“Bizim razılığımızı soruşmadan sərhədlərimizi keçən qüvvələr bizə dost deyil, düşməndir!..”- Rəsulzadə...-TARİXİMİZƏ FƏRQLİ BAXIŞ
Elm və Təhsil
4102
07 Jun 2024 | 18:28

“Bizim razılığımızı soruşmadan sərhədlərimizi keçən qüvvələr bizə dost deyil, düşməndir!..”- Rəsulzadə...-TARİXİMİZƏ FƏRQLİ BAXIŞ

“Ultimatumun mətnini oxuyan M.H.Hacınski şərtləri qəbul etməyi təklif etdi və deputatları inandırmağa çalışdı ki, XI Ordu Bakıya girmədən Türkiyəyə köməyə getmək niyyətindədir...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:
 
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri...- XXXX mövzu
 
1920-ci ilin yazından partiya və qruplaşmalar - «Müsavat», «Əhrar», «İttihad», sosialistlər, kommunistlər, bitərəflər arasında mübarizənin güclənməsi respublikada siyasi durumu pozan və gərginliyi dərinləşdirən mühüm amillərdən biri idi. Rusiya Azərbaycan kommunistlərinin əli ilə işğal planına start verdi. Azərbaycan kommunist təşkilatlarının 1920-ci ilin fevralında Bakı şəhərində keçirilən I qurultayında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaradıldı. Bu vaxtdan etibarən kommunistlərin silahlı üsyana hazırlığı başlandı [12, s.347]. 1920-ci ilin martında Rusiya rəhbəri V.İ.Leninin Azərbaycan kommunistlərinə göndərdiyi teleqram sovet hökumətinin Azərbaycana münasibətindəki gizli niyyətlərdən xəbər verirdi: “Bizim üçün Bakını ələ keçirmək son dərəcə vacibdir. Bütün səyləri bu istiqamətə yönəldin” [3, s.8].
 
1920-ci ilin mart ayında erməni silahlı dəstələri Qarabağda qiyam qaldırdı, eyni vaxtda Ermənistan həmin istiqamətdə hərbi müdaxiləyə başladı. Azərbaycan Ordusunun əsas hissəsi oraya göndərildi. Azərbaycanın şimal sərhədləri, həmçinin Bakı müdafiəsiz qaldı [2, s.5]. Azərbaycan hökumətində daxili mübarizənin davam etdiyi bütün dövr ərzində Sovet Rusiyası tərəfindən təzyiq hiss olunurdu. Xarici işlər naziri F.Xoyskinin Rusiya ilə Denikin və digər hərbi qüvvələrə qarşı hərbi ittifaqdan imtina etməsinə cavab olaraq Rusiyanın xarici işlər naziri G. Çiçerin notalar verir, Azərbaycanı hərbi münaqişələrinə cəlb etməyə çalışırdı. Azərbaycan Rusiyanın təkliflərini rədd edir, bitərəfliyini saxlayırdı [5, s.95].
 
Yeni hökumət yaratmaq səlahiyyəti almış M.H.Hacınski Azərbaycan kommunistləri ilə danışıqlara girərək onlara nazir vəzifələri təklif etdi. Lakin kommunistlər bu təklifə razı olmadılar [4]. Aprelin 27-də səhər tezdən kommunistlərin silahlı dəstələri həm şəhər daxilində, həm də onun kənarlarında ən mühüm obyektləri - dəmiryol vağzalını, poçtu, teleqrafı, radiostansiyanı, polis məntəqələrini, iri neft mədənlərini, sənaye müəssisələrini, hərbi və ticarət limanını və s. yerləri ələ keçirməyə başladılar. Aprelin 27-də saat 11-də başda Həmid Sultanov olmaqla kommunistlərin nümayəndə heyəti hakimiyyəti təslim etmək barədə ultimatumu parlamentə təqdim etdi. Cavab 2 saat ərzində verilməli idi, əks halda bolşeviklər atəş açmaqla hədələyirdilər [9, s. 54, 55].
 
Həmin ultimatumu müzakirə etmək üçün parlament iclasından əvvəl M.H.Hacınski, M.Ə.Rəsulzadə, S.Ağamalıoğlu və digərlərindən ibarət komissiya yaradıldı. Komissiya ultimatuma cavab olaraq öz şərtlərini hazırladı və bu şərtlər parlamentin müzakirəsinə verildi. Saat 20:45-də Azərbaycan parlamentinin sonuncu 145-ci iclası açıldı. Gündəlikdə bir məsələ- Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti təhvil vermək barəsində ultimatumu məsələsi dururdu. Müzakirə başlamazdan əvvəl çıxış edən hərbi nazir S.Mehmandarov silahlı müqavimətin mümkün olmadığını bildirdi...
Ultimatumun mətnini oxuyan M.H.Hacınski şərtləri qəbul etməyi təklif etdi və deputatları inandırmağa çalışdı ki, XI Ordu Bakıya girmədən Türkiyəyə köməyə getmək niyyətindədir [8, s. 520]. Qızğın müzakirələrin gedişində çıxış edən müxalif parlament fraksiyalarının nümayəndələri: Səməd Ağamalıoğlu («Hümmət»), Qara bəy Qarabəyov («İttihad»), Aslan bəy Səfikürdski (sosialist bloku), Aslan bəy Qardaşov («Əhrar») M.H.Hacınskinin hakimiyyəti təhvil vermək təklifini müdafiə etdilər [8, s.520].
 
 «Müsavat» fraksiyası adından onun sədri M.Ə.Rəsulzadə çıxış edərək dedi: «Bizə kobud ultimatum verilmişdir. Bizim xilaskarımız hörmət etdiyimiz Türkiyədir. Biz öz müstəqilliyimizin tapdalanmaması şərtilə Türkiyəyə köməyə gedən qüvvələri müdafiə edirik. Lakin Cənablar, bizim razılığımızı soruşmadan sərhədlərimizi keçən qüvvələr bizə dost deyil, düşməndir! Bu ultimatumun qəbul edilməsi hakimiyyəti dost maskası geyinmiş düşmənə vermək deməkdir! Biz buraya millətin iradəsi və arzusu ilə gəlmişik və bizi buradan yalnız güc və süngü ilə çıxarmaq olar». Bununla belə, vətəndaş müharibəsi təhlükəsini nəzərə alan «Müsavat» fraksiyası Azərbaycanın müstəqilliyinin saxlanacağı şərtilə kommunistlərin ultimatumunu qəbul etmək haqqında çoxluğun fikrinə qoşulmağa məcbur oldu [7]...
 
1920-ci il aprelin 27-dən 28-nə keçən gecə parlament əleyhinə-1, bitərəf-3, səsvermədə iştirak etməyən-3 nəfər olmaqla hakimiyyətin Müvəqqəti İnqilab Komitəsinə təhvil verilməsinə dair qərar qəbul etdi [6]. Komitənin tərkibi onun qiyabi seçilmiş sədri Nəriman Nərimanov, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və digərlərindən ibarət idi. Komitə radio vasitəsilə Rusiya hökumətinə «Qırmızı Ordu hissələrini göndərmək yolu ilə dərhal real kömək göstərmək» haqqında rəsmi xahişlə müraciət etdi [10, s. 29].
 
Aprelin 27-ə keçən gecə A.Mikoyan və Q.Musabəyovu gətirən «III Beynəlmləl» zirehli qatarı Samur körpüsündən keçmiş və yol boyu qəflətən yaxalanmış azsaylı və pərakəndə ordu hissələrinin müqavimətini qırmaqla Bakıya doğru hərəkət edirdi [1]. Aprelin 27-də axşam saat 21-də Biləcəri stansiyası Sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4-də isə «III Beynəlmiləl» zirehli qatar Bakı stansiyasına gəldi. Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil oldu. Həmin gün sovet qoşun hissələri Şamaxı və Ağsuya daxil oldular, mayın 1-də isə Azərbaycan hərbi hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər [11, s. 233]...
 
Cümhuriyyətin yaradılması, onun 23 aylıq fəaliyyəti Azərbaycan xalqının tarixində  çox mühüm hadisə idi. O, qısa müddətdə öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi. AXC-nin yaranışı bütün Müsəlman, Türk dünyası üçün çox əlamətdar hadisə idi. Azərbaycan Cümhuriyyəti Qərb ölkələri tərəfindən rəsmi şəkildə tanınan ilk türk və müsəlman respublikası idi...
 
Ədəbiyyat:
 
1.Azərbaycanın aprel işğalı, 27.04.2018.- modern.az/az/news/163533/ azerbaycanin-aprel-isgali.
 
2. Əhmədova F. Ermənilərin “Qarabağ qiyamı” Azərbaycan Cümhuriyyətini devirmək planının tərkib hissəsi idi.- “Xalq qəzeti”, 2010, 2 iyun, s.5.
 
3. Əhmədova F. Xalq Cümhuriyyətinin süqutu və pərdəarxası oyunlar.- “Olaylar” qəzeti, 2018, 2 may, s.8.
 
4. Xarici işlər nazirləri. Məmmədhəsən Hacınski, s. 2-3.- files.preslib.az/projects/ azdiplomacy/a2_5.pdf.
 
5. Məhərrəmov N. Daşnaksütyun və Azərbaycanın taleyi. Bakı, 1995.
 
6. Siracoğlu R. Xalq Cümhuriyyəti parlamentinin sonuncu iclası...- avropa.info/post /372025.
 
7. Yaqublu N. Rəsulzadənin Parlamentdəki son çıxışı...- bakupost.az/resulzadenin-parlamentdeki-son-cixisi-niye-yoxa-cixmisdi.
 
8. Азербайджанская Демократическая Республика (1918-1920). Парламент (Стенографические отчеты). Баку, изд. «Азербайджан», 1998.
 
9. Балаев А. Азербайджанское национально-демократическое движение 1917-1920 гг., s. 26-28.- anl.az/el/Download/2017/03/1-670755.pdf.
 
10. Интернациональная помощь XI Армии в борьбе за победу Советской власти в Азербайджане. Документы и материалы 1920-1921 гг. Баку, Азербайджанское государственное изд-во. 1989.
 
11. История Азербайджана, т.3, ч.1. Баку, изд. АН Азерб. ССР, 1963.
 
12. История Коммунистической партии Азербайджана, ч.1. Баку, госизд-во, 1958.
 
 
Link kopyalandı!
Son xəbərlər