“Bu siyasət nəticəsində Azərbaycanda 40-dan çox rus kəndi salındı...”- Tariximizə fərqli baxış
Elm və Təhsil
4612
27 May 2024 | 18:19

“Bu siyasət nəticəsində Azərbaycanda 40-dan çox rus kəndi salındı...”- Tariximizə fərqli baxış

“Azərbaycan xalqı XIX əsrin başlanğıcından etibarən mümkün olan bütün vasitələrdən istifadə etməklə işğalçılara qarşı mübarizəyə qalxdı...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
(Əvvəli burada:)
 
Müstəqil dövlətçiliyimizin bərpa olunması uğrunda mübarizə...- XXXV mövzu
 
Şimali Azərbaycanda Rusiyanın işğal rejimi, sosial-siyasi proseslər. Yeni istehsal münasibətləri,  ideoloji cərəyan və təşkilatların yaranması (XIX-XX əsrin əvvəlində)…
 
 Yerli xan sülalələrini məhv etdikdən sonra çar hökuməti xanlıqları əyalətlərə çevirdi. Bu əyalətlərə rus zabitlərindən komendantlar təyin edildi. Komendantlar vaxtilə xanların malik olduqları bütün hüquqlardan istifadə edirdi [31, s.97]. Hələ xanlıqlar dövründə mövcud olmuş vergi sistemi də, demək olar ki, dəyişdirilmədən XIX əsrin 40-cı illərinədək saxlanıldı. Şəki, Şirvan, Qarabağ və Lənkəran əyalətləri inzibati cəhətdən iqamətgahı Şuşa şəhərində yerləşən müsəlman əyalətləri hərbi dairə rəisliyinə, Bakı, Quba və Dərbənd əyalətləri isə iqamətgahı Dərbənd şəhərində yerləşmiş Dağıstan hərbi rəisinə təbe idi. Keçmiş Gəncə xanlığının ərazisi isə bu dövrdə inzibati cəhətdən Şərqi Gürcüstan ərazisində yaradılmış inzibati vahidlərin tərkibinə daxil edilmişdi. Bu rejim komendant idarəçilik üsulu adlandırılırdı [7, s.255]. Çar müstəmləkəçiləri ilk illərdən etibarən Qafqazda rusların köçürülüb yerləşdirilməsinə ciddi fikir verirdilər. Bu yolla Qafqazda, o cümlədən Azərbaycanda məskunlaşan ruslar çarizmin dayağına çevrilməli, bu yerlərin itaətdə saxlanılmasında əsas dayaq rolunu oynamalı idilər. XX əsrin əvvəllərinə qədər bu siyasət nəticəsində Azərbaycanda 40-dan artıq rus kəndi salındı [7, s.263-264].
 
 
Erməniləri də bu vaxt Cənubi Azərbaycan və Türkiyədən Şimali Azərbaycana köçürdülər. Türkmənçay müqaviləsinin XV maddəsində ermənilərin Şimali Azərbaycana köçürülməsi nəzərdə tutulurdu. Ermənilərə hamiliyi öhdəsinə götürmüş çar hökuməti erməni milli ərazisi düzəltmək sahəsində ilk əməli addımı atdı. Çar I Nİkolay 1828-ci il 21 martda İrəvan və Naxçıvan xanlığının ləğvi və onların yerində “erməni vilayəti”nin yaradılması haqqında fərman imzaladı [24]. 1828-ci ildə Cənubi Azərbaycanın Təbriz, Maku, Ərdəbil, Xoy, Salmas, Urmiya vilayətlərindən 40-50 min erməni əhalisi Şimali Azərbaycana köçürüldü [27, s.50].  Ermənilərin köçürülməsində əsas məqsəd Şimali Azərbaycan xanlıqlarında əhalinin milli tərkibində xiristianların xeyrinə ciddi dəyişiklik etmək idi. Şimali Azərbaycan torpağına erməni axını həm də qonşu Türkiyədən başlandı. 1828-1829-cu illərdə rus-türk müharibəsində Rusiyanın qələbəsi ermənilərin Türkiyədən Azərbaycana köçürülməsinə şərait yaratdı. Türkiyədən Azərbaycana təqribən 90 min erməni köçürüldü. Köçürülən ermənilərin əksəriyyəti İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirildi. İrəvan xanlığında azərbaycanlıların xüsusi çəkisi 1828-ci ildə ümumi əhalinin 73,8 faizini təşkil edirdisə, 1834-1835-ci illərdə isə bu rəqəm 46,2 faizə enmişdi. Rusiya hökumətinin apardığı siyahıyaalmaya görə, 1823-ci ildə Qarabağ əhalisinin 91 faizini müsəlmanlar (azərbaycanlılar), 8,4 faizini isə ermənilər təşkil edirdilər [14, s.54].
 
Azərbaycan xalqı XIX əsrin başlanğıcından etibarən mümkün olan bütün vasitələrdən istifadə etməklə işğalçılara qarşı mübarizəyə qalxdı. XIX əsrin 30-cu illərinin əvvəllərindən Car-Balakən, Lənkəran, Şirvan və sair bölgələdə rus müstəmləkəçilərinə qarşı bir sıra çıxışlar baş verdi. Sonuncu Lənkəran hakimi Mirhəsən xanın başçılığı altında 1831-ci ilin martın əvvəlində başlayan üsyan Azərbaycan xalqının ən güclu çıxışlarından biri idi. Ən qısa müddət ərzində Mirhəsən xanın ətrafına min nəfərədək silahlı atlı toplaşdı. Rus hökumətinin bütün cəhdlərinə baxmayaraq Lənkəran üsyanı təxminən 2 aya qədər davam etdi, yalnız əlavə qüvvələr gətirildikdən sonra yatırıldı [15, s.24-48]. 
XIX əsrin 30-40-cı illərində antirus, antimüstələkə üsyanlarından ən güclüsü və geniş miqyaslısı 1837-ci il Quba üsyanı oldu. Üsyançılar Xuluq kəndxudası Hacı Məmmədi özlərinə başçı seçdilər. Əyalətin əsas hissəsi Hacı Məmmədin nəzarəti altına keçdi [30, s.72]. Üsyançılar buradan Qubaya doğru yönəlib şəhərin həndəvərində düşərgə saldılar. Üsyançıların sayı qısa müddətdə 12 min nəfərə çatdı. Üsyanın rəhbərlərindən Yarəli və Usta Osmanın Quba üzərinə hücumu gözlənilən nəticəni vermədi. Hacı Məmməd məcburiyyət qarşısında mühasirəni ləğv edib dəstə üzvlərini buraxdı və Xuluqa qayıtdı. Hacı Məmməd həbs olundu. Yarəli dağlara çəkilib mübarizəni davam etdirirdi. Üsyanın 36 nəfər başçısı hərbi səhra məhkəməsində ittiham olundu. Hacı Məmməd daxil olmaqla bir qrup edam olundu [3, s.193-194].
 
 Şimali Azərbaycanda müstəmləkəçi rus rejiminə qarşı üsyanlardan biri də 1838-ci ildə Şəki əyalətində baş verdi [22, s.169]. Həmin il sentyabrın 1-də üsyançılar müqavimətsiz olaraq Şəki şəhərinə daxil oldular. Bu Şəki üsyanının ən yüksək nöqtəsi idi. Lakin qızğın döyüşlər nəticəsində bir neçə gündən sonra üsyançılar Şəki şəhərini tərk etmək məcburiyətində qaldılar. Rus əsgərləri və İlisu sultanının süvariləri tərəfindən təqib olunan üsyançılardan 100 nəfərindən çoxu əsr alınıb komendanta təhvil verildi [2, s.117-118]. Məşədi Məmməd isə məşhur üsyançı Yarəli ilə birlikdə təxminən 200 nəfərlik dəstə ilə Şəki əyalətinin sərhədləri boyu manevrlər edərək yeni həmlə üçün məqam axtarırdı. 1838-ci il sentyabrın sonunda cəza dəstələri üsyançıları məğlub etdi. Məşədi Məmməd böyük çətinliklə Cənubi Azərbaycana gedib çıxmağa müvəffəq oldu [7, s.271-272]. Məğlubiyyətə baxmayaraq bu üsyanlar izsiz qalmadı. Üsyanlar müstəmləkə rejiminə qarşı Azərbaycan xalqının mübarizə əzminin ifadəsi oldu. Xalqın kütləvi hərəkatı, silahlı üsyanlar nəticəsində Rusiya Qafqazda özlərinin müstəmləkə siyasətində bəzi dəyişikliklər etmək məcburiyyətində qaldılar.
 
1840-cı il aprelin 10-da çar hökuməti inzibati islahat haqqında qanun verdi. Qanuna görə komendant idarə üsulu ləğv olundu. Cənubi Qafqaz mərkəzi şəhəri Tiflis olan Gürcüstan-İmeretiya quberniyasına və baş şəhəri Şamaxı olan Xəzər vilayətinə bölündü. Qondarma “erməni vilayəti” ləğv edildi. Azərbaycanın böyük bir hissəsi Xəzər vilayətinin tərkibinə daxil oldu. Vilayət Şamaxı, Şuşa, Şəki, Lənkəran, Bakı, Quba və Dərbənd qəzalarına, qəzalar isə məntəqələrə bölünürdü. Gürcüstan-İmeretiya quberniyasının tərkibinə Yelizavetpol, Balakən, İrəvan və Naxçıvan qəzaları daxil idi [7, s.272]. Çar hökuməti Qafqazda mövqelərini möhkəmləndirmək üçün 1844-cü ildə burada canişinlik təsis etdi. Çarın Qafqazda ilk canişini Mixail Vorontsov oldu [20]. Onun dövründə 1846-cı ildə Cənubi Qafqazda yeni inzibati bölgü həyata keçirildi. Ölkənin ərazisi Tiflis, Kutais, Şamaxı (1858-ci il Şamaxı zəlzələsindən sonra quberniyanın mərkəzi Bakı oldu) və Dərbənd quberniyalarına bölündü. Həmin ilin dekabrında bəy və ağaların hüquqlarının bərpa olunmasına dair fərman verildi.
1867-ci ildə Yelizavetpol quberniyası təşkil edildi [21]. Mərkəzi Gəncə (Yelizavetpol) şəhəri idi. 1868-ci ilin yanvarında fəaliyyətə başlayan yeni quberniyaya Bakı quberniyasından Şəki və Şuşa qəzaları, Tiflis quberniyasından Qazaxla birlikdə Gəncə qəzası,İrəvan quberniyasından Ordubad qəzasının Mığrı (Mehri) məntəqəsi və təzə təşkil olunmuş Zəngəzur qəzası verildi. 1874-cü ildə əlavə müstəqil Ərəş qəzası, 1883-cü ildə Cəbrayıl və Cavanşir qəzaları yaradıldı. Qəzalar məntəqələrə bölündü. 1881-ci ildə ləğv olunmuş canişinlik sistemi 1905-ci ildə bərpa olundu. Bu inzibati bölgü Azərbaycanda 1918-ci ilə qədər demək olar ki, dəyişmədi.
 
Ölkə daxilində 60-cı illərdə baş verən hadisələrin fövqündə təhkimçilik hüququnun ləğv edilməsi dayanırdı. Çar II Aleksandrın 19 fevral 1861-ci il tarixli fərmanı ilə Rusiyada təhkimçilik hüququ ləğv edildi. Bu və digər islahatlar imperiyanın hər yerində öz təsirini göstərdi. Çar hökuməti digər milli ucqarlarda olduğu kimi Cənubi Qafqazda, o cümlədən Azərbaycanda aqrar islahatın keçirilməsini qəsdən ləngidirdi. İslahat əvvəlcə 1864-cü ildə Gürcüstanda keçirildi. Bundan iki il sonra Azərbaycanda islahatın layihəsini hazırlamaq üçün bəy komissiyaları təşkil edildi. Nəhayət, Rusiyadan 9 il sonra çar hökuməti Azərbaycanda aqrar islahat keçirməyə razı oldu. Azərbaycanda kəndli islahatının əsas qanuni sənədi 1870-ci il mayın 14-də verilən “Torpaq quruluşu haqqında əsasnamə” və ya Kəndli Əsasnaməsi idi [4, s. 108]. 14 may 1870-ci il islahatını Azərbaycanda təhkimçiliyin ləğvi kimi qiymətləndirmək düzgün olmazdı. Burada kəndlilərin feodal asılılığı münasibətləri təhkimçilik səviyyəsində deyildi. Rusiyadakı kimi kəndlilərin rəsmən alınıb satılması halları yox idi. 1870-ci il 14 may «Əsasnaməsi»nin maddələri əsas etibarilə kəndlilərin feodal asılılığının ləğv edilməsi, kəndlilərə şəxsi azadlığın verilməsi, vergilərin nizama salınması, pay torpağının verilməsi, mükəlləfiyyətlərin ləğv olunmasından ibarət idi. Burada da 1847-ci il “Əsasnaməsi”nə uyğun olaraq, kəndlilərin məhsullarının onda bir hissəsinin malcəhət kimi torpaq sahibinə verilməsi, 15 yaşına çatmış kişilərə beş desyatin (1 desyatin ≈ 1 ha) pay torpağının verilməsi nəzərdə tutulurdu [19].
 
Azərbaycanda kapitalist münasibətləri təkcə Bakıda deyil, ondan yüz kilometrlərlə məsafədə yerləşən qəzalarda və kəndlərdə də inkişaf etdi. Rusiyada əridilən misin 35%-ni verən Gədəbəydəki zavodlar, Nuxada, Şuşada, Ordubaddakı 33 ipəkçilik fabriki, 150-dən artıq kərpic və sement zavodu, 50-dən artıq pambıqtəmizləyən zavod, onlarla tütün fabriki, şərab zavodu, duz mədəni, balıq vətəgəsi, çəltik təmizləyən dəyirman, rabitə müəssisəsi və başqaları yeni müəssisələri idi. Əsrin sonunda bu müəssisələrdə 40-50 min fəhlə çalışırdı [7, s.278]. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycanın əyalətlərində kapitalizmin inkişafı yüksək səviyyədə olmasa da, ölkənin digər milli ucqarlarından geridə qalmırdı. XIX əsrin 70-90-cı illərində kənddə təbəqələşmə prosesinin gedişində bir-birinə zidd olan iki qütb yaranırdı. Onun bir başında kəndli kütlələrini istismar edən qolçomaqlar – kənd burjuaziyası, digər qütbündə çoxluğu təşkil edən yoxsullar və muzdurlar dayanırdı.
 
Uzun müddət mədənlərin fasiləsiz icarəyə verilməsi neft sənayesinin inkişafını ləngidirdi. Ölkədə neftə artan tələbat onun inkişafına mane olan səbəblərin, o cümlədən icarə sisteminin ləğvini tələb edirdi [25, s.46-67]. 1872-ci il fevralın 17-də icarə sisteminin ləğvi haqqında qanun verildi. Həmin ilin dekabrında neft yataqları hərrac vasitəsilə satışa çıxarıldı. Neft yataqlarının zənginliyi, mənfəətin çoxluğu və ucuz işçi qüvvəsinin olması nəticəsində xarici kapitalın Bakı neft sənayesinə güclü axını başlandı. Xarici kapitalın ilk nümayəndəsi İsveç təbəəsi Robert Nobel oldu. Nobel qardaşları Bakıya 70-ci illərin ortalarında gəlsələr də, öz şirkətlərini 1879-cu ildə təşkil edə bildilər. Nobel qardaşlarından sonra iri xarici kapitalistlər fransız Rotşild və ingilisləri təmsil edən Vişau idi.  1873-cü ildə Bakıda 12 şirkət olduğu halda, əsrin sonunda onların sayı 140-a çatırdı. 1870-ci ildən 1901-ci ilə qədər neft istehsalı 165 dəfə artdı. Bakı neft sənayesi dünya neft istehsalının yarıdan çoxunu və Rusiyadakı istehsalın isə 95 faizini verirdi [26. s.355]. Azərbaycan şəhərləri inkişaf edirdi. 1859-cu ildə 12 min nəfərin yaşadığı Bakıda 1897-ci ildə 112 min əhali yaşayırdı. 1897-ci ildə Gəncədə 30 min, Şəki, Şuşa, Şamaxının hər birində 20 min əhali yaşayırdı. Azərbaycanda 1873-cü ildə 1,2 milyon, 1897-ci ildə 1,8 milyon nəfər yaşayırdı. Şəhər əhalisi ölkə əhalisinin 14,6 faizini təşkil edirdi. Müqayisə üçün, Rusiyanın Avropa hissəsində bu rəqəm 13% təşkil edirdi [3, s.211]. 1868-ci ildə qəzalardan keçməklə Tiflisdən Bakıya teleqraf xətti çəkildi. Sonra Gəncə ilə Şuşa arasında çəkildi. XX əsrin əvvəllərində Bakı teleqraf xətti Dərbənd, Port-Petrovski (Mahaçqala), Minvod və s. şəhərləri ilə birləşdirildi [28, s.259, 267, 461].
XIX əsrin sonu- XX əsrin əvvəllərində carizm Azərbaycanda köçürmə siyasətini davam etdirirdi və köçürülənlər əsasən yerli kəndlilər hesabına torpaqla təmin edilirdilər. Ermənilərlə yanaşı Azərbaycana ruslar, hətta almanlar da köçürülürdü. Birinci Dünya müharibəsi ərəfəsinə qədər Şimali Azərbaycana 210 min nəfər rus köçürülmüşdü. Onlardan 110 min nəfəri şəhərlərdə və mərkəzi qəzalarda, 100 min nəfəri isə kənd yerlərində yerləşmişdi [6, s.67].
 
 70-90-cı illərdə kəndlilər bəy, mülkədar, həmçinin rus çarizminin nümayəndələrinə qarşı sərt etiraz formalarından istifadə edir, hakimiyyətə tabe olmurdular. Bu dövrün geniş yayılmış hərəkatı qaçaqçılıq idi. Bu qaçaqlardan Tanrıverdi və Əli Qazax, Dəli Alı Gəncə, Məşədi Məcid Quba, Süleyman Qarabağ, Yusif Zaqatala, Kərəm Qərb bölgələri, Kərim Şəki və digər bölgələrdə fəaliyyət göstərirdi [23]. Dəli Alı Şəmkirdə 1857-ci ildə anadan olmuşdu. Gəncəbasarın ən məşhur qaçağı idi, çar məmurlarına divan tutduğuna görə onu “Qafqaz şeytanı” adlandırırdılar. Hakimiyyətin və ya şəxsi düşməninin sifarişi ilə 1917-ci ildə öldürüldü [10]. 
 
Qaçaq Nəbi 1854-cü ildə indiki Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuşdu. Həyat yoldaşı Həcərlə birlikdə uzun müddət çar hökumətinə qarşı vuruşub, xalqın maraqlarını müdafiə etmişdir. 1896-cı ildə Kərbəla ziyarətindən qayıdarkən Türkiyə ilə İranın sərhəddində, Cənubi Azərbaycan ərazisində olan Larni kəndində rus casusları tərəfindən qətlə yetirildi [11].
 
 Azərbaycanda genişlənməkdə olan siyasi hərəkatda iki müxtəlif istiqamət gözə çarpırdı: 1) türk və islampərəst milli burjua hərəkatı; 2) erməni-rus ittifaqının təsiri altına düşən sosialist, sosial-demokrat hərəkatı. Bu dövrdə Rusiyada sosial-inqilabi hərəkat genişlənmişdi. Bu hərəkatın ən nüfuzlu partiyası olan Rusiya Sosial-Demokrat Fəhlə Partiyası (RSDFP) Azərbaycanın siyasi həyatına da nəzarəti ələ almaq məqsədilə 1901-ci ildə partiyanın Bakı komitəsini yaratdı. 1904-cü il dekabr tətili Bakı fəhlələrinin ən böyük aksiyası oldu və Rusiyanın inqilabi mübarizə tarixində ilk dəfə olaraq fəhlələrin qələbəsi ilə başa çatdı. Dekabrın 30-da tətilçilərlə neft sənayeçiləri arasında danışıqlar müvəffəqiyyətlə başa çatdırıldı və fəhlələrin “Mazut konstitusiyası” adlandırdıqları ilk müştərək müqavilə imzalandı. Bu müqavilə yalnız neft sənayesində işləyən fəhlələrə aid idi [18, s. 42-43]. 1905-ci il yanvarın 9-da Peterburqda nümayiş içtirakçılarının gülləbaran edilməsi tarixə “Qanlı bazar” hadisəsi kimi daxil oldu və imperiyanın hər yerində, o cümlədən Azərbaycanda da etiraz çıxışları və tətillərin başlamasına səbəb oldu. Bu gərgin vəziyyətdən ermənilər azərbaycanlılara qarşı qırğın törətmək üçün istifadə etdi. Faciəvi hadisələr Bakıda başladı. 1905-ci il fevralın 6-da Bakıda ermənilərin azərbaycanlılara qarşı başladıqları qırğınlar 3 gün davam etdi, il ərzində İrəvanda, Naxçıvanda, Qazaxda və digər yerlərdə təkrarlandı. Rusiya hökumətinin himayəsi və dəstəyi ilə azərbaycanlılara qarşı kütləvi qətliam törədildi [12].
 
 Siyasi təşkilatlanma sahəsində də azərbaycanlılardan xeyli üstün olan ermənilərin 1890-cı ildə Tiflisdə yaradılan ifrat millətçi, terrorçu “Daşnaksütün” partiyası mövcud idi. Partiyanın məqsədi Şərqi Anadoluda erməni dövləti qurmaq idi. Rusiya ərazisinə köçməzdən əvvəl Türkiyə torpaqlarında terrorçuluq fəaliyyəti göstərən ermənilər Rusiyanın köməyilə Azərbaycan torpaqlarında yerləşdikdən sonra burada da fəaliyyətlərini davam etdirdilər. 
 
XX əsrin başlanğıcında Rusiyada baş verən siyasi hadisələr nəticəsinda yaranan tarixi şərait Azərbaycan milli burjuaziysının da milli təfəkkürünün inkişafına mühüm təsir göstərdi. O dövr milli ziyalilarımızın qabaqcıl nümayəndələrindən Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Üzeyir bəy Hacıbəyli, Mirzə Ələkbər Sabir, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə və başqalarının milli mətbuatdakı çıxışları xalqın milli təfəkkürünün formalaşmasında mühüm rol oynadı. Milli hərəkatın əsas aparıcı qüvvələri milli burjuaziya və demokratik ziyalılar idi.
 
 Azərbaycan ziyalılarının bəziləri- S.M.Əfəndiyev, M.Əzizbəyov RSDFP-nin üzvü idilər. Lakin M.Ə.Rəsulzadə, A.Kazımov, M.H.Hacınski kimi bir çox qabaqcıl ziyalılar bu partiyaya daxil olmayaraq, 1904-cü ilin oktyabrında özlərinin müstəqil milli təşkilatlarını, müsəlman aləmində ilk sosial-demokrat “Hümmət” təşkilatını yaratdılar [17, s.30]. Hümmətçilər “Hümmət”, “Təkamül”, daha sonra “Yoldaş” qəzetini nəşr etdilər. M.Rəsulzadənin “Hümmət”də fəaliyyəti təqribən 1909-1910-cu illərə qədər, yəni təqiblərə məruz qalaraq İrana mühacirət etməsinədək davam etdi [8, s.6-7]. Azərbaycanlı qruplar rus-erməni qəsdlərinə qarşı birgə hərəkət etmək istəyilə 1905-ci ilin payızında Əhməd bəy Ağaoğlunun başçılığı ilə Bakı və Gəncədə “Difai” adlı təşkilat yaratdılar. Bu təşkilatın məqsədi azərbaycanlılara qarşı edilən haqsızlıqların və təcavüzlərin qarşısını almaq idi. Azərbaycan milli hərəkatının ilk nüvəsini təşkil edən “Difai” təşkilatı əhali arasında yaydığı gizli vərəqələrdə “erməni-müsəlman” qırğınında Rusiyanı günahlandırır, ermənilərə havadarlıq edən çar hökumətinə qarşı çıxış edirdi [13, s.20, 21, 24, 26, 27]. Onun ardınca Həmid bəy Yusifbəyli “Sosial Federalist Türk İnqilabi Komitəsi”, daha sonra Ələkbər bəy Rəfibəyli bu komitənin əsasında “Qeyrət” adlı təşkilat yaratdı [5].
 Azərbaycan nümayəndələri Rusiya müsəlmanlarının birgə fəaliyyəti istiqamətində mübarızəni də genişləndirməyə başladı. M.Ə.Rəsulzadənin təşəbbüsü ilə 1902-ci ildə Bakıda “Müsəlman gənclər təşkilatı” yaradıldı. Davamlı işlərin nəticəsi olaraq 1905-ci ilin avqustunda Nijni-Novqorodda I Ümumrusiya Müsəlmanları qurultayı toplandı. Qurultaya Krım, Qafqaz, Kazan, Ural, Türküstan və Sibirdən 150 nümayəndə qatıldı. Bu qurultayın keçirilməsinə rəsmi icazə alınmadığından nümayəndələr çar hökumətilə münaqişəyə girməmək üçün bir səyahət gəmisində toplanaraq içlaslarını keçirdilər. Konfransa rəhbərliyi İ.Qaspıralı, Ə.Topçubaşov, Y.Ağçura edirdi. Müzakirələrin əsas mövzusu müsəlman hərəkatının təşkilatlanma məsələsi idi. Müzakirələrin nəticəsi olaraq “Rusiya Müsəlmanları İttifaqı” və ya qısaca olaraq “İttifaq” yaradılması qərara alındı. Bundan başqa qurultay Müsəlman İttifaqına rəhbərlik etmək üçün daimi yeri Bakı olan Mərkəzi Komitə yaratdı [29]. 17 oktyabr 1905-ci il çar manifesti ilə Rusiyada parlament (duma) yaradıldı. Azərbaycandan da Dumaya deputatlar seçilirdi. Qısa vaxt ərzində fəaliyyət göstərmiş I, II, III Dumalara Azərbaycandan Ə.Topçubaşov, F.Xoyski, X.Xasməmmədov və digərləri seçildi. Onlar Dumada azərbaycanlıların, bütövlükdə Rusiya müsəlmanlarının maraqlarını təmsil etməyə çalışırdılar [7, s.314-315]. I və II Dumada müsəlman fraksiyasına Ə.Topcubaşov rəhbərlik edirdi. III Dövlət Dumasına X.Xasməmmədov, IV Dövlət Dumasına isə M.Y.Cəfərov seçildi.
 
 Azərbaycan türklərinin milli-azadlıq hərəkatında “Müsavat” partiyası xüsusi rol oynadı. 1905-1907-ci illər inqilabından sonra qabaqcıl Azərbaycan ziyalılarının bir hissəsi Türkiyədə öz fəaliyyətlərini davam etdirərkən, Bakıda qalan bir qrup ziyalı “Müsavat” partiyasının əsasını qoydular. Keçmiş hümmətcilər Abbasqulu Kazımzadə, Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadənin (M. Ə. Rəsulzadənin əmisi oğlu) 1911-ci ildə “Müsavat” adlı bir dərnək qurdular. “Müsavat”ın proqramında bütün müsəlmanların birliyi, müsəlman ölkələrinin müstəqilliyi, Rusiyada yaşayan müsəlmanların, o cümlədən azərbaycanlıların müdafiə olunması kimi ideyalar yer aldı [16]. Daha çox ziyalılar, tələbələr, tacirlər və iş adamları tərəfindən dəstəklənən “Müsavat”ın proqramında Ə.Hüseynzadənin “Türkləşmək, Avropalaşmaq, İslamlaşmaq!” ideyası öz əksini tapdı. 1913-cü ildə M.Ə. Rəsulzadə çarın Romanovlar sülaləsinin 300 illiyi münasibətilə imzaladığı əfv fərmanından istifadə edərək Türkiyədən Azərbaycana dönməyi qərara aldı. M.Rəsulzadə az müddət içərisində partiyanin lideri səviyyəsinə yüksələrək, hər zaman türk xalqlarının birliyi ideyasını təbliğ edirdi. Bu dövrdə Azərbaycan mətbuatı özünün qızıl çağını yaşayırdı. 1905-1917-ci illər arasında Azərbaycanda 63 qəzet və jurnal dövriyyəyə daxil oldu. Bu, çox mühüm göstərici idi [9]. Bunların arasında ədəbi jurnallardan “Füyuzat”, gündəlik qəzetlərdən “Həyat” və “İrşad” xüsusi yer tuturdu. Hindistan , Əfqanıstan kimi uzaq yerlərdə belə abunəçiləri olan “Molla Nəsrəddin “ satirik jurnalı dövrün ən populyar və mətbuat baxımından ən seçilən jurnalı idi [1, s.79-84]. C.Məmmədquluzadənin redaktor olduğu bu jurnalın ətrafında M.Ə.Sabir, Ə.Qəmküsar, Ö.F.Nemanzadə, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə kimi Azərbaycanın böyük ziyalıları toplaşmışdı.
 
Azərbaycan dünyanın yeni çağırışlarına uyğun olaraq inkişaf edir, qədim dövlətçilik ənənələrinin bərpası, müasir tipli dövlət quruculuğuna doğru gedirdi.
 
 Ədəbiyyat:
 
 1. Azərbaycan mətbuat tarixi. Ali məktəblər üçün dərslik. Bakı, “Təhsil” nəşriyyatı, 2006.
 
2. Azərbaycan tarixi. 7 cilddə, IV cild (XIX əsr). Bakı, “Elm”, 2007.
 
3. Azərbaycan tarixi (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik (yenilənmiş üçüncü nəşri). Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, “Bakı Universiteti”, 2016.
 
4. Baxşəliyeva F.E. Şimali Azərbaycanda 1870-ci il Kəndli islahatlarından sonra torpaq sahibliyi və torpağın icarə edilməsi haqqında.- “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, 2010, № 2.
 
5. Böyük nəslin böyük faciəsi.- web.archive.org/web/20221123210447/ http:www.anl.az/ down/meqale/azadliq/2012/oktyabr/265574.htm.
 
6. Əhmədov H. XIX əsrin sonu-XX əsrin əvvəllərində Şimali Azərbaycanda rus kolonlaşması məsələsinə dair. “Bakı Universitetinin Xəbərləri”, Tarix və onun problemləri, 2009, №4.
 
7. Qəniyev H. Azərbaycan tarixi (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək). Ali Məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2019.
 
8. Məhəmməd Əmin Rəsulzadə. Biblioqrafiya. Nəsiman Yaqublunun redaktəsi ilə. Bakı, “Ziya” NRM, 2015.
 
9. 1905-1906-cı illərdə mətbuat.- kayzen.az/blog/Azərbaycan-tarixi/18688/1905-1906-cı illərdə-mətbuat.html.
 
10. Nəbi C. Dəli Alı.- web.archive.org/web/20171221131454/ //karabakhmedia. az/main/12456-qafqaziyy-seytani-yox-qafqaziyy-qartali-dli-ali.html.
 
11. Nərimanoğlu H. “Qaçaq Nəbi tarixi”nin “arxiv ömrü” sona çatdı. “525-ci qəzet”, 22.06.2011, s.6.
 
12. Novruzov Ə. Erməni-azərbaycan münaqişəsinin tarixi: 1905-1906-ci il hadisələri. (2-ci hissə), 06.02.2023.- politicon.co/az/esseler/161/ermeni-azerbaycanli-munaqisesinin-tarixi-1905-1906-ci-il-hadiseleri/2-ci-hisse.
 
13. Şeyxzamanlı N. Azərbaycan İstiqlal Mücadiləsi xatirələri. Bakı, “Azərbaycan” nəşriyyatı, 1997.
 
14. Cornell S.E. Small Nations and Great Powers: A Study of Etnopolitical Conflict in the Caucasus. London-New York, 2001.
 
15. Shahvar S., Abramoff E. The Khan, the Shah and the Tsar: The Khanete of Talech between Iran and Russia. London, New York: I.B.Tauris & Co.Ltd, 2018.
 
16. Smith M.G. “Anatomy of a Rumour. Murder Scandal, the Musavat Party and Narratives of the Russian revolution in Baku, 1917-1920”, Journal of Contemporary History, Vol.36. Issue 2, April 2001:216-218.
 
17. Багирова И.С. Политические партии и организации Азербайджана в начале XX века. Баку, «Элм», 1997.
 
18. Бакинская стачка 1904г.// Сборник документов. Баку, 1955.
 
19. Буржуазные реформы в Азербайджане.- myshared.ru/slide/836997/.
 
20. Воронцов М.С.- prlib.ru/history/619275.
 
21. Елизаветпольская губерния. Большая российская энциклопедия (Электронный ресурс), 2017.- web.archive.org/web/20221122185548/ //bigenc.ru/domestic_ history/ text/ 3822603.
 
22. Исмаилов Э. Очерки по истории Азербайджана. Москва, «Флинта», 2010.
 
23. Исторический очерк.- web.archive.org/web/20120529072457/ //www. azerbembassy.org.cn/rus/ historical19.html.
 
24. История Иревана.- mod.gov.az/ru/istoriya-irevani-410.
 
25. Косторниченко В.Н. Иностранный капитал нефтяной промышленности до революционной России. // Экономическая история. Обозрение/ Под ред. Л.И.Бородкина. Вып. 10. Москва, изд. МГУ, 2005.
 
26. Отдел статистический.// Кавказский календарь на 1915 год. Тифлис, Тип. Канц. намес. Е.И.В. на Кавказе, 1914.
 
27. Парсамян В.А. История армянского народа. 1801-1900 гг. Книга первая. Ереван, 1972.
 
28. Почтово-Телеграфный журнал, Санкт-Петербург, изд. Министерства внутренных дел, 1899, № 8.
 
29. Синенко С. Первый Всероссийский Мусульманский съезд. Посреди России.- posredi.ru/b_11_17_1_muslim_siezd_1917.html.
 
30. Сумбатзаде А. Кубинское восстание. Баку, изд. АН Азерб. ССР, 1961.  
 
31. Фирсов С.Л. История России 18-начало 20 в. Москва, изд. «Академия», 2012.
 
Link kopyalandı!
Son xəbərlər