“Azərbaycan ədəbiyyatında iki cərəyan - xalq və saray ədəbi cərəyanları mövcud idi. Birinci cərəyanın nümayəndələri xalqın istək və arzularını əks etdirdiyi halda, ikinci cərəyan hakim təbəqələrin həyatını mədh edirdi…”
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
Xanlıqlarından top istehsal edənləri də var idi…
Xanlıqların ictimai-iqtisadi, siyasi quruluşu və mədəni həyatı.
XVIII əsrin ikinci yarısında ümumilikdə Azərbaycanda məhsuldar qüvvələr zəif inkişaf edirdi. Kənd təsərrüfatı ağır vəziyyətdə idi. Torpağın becərilməsində ibtidai alətlərdən istifadə edilirdi. Xarici basqınlar, ara müharibələri süni suvarma şəbəkəsini dağıtmış, mal-qaranın sayının azalmasına səbəb olmuşdu. Lakin buna baxmayaraq ayrı-ayrı xanlıqlarda əkinçilik və maldarlıq dirçəlir, suvarma şəbəkələri bərpa edilir. Pənahəli və İbrahimxəlil xanın dövründə Mildə olan suvarma arxlarınm bərpasına təşəbbüs edildi [9, s.224-225]. Azərbaycan əhalisi əsasən taxılçılıq, maldarlıq, bağçılıqla məşğul olurdu. Quba, Dərbənd, Bakı xanlıqlarında boya bitkisi, zəfəran və s. yetişdirilirdi. Şəki və Şirvan ipəkçiliyin əsas mərkəzi olaraq qalırdı. Salyanda Kür çayı hövzəsində balıq ovu genişlənmişdi. Balıq ovu ildə 50 min gümüş manat gəlir verirdi [14, s.21, 32, 53].
Əvvəlki torpaq mülkiyyət formaları qalmaqda idi. Xanlıqlarda bütün torpaqlar xana məxsus idi. Divan torpağı ilə xanın şəxsi torpağı arasında fərq yox idi. Xanın ayrı-ayrı şəxslərə verdiyi torpaq - tiyul adlanırdı. Tiyuldar xanın fərmanı ilə ona verilən torpağın və kəndlilərin sahibi idi. Tiyul torpaqları ancaq xanın fərmanı ilə irsi keçə bilərdi. Tiyuldan fərqli olaraq mülk sahibləri xana xidmət etməyə borclu deyildi. Onlar xanın xəzinəsinə müəyyən miqdarda vergi verirdi. Mülklər alınıb-satıla bilərdi [5, s.155-158].
Kəndlilər bir neçə qrupa bölünürdü. Onların əsas hissəsini rəiyyət təşkil edirdi. Kəndlilər icmalarda birləşir, divan, vəqf, sahibkar torpaqlarını becərirdilər. Nisbətən azlıq təşkil edən qrup rəncbərlər idi. Onlar xanın və naiblərin təsərrüfatlarında işləyirdilər. Əhalinin müəyyən hissəsini elat təşkil edirdi. Onlar vergilərdən azad edilir, xanın hərbi qüvvələrində iştirak edirdilər. XVIII əsrin ikinci yarısında Azərbaycanda yenə də məhsul rentası əsas yer tuturdu. Lakin bununla yanaşı rentanın işlə və pulla ödəmə forması da var idi. Rəiyyətdən alınan əsas vergi məlcəhət adlanırdı. Müxtəlif xanlıqlarda onun həcmi müxtəlif idi. Otlaqlar üçün çöpbaşı, bağbaşı, dini bayramlar üçün bayramlıq, ağanın ailəsində toy olarkən toy xərci alınırdı. Bundan başqa bir çox vergi növləri vardı. Qarabağ xanlığında 17 növ vergi var idi. Bununla yanaşı rəiyyət biyar və əvrəz (iməclik) adlı mükəlləfiyyətlər yerinə yetirməli idi [10, s.73].
Azərbaycanın iqtisadiyyatında sənətkarlıq mühüm yer tuturdu. Şəhər və kəndlərdə əmək alətləri, dəri məmulatı, ev əşyaları hazırlayan sənətkarlıq emalatxanaları var idi. Şamaxı özünün ipək parçaları ilə şöhrət tapmışdı. Şirvanda mis qab-qacaq və silah hazırlanan mərkəz Lahıc idi. Burada kiçik həcmli toplar da tökülürdü. Quba, Qarabağ, Naxçıvanda xalça istehsalı geniş şəkil almışdı. XVIII əsrin ikinci yarısında Azərbaycanda ümumilikdə şəhər həyatı durğunluq keçirirdi. Ancaq bu və ya digər xanlıqların mərkəzinə çevrilən Şamaxı, Quba, Şuşa, Təbriz, Şəki və s. şəhərlər inkişaf edirdi. Şəhərlərin görünüşündə elə bir dəyişiklik olmamışdı. Şəhər əhalisinin bir hissəsi sənətkarlıq və ticarətlə məşğul olsa da, kənd təsərrüfatından tam ayrılmamışdı. Xəzər dənizində mühüm liman olan Bakının 3 min əhalisi var idi. Onun iqtisadiyyatının əsasını neft və duz təşkil edirdi. Şamaxıda 5 min əhali yaşayırdı. Xanlıqlar dövründə ticarət xeyli zəifləmişdi. Azərbaycan şəhərlərini əsasən quru ticarət yolları birləşdirirdi. Xarici ölkələrə əsasən neft, ipək, duz, balıq, zəfəran, mahud və s. ixrac edilirdi.
Bir sıra xanlıqlar müstəqil dövlət qurumlarına çevrildilər. Xanlıqların dövlət quruluşu xeyli sadələşdi. Xanlığın ali hakimi xan idi, hər bir xanlığın özünəməxsus dövlət quruluşu və məhkəmə sistemi var idi. Xanlıqlarda (məs., Qarabağ) dövlət dövlət şurası (divan), inzibati, vergi və hərbi idarələrdən ibarət idi. Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Onları xanın təyin etdiyi naib idarə edirdi. Naibin ixtiyarında darğa, yüzbaşı, kəndxuda vardı. Məhkəmə işləri ruhanilərin əlində idi. Ölüm hökmünü xan çıxarırdı. Xanın qoşun hissələrinin əsasını piyada və süvarilər təşkil edirdi [13, s.35-40].
Xanlıqların mərkəzi olan şəhərlər sənətkarlıq və ticarət mərkəzləri olmaqla yanaşı mədəni mərkəzlər idilər. Şəhərlərdə olan mədrəsələrdə ərəb və fars dillərində dərslər aparılırdı, əsas yeri dini fənlər tuturdu. Mədrəsələrdə təhsil alan Azərbaycan ziyalıları içərisində şeirə maraq daha güclü idi. Elm sahəsində elə bir irəliləyiş nəzərə çarpmır. Görkəmli coğrafiyaşünas - səyyah Zeynalabdin Şirvani [8, s.117] və tarixçi Əbdülrəzzaq bəy Dümbili [11, s.204-208] bu dövrdə yaşayıb yaratmışlar.
Azərbaycan ədəbiyyatında iki cərəyan - xalq və saray ədəbi cərəyanları mövcud idi. Birinci cərəyanın nümayəndələri xalqın istək və arzularını əks etdirdiyi halda, ikinci cərəyan hakim təbəqələrin həyatını mədh edirdi. Şifahi xalq yaradıcılığı və aşıq şeri inkişaf edirdi. Azərbaycan ədəbiyyatı və dili tədricən xarici sözlərdən təmizlənirdi. Füzuli ənənələrini davam etdirən, aşıq yaradıcılığından bəhrələnən bir sıra şairlər yetişirdi. XVIII əsrin II yarısında görkəmli şairlər - Arif Təbrizi [1, s.13], Arif Şirvani [2, s.37-38], Nəbi [6], Xəstə Qasım [12] və başqaları olmuşlar. Arif Təbrizi Təbrizdə və Şuşada yaşamış lirik bir şair idi. Arif Şirvani Lahıcda yaşamış, çoxlu qəzəl və həcvlərin müəllifıdir. Nəbi Şəkidə baş verən kəndli çıxışlarına şeirlərində geniş yer vermişdir. Xəstə Qasım qoşma və gəraylı formasında yazmışdır. O, həm də Dədə Qasım adı ilə tanınırdı, Təbrizdə doğulub, yaşayıb, sonra Şamaxıya köçmüşdü. XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Vidadi və Vaqif olmuşdur. Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. O, Poylu və Şıxlı kəndlərində müəllimlik etmiş, Qarabağ xanının və II İraklinin saraylarında yaşamışdır. Şair 1807-ci ildə vəfat etmişdir. Vidadinin yaradıcılığında şifahi xalq yaradıcılığı və aşıq poeziyası birləşmiş, onun əsasən lirik şeirləri vardır. Onun «Vaqif», «Çoxdandır», «Durnalar», «Ağlarsan» və s. şeirləri yayılmışdı [4].
M.P.Vaqif 1717-ci ildə Qazax mahalında anadan olmuş, ilk təhsilini orada almışdı. O, ailəsi ilə birlikdə əvvəl indiki Tərtər (Tərtərbasar) bölgəsinə, sonra isə Şuşaya gəlmiş, burada məktəbdə dərs demişdi. O, İbrahim xan tərəfındən saraya dəvət edilmiş, burada eşik-ağası və vəzirliyə qədər yüksəlmişdi. Vaqifin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi mərhələ təşkil edir. O, realizm ədəbi cərəyanı səviyyəsinə qədər yüksəlmişdi. Vaqif yaradıcılığında əsas yeri məhəbbət mövzusu tuturdu [3].
XVIII əsrdə Azərbaycanda incəsənətin musiqi, rəssamlıq, memarlıq sahələri inkişaf etmişdi. Aşıq yaradıcılığı yüksək mərhələyə qalxmışdı. Bu dövrdə ən çox istifadə edilən musiqi aləti saz, tar, balaban, zurna, tütək, nağara, dəf olmuşdur. Azərbaycanda bir sıra memarlıq abidələri yaradılmışdı. 1762-ci ildə Şəki xan sarayı tikilmişdir. Şuşada bir sıra maraqlı memarlıq abidələri inşa edilmişdir.
Qarabağ tarixçisi Mirzə Camal Cavanşirin yazdığına görə, İbrahimxəlil xan qalanı möhkəmləndirmək üçün 1783-1784-cü illərdə onun ətrafına 3,7 km uzunluğunda müdafıə hasarı çəkdirmişdi. Üç tərəf təbii sərhəd olduğuna görə həmin yerlərdə müdafiə divarları tikmək lazım gəlməmişdi. Qala divarlarının eni 2 metr 20 sm, hündürlüyü isə 8 metr olmuşdu. Hər 50 metrdən bir iri və əzəmətli bürclər ucaldılmışdı. Qalanın girəcəyində - şimal tərəfə «Gəncə qapısı», qərb tərəfə isə «İrəvan qapısı» adlanırdı [7, s.162]. Bütün bunlar Azərbaycanın xanlıqlar dövründə inkişaf etdiyini, yeni tarixi dövrə uyğun tendensiyaların yarandığını, müxtəlif istiqamətlərdə nəticələrin əldə olunduğunu göstərirdi.
Ədəbiyyat:
1. Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi. Bakı, “Maarif”, 1993.
2. Azərbaycan Milli Ensiklopediyası, II cild, Bakı, Azərbaycan Milli Ensiklopediyası NPB, 2010.
3. Cəfərov N. Molla Pənah Vaqif. Bakı, “Renessans-A”, 2017.
4. Dünyamalıyeva T. Molla Vəli Vidadi. Bakı, “Yazıçı”, 1987.
5. Əmrahov M., Çingizoğlu Ə., Həsənov H. Qarabağ xanlığı. Bakı, “Mütərcim”, 2008.
6. Xəlilzadə F. Qədim Şəkinin ədəbiyyat dastanı.- “Azərbaycan” qəzeti, 2009, 21 avqust, s.5.
7. Qarabağnamələr, I kitab. Bakı, “Şərq-Qərb”, 2006.
8. Qasımova A. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı, “Nurlan”, 2006.
9. Qəniyev H. Azərbaycan tarixi. Bakı, “Elm və Təhsil”, 2019.
10. Mustafazadə T. Qarabağ xanlığı. Bakı, “Sabah”, 2009.
11. Tərbiyət M. Danişməndani-Azərbaycan. Bakı, “Mücrü”, 2022.
12. Vahid T. Aşıq Xəstə Qasım haqqında.- “Mədəniyyət” qəzeti, 2012, 14 dekabr, s.15.
13. Мильман А.Ш. Политический строй Азербайджана в XIX-начале XX веков. Баку, Азербайджанское гос. изд., 1966.
14. Мустафаев Дж. Северные ханства Азербайджана и Россия: конец XVIII-начало XIX в. Баку, «Элм», 1989.