“Kənd” sözünün mənşəyi haqqında maraqlı ARAŞDIRMA üzə çıxdı...
Elm və Təhsil
3177
28 Feb 2024 | 13:35

“Kənd” sözünün mənşəyi haqqında maraqlı ARAŞDIRMA üzə çıxdı...

“Kənd” sözünün “kən” hissəsi türk dilində də qamışdan düzəldilmiş evi bildirir. Bir həqiqəti də dərk etməliyik ki, türk də, talış da, tat da çox qədim zamanlarda bəlkə də elə qamışdan tikilmiş bir evin, bir komanın, bir ocağın sakinləri, bir ailənin üzvləri olmuş, eyni dildə danışmışlar. Sonradan...”
 
Moderator.az  Milli Kimlik Araşdırmaları Qrupunun üzvü:  Araz Şəhrilinin "Azərbaycan, İrokez və Kelt-Skif dillərində işlənən qədim söz – Kənd" başlıqlı növbəti diqqətçəkən araşdırmasını təqdim edir:
 
Azərbaycan və digər türk dillərində işlənən qədim sözlərdən biri də “kənd”dir. Türkiyə türkcəsində şəhərə, Azərbaycan dilində isə kiçik yaşayış məntəqəsinə kənd deyilir. Bu söz türkcə hansısa mənanı ifadə edirmi? Bəzi Türkiyə dilçilərinin qənaətinə görə, “kənd” sözü türk dillərinə fars dilindən keçib.
 
Azərbaycan filoloqu Bəşir Əhmədov (1932–2007) isə “Etimologiya lüğəti” adlı əsərində yazırdı: “Kənd soğdaq dilinə məxsus sözdür, (soğdaqlar Özbəkistanın indiki ərazisində yaşamışlar, dilləri hind-ari dillərinin İran yarımqrupuna daxil idi), mənası şəhər deməkdir. Bizdə məna dəyişib, Anadolu türklərində isə qədim məna qalmaqdadır. Biz kənd yerinə köy işlətmişik, görünür, od anlamı ilə bağlıdır. Ruslarda da дом və дымить eyni kökə malikdir”.
 
Belə bir fikir də var ki, kənd sözünü talış dili vasitəsilə izah etmək mümkündür. Həqiqətən də talış dilində “kə” – evi, “on” – cəm şəkilçisini, “di” – yaşayış məntəqəsini bildirir. Ancaq məsələ ondadır ki, talış dilində ayrıca kənd, kəndi, kəondi və ya kondi sözü yoxdur.
 
Linqvistlərin rəylərini nəzərə alıb deməliyik ki, kənd sözü türk dillərində aydın bir anlam ifadə edə bilməz. Amma gəlin tələsməyək.
 
Maraqlıdır ki, Amerikanın yerli xalqlarından birinin – irokezlərin dilində yerə, bölgəyə, məskənə, kəndə və şəhərə “kanata” deyilir. Kanadanın adı məhz bu sözdən götürülüb.
 
Qədim kelt–skif dilində isə “yer”, “sahilyanı ərazi”, “dairə” anlamlarını verən “kent” və ya “kant” sözü mövcuddur. İngiltərənin Kent qraflığının və Kenterberi şəhərinin adları bu sözdən yaranıb. Xatırladaq ki, indiki Kent qraflığının ərazisi təxminən 2.200 il əvvəl Britaniya adalarına köçmüş kelt–skiflərin – atrebatların əsas yurd yerlərindən biri olub.
 
İspan dilində isə bir qədər bənzər “kənəstə” (həsir səbət) sözü vardır. Ehtimala görə, bu söz qədim yunan dilindəki “kanna” (qamış) sözündən götürülüb. Qeyd etmək lazımdır ki, əski zamanlarda evlər bəzən qamışdan tikilirdi. Qədim türk dilindəki “qamış” sözü ilə qədim yunan dilindəki “kanna” (qamış) sözü arasında etimoloji əlaqə (qam–kan) aydın şəkildə görünür.
 
Azərbaycan dilində kiçik evə “koma” deyilir. İngilis dilində isə bənzər “home” (ev) sözü işlənir. Fars dilində də oxşar “xanə” (ev) sözü mövcuddur. Bu faktlara əsaslanaraq iddia etmək olarmı ki, dilimizdəki “koma” sözü hind-Avropa mənşəlidir? Zənnimizcə, yox! Belə ki, çuvaş dilində də “xüme” və ya “küme” (divar, hasar) sözü vardır. Bu isə öz növbəsində göstərir ki, “koma” sözü alınma deyildir. 
 
Haşiyə:
 
Talış dilində kiçik ev “kümə” adlanır. Bu sözü çuvaş dilindəki  “küme” (divar) sözü ilə müqayisə etdikdə görürük ki, onların həm forması, həm də mənası demək olar ki, eynidir. Maraqlıdır ki. Astara rayonunda Çüvaş və Süvaş adlı dağ kəndləri vardır. Həmin kəndlərin əhalisi talışlardır. Xatırladaq ki, indiki çuvaşlar və əski suvaşlar (subarlar) qədim bulqar türklərinin boylarıdır.
 
Yeri gəlmişkən, ərəb və sanskrit dillərində Azərbaycan, irokez və kelt-skif dillərindəki “kənd”, “kanata” və “kent” sözlərinə çox bənzəyən “qənd” və “khanda” (şəkər) sözləri mövcuddur. Oxucu deyə bilər ki, “qənd” və “kənd” sözlərinin mənaları fərqlidir. Həqiqətən də bu oxşar sözlər tamamilə ayrı-ayrı anlamları ifadə edirlər. Lakin bir məsələ də var ki, qədim zamanlarda həm bəzi ev tiplərini, həm də qəndi yalnız qamışdan düzəldirdilər.
 
Beləliklə, “kənd” sözünün “kən” hissəsi türk dilində də qamışdan düzəldilmiş evi bildirir. Bir həqiqəti də dərk etməliyik ki, türk də, talış da, tat da çox qədim zamanlarda bəlkə də elə qamışdan tikilmiş bir evin, bir komanın, bir ocağın sakinləri, bir ailənin üzvləri olmuş, eyni dildə danışmışlar. Sonradan tarixin müəyyən bir mərhələsində onların yolları ayrılmış, bu səbəbdən dilləri də bir-birindən fərqlənməyə başlamışdır. 
 
Amma bu gün hamımız Şah I İsmayıl Səfəvinin XVI əsrin əvvəllərində yenidən birləşdirdiyi Azərbaycan adlı vətəndə, evdə yenə də birgə yaşayırıq. Bizi bir-birimizdən zahirən fərqləndirən bəzi cəhətlərsə, əslində, bütün Azərbaycan xalqının zənginliyi, milli sərvətidir…
 
Milli Kimlik Araşdırmaları Qrupunun üzvü:  Araz Şəhrili
 
Link kopyalandı!
Son xəbərlər