Assurların bacara bilmədiyi Manna sülaləsi... -Akif Nağıdan tariximizə fərqli baxış...
Elm və Təhsil
3741
08 Mar 2024 | 13:45

Assurların bacara bilmədiyi Manna sülaləsi... -Akif Nağıdan tariximizə fərqli baxış...

“Azərbaycan dövləti çiçəklənmə dövrünü İranzunun (e.ə. 740-719) hakimyyətinin əvvəlində keçirmiş, qüdrətli dövlətə çevrilmişdi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada: )
 
Azərbaycan tarixi AKİF NAĞININ təqdimatında... -VI mövzu
 
VI mövzu
 
Manna sülaləsinin hakimiyyətə gəlməsi
 
Assurların bacara bilmədiyi Manna sülaləsi...
 
Müəyyən siyasi pərakəndəlik dövründən sonra Azərbaycanda e.ə. II minilliyin sonu- I minilliyin əvvəllərində yenidən güclü mərkəzi hakimiyyət formalaşdı. Həmin vaxta qədər siyasi-hərbi hakimiyyət əsasən kas (kassi), turukki, su, lullubi, kuti soyları ilə təmsil olunurdu. Bu soy və sülalələrin əsas xidməti ondan ibarət oldu ki, Azərbaycanın qonşu dövlətlər tərəfindən zəbt olunmasına imkan vermədilər. Onlar bu müqaviməti pərakəndə hərbi-siyasi qüvvələr kimi göstərir, lakin bir araya gələrək vahid mərkəzləşmiş dövlət yarada bilmirdilər. Ayrı-ayrılıqda yerli hakimlər, hərbi-siyasi birlik rəhbərləri fəaliyyət göstərirdi. Mənbələrdə onların adları Zamua, Gilzan, Allabriya, Missi, Manna, Parsua, Uişdiş, Qızılbunda, Uşkaya, Andia, Zikertu, Sanqibutu, Puluadi “ölkələri” kimi qalmışdır. Əslində isə, bunlar müstəqil ölkələr deyildi, Azərbaycanın yerli hakimlər tərəfindən idarə olunan əyalətlərinin adları idi. E.ə. I minilliyin əvvəllərində bu əyalətlərdən Manna ön plana keçdi, güc mərkəzinə çevrildi və Manna sülaləsi mərkəzi hakimiyyəti bərpa etməyə başladı. Təəssüf ki, yanlış yanaşma nəticəsində “Manna dövləti” ifadəsi işlədilmişdir. Manna dövləti deyil, Manna sülaləsinin rəhbərliyi altında Azərbaycan dövlətində mərkəzləşmiş hakimiyyətin bərpa edilməsi qeyd olunmalıdır. Assur mənbələrində “Manna” (Munna) ifadəsi daha çox tayfa mənasında işlədilir [1, s.222]. Bir qədər də dəqiqləşdirsək, “Manna” ifadəsi tayfadan daha çox yeni sülaləni bildirir. Ona görə də “Manna dövləti”, “mannalılar” deyil, “Manna sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti” ifadəsi doğrudur...
 
Yuxarıda qeyd olunan əyalət adlarının bir hissəsi türk dilində izah olunur: Qızılbunda-qızıl, qırmızı təpə; Uişdiş-beş diş; Uşkaya-üç qaya və sair [1, s.223]. “Manna” adı Assur mənbələrində “Manna”, “Munna” [3, s.18-19], Urartu mənbələrində Mana [3, s.66-68] şəklində işlədilmişdir. Əksər alimlər hesab edir ki, bu dövrdə də Azərbaycanda aparıcı etnoslar lullubi və kutilər idi, eyni zamanda turukki, su və digər soylar da dövlətin idarə olunmasında iştirak edirdi. Manna sülaləsi lullubi və kutilərin həm qohumu, həm də davamçıları idi.
 
Manna sülaləsinin vaxtında klassik Azərbaycan dövlətçiliyinin əsası qoyuldu. Dövlətin sərhədləri konkretləşdi, idarəetmə sistemi formalaşdı, mərkəz-əyalət münasibətləri yarandı, şaquli tabeçilik qaydaları müəyyənləşdi, mütləq hakimiyyət, monarxiya forması bərqərar oldu, hakimiyyətin varislik əsasında ötürülməsi normaya çevrildi, böyük ehtimalla dövlət həyatını nizamlayan sənədlər də hazırlanıb, qəbul edildi, ölkədaxili iqtisadi əlaqələr, bazar münasibətləri formalaşdı, daimi paytaxt şəhəri müəyyənləşdi. Bu və digər əlamətlər həmin dövrün Assur, Urartu kimi dövlətlərinə uyğun idarəetmə sisteminin yaradıldığını göstərirdi. Azərbaycan həmin qonşu dövlətlərdən geri qalmır, bərabər səviyyədə rəqabət aparır, müstəqilliyinə edilən təcavüz cəhdlərinin qarşısını alırdı. Azərbaycan dövləti qonşuluqdakı Assuriya və Urartu dövlətlərinə fəal müqavimət göstərir, bəzən onların ərazilərini də ələ keçirirdi... 
 
Bu dövrdə Azərbaycan dövlətinin sərhədləri Cənubda Diyala (Dəclə çayının sol qolu) və Kiçik Zab (Dəclə çayının sol qolu, təxminən Ərbil-Kərkük tərəf) çaylarının yuxarılarına, Şərqdə təqribən Xəzər dənizinə, Şimalda Araz çayına, Qərbdə isə Urmiya gölü sahilinədək uzanırdı. [2, s.33-35; 5, s.145]. Manna hökmdarları “yanzu” titulu daşıyırdı. Onların yanında məsləhətçi orqan- “Ağsaqqallar şurası” fəaliyyət göstərirdi. [9]. Təəssüf ki, Manna hökmdarlarının özlərinin yazılı məlumatları bizə gəlib çatmamışdır. Cənubi Azərbaycan ərazisində baş vermiş hadisələr barədə məlumatları Assur və Urartu mənbələrindən və bu ərazidə tapılan qayaüstü yazılardan götürürük. Manna adı ilk dəfə e.ə. 843-ci ildə Assuriya hökmdarı III Salmanasar dövründə “Munna” və “Manna” formasında çəkilir. [3,  s.18-19]. Öz hökmranlığının 16-cı ilində, e.ə. 843-ci ildə III Salmanasar yürüşlərini təsvir edərək məlumat verir ki, daxili Zamuada yaşayış məskənini tutaraq o, Manna (Munna) ölkəsinə çatır. Ancaq burada Mannanı tutması barədə heç bir məlumat verilmir. Əgər ölkəni zəbt edə bilsəydilər, bunu böyük təntənə ilə qeyd edər, qələbələrini diqqətə çatdırardılar. Görünür, ciddi müqavimətlə üzləşib, ölkəni tərk etməli olublar. Çünki sonrakı məlumatlarda da Azərbaycanın Assuriyadan asılılığına dair fakt yer almamışdır. Bu vaxt dövlətin paytaxtı İzirtu (indiki Cənubi Azərbaycanın Ziviyyə (Zeyvə) şəhəri yaxınlığında) şəhəri olmuşdur. Şəhər Urmiya gölündən bir qədər cənuba doğru ərazidə yerləşirdi...
 
Manna sülaləsindən Assur mənbələrində xatırlanan ilk nümayəndə Udaki olub, onun hakimiyyətə nə vaxt gəldiyi bilinmir, hakimiyyətdən e.ə. 829-cu ildə getdiyi qeyd olunur [3, s.19-20]. Hökmdar Udakidən sonra Azərbaycan rəhbəri İranzunun (e.ə. 740-719-cu illər) adı e.ə. 718-ci ildə Assuriya mənbələrində xatırlanır. Bu vaxtdan başlayaraq II Sarqonun məlumatlarından görünür ki, burada hakimyyət nəsillikcə keçmişdir. Aza (e.ə. 719-716) və Ullusunu (e.ə. 716-680) İranzunun oğlanları olmuşlar. Ahşeridən (e.ə. 680-650) sonra dövləti onun oğlu Uallı (e.ə. 650-630) idarə etmişdir. Dövlətin başında, qeyd edildiyi kimi vərəsəlik hüququna malik hökmdar-yanzu dururdu. Dövlətin ərazisi vilayətlərə bölünür, onların başında isə hökmdarın təyin etdiyi adamlar – canişinlər dururdu... 
 
Hökmdar hakimiyyətinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı Azərbaycana Yaxın Şərqdə ən güclü dövlətlərdən biri olmağa imkan verdi. Nisbətən sərbəst vilayətlərdən Urmiya gölünün cənub-şərqində Missi vilayəti yerləşirdi. Dövlətin şərq sərhədlərində Qızılbunda vilayəti yerləşirdi. Müasir Ərdəbil rayonunda Zikertu vilayəti yerləşirdi. Bu vilayətlər mərkəzi hakimiyyətdən asılı vəziyyətə salındı. Şərq sərhədlərimizdə ən ucqar vilayət Andia olmuşdur. Azərbaycan dövləti özünün güclü vaxtında Andianı Assuriyalılardan almış və özünə tabe etmişdi. Tabe olan vilayətlər içərisində Uişdiş vilayətinin də adı çəkilir. Bu vilayət müasir Marağa rayonu ərazisində yerləşirdi [8]...
 
Azərbaycanın qərbində qorxulu düşmən-Urartu yerləşmişdi. “Urartu” adını onlara bizim əcdadlarımız, türk soyları verib. Onlar özlərinə “Biayni” deyirdilər. Sami tayfaları bu ölkəyə “Nahariya”, “Nairi” deyirdilər. “Urartu” sözü ilk dəfə e.ə. XIII əsrdə Assur mənbələrində “Yuxarı ölkə” mənasında işlədilib, assur dilində mənası məlum olmayıb. Bu ad türk dilində izah olunur: “ur” türk dillərində hündür, yuxarı, “art”-dağlıq ərazi mənasını verir. Urartu əsasən mərkəzi Tuşpa şəhəri olmaqla Van gölü ətrafında yerləşirdi [1, s.181]. I Argişti (təqribən e.ə. 786-764-ci illər) və II Sardur (e.ə. təqribən 760-730-ci illər) dövründə Urartu hökmdarlarının Azərbaycan vilayətlərinə qarşı yürüşləri ardıcıl xarakter daşıyırdı. Eyni zamanda Azərbaycan dövləti də Urartuya qarşı tez-tez hücumlar edirdi.
Azərbaycan dövləti çiçəklənmə dövrünü İranzunun (e.ə. 740-719) hakimyyətinin əvvəlində keçirmiş, qüdrətli dövlətə çevrilmişdi. Azərbaycanın Şuandahul və Durdukka qalaları e.ə. 719-cu ildə Urartu hökmdarının təhriki ilə İranzuya qarşı üsyan qaldırdı. İranzu üsyanı yatıra bildi [6]. Təqribən e.ə. 719-cu ildə İranzunun ölümündən sonra onların oğlanları arasında hakimiyyət uğrunda mübarizə başladı. Onun böyük oğlu Aza taxta çıxdı və atasının siyasətini davam etdirdi. Ancaq o tezliklə öldürüldü və Urartunun köməyi ilə onun qardaşı Ullusunu taxta çıxdı. Assuriya isə bununla barışmayaraq hücuma keçdi. Bu yürüşü həyata keçirən Assuriya hökmdarı II Sarqonun məqsədi Azərbaycanda Urartu təsirini aradan qaldırmaq, orada mövqeyini gücləndirmək idi. Ullusunu Assuriya tərəfə keçməyə məcbur oldu və Assuriyanı Urartu ilə müharibədə müdafiə etdi. 
 
Ullusunudan sonra hakimiyyətə gələn Ahşeri isə müttəfiqlikdən imtina edərək skiflərlə (işquzlarla) birlikdə Assuriyaya qarşı çıxdı və birlikdə qələbə qazandılar. Azərbaycan e.ə. 650-ci ildə, Ahşerinin dövründə Assuriya hökmdarı Aşurbanipalın hücumuna məruz qaldı, daxili ziddiyyətlər nəticəsində zəiflədiyinə görə məğlub oldu və assuriyalılar Azərbaycanın tutduğu Allabria vilayətini və Assuriya ilə qonşu olan digər əraziləri geri qaytardılar. Bu məğlubiyyətdən sonra əhali Ahşeriyə qarşı çıxış etdi və onu öldürdülər [3, s.61-62]. Taxta onun oğlu Ualli (e.ə. 650-630) çıxdı və o, Assuriyanın qələbəsini tanıdı. Azərbaycan dövləti Assuriyanın e.ə. 616-cı ilə kimi müttəfiqi olaraq qaldı və Assuriya-Babil müharibələrində Assuriyanın tərəfində vuruşdu. Assuriyanı həlledici məğlubiyyətə uğradan Madaylar Yaxın Şərqdə ciddi qüvvəyə çevrildilər. Onlar təqribən e.ə. 615-610-cu illər arasında Azərbaycanda Manna sülaləsini əvəz etdilər. Manna sülaləsinin son dəfə adı çəkilən yazılı mənbə İncildir. Kitabda e.ə. 593-cü ildə Madaylarla birlikdə mannalar da Babilə qarşı çıxış etməyə çağrılır [4].
 
Yazılı mənbələr və arxeoloji materiallar (Həsənli, Ziviyyə, Göytəpə və s.)  bu dövrdə Azərbaycanın iqtisadi cəhətdən yüksək inkişafını sübut edir. Təsərrüfatın əsas növləri əkinçilik və maldarlıq idi.
 
Atçılıq mühüm yer tuturdu. Geniş süni suvarma şəbəkəsi bağçılıq və üzümçülüklə məşğul olmağa şərait yaradırdı. Sənətkarlıq, metalişləmə geniş inkişaf etmişdi. Ziviyyə dəfinəsi, Həsənlidəki qızıl, gümüş və tunc əşyalar, qara rəngli şirələnmiş saxsı qablar və şəhərsalma texnikasında Assuriya relyefləri və Həsənlidə aşkar olunmuş saray kompleksi inkişafın yüksək səviyyəsini göstərirdi. Ölkədə çoxlu müdafiə qalaları mövcud olmuşdur. Ehtimal ki, burada Assuriya mixi yazısına bənzəyən yazıdan istifadə olunurdu [7, s.22-24]. Əhali təbiət qüvvələrinə sitayiş edir və Allahlara qurban verirdilər. 
 
Beləliklə, bu dövrdə klassik Azərbaycan dövləti formalaşdı, Manna sülaləsi uğurlu daxili və xarici siyasət yeridərək, regionun aparıcı dövlətlərindən biri kimi fəaliyyət göstərdi...
 
Ədəbiyyat:
 
1. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, “Təhsil”, 2003.
2. Qaşqay S. Manna dövləti. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993.
3. Qədim Azərbaycan tarixi mixiyazılı mənbələrdə. Bakı, “Təhsil”, 2006.
4. “Huey-Jeremiah F.B., Lamentations. Kingdom of Mannai.- books.google.az/books?id= HBguYZCdAM4C&pg=PA424&dq=Kingdom+of+Mannai&hl=ru&ei=Zj2xTZSaC8zYsgalssD1Cw&sa=X&oi=book_result&ct=book...
5. Дьяканов И.М. История Мидии. Москва-Ленинград, изд. «АН СССР», 1956.
6. Из анналов Саргона II (722/721-705 гг. до н.э.). Надписи II и V зал дворца в Дур-Шаррукине.- annals.info/urartu/avi/046.htm.
7. История Азербайджана (с древнейших времен до первых десятилетий XXI века). Баку, Издательство “Bakı Universiteti”, 2016.
8. «История Востока» (Восток в древности). Глава XVI. Маннейское царство.- gumilevica.kulichki.net/HE1/ he116.htm.
9. Манна.- azerbaijans.com/content_365_ru.html.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər