“Əslində, ittifaq, müstəqillik formal xarakter daşıyırdı. SSRİ adı altında Rusiya imperiyası davam etdirilirdi…”
"Azərbaycanda repressiya qurbanlarının sayı ilə bağlı müxtəlif fikirlər var. Müxtəlif mənbələrdə 70 mindən 120 minə qədər göstərilir..."
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
Azərbaycanda işğalçı sovet rejiminin bərqərar olması. Sənayeləşdirmə və kollektivləşdirmə siyasəti…- XXXXII mövzu
Şimali Azərbaycan rus qoşunları tərəfindən işğal edildikdən dərhal sonra ali icraedici və qanunverici orqan – Müvəqqəti inqilab komitəsi yaradıldı (sədr – N.Nərimanov). Aprelin 28 – də bu orqan tərəfindən Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan olundu, Xalq Komissarları Soveti adı ilə hökumət təşkil edildi. Sədri və xarici işlər komissarı N.Nərimanov olan bu hökumətin tərkibinə Həmid Sultanov, Çingiz İldırım, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Mirzə Davud Hüseynov və başqaları daxil oldular [13]. 1920-ci il may ayının ortaları üçün Naxçıvan istisna olmaqla Azərbaycanın bütün qəzalarında hakimiyyət sovetlərin əlinə keçdi. Naxçıvanda sovet hakimiyyəti 1920-ci ilin iyulunda quruldu [7, s.87]. 1920-ci ilin sentyabrında Moskvada Azərbaycanla Rusiya arasında “Hərbi-iqtisadi ittifaq haqqında” müqavilə imzalandı [31, s.222-223]. Bu müqavilə, faktiki olaraq, Azərbaycanın müstəqilliyinin ləğv olunması demək idi.
1921-ci ilin mayında Azərbaycan SSR-in birinci Sovetlər qurultayı toplandı. Qurultay mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyasını qəbul etdi. Qurultay Azərbaycan İnqilab Komitəsini ləğv etdi, ali qanunverici orqan olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsini seçdi. Ali icra hakimiyyəti orqanı olan Azərbaycan SSR Xalq Komissarları Sovetini (XKS) təşkil etdi. XKS sədri vəzifəsinə Nəriman Nərimanov, MİK-in sədri vəzifəsinə isə Muxtar Hacıyev seçildilər [1].
Yaradılmış yeni rejim AXC parlamentinin 1920-ci il aprelin 27-də irəli sürdüyü şərtlərə məhəl qoymayaraq, istefa vermiş siyasi və dövlət xadimlərinə divan tutmağa başladı. 1920-1921-ci illərdə AXC rəhbərlərindən F.X. Xoyskini, N.B.Yusifbəylini və başqalarını qətlə yetirdilər. Hərbçilərdən 12 general, 27 polkovnik və polkovnik-leytenant, ümumilikdə 346 zabit öldürüldü. Ümumən, 50 min adam qırmızı terrorun qurbanı oldu [17]. M.Ə.Rəsulzadə həbs olundu. Sonradan o, İ.Stalin tərəfindən həbsdən azad olunaraq, Moskvaya aparıldı. 1922-ci ildə o, xaricə mühacirət etdi [50, s.27]. Siyasi partiyaların, o cümlədən “Müsavat”, “İttihad” (birləşmə), “Əhrar” (azadlıq sevən) fəaliyyəti qadağan olundu [49].
Hələ 1920-ci il aprelin 27-də Cəfər Cabbarlının Dağlı məhəlləsindəki evində M.Ə. Rəsulzadənin sədrliyi ilə keçirilən yığıncaqda sovet irticasına qarşı mübarizə aparmaq üçün Müqavimət Komitəsi təşkil olunmuşdu. Komitənin sədri M.Ə.Rəsulzadənin yaxın silahdaşı Mirzə Bala Məmmədzadə, müavini isə C.Cabbarlı seçilmişdi. Müxalifətə keçən “Musavat” və digər partiyalar istiqlal uğrunda gizli fəaliyyət göstərirdilər. “Musavat”ın təşəbbüsü ilə qeyri-leqal olaraq “İstiqlal” qəzeti nəşr olunurdu. 1923-cü ildə qəzet öz saylarından birində nəşr etdirdiyi Bəyannamədə yazmışdı: “Ey türk xalqı! Səni azad edəcək və xoşbəxt yaşadacaq qanlı mübarizəyə bütün qüvvənlə hazırlaş, səni bu mübarizə xilas edəcəkdir! Azərbaycanın istiqlalını bir dəfə qurdun, ikinci dəfə də qurmaq bacarığına maliksən! Düşmənini tanı, milli intibahını yüksəlt, haqq səninlədir! Yaşasın Azərbaycan istiqlalı! Yaşasın üçrəngli bayrağımız!” [18, s.110, 120].
Sovet rejiminə qarşı ilk silahlı çıxış 1920-ci il may ayının 23-də Cavanşir qəzasının mərkəzi Tərtərdə oldu. Burada yerləşən Nuxa süvari alayı rus hərbi hissəsinə hücum edərək, onu tərksilah etdi [30, s.270-271].
Bolşevik hakimiyyətinə qarşı ən güclü üsyan 1920-ci il mayın 26-31-i arasında Gəncədə oldu [47, s.492-493]. Üsyanı Gəncədə və onun ətrafında yerləşən Azərbaycan ordu hissələri başlamışdılar. Üsyana ciddi hazırlıq işləri aparılmışdı. İki həftə əvvəl keçmiş baş nazir Nəsib bəy Yusifbəyli, məşhur sərkərdə Nuru Paşa, polkovnik Cahangir bəy Kazımbəyov və digərlərinin iştirakı ilə Samuxda hazırlıq iclası keçirilmişdi. Üsyanın başlanmasına təkan Gəncədə yerləşən Azərbaycan hərbi hissələrinin komanda heyətinin XI Qırmızı Ordu qərargahından göndərilmiş zabitlərlə əvəz edilməsi və şəhərin komendantı general Məhəmməd Mirzə Qacarın vəzifəsindən götürülməsi oldu. Üsyana hazırlıqdan xəbər tutan yeni komendantın əmri ilə mayın 25-dən 26-na keçən gecə Azərbaycan Ordusunun əsgərləri postlardan götürülmüş, diviziyanın kazarmaları mühasirəyə alınmışdı. Lakin polkovnik Cahangir bəy Kazımbəyovun başçılığı altında 3-cü atıcı alayı üsyana qalxaraq işğalçıların mühasirəsini ləğv etdi. Azərbaycan döyüşçüləri şəhərin müsəlman əhalisi yaşayan hissəsində yerləşən Qırmızı Ordu dəstələrini tərksilah edərək, 600 nəfərlik şəxsi heyətini həbs etdi [16, s.86-87].
Üsyana hərbçilərlə yanaşı çoxlu sayda dinc əhali, Sarı Ələkbər, Qaçaq Qəmbər, Qaçaq Məmmədqasım və digərlərinin qaçaq dəstələri [3, s.54], həmçinin almanlar [30, s.272], gürcülər, ağqvardiyaçılar [3, s.51] və digərləri qoşulmuşdu. Üsyanda ən azından 12 min nəfər iştirak edirdi [47, s.492-493].
Üsyana rəhbərlik etmək üçün mayın 26-da general Cavad bəy Şıxlinski (Əliağa Şıxlinskinin qardaşı oğlu), general Məhəmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Kazımbəyov və digərlərindən ibarət Hərbi Şura yaradıldı. Üsyanın ilk günlərində üsyançılar dəmiryol vağzalını ələ keçirdilər. Onlar mərdliklə şəhəri müdafiə edir,düşmənin hücumlarını rəşadətlə dəf edirdilər. Lakin döyüşə yeni qüvvələr gətirən XI Qırmızı Ordu hissələri mayın 31-də şəhərə girdilər [16, s.97; 36, s.298]. Fürsətdən istifadə edən ermənilər də dinc azərbaycanlıları qırmağa başladılar. Onlar xeyli müsəlmanı Ozan məscidinə yığaraq, diri-diri yandırdılar [15]. Qırmızı ordunun əsgərləri üç gün ərzində şəhəri qarət etdilər. Güclü müqavimətə baxmayaraq, mayın 31-də Gəncə şəhəri tam şəkildə Qırmızı Ordu hissələrinin nəzarətinə keçdi. Bu hadisələrdə Azərbaycan milli ordu əsgərlərindən və dinc əhalidən 15 min adam qətlə yetirildi. Milli ordunun 6 generalı öldürüldü, 76 nəfər zabit və əsgər isə Nargin adasına aparılaraq güllələndi. Qırmızı ordu da 8000 nəfər itki verdi [26, s.259].
Sovet rejiminə qarşı güclü üsyanlardan biri yenə də Qarabağda oldu. Üsyan Qırmızı Ordunun bu bölgədə yerləşən milli ordu hissələrini tərksilah etmək cəhdlərinə qarşı 1920-ci il iyunun 5-də Tərtər, Ağdam və Şuşada baş vermiş etiraz çıxışları ilə başlandı. O, tezliklə bütün Qarabağı bürüdü. Üsyana bir qrup türk zabit və əsgəri ilə Dağıstandan kömək üçün gəlmiş Nuru Paşa rəhbərlik edirdi. Üsyanın əsas qüvvəsini Azərbaycan Milli Ordusunun hissələri təşkil edirdi. Onların tərkibində 6 minə qədər zabit və əsgər var idi. Üsyançılar Tərtərdə bir rus alayını darmadağın etdi, Ağdamda Qırmızı Ordu hissələrini böyük tələfata uğratdılar. Şuşa üsyançıları Dağlıq Qarabağı ələ keçirmək üçün rus ordu hissələri ilə birgə hərəkət edən daşnaklara qarşı mübarizə aparırdılar. Üsyançılar Qarabağda sovet hakimiyyətini devirərək, Nuru Paşanı bölgənin hakimi elan etdilər [5].
Üsyançılarla Qırmızı Ordu hissələri arasında ən gərgin döyüşlərdən biri Bərdədən Yevlaxa gedən yolda oldu. Bu döyüşdə Bərdədən Yevlax istiqamətində hərəkət edən Nuxa süvari alayı böyük rəşadət göstərdi. Mühasirədən çıxan bir qrup döyüşçü-4 zabit və 28 əsgər Bərdə ətrafında rus hərbi hissələrinə qarşı 1 ay mətanətlə vuruşdu. Tarixi qaynaqlarda bu “32-lər əfsanəsi” kimi xatırlanır [6]…
Sovet rejiminə qarşı 1920-ci ilin yayında Zaqatalada, Şəmkirdə, Dəvəçi və Qusar dairələrində, Zəngəzurun Xanlıq dairəsində kəndlilərin çıxışları oldu [14, s.375-376].
XI Ordu tərəfindən işğal olunduqdan sonra yaradılmış Azərbaycan hökumətinin tərkibi əsasən azərbaycanlılardan ibarət idi. Lakin bu hökumətin hakimiyyəti formal xarakter daşıyırdı. Real hakimiyyət Rusiya kommunist bolşeviklər partiyasının bir hissəsi olan Azərbaycan kommunist bolşeviklər partiyası Mərkəzi komitəsinin katibi və Fövqəladə komissiya sədrinin ixtiyarında idi. Bu vəzifələrə isə yalnız Moskvanın nümayəndələri təyin olunurdu. İmperiyanın Azərbaycanda baş canişini vəzifəsini- AK(b)PMK – nın birinci katibi vəzifəsini müxtəlif illərdə Q.Kaminski (1920-1921) [37], S.Kirov (1921-1926) [39], L.Mirzoyan (1926 - 1929) [42], N.Qikalo (1929-1930) [29], V.Polonski (1930-1933) [45], onlardan sonra isə M.C.Bağırov (1933-1953) [27] tutmuşdur...
Azərbaycanda inzibati - ərazi dəyişiklikləri dərhal həyata keçirilmədi. 1929-cu ilədək quberniya – qəza sistemi saxlanıldı. 1929-cu ildə quberniya və qəzalar ləğv edilərək, əvəzində dairə və rayonlar yaradıldı. 30-cu illərin əvvəlində dairələr də ləğv edildi, birbaşa Bakıya tabe edilməklə rayonlardan ibarət inzibati bölgü sistemi təşkil edildi [23].
Bütün Zaqafqaziya (Cənubi Qafqaz) işğal edildikdən sonra Sovet imperiyası rus çarizminin ənənələrinə sadiq qalaraq, burada regional idarəetmə sistemi yaratdı. Üç müstəmləkənin bir ərazi vahidində birləşdirilməsi onların müstəqilliyinin ləğv edilməsi, daha asan və rahat istismar olunması üçün zəruri idi. 1922-ci ilin martında Sovet imperiyasının yerli çinovnikləri – Azərbaycan, Gürcüstan və Ermənistan SSR Mərkəzi İcraiyyə komitələrinin nümayəndələri Tiflisdə konfransa toplaşdılar və “Zaqafqaziya respublikalarının federativ ittifaqı”nın yaradıldığını elan etdilər. 1922-ci il dekabrın əvvəlində Bakıda keçirilmiş birinci Zaqafqaziya sovetlər qurultayı Mərkəzi İcraiyyə komitəsini seçdi və Konstitusiyasını qəbul etdi. Heç bir hakimiyyətə malik olmayan bu orqana Moskva N.Nərimanovu sədr təyin etdi [19].
1922-ci il dekabrın 30-da SSRİ-nin – Sovet imperiyasının yaradılmasının formal tərəfi də həll edildi [21]. SSRİ-nin Birinci Sovetlər qurultayında Ukrayna, Belorusiya və Zaqafqaziya federasiyası qəti şəkildə imperiyanın tərkibinə daxil edildilər. Azərbaycan SSR imperiyanın əyalətlərindən birinə çevrildi. Sovet imperiyası sözdə özünü müstəqil respublikaların könüllü birliyi kimi təqdim edir, konfederativ dövlət görüntüsü yaradırdı. Ona görə də bu illəri yalnız şərti olaraq İkinci Respublika dövrü kimi qəbul etmək olar. Əslində, ittifaq, müstəqillik formal xarakter daşıyırdı. SSRİ adı altında Rusiya imperiyası davam etdirilirdi…
Azərbaycan Xalq Cümhuriyyəti dövründə mübahisəli zonalar sayılan 16,6 min kv kilometrlik elliklə azərbaycanlılar yaşayan ərazilərinin yarısı – Borçalı, Qarayazı və Sığnax mahalları Gürcüstana [4], digər yarısı isə - İçmədzin, Dərələyəz, Göyçə mahalları Ermənistana verildi [9]. Bütün bunlar az imiş kimi, “rus siyasəti Nəriman bəyin səxavətkar ağzilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını təntənəli bir surətdə Ermənistana hədiyyə etdi.” [20]. Zəngəzuru xilas etmək mümkün olmadı. 7 min kv kilometrlik Zəngəzur mahalının 4.5 min kv kilometri Qarakilsə (Sisian), Gorus, Qafan Ermənistana verildi, yalnız 2.5 min kv kilometri-Laçın, Qubadlı, Zəngilan Azərbaycanın tərkibində qaldı [10]…
Naxçıvan məsələsi isə yalniz Türkiyənin işə qarışması nəticəsində müsbət həll olundu. Ankaranın təklifi və tələbi qarşısında Moskva danışıqlara getməyə məcbur oldu. Danışıqlar nəticəsində iki mühüm müqavilə imzalandı. 1921- ci il martın 16-da Moskva şəhərində Türkiyə ilə RSFSR arasında bağlanan müqavilə və 1921-ci il oktyabrın 13-də Qars şəhərində RSFSR-nin iştirakı ilə Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasinda bağlanmış dostluq müqaviləsi əsasında Naxçıvanın müqəddəratı müəyyən edildi.
Türkiyə - Rusiya müqaviləsinin 3–cü bəndində göstərildi ki, danışıq aparan hər iki tərəf razıdır: Naxçıvan vilayəti bu müqavilənin birinci əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın tərkibində (himayəsində) muxtar əraziyə malikdir, bu şərtlə ki Azərbaycan onun protektoratını üçüncü dövlətə verməsin [31, s.598-599]. Eyni bənd Qars müqaviləsində də yer aldı [38]. Məcburiyyət qarşısında müqaviləni imzalamış imperiya rəhbərliyi hər cəhdlə həm Moskva, həm Qars müqavilələrinin şərtlərinin yerinə yetirilməsini ləngidir, Naxçıvanın ərazisini heç olmasa kiçiltməyə çalışırdılar. Müqavilələrdə Naxçıvana muxtariyyət verilməsi məsələsinə dair razılıq əldə edilməsinə baxmayraq, bu iş yubadıldı və yalnız 1924-cü ilin fevralında Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradıldı [43]. Bir neçə il sonra isə onun ərazi bütövlüyünə qəsd edildi. Zaqafqaziya MİK – nin Rəyasət heyəti 1929-cu il 18 fevral tarixli qərarı ilə 1921-ci il Qars müqaviləsində əsas tərəflərdən biri olan Türkiyə Respublikasının razılığı və iştirakı olmadan Naxçıvan muxtar respublikasının 657 kv kilometr sahəsi olan Qoçevan, Qurd Qulaq, Horadiz, Oğbin, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri və Kilit kəndinin bir hissəsini Ermənistana verdi [12]. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin həmin 18 fevral 1929-cu il tarixli qərarı ilə Zəngilanın Nüvədi, Erkəzir, Tuğut, Mehri və digər kəndləri Ermənistana verildi və 1930-cu ildə həmin ərazidə Mehri rayonu yaradıldı [8]. Bununla Naxçıvan Azərbaycanın digər ərazilərindən ayrı salındı.
Sovet imperiyası bölgədə ermənilərin mövqeyini gücləndirmək üçün Qarabağın dağlıq hissəsini də onlara verməyə cəhd etdi. Rusiyanın xarici işlər komissarı (naziri) Q.Çiçerin 1920-cu ilin iyununda Leninə yazdığı məktubunda Nərimanovu “müsəlman meyllərini himayə etməkdə” ittiham edirdi [32]. Başqa bir məktubunda isə yazırdı: “Qarabağ qədim erməni torpağıdır” [32]. Bu, işğalçı rus və ümumxristian siyasətinin açıq-aşkar təzahürü idi. Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsi işinə Azərbaycanda S.Kirov başçılıq edirdi. İnqilab eyforiyasından tədricən uzaqlaşan N.Nərimanov bu məsələdə qəti mövqe tutdu...
Belə bir şəraitdə 1921-ci il iyulun 4-də RK(b)P Qafqaz bürosunun iclasında Qarabağ məsələsinə baxıldı. İclasda Stalin, Qafbüronun üzvlərindən Orconikidze, Maxaradze, Nərimanov, Myasnikyan, Kirov, Nazaretyan və Fiqatner iştirak edirdilər. N.Nərimanovun Qarabağın dağlıq hissəsinin Azərbaycanın tərkibində saxlanılması və bu məsələyə dair bütün Qarabağda sorğu keçirilməsi haqqında təklifləri Kirov – Myasnikyan qrupunun ciddi müqaviməti ilə rastlaşaraq keçmədi. İclas bu ərazinin Ermənistana verilməsi haqqında 3 səsə qarşı (Nərimanov, Maxaradze, Nazaretyan) 4 səslə (Kirov, Orconikidze, Myasnikyan, Fiqatner) qərar qəbul etdi. Nərimanovun ciddi müqavimətindən və bəyanatından sonra iclas məsələnin tam həll olunmasını təxirə saldı.Ertəsi gün Qafbüronun iclasında məsələyə yenidən baxıldı. Kirov – Myasnikyan qrupu ehtiyat variantı işə saldı. Onların təklifi ilə Dağlıq Qarabağın muxtar vilayətə çevrilməsi və Azərbaycan SSR – in tərkibində qalması haqqında yenə də 3 səsə qarşı həmin 4 səslə qərar qəbul edildi. N.Nərimanov qərar qəbul edildikdən sonra da onun həyata keçirilməsinə müqavimət göstərirdi. O, 1921-ci il iyulun 19-da Azərbaycan Mərkəzi İcraiyyə komitəsinin iclasında etdiyi məruzəsində əsaslandırırdı ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğuna görə burada ayrıca inzibati vahid yaratmağa ehtiyac yoxdur. Yalnız 1923-cü ildə AK(b)P MK Azərbaycan Mərkəzi İcraiyyə komitəsinə göstəriş verdi ki, Qarabağ muxtar vilayəti yaradılsın. MİK-in 1923 – cü il 7 iyul dekreti ilə Dağlıq Qarabağ vilayəti yaradıldı. İmperiya siyasəti məqsədinə tam nail ola bilmədi, lakin əvəzində Azərbaycanda nifaq ocağı yarada bildi.
Sovet rəhbərliyi ilk illərdə “hərbi kommunizm” deyilən siyasət həyata keçirir, istehsalı, məhsul bölgüsünü kommunizm prinsipləri əsasında təşkil etməyə çalışırdı [41, s.256]. Tezliklə bu yanaşmanın əhəmiyyətsizliyi aydın oldu. Ona görə də 1921-ci ildə Yeni iqtisadi siyasətin tətbiqinə başlanıldı. Yeni iqtisadi siyasət hakim mövqelərin dövlətin əlində qalması şərti ilə ticarət azadlığına yol verilməsini, icarə sisteminin, bank və kredit şəbəkəsinin, müştərək müəssisələrin yaradılmasını, kooperasiyanın inkişafını nəzərdə tuturdu [44].
Yeni iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanda da müəyyən iqtisadi yüksəlişə nail olundu. 1921-1925- ci illərdə neft hasilatı təqribən iki dəfə artdı. Bir sıra sənaye müəssisələri yaradıldı və ya bərpa olundu [11, s.390]. Kənd təsərrüfatının bərpası əsasən başa çatdırıldı. Heyvandarlıq məhsullarının dəyəri təqribən 1914-cü il səviyyəsinə çatdırıldı. Kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfə artdı [11, s.391].
Bu nailiyyətlər iqtisadiyyatda işğalçı rejimin qurulması üçün zəmin oldu. 1925-ci ilə Azərbaycanda təsərrüfatın bərpası əsasən başa çatdı. Bərpa dövrü başa çatdıqdan, yeni iqtisadi siyasət şəraitində iqtisadiyyatda dağınıqlıq aradan qaldırılandan sonra Sovet dövləti imperiya iqtisadiyyatının əsaslarını yaratmaq istiqamətində yeni addımlar müəyyən etdi. 1925-ci ilin dekabrında ÜIK(b)P XIV qurultayı ölkənin sənayeləşdirilməsi kursunu müəyyən etdi və onu həyata keçirmək üzrə konkret fəaliyyətə başlanıldı [33]. 1926-cı ilin fevralında Azərbaycanda da sənayeləşdirmə üzrə komissiya yaradıldı [24]. Sənayeləşdirmə prosesi bütün dünyada olduğu kimi yüngül sənayedən deyil, ağır sənayedən başlanıldı ki, bunun özü çoх böyük çətinliklər törətdi. Ağır sənayenin başlıca sahələrindən biri olan Bakı neft sənayesinə хüsusi diqqət yetirilir, onun yenidən qurulmasına, teхniki cəhətdən təmin edilməsinə imperiya rəhbərliyi səviyyəsində nəzarət edilirdi. Sənayeləşdirmə nəticəsində Azərbaycanda ciddi nəticələr əldə olundu. 1936-cı ildə 20,6 milyon ton neft çıxarıldı, bu Sovet imperiyasında çıxarılan neftin 76%-nə bərabər idi. Bu vaxt ərzində 29 iri sənaye müəssisəsi istifadəyə verildi. Azərbaycan Rusiya və Ukraynadan sonra sənaye məhsulları və elektrik enerjisi istehsalına görə imperiyada üçüncü yeri tuturdu [35, s.224].
1927-ci ilin dekabrında keçirilmiş ÜIK/b/P XV qurultayı kollektivləşdirməyə keçidin dönüş anı sayılır [40]. Həmin vaхtdan etibarən Azərbaycanda da kəndli təsərrüfatlarının zorakı yolla kolхozlarda birləşdirilməsi prosesi başlandı. 1928-ci ilin martında kolхoz quruculuğuna ümumi rəhbərlik etmək üçün «Azərbaycan Mərkəzi Kolхoz İdarəsi» yaradıldı [2]. 1930-cu ilin əvvəlində kolхoz quruculuğunda zorakı tədbirlər daha da gücləndi, “elliklə kollektivləşmə” başladı. Azərbaycan kəndinə böyük bəlalar gətirən kollektivləşmə zorakı vasitələrlə, insanların məhv edilməsi, varlı kəndlilərə və onların tərəfdarlarına divan tutulması ilə həyata keçirildi. Bu zorakı metodlarla müəyyən nəticələrə nail oldular. 1930-cu illərin birinci yarısında kəndli təsərrüfatlarının 51,7%-i kollektivləşdirildi, pambıqçılıq bölgələrində isə bu rəqəm 68% təşkil etdi [35, s.226]. Bununla Azərbaycan imperiyanın Özbəkistandan sonra ikinci pambıqçılıq bazasına çevrildi. 1936-cı ildə kollektivləşmə əsasən başa çatdırıldı, kəndli təsərrüfatlarının 85%-i kolxozlarda birləşdirildi [35, s.227].
İmperiya siyasətinin ən faciəli nəticələrindən biri də kütləvi siyasi represiyalar oldu. 1936-cı ildə Sovet imperiyasının yeni konstitusiyası qəbul edildi. Bu vaxt ZSFSR ləğv edildi, Azərbaycan, Gürcüstan, Ermənistan “müstəqil” subyektlər kimi Sovet imperiyasının tərkibinə daxil edildilər. Növbəti, 1937-ci ildə Azərbaycan SSR-in yeni konstitusiyası qəbul edildi [25]. Sovet imperiyasının rəhbəri İ.Stalin iqtisadi, siyasi, ideoloji müstəvidə məsələləri “həll” etdikdən sonra insan amili, yeni vətəndaşların yetişdirilməsi, “yad” fikirlərin beyinlərdən çıxarılması, asanlıqla idarə olunan təbəələrin formalaşdırılmasına başladı. Bunun üçün siyasi repressiyalar, əslində soyqırım siyasəti əsas vasitəyə çevrildi. Azərbaycanda siyasi repressiyalar 1936-cı ilin ortalarında başladı.Bakıda “əksinqilabçılar”, “millətçilər”, “müsavatçılar”ın həbsləri həyata keçirildi.
1937-ci ilin fevral-mart aylarında İ.Stalinin göstərişi ilə repressiyalar kütləvi xarakter aldı və 1938-ci ilin sonlarına qədər davam etdi. Siyasi repressiyalarda rəhbər və cəza orqanlarında vəzifə tutan ermənilər əsas rol oynayırdılar. Repressiya qurbanları içərisində imperiyanın yüksək vəzifəli şəxsləri Həmid Sultanov, Çingiz İldırım, Mir Bəşir Qasımov, Dadaş Bünyadzadə, Ayna Sultanova, Mirzə Davud Hüseynov, Əliheydər Qarayev, Qəzənfər Musabəyov və digərləri var idi [26, s.777]. İmperiya rəhbərliyi bu şəxslərdən öz məqsədləri üçün istifadə etdi, sonra isə gərəksiz əşya kimi məhv edib kənara atdı.
Azərbaycan ziyalıları repressiyaların əsas hədəfinə çevrildilər, onların barəsində 29 mindən çox ölüm hökmü çıxarıldı. Bu repressiyalar nəticəsində “Azərbaycan ziyalıları, faktiki olaraq, məhv edildi” [48, s.36]. Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Tağı Şahbazi, Sultan Məcid Qənizadə, Hənəfi Zeynallı, Bakıda çalışan digər türk xalqlarının nümayəndələri- Krım tatarı, şərqşünas Bəkir Çobanzadə, tatar tarixçisi Qaziz Qubaydullin, özbək türkoloqu Həmid-Səid Xocayev və digərləri sovet terrorunun, siyasi repressiyaların qurbanı oldular [34, s.139]. İncəsənət xadimlərindən Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Xədicə Qaibova və digərləri güllələndilər [46, s.76].
Azərbaycanda repressiya qurbanlarının sayı ilə bağlı müxtəlif fikirlər var. Müxtəlif mənbələrdə 70 mindən [28, s.262] 120 minə qədər [22] rəqəmləri göstərilir...
Ədəbiyyat:
1. Azərbaycan Sovet rejimi şəraitində.- kayzen.az/blog/Azərbaycan tarixi/ 13138/azerbaycan-sovet-rejimi-şəraitində.html.
2. Azərbaycanın hüquqi sistemi.- pa.edu.az/library/3/27/241_movzu8._ azerbaycanin_huquq_ sistemi.pdf.
3. Bayramov X. Gəncə üsyanı-1920. Bakı, “Ləman” nəşriyyatı, 2010.
4. Borçalı niyə Gürcüstana qaldı?- Tarix.- fed.az/az/biznes-tarixi/borcali-niye-gurcustana-qaldi-tarix-31009.
5. Əliyeva İ. Sovet rejiminə qarşı üsyanlar.- azerbaijan-news.az/az/ posts/detail/ sovet-rejimine-qarsi-usyanlar-1643228193(04.04.2023).
6. Əliyev Z. Bolşevik işğalına qarşı “32-lər əfsanəsi”.- modern.az/edebiyyat/ 237405/bolsevik-isalina-qarsi-32-ler-efsanesi/.
7. Haciyev İ.M., Şıxaliyev E.A., Cəfərli E.Y., Şabanov M.S. Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri. Bakı, Elmin İnkişafı Fondu, 2017.
8. Həsənli E. Naxçıvanı Azərbaycandan ayıran Mehri rayonu necə yaradıldı?- veteninfo.az/naxcivani-azerbaycandan-ayiran-mehri-rayonu-nece-yaradildi-aci-tariximiz.
9. Xəlilzadə F. Tarixin yaralı səhifələri.- anl.az/down/meqale/azerbaycan/ 2011/aprel/166398.html.
10. İtirilmiş tarixi yurdlar: Zəngəzur (tarixi icmal).- web.archive.org/web/ 20110725025408/ //azerbaycanli.org/az/page604.html.
11. Qəniyev H. Azərbaycan tarixi (ən qədim zamanlardan XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.
12. Naxçıvanın 657 kv.km ərazisi...- sputnik.az/20230419/naxcivanin-657-kvkm-erazisi-ssr-dovrunda-qanunsuz-olaraq-ermenistana-verilib-45394879.html.
13. Nuriyeva İ. Azərbaycanda sovet rejiminin bərqərar olması və ona qarşı üsyanlar.- 27 aprel 2017.- xalqcebhesi.az/news/accident/19968.html.
14. Nuriyeva İ. Azərbaycan tarixi: ən qədim dövrlərdən zəmanəmizədək. Texniki Ali məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.
15. Ozan məscidi: Qanlı tarixin daş yadigarı.- azertag.az/xeber/ Ozan_mescidi_ Qanli_ tarixin_das_yadigari_VİDEO-952638.
16. Süleymanov M. Azərbaycan Ordusunun tarixi, III cild (1920-1922). Bakı, “Maarif” nəşriyyatı, 2018.
17. Şimali Azərbaycan Sovet hakimiyyəti illərində (1920-1991).- a-r.az/az/page/45.
18. Yaqublu N. Müsavat Partiyasının tarixi. Bakı, “Adiloğlu”, 2012.
19. Yusubova G. Azərbaycan XX əsrin 20-30-cu illərində.- kafkazh. com/azerbaycan-xx-esrin-20-30-cu-illerinde/.
20. Zəngəzuru ermənilərə kommunistlər satdı. 22.04.2021.- fedai.az/?p =35598.
21. Beissinger Mark R. Soviet Empire as “Family Resemblance”//Slavic Review, 2006/ Vol.65, iss.2, p.294-303.- archive.org/details/sim_slavic_ review_summer _2006_65_2/page/294/mode/rup.
22. Brzezinski Z. The Permanent Purge: Politics in Soviet Totalitarinisme. Harvard University Press, 1956, s. 189.- archive.org/details/ permanentpurgepo0000 brze/page/n7/mode/2up.
23. Административно-территориальное деление Азербайджана. Президентская библиотека.- web.archive.org/web/20120322104915/ //files. preslib.az/projects/azerbaijan/rus/g12.pdf.
24. Азербайджан в 1920-1991 годы.- ensiklopediya.gov.az/terms/20212/ cild/12.
25. Азербайджанский парламентаризм в советскую эпоху.- meclis.gov. az/news-az.php?id=15& lang=ru.
26. Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе. Москва, Российская политическая энциклопедия, Фонд «Президентский Центр Б.Н.Ельцина», 2010.
27. Багиров М.А.- knowbysight.info/BBB/01187.asp.
28. Большая российская энциклопедия. Москва, БРЭ, 2005.
29. Гикало Н.Ф.- hrono.ru/biograf/bio_g/gikalo_nf.php.
30. Дарабади П. Военно-политическая история Азербайджана (1917-1920 годы). Баку, изд. дом «Кавказ», 2013.
31. «Документы внешней политики СССР», т.3. Москва, «Госполитиздат», 1959.
32. За кого было Москва в карабахском конфликте в 1920-х годах.- regnum.ru/news/polit/2289532.html.
33. Индустриализация. Большая российская энциклопедия 2004-2017.- old.bigenc.ru/domestic_history/text/3875181.
34. Исмаилов Э.Р. История «Большого террора» в Азербайджане. Москва, «Политическая энциклопедия», 2015.
35. Исмаилов Э. Очерки по истории Азербайджана. Москва, изд. «Флинта», 2010.
36. Кадишев А. Интервенция и гражданская война в Закавказье. Москва, «Воениздат», 1960.
37. Каминский Г.Н.- kprftula.narod.ru/Rev2.files/ Kam.html.
38. Карсский договор.- hrono.ru/dokum/192_dok/19211013kars.php.
39. Киров С.М.- tass.ru/encyclopedia/person/kirov-sergey-mironovich.
40. Коллективизация. Большая российская энциклопедия.- bigenc.ru/c/kollektivizatsiia-0d74c7.
41. Мау В. А. Реформы и догмы. Государство и экономика в эпоху реформ и революций (1861-1929). Москва, «Дело», 2013.
42. Левон Мирзоян: как палач двух народов…- 1 news.az/authors/ oped/20161021125924471.html.
43. Нахичеванская Автономная Советская Социалистическая Республика. Российские универсалные энциклопедии.- gatchina3000.ru/great-soviet-encyclopedia/bse/080/490.htm.
44. Новая экономическая политика. Большая Российская Энциклопедия.- bigenc.ru/c/novaia-ekonomicheskaia-politika-27e3d0.
45. Полонский В.И. Большая советская энциклопедия.- gufo.me/dict/ bse/Полонский.
46. Рахманзаде Ф. Дар судьбы. Баку, «Язычы», 1990.
47. Революция и гражданская война в России: 1917-1923 гг.: Энциклопедия в 4-х томах, т I. Москва, «ТЕРРА», 2008.
48. Свентоховский Т. Русское правление, модернизаторские элиты и становление национальной идентичности в Азербайджане// Азербайджан и Россия: общества и государства/ Редактор-составитель Д.Е.Фурман, Москва, «Летний сад», 2001.
49. Северный Азербайджан в период советской власти (1920-1991).- a-r.az/ru/page/95.
50. Ягублу Н. Энциклопедия Мухаммеда Эмина Расулзаде. Москва, «Маска», 2015.