövlət” statusunun verilməsini nəzərdə tuturdu. Ona görə də, Azərbaycan tərəfindən birmənalı şəkildə rədd edildi [25]...
1999-cu ildə ABŞ münaqişənin nizama salınması üçün cəhdlər etdi. ABŞ dövlət katibinin müavini Stroub Telbot Azərbaycana və Ermənistana səfərlər etdi, kompromis variant təklif etdi. Ermənistan rəhbərliyi bu təşəbbüsün də reallaşmasına imkan vermədi. 1999-cu ilin oktyabrında Ermənistan parlamentində terror aktı törədildi, parlamentin sədri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan və digərləri gülləboran edilərək öldürüldü [5]. Bununla, ABŞ-ın ərazi mübadiləsini nəzərdə tutan və dövlət departamentinin keçmiş əməkdaşı Pol Qoblun təklifinə görə “Qobl planı” adlandırılan variantı baş tutmadı. P.Qoblun hələ 1992-ci ildə təklif etdiyi varianta görə, ərazi mübadiləsinin həyata keçirilməsi, Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək “Laçın dəhlizinin” əvəzinə Azərbaycana Meğri rayonu ərazisindən Naxçıvanla birləşmək üçün dəhlizin verilməsi nəzərdə tutulurdu [17]. Atəşkəsin ilkin dövrü XX əsrin sonuna qədər davam etdi və bu dövr ərzində aparılan danışıqlar heç bir nəticə vermədi.
Ədəbiyyat:
1. Anjey Kaspşik 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin edilib.- report.az/qarabag/anjey-kaspsik-23-cu-defe-atet-sedrinin-sexsi-numayendesi-teyin-edilib/.
2. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər.- lib.aliyevheritage. org/ az/5874742.html.
3. Azərbaycanın dönüşü.- novator.az/2019/10/04/az-rbaycanin-donusu/.
4. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild. Bakı, “Elm”, 2008.
5. Qarabağ danışıqlarına görə güllələnmiş Karen Dəmirçyanın oğlu Bakıya gəlir. 2014-cü il, 23 iyun.- modern.az/az/news/59628.
6. Qarabağ tarixi. sumlib.az/ Qarabağ Tarixi/11.pdf.
7. Qarabağ tarixinin səlnaməsi (1994-cü il).- web.archive.org/web/ 20121217054943/http: //azerbaycanli.org/az/page 646.html.
8. Nağı A. Qarabağ müharibəsi. Qısa tarix. Bakı, “Namiq Həbibov”, 2015.
9. Rzalı R. Qaradağlı faciəsi.- “Azərbaycan” qəzeti, 2011, 17 fevral, s. 6.
10. Sultanov Z. “Horadiz əməliyyatı”: azad olunan doğma torpaq. “Xalq qəzeti”, 2015, 6 yanvar, s.5.
11. Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. “İlay MMC”, Bakı, 2008.
12. Armenian aggression-Qazax.- qazax.net.
13. “By Giving Karabakh Lands to Azerbaijan, Conflict Would Have Ended in 97, Says Ter-Petrosian”. Asbarez. 19 April 2011.
14. Cohen, Ariel (ed). Eurasia in Balance: US and the Regional Power Shift. Aldershot, England: Ashgate. 2005.
15. Cornell Svante E. Small nations and great powers: a study of ethnopolitical conflict in the Caucasus. Routledge, 2001.
16. Cornell Svante E. The Nagorno-Karabakh Conflict.Report N 46, departament of East European Studies, Uppsala University, 1999.
17. Goble P. “How The “Goble Plan” Was Born”. RFE/RL. Caucasus Report 3, no.23, 8.06.2000.
18. Gullen R., A .Reprter at large, “ROOTS”. THE NEW York, aprel 15, 1991.
19. Human Rights Watch/Helsinki.Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh.- New York.Washington. Los Angeles. London/ Brussel, 1994.-C.6.-archive.org/ details/azerbaiyansevenyoohuma/ page/6mode/2up.
20. Muradzade N. “Can economic cooperation contribute to sustainable peace in Karabakh?”, moderndiplomacy.eu. Modern Diplomacy Journal. 27 noyabr 2020. Moderndiplomacy.eu/2020/11/27/can-economic- cooperation-contribute-to-sustainable-peace-in-karabakh/.
21. Nagorno-Karabakh: Remembering the victims of Khojaly.- web.archive. org/web/20220925181411/ //www.bbc.com/news/world-europe-17179904.
22. Uhlig M.A.The Karabakh War World Policy Journal №4, 1993, s.47-52.
23. Агдабанская трагедия.- 1905.az/ru/агдабанская-трагедия.
24. “Бакинскими армянами пожертвовали ради сохранения власти КПСС”:азербайджанский эксперт о годовщине чернего января.-UA REGNUM, 22.01.2007.-old.memo.ru/hr /hotpoints/caucas1/msg /2007/01/ m80784.htm.
25. Бекарян К. Европейские инициативы в карабахском конфликте.- web.archive.org/web/ 20160602204451/http: //uames.orgua/php/art.php?id=76.
26. “Воздушная война в Карабахе”. Журнал «АвиаМастер», N6/2000q.
27. В Прокуратуре Союза ССР (ТАСС). Голос Армении (Коммунист) N68(16347), 22 марта, 1998г.-press.karabakh.info.
28. Дашдамиров А. Карабахский конфликт в контексте перестройки.// Вестник аналитики, №3 (21), 2005.
29. Казимиров В. Кто искал силового решения в Карабахе?- web.archive.org/ web/20120111231033/ htpp://www.arev.ru/var19.php.
30. Мемориал. Хроника конфликта.-old.memo.ru/hr/hotpoints/karabah/ getashen/chapter1.htm.
31. Начало конфликта.-supremecourt.az/ru/static/vilw/10 .
32. Правозашитный центр общество “Мемориал”.-web.archive.org/ web/20050109000816///www.memo.ru/hr/hotpoints/karabah/Getashen/index.htm.
33. Рохлин Л. «Спецоперация или коммерческая афера?».-журн. «Независимое военное обозрение», №13, 1997 г.
34. Сумгаитский палачь Григорян найден. vestikavkaza.ru/articles/ Sumgaitskiy-palach-Griqoryan-nayden.-29.11.2013.
35. Том де Ваал. Глава 4.1988-1989гг. Кризис в Армении. Русская служба Би-би-си (8 июля 2005).-newsbbc.co.uk/hi/russia/in-depth/newsid-4658000/4658961.stm.
36. Том де Ваал. Черный сад. Глава I, февраль 1988 года.- news.bbs.сo.uk/ ni/russian/ in-depth/ newsid-4640000 /4640183.stm.