“Aratta dövləti yox, “Aratta” deyilən Azərbaycan dövləti...” - Akif Nağıdan tariximizə fərqli baxış...
Elm və Təhsil
3397
02 Mar 2024 | 14:45

“Aratta dövləti yox, “Aratta” deyilən Azərbaycan dövləti...” - Akif Nağıdan tariximizə fərqli baxış...

“Dövlətin yaranmasına dair müxtəlif nəzəriyyələrin yaşamaq haqqı var, lakin sinfi münasibətlərin nəticəsi ilə bağlı nəzəriyyələr özünü doğrultmur...”
 
“Azərbaycan dövləti də bu universal prinsiplərə, ilkin şərtlərə, o cümlədən ərazi və dil birliyinə, vahid dini-ideoloji baxışlara, iqtisadi münasibətlərin yetkinliyi, hərbi qüvvələr, özünü müdafiə etmək imkanları kimi şərtlərə uyğun olaraq meydana gəldi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada: )
 
Azərbaycan tarixi AKİF NAĞININ təqdimatında... -III mövzu
 
Azərbaycan Aratta dövlətinin yaranması, ərazisi, dil birliyi, qonşularla münasibətləri...
 
Aratta dövləti yox, “Aratta” deyilən Azərbaycan dövləti...
 
Azərbaycan dövləti təbii prosesin nəticəsi olaraq meydana gəlib. Cəmiyyət tədricən özünü idarəetmə formalarını axtarır, icma sürüsündən qəbiləyə, qəbilədən tayfaya keçid bu axtarışların göstəricisi idi. Dövlətin yaranmasına dair müxtəlif nəzəriyyələrin yaşamaq haqqı var, lakin sinfi münasibətlərin nəticəsi ilə bağlı nəzəriyyələr özünü doğrultmur. Aristotelin “Siyasət” əsərində təqdim etdiyi yanaşmanı reallığa daha yaxın hesab etmək olar. O, qeyd edir ki, dövlətin yaranmasına orqanik nəzəriyyə mövqeyindən yanaşılmalıdır, yəni “dövlət olanların təbiətinə uyğun olaraq yaranır, insanların təbiətindən irəli gəlir”. Aristotel qəti şəkildə vurğulayır ki, “dövlət təbii inkişafın məhsuludur” [9].
 
Azərbaycan dövləti də bu universal prinsiplərə, ilkin şərtlərə, o cümlədən ərazi və dil birliyinə, vahid dini-ideoloji baxışlara, iqtisadi münasibətlərin yetkinliyi, hərbi qüvvələr, özünü müdafiə etmək imkanları kimi şərtlərə uyğun olaraq meydana gəldi. Azərbaycanda dövlətin yaranma prosesi e.ə. IV minilliyin sonu- III minilliyin əvvəllərində başa çatdı. Qonşu xalqların “Aratta” adlandırdıqları Azərbaycan dövləti yarandı və Azərbaycan xalqının beş minillik fasiləsiz dövlətçilik tarixinə start verildi. Bu dövlətin yerli mənbələrdə necə adlandırıldığı məlum deyil, amma məlum olan odur ki, bu, mahiyyət etibarı ilə Azərbaycan dövləti, Şumerlə yanaşı, bölgənin iki ən qədim dövlətindən biri idi.
 
E.ə. IV minilliyin ortalarında dünyanın və Ön Asiyanın ən mədəni ərazisi Mesopotamiya (İkiçayarası), ən mədəni xalqı şumerlər idi. Şumerlər türk idilər və Azərbaycan soyları ilə qohum və qonşu idilər [3, s.59]. Şumerlərin ilk dövləti Dəclə və Fərat çaylarının cənub axarı arasında meydana gəldi. Şumer adı ilk dəfə e.ə. XXIII əsrdə Akkad mənbələrində çəkilib [12, s.8]. Cənubi İkiçayarasının əhalisi mixi yazılarda “Şumer (ölkəsinin) xalqı” və ya Kengir, həm də qarabaşlar (şumer dilində “sag giga”) adlandırılırdı [6, s.47].
 
Şumerlərin dövləti əsasən şəhər-dövlətləri formasında mövcud olub. İlk belə qurumları e.ə. XXVIII-XXVII əsrlərdə Kiş şəhər-dövləti kimi yaranıb. Onlardan az sonra Uruk şəhər-dövləti meydana gəlib. Urukun görkəmli nümayəndələri En-Merkar, Luqalbanda, Gilqameş olub. Onlardan sonra Ur, Laqaş, Umma şəhər-dövlətləri yüksəlib. Umma e.ə. XXIV əsrdə bütün Şumeri birləşdirdi, Uruk şəhəri paytaxt olmaqla vahid dövlət yaratdı [6, s.72-76].
 
Əksər alimlərin fikrinə görə, şumerlər İkiçayarasına kənardan, Cənubi Azərbaycanın Zaqros dağlarından gediblər [11, s.115]. Şumerlər e.ə. III minilliyin sonlarında şimal qonşuları akkadlar tərəfindən məğlub edildilər və əksəriyyəti bölgəni tərk etdi. Onların bir hissəsi ata yurdlarına, Zaqros dağlarına qayıtdı, digərləri isə müxtəlif istiqamətlərə, həmçinin Şərqə doğru hərəkət etdilər. Oradakı Sibir şəhəri, bütövlükdə Sibir adı onlarla bağlı idi [10, s.215].
 
İlk Azərbaycan dövləti Aratta ilə bağlı məlumatlar əsasən Şumer mixi yazılarında yer alıb. Azərbaycan əhalisi ilə İkiçayarası əhali arasında əlaqələr e.ə. VII-V minilliklərdən başlamışdı. Azərbaycanın I Kültəpə (Naxçıvan), Leylatəpə (Ağdam), İraqın Ubeyd qədim yaşayış yerlərinin arxeoloji materialları bunu əyani şəkildə göstərir [2, s.116]. Şumerlərə onlardan şərqdə olanlar, Azərbaycan soyları olan arattalı, lullubi, kuti, kaslar dost, qərbdə olan akkad-samilər isə düşmən idilər [11, s.71]. Bu düşmənçilik şumerlərlə eyni kökdən olan kuti, kas, turukki, su soyları ilə akkadlardan törəyən assurlar, babillər arasında da davam etmişdir.
 
Azərbaycan Aratta dövləti haqqında əsas mənbə Şumer dastanlarıdı. Həmin dastanlardan biri (“En-Merkar və Arattanın ali kahini”) Uruk və Aratta hökmdarları, iki dövlət arasında münasibətlərdən bəhs edir. Burada Aratta ali kahini dedikdə həm də hökmdar nəzərdə tutulur, mənbədə onun adı göstərilmir [14, s.269]. Dastanda göstərilir ki, En-Merkarın qasidi “Qara dağı” aşır, yeddi dağdan keçir, Aratta ölkəsinə gəlir və hökmdarın istəklərini Aratta kahininə çatdırır. Arattanın ali kahini ona belə cavab aparmağı tapşırır: “Mən ali kahin, ... bütün əhalinin hökmdarı ... Aratta Uruka necə tabe ola bilər? Aratta Uruka itaət etməyəcək...” [14, s.270]. Dastanın sonrakı hissələrində aydın olur ki, bu qarşıdurma bir neçə il davam edir, sonda tərəflər bir-biri ilə razılaşır, əməkdaşlığı davam etdirirlər. Aratta ilə Uruk arasında qohumluq və dostluq əlaqələri olub. Digər Şumer dastanında (“Uruk və Aratta”) Aratta hökmdarı şumerli En-Merkarı özünün qardaşı, bir ananın övladları olduqlarını bildirir [3, s.81]. Bu dastanda Aratta hökmdarının adının En-Sukuşsiranna olduğu bildirilir. Burada artıq üstün tərəf kimi En-Sukuşsiranna göstərilir. O, Uruk hökmdarı En-Merkardan ona tabe olmasını tələb edir. Bu dəfə də onların qarşıdurması sülhlə yekunlaşır [3, s.81-82]. Bu epizod Arattanın kifayət qədər güclü olduğundan xəbər verir. Üçüncü dastanda (“Luqalbanda və En-Merkar”) Uruk hökmdarı akkadların təcavüzünə məruz qalır, müharibə etməli olur və kömək almaq üçün sərkərdəsi Luqalbandanı Arattaya göndərir [3, s.82]. Bu, iki qohum, dost dövlətin müttəfiqliyini göstərir. Şumerlərlə bu cür dost münasibətdə olan Arattanın əhalisi türk tayfalarından ibarət idi [1, s.73-74].
 
Aratta Urmiya gölünün cənub və cənub-şərq hissəsini əhatə edirdi [7, s.275]. Aratta dövləti İkiçayarasında Şumer şəhəri dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin, vəzir), sukkal (elçi), uqula ( rəis) və başqaları dövlət idarəsinin qulluqçuları olmuşlar. Arattada artıq dövlətə məxsus idarə orqanları və vəzifəli şəxsləri meydana gəlmişdi. Arattada çoxallahlılıq mövcud olmuşdur. Şumerlilər Arattanı müqəddəs məkan hesab edir, bu ölkədən çox şey öyrəndiklərini bildirirdilər [8]. Şumer dövləti ilə Aratta ölkəsi arasında iqtisadi əlaqələr davam edirdi. Arattadan İkiçayarasına qızıl, gümüş, tikinti materialları, Şumerdən Arattaya isə əsasən taxıl və meyvə gətirilirdi. Aratta ölkəsinin əhalisi qızıl, gümüş, tikinti, mis, dağdaşı və s. hasil edirdi. Aratta əhalisinin həyatında əkinçilik də müəyyən yer tuturdu. Burada dəmyə əkinçiliyi geniş yayılmışdı [13]. Şumer qaynaqlarında yad edilən Aratta, eyni adı saxlamış Aratta çayı və Alateye Azərbaycanda Urmiya gölünün cənub və cənub-şərq dağlıq ərazisini göstərir. Urartu mənbələrində Aratta ölkəsinin yerləşdiyi ərazi Alateye adlanır [4, s.69]. Aratta və Alateye eyni dağlıq ərazinin müxtəlif dialekt adlarıdır, hər iki adı əmələ gətirən söz “dağ” mənasını daşıyır. Arattanın sərhədləri cənubi şərqdə Zənçana, cənubi qərbdə isə Zəribər gölünə kimi çatırdı. Aratta qədim Azərbaycan ərazisinə verilən ilk məlum addır [5].
 
E.ə. XXIV əsrin sonlarında akkadlar şumerləri məğlub etdi, həmin ərazidə Akkad dövlətini yaratdılar (e.ə. XXIV-XXII əsrlər). Şumerlərin məğlubiyyəti Arattanın da vəziyyətinə mənfi təsir göstərdi. Yerli Arattalı və ya Sukuşsirannalı sülalə hakimiyyətdən getməli oldu. Digər yerli türk sülalələrinin, Lullubilər və Kutilərin hakimiyyətə gəlməsi üçün şərait yarandı. Yeni sülalələr Akkad dövlətinin Azərbaycanı işğal etməsinə imkan vermədi.
 
Ədəbiyyat:
 
1. Azərbaycan tarixi, I cild (Z. Bünyadov və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
2. Azərbaycan tarixi. Yeddi cilddə (İ.Əliyevin redaktəsi ilə), I cild. Bakı, “Elm”, 1998.
3. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, “Təhsil”, 2003.
4. Qədim Azərbaycan tarixi mixiyazılı mənbələrdə. Bakı, “Təhsil”, 2006.
5. Bəxtiyar Tuncay. Azərbaycan imperatorluğu. Azərbaycan ərazisində ilk dövlət-Aratta.- azkurs.org/bextiyar-tuncay-azerbaycan-imperatorlugu.html.
6. Yusifov Y.B. “Qədim Şərq tarixi”. Bakı, “Bakı Universiteti”, 1993.
7. Kramer, Samuel Noah. The Sumerians: Their History, Culture and Charakter. Chikago, IL: University of Chikago Press, 1963.
8. Аратта-древнейшее государство в истории.- vstrokax.net/istoriya/aratta-drevneyshee-gosudarstvo-v-istorii/.
9. Аристотель о государстве и праве.- state.rin.ru/cgi-bin/main.pl?id=18&=15.
10. Дьяканов И.М. Языки древней Передней Азии. Москва, «Наука», 1967.
11. История Древнего Востока. Москва, «Восточная литература», 1983.
12. Канева И.Т. Шумерский язык. Санкт-Петербург, «Петербургское востоковедение», 1996.
13. Страна Аратта в Шумерских источниках.- russia.armenia.info/node/43301.
14. Хрестоматия по истории Древнего Востока. Москва, «Восточная литература», 1963.
 
Akif Nağı, tarix üzrə fəlsəfə doktoru, dosent.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər