O dövrdə Azərbaycan mədəniyyəti Qərb ölkələri ilə də uğurlu rəqabət apara bildi...-Tariximizə fərqli baxış...
Elm və Təhsil
5334
31 May 2024 | 19:25

O dövrdə Azərbaycan mədəniyyəti Qərb ölkələri ilə də uğurlu rəqabət apara bildi...-Tariximizə fərqli baxış...

“Mədəniyyətin başlıca xüsusiyyəti demokratik-maarifçilik ideyalarını təbliğ edən məktəbin daha da inkişafı və yeni tipli məktəblərin yaranması və inkişafı, milli mətbuatın və teatrın yaranması, ədəbiyyatda və incəsənətdə xəlqilik ünsürlərinin qüvvətlənməsi və sairədən ibarət idi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Azərbaycan mədəniyyətinin yeni intibah dövrü...- XXXVII mövzu
 
Azərbaycan mədəniyyətinin yeni inkişaf istiqamətləri (XIX əsr -XX əsrin əvvəli).
 
 XIX əsrin I yarısından başlayaraq mədəniyyət üçün realist, maarifçi meyllərin güclənməsi səciyyəvidir. Görkəmli elm və mədəniyyət xadimləri A.Bakıxanov, M.Ş.Vazeh, M.C.Topçubaşov, Mirzə Kazım bəy, M.F.Axundov, Q.B.Zakir və başqaları o dövrün elm və mədəniyyət aləmində özlərinə məxsus iz qoydular. Mirzə Şəfi Vazeh (1796-1852) incə lirikası, satirası ilə Azərbaycandan kənarda da ad qazanmışdı. Onun şərqiləri bir sıra dillərə tərcümə olunaraq uzun illər boyu Avropanı da heyrətə gətirmişdi [18, s.307-308]. Görkəmli azərbaycanlı alimlər Mirzə Cəfər Topçubaşov [9] və Mirzə Kazım bəy [2, s.89-92] şərqşünaslıq sahəsində elmi işləri ilə bütün dünyada şöhrət tapmış, Rusiya şərqşünaslığının baniləri olmuşlar.
XIX əsrin I yarısında tarixşünaslıq da inkişaf etdi. A.Bakıxanovun “Gülüstani-i İrəm”i, Mirzə Adıgözəl bəyin, Mirzə Camal və Əhməd bəy Cavanşirlərin Qarabağ tarixinə, Kərim ağa Fatehin Şəki xanlarının tarixinə həsr etdikləri tarixi xronikal əsərləri və digərləri bu dövrün məhsuludur [4, s.273-274]. XIX əsrin görkəmli şəxsiyyətlərindən biri böyük dramaturq, filosof və şair Mirzə Fətəli Axundov(1812-1878) idi. Böyük dramaturq Azərbaycan ədəbiyyatı tarixində bir neçə ədəbi janrın əsasını qoymuş, ədəbiyyatımızda realist cərəyanın möhkəmləndirilməsi, gerçəkliyin olduğu kimi göstərilməsi,ictimai həyatın eybəcərliklərinə qarşı mübarizə sahəsində əvəzsiz iş görmüşdür [11]. Bu dövrdə Azərbaycan satirik şerinin ən görkəmli nümayəndələrindən Qasım bəy Zakir (1784-1857) yaradıcılığında həmin dövrün ictimai-sosial bəlaları başlıca hədəf idi [3].
 
 Həmin dövrdə 37 il ərzində Hindistandan Sudana qədər neçə-neçə ölkə gəzmiş coğrafiyaşünas, etnoqraf, tarixçi Hacı Zeynalabdin Şirvani, qarabağlı Qənbər və muğanlı Əvəz kimi ustad rəssamlar yetişmiş,Tiflisdə Azərbaycan türkcəsində ilk qəzetlər “Tiflis xəbərləri” (1832), “Qafqazın bu tərəfinin xəbərləri” (1845) [15, s.6-7] qəzetləri çap olunmağa, dünyəvi təhsil yayılmağa başlamışdı.
 
 Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş verən dəyişikliklər ΧΙΧ əsrin ikinci yarısında mədəniyyətdə də əksini tapırdı. Bu dövrdə mədəniyyətin başlıca xüsusiyyəti demokratik-maarifçilik ideyalarını təbliğ edən məktəbin daha da inkişafı və yeni tipli məktəblərin yaranması və inkişafı, milli mətbuatın və teatrın yaranması, ədəbiyyatda və incəsənətdə xəlqilik ünsürlərinin qüvvətlənməsi və sairədən ibarət idi [6, s.273]. İbtidai məktəblər demək olar ki, kəndlərin əksəriyyətində var idi. Yeni ruhda təşkil olunan məktəblərə «üsuli-cədid» (yeni üsul) məktəbləri deyilirdi. Belə məktəblər rus məktəblərindəki tədris üsulu ilə tanış olan müəllimlər tərəfindən açılırdı, sinif otaqları mebellə, qlobus, yazı taxtası və başqa tədris ləvazimatı ilə təchiz olunur, tədris ana dilində aparılırdı. İlk belə məktəblər XIX əsrin sonlarında Şamaxıda, Naxçıvanda, Şuşada və başqa şəhərlərdə açıldı. S.Ə.Şirvaninin (1835-1888) [12], Mir Möhsün Nəvvabın (1833-1918) [2, s.192] məktəbləri nümunəvi təhsil ocaqları idi.
 
 70-ci illərin ortalarında rus-tatar məktəbləri deyilən məktəblər yaranmağa başladı. Bu məktəblərin yaradılmasında məqsəd azərbaycanlıları orta məktəblərə daxil olmaq üçün hazırlamaq idi. Tədris rus dilində olsa da, bu məktəblər əsasən azərbaycanlılar üçün nəzərdə tutulurdu. Ziyalıların gərgin mübarizəsindən sonra 1887-ci ildə Bakıda rus-tatar məktəbi açıldı [10, s.313]. Onun rəhbərləri Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyov idi. Məktəb haqqındakı islahat qızların təhsili məsələsinə də təsir göstərdi. Bakıdakı «Müqəddəs Nina» qız məktəbi istisna olmaqla, Azərbaycanda qızların təhsili bir qayda olaraq evlərdə təşkil edilirdi. 1864-cü ildə Zaqatalada təhsil müddəti bir il olan qız məktəbi açıldı. Bu məktəb 1904-cü ildə dörd sinifli qız məktəbinə çevrildi. Bakıda «Müqəddəs Nina» məktəbi əsasında 70-ci illərin ortalarında müstəqil gimnaziya təşkil edildi. Azərbaycanda dünyəvi elmləri öyrədən ilk müsəlman qız məktəbi 1901-ci ildə Bakıda maarifpərvər və xeyirxah milyonçu H.Z.Tağıyevin təşəbbüsü və vəsaiti hesabına açıldı. Onun müdiri H.B.Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova idi [14, s.17]. Azərbaycanda maarifin inkişafını ləngidən səbəblərdən biri də müəllim kadrlarının son dərəcə az olması idi. 1876-cı ildə Qori şəhərində Müəllimlər Seminariyası təşkil olundu. 1879-cu ildə həmin seminariyada Azərbaycan bölməsi yaradıldı [13].
 
 Elm sahəsində ilk azərbaycanlı kimya alimi Möhsünbəy Xanlarovun (1857-1921) üzvi kimya sahəsində tədqiqatları başlandı. Biologiya, kənd təsərrüfatı elmləri üzrə Rusiyada ali təhsil almış H.B.Zərdabi (1842-1907), N.B.Vəzirov (1854-1926) və başqaları çalışırdı. ΧΙΧ əsrin ikinci yarısında Mirmehdi Xəzani, Həsənəlixan Qaradaği, Əhmədbəy Cavanşir, Mirzə Əhməd, Mirzə Xudaverdi oğlu və başqaları tarixşünaslıq sahəsində əsərlər yaratmışlar. XX əsrin əvvəllərində Azərbaycan tarixşünaslıq elmi Rəşid bəy İsmayilovun “Müxtəsər Qafqaz tarixi” (1904), Həsən Mollazadə Gəncəvinin “Zəbdətüt Təvarix” (Tarixin qaymağı), Mirzə Rəhim Fənanın “Qarabağın yeni tarixi” (1912) əsərləri ilə zənginləşdi. 
 
ΧΙΧ əsrdə Azərbaycanda fəlsəfi və ictimai fikirin inkişafı M.F.Axundovun adı ilə bağlıdır. Onun yaradıcılığı və dünyagörüşü ΧΙΧ əsrin 60-70-ci illərində fəlsəfi fikir tarixində böyük hadisə idi. Yaşadığı dövr rus, Şərq və Avropa fəlsəfəsi ilə yaxından tanışlıq onun filosov kimi formalaşmasına təsir etmişdi. O, fəlsəfəyə dair görüşlərini bir çox əsərlərində, xüsusilə «Kəmalüddövlə məktubları», «Mola Rumi və onun əsəri haqqında», «Filosof Yuma cavab», «Babilik əqidələri», «Con Stüart Milli azadlıq haqqında» və s. əsərlərində daha qabarıq və konkret vermişdi [16, s.735-740]. Elmin və mədəniyyətin bir çox sahələrində olduğu kimi, ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində də yeni, mütərəqqi, demokratik cərəyanın banisi M.F.Axundov idi. Onun başladığı işi H.B.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.M.Nəvvab, F. Köçərli ləyaqətlə davam etdirdi və kamilləşdirdi. Ədəbiyyatda xəlqilik, maarifçilik, demokratizm prinsipləri möhkəmlənirdi. M.F.Axundov tərəfindən qoyulan ənənələr 80-90-cı illərdə N.Nərimanov, Ə.Haqverdiyev, S.M.Qənizadə, S.Ə.Şirvani, N.B.Vəzirov, C.Məmmədquluzadə, R.Əfəndiyev və başqaları tərəfindən davam etdirilirdi. ΧΙΧ əsrin ikinci yarısında elmi əsərlərin çoxu Azərbaycan dilində yazılırdı [4, s.299]. Keçən əsrin sonlarında ədəbi fəaliyyətə başlayan maarifçi-pedaqoq, böyük demokrat C.Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povesti bədiiliyi və realizmi cəhətdən ədəbiyyatımızda misli görünməmiş əsər idi. XX əsrin əvvəllərində onun yaradıcılığı daha da çiçəkləndi. ΧΙΧ əsrin ikinci yarısında xalq aşıqlarından Dədə Ələsgər, aşıq Nəcəfqulu, Hüseyn Bozalqanlı, Çoban Əfqan, Molla Cümə və başqaları böyük şöhrət qazanmışdı. Qəzəlçiliyin geniş yayılması ilə əlaqədar olaraq Bakıda, Şamaxıda, Qarabağda, Lənkəranda, Ordubadda şairlərin bir sıra ədəbi məclisləri təşkil olunmuşdu. Şuşadakı “Məclisi-üns” [5] ədəbi məclisin üzvlərindən biri xan qızı Xurşidbanu Natəvan (1832-1897) idi.
 
 Mədəniyyət sahəsində ən böyük nailiyyətlərdən biri Milli mətbuatın yaranması oldu. H.B.Zərdabinin məşəqqətli mübarizəsindən sonra istənilən məqsədə nail olundu. 1875-ci il iyunun 22-də Bakıda «Əkinçi» qəzetinin birinci sayı çapdan çıxdı. 1877-ci il sentyabrın 29-dək çap olunan «Əkinçi» qəzetinin ayda iki dəfə 300-400 tirajla çap olunmaqla cəmi 56 sayı çıxmışdı.  «Əkinçi» qəzetinin nəşri dayandırıldıqdan sonra 1879-cu ildə Tiflisdə Azərbaycan dilində «Ziya» adlı yeni qəzet çıxmağa başladı. 1880-ci ilin sonunda «Ziya» qəzeti «Ziyayi Qafqaziyyə» adı ilə çıxmağa başladı. Bu qəzetin nəşri davam etməklə, 1883-cü ildə Tiflisdə «Ziya» mətbəəsində «Kəşkül» (dərvişlərin gəzdirdiyi qab belə adlanırdı) adlı yeni bir qəzet nəşrə başladı. 70-90-cı illərdə Bakıda burjuaziyanın ideologiyasını təbliğ edən bir sıra («Bakinskiye izvestiya», «Kaspi» və s.) qəzetlər nəşr edilirdi [8].
 
 Milli teatrın təşəkkül tapması xalqımızın mənəvi həyatında böyük hadisə oldu. 1873-cü ildə Bakıda çalışan bir sıra ziyalının təşəbbüsü ilə Milli teatr yaradıldı. İlk teatr tamaşası 1873-cü il martın 22-də Novruz bayramı günündə Bakı realnı məktəbi teatr həvəskarları truppasının təşəbbüsü ilə hazırlanmışdı. Onlar M.F.Axundovun «Lənkəran xanının vəzirinin sərgüzəştləri» komediyasını göstərdilər. Bununla Milli teatrın əsası qoyuldu. Bu tamaşadan sonra 80-90-cı illərdə ətrafında yeni qüvvələr toplanan Bakı həvəskarlar truppası 1883-cü ildə peşəkar teatr qrupuna çevrildi. Az vaxt içərisində Bakıda bir sıra istedadlı teatr xadimləri Cahangir Zeynalov, Həbibbəy Mahmudbəyov, Nəcəfqulu Vəliyev, Hüseynqulu Sarabski və başqaları yetişdi [19]. Maarifə və mədəniyyətimizə böyük qayğı göstərən kapitalist H.Z.Tağıyev 1883-cü ildə teatr binası tikdirdi [20, s.230] (hazırda Ş.Qurbanov adına Musiqili Komediya teatrının binası).
 
Musiqi iki istiqamətdə inkişaf edirdi. Onlardan birini əsrlər ərzində püxtələşən, xalqın həyatı ilə sıx bağlı olan və peşəkar, ustad aşıqlar tərəfindən inkişaf etdirilən aşıq yaradıcılığı təşkil edirdi. Digəri, xanəndə və sazəndələrin yaradıcılığını təmsil edən istiqamət idi. Onların hər birinin öz ansamblı və repertuarı vardı. ΧΙΧ əsrin ikinci yarısında musiqi ifaçılığı sahəsində istedadlı ustalar yetişdi. Onların sırasına Xarrat Qulu, Sadıqcan, Hacı Hüsü, Cabbar Qaryağdı, Ələsgər Abdullayev, Keçəçi Məmməd və onlarla başqaları daxil idi. Musiqinin beşiyi, Qafqazın konservatoriyası Şuşa idi [17]. Şuşadakı musiqi məktəbləri musiqinin yayılmasında və peşəkar xanəndələrin və sazəndələrin yetişdirilməsində misilsiz rol oynadı.
 
 Kapitalizmin sürətlə inkişafı Bakıda tikinti işlərinin geniş miqyas almasına səbəb oldu. Bir-biri ilə rəqabətə girən milyon sahibləri zənginliyi və təmtəraqı ilə diqqəti cəlb edən gözəl binalar tikdirirdilər. Bu möhtəşəm binalar şəhərə yaraşıq verməklə bərabər, əvəzsiz abidələrə çevrilirdilər. Onlar indi də müasir Bakının gözəl inciləridir. Keçmiş əsrlərdə tikilmiş abidələrin bərpası sahəsində də iş aparılırdı. Rəssamlıqda və təsviri sənətdə Mir Möhsün Nəvvabın, Xurşud Banu Natəvanın, Mirzə Qədim İrəvaninin əsərləri marağa səbəb olurdu [4, s.301].
 
 Sahibkarlar, ziyalılar, ictmai və din xadimlərindən ibarət böyük bir qrupu özündə birləşdirən və Z.Tağıyevin rəhbərlik etdiyi “Nəşri maarif “ cəmiyyəti məktəb şagirdlərinə maddi yardım göstərməklə yanaşı, özləri də təhsil ocaqlarının yaradılmasında iştirak edirdilər. 1915-ci ildə cəmiyyətin açdığı 15 xalq məktəbində 900 şagird təhsil alırdı [1, s.270-271]. “Nicat” cəmiyyətinin qurucuları isə Məmmədəli bəy Səlimbəyov, Həsən bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Behbud ağa Cavanşir, İsa bəy Aşurbəyov kimi qabaqcıl Azərbaycan ziyalıları idi [2, s.261-262].
 
 1905-1907-ci il rus inqilabından sonra Azərbaycanda milli mətbuat sahəsində də xeyli irəliləyişlər baş verdi. 1917-ci ilin fevralınadək 227 dövri mətbuat orqanı fəaliyyət göstərirdi. 1905-1917-ci illərdə Azərbaycanda nəşr olunan əsas mətbuat orqanları “Həyat” , “Tazə həyat” , “Tərəqqi”, “İttifaq”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal” və başqa qəzetlər idi. Mətbuat tarixində Müsavat partiyasının orqanı olan “Açıq söz “ qəzetinin xüsusi yeri var idi. “Molla Nəsrəddin” jurnalı da fəaliyyətini davam etdirirdi [15, s.46-51,60,70,71,82,97-101,110-114].
 Azərbaycan milli opera teatrının yaranması da bu dövrə təsadüf edir . Azərbaycan musiqisinin inkişafında Ü.Hacıbəyli, M.Maqomayev, C.Qaryağdı, H.Sarabski, Q.Pirimov kimi mədəniyyət xadimlərimizin böyük xidmətləri olmuşdur. 1908-ci ildə H.Z.Tağıyev teatrinda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk dəfə tamaşaya qoyulması Azərbaycan musiqi tarixində mühüm bir hadisə oldu. 1908-1915-ci illərdə o, “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşud Banu “,”Harun və Leyla “ kimi bir sıra yeni operalar yaratdı. 1913-cü ilin oktyabrında ilk dəfə milli musiqili teatr səhnəsində Ü.Hacıbəylinin “Arşın mal alan “ musiqili komediyası səhnəyə qoyuldu və böyük müvəffəqiyyət qazandı. Azərbaycan musiqi mədəniyyətinin inkişafında bəstəkar M.Maqomayevin də misilsiz xidmətləri olmuşdur. Onun 1916-cı ildə yaratdığı “Şah İsmayıl” operası Azərbaycan opera sənətinin qızıl fonduna daxil oldu [7].
 
 Azərbaycan mədəniyyəti əsrlərdən gələn ənənələrini davam etdirdi, yeni çağırışlara cavab vermək baxımından Şərqdə birinci oldu, Qərb ölkələri ilə də uğurlu rəqabət apara bildi...
 
 Ədəbiyyat:
 
1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, iki cilddə, II cild. “Nəşri-Maarif”. Baş redaktor Yaqub Mahmudov. Bakı, “Lider” nəşriyyatı, 2005.
 
2. Əhmədov H. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı, “Elm və Təhsil”, 2014.
 
3. Qasım bəy Zakir.- kayzen.az/blog/az-proza/24037/qasım-bəy-zakir.html.
 
4. Qəniyev H. Azərbaycan tarixi (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək). Ali Məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2019.
 
5. “Məclisi-Üns”ün 150 yaşı. “Ədalət” qəzeti, 2014,12.04.
 
6. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək). Texniki Ali Məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.
 
7. Ömərov V. XX əsrin əvvəllərində Azərbaycanda Mədəniyyət, 06 noyabr 2012.- sesqazeti.az/news/mia/319921.html.
 
8. Ömərov V. XIX əsrin ikinci yarısında Azərbaycanda mədəniyyət və milli-mədəni dəyərlər, 5 noyabr 2012.- sesqazeti.az/news/mia/319748.html.
 
9. Pedaqoq, şair, şərqşünas-Mirzə Cəfər Topçubaşov.- gunaydin.az/news/8067.
 
10. Rus-tatar məktəbləri.// Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II. Bakı, “Lider”, 2005.
 
11. Sadıqov M. Axundov Mirzə Fətəli. Bakı, “Elm”, 1987.
 
12. Seyid Əzim Şirvani: şair, maarifçi, publisist.- “Mədəniyyət” qəzeti, 2010, 9 iyul, s.14.
 
13. Səfərov R. 140 yaşlı seminariya.- milliarxiv.gov.az/ru/140-yasli-seminariya.
 
14. Süleymanov M. Hacı Zeynalabdin Tağıyev. Bakı, “Gənclik”, 1996.
 
15. Vəliyev A. (Aşırlı). Azərbaycan mətbuat tarixi (1875-1920). Bakı, “Elm və Təhsil”, 2009.
 
16. Akundzada. Encyclopaedia Iranica. 1984, t.I.- iranicaonline.org/articles/akundzada-playwright.
 
17. Консерватория Кавказа, 08.05.2017.- vestikavkaza.ru/analytics/Konservatoriya-Kavkaza.html.
 
18. Лидин В. Песни Мирзы Шаффи. Москва, «Современник», 1976.
 
19. Театральная энциклопедия. Азербайджанский театр.- web.archive.org/web/ 20110309160146/ //www.theatre-enc.ru/html/a/azerbaydjanskiy-teatr.html. 
 
20. Фатуллаев-Фигаров Ш.С. Бакинские архитекторы: конец XIX- начало XX веков. Баку, «Шарг-Гарб», 2013.
 
 
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər