Təhsil ekspertimiz Rusiya və Çinin təşkilatçılığıyla beynəlxalq onlayn konfransda təqdimatla çıxış etdi...+VİDEO
Elm və Təhsil
3036
08 Oct 2026 | 11:11

Təhsil ekspertimiz Rusiya və Çinin təşkilatçılığıyla beynəlxalq onlayn konfransda təqdimatla çıxış etdi...+VİDEO

lham Əhmədov: "Bu konfransın  nəticələri  bizim ölkəmiz üçün də çox   aktualdır. Açıq təhsilin, distant təhsilin inkişafı,  eləcə də universitetlərin transformasiya  problemləri   bu gün  dünya  universitetlərinin  diqqət mərkəzindədir.  Gec də olsa, Azərbaycanda da..."
 
Oktyabrın 6-7-də Rusiya Federasiyası və Çin Xalq Respublikasının  təhsil müəssisələrinin təşkilatçılığı ilə  “Açıq təhsil və regional inkişaf:  yeni nəsil institusional model” mövzusunda  XVIII elmi-praktik onlayn konfrans  keçirilib. İki gün davam edən konfransda   RF, ÇXR  və digər  ölkələrdən olan alim, pedaqoq, idarəçi və tədqiqatçılar  iştirak ediblər.  
 
Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.
Aparıcı ekspertlər, pedaqoqlar, idarəçilər və tədqiqatçılar təhsilin gələcəyini, təhsildə  süni intellektin tətbiqini, kadr hazırlığının yeni modellərini və regionların insan kapitalının inkişafını müzakirə etmək üçün vahid rəqəmsal platformada bir araya gəliblər. 
 
Müasir  dövrdə   regionların  rəqabət qabiliyyəti onun insan kapitalının keyfiyyəti, istedadların inkişafı, innovasiya potensialı, peşə hazırlığı və yeni texnologiyalara adaptasiya qabiliyyəti ilə sıx  əlaqəlidir.  Bu konfransın əsas ideyası – açıq  təhsilin  yeni nəsil təşkilati modeli   təhsil müəssisələrinin ənənəvi funksiyalarının yenidən nəzərdən keçirilməsini tələb edir.
 
Konfransın    plenar iclasında Çinin təhsil təcrübəsi   təqdim olunub.  ÇXR Çuntsin şəhərinin Çanşa Kosmik Məktəbinin direktoru Lyao Vançjun müasir dövrün yeni istedadlarının yetişdirilməsi və aerokosmik sənayenin inkişafı haqqında məruzə ilə çıxış edib. 
 
ÇXR-in  Hubey əyalətinin Xançuan şəhərində yerləşən Orta Texniki - Peşə  Məktəbinin partiya təşkilatı katibi Han Yanbin Çin Xalq Respublikasında peşə təhsili sahəsindəki təcrübə və tətbiq olunan praktikalar barədə məlumat verib. 
 
Uğurlu haldır ki, onlayn konfransda    Azərbaycan da təmsil olunub.  Konfransın  ilk günündə  “Peşə təhsili və regional inkişaf çağırışları” bölməsində   Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, tanınmış təhsil eksperti İlham  Əhmədov “Universitetlərin  pedaqoji və təşkilati transformasiyası” mövzusunda  təqdimat  edib.  ADPU dosenti  rəqəmsal  texnologiyalar  və generativ süni intellektin sürətli inkişafı  dövründə   universitetlərin  pedaqoji və  təşkilati  transformasiyasının  əsas  istiqamətləri  haqqında  danışıb.  O, qeyd edib ki,  müasir universitetlərin  transformasiyası yalnız rəqəmsal infrastrukturun, LMS və elektron xidmətlərin tətbiqi ilə məhdudlaşmamalı, təhsil, elmi-tədqiqat və idarəetmə fəaliyyətləri sistemli  şəkildə  dəyişdirilməlidir.  
 
Mütəxəssis  daha sonra bildirib ki,  universitetlərin pedaqoji transformasiyası  elmi problem kimi  xüsusi  olaraq tədqiq edilməlidir. Pedaqoji modelin biliklərin ötürülməsindən tənqidi düşünmə, sual  vermə, tədqiqat aparma, real problemlərin həlli və yeni bilik yaratmağa prosesi diqqətdə saxlanılmalıdır.   Tələbə nailiyyətlərinin  qiymətləndirilməsində isə  nəticə ilə yanaşı, öyrənmə prosesi və  səriştələrin  formalaşması  sübut  əsaslı olmalıdır.  Universitet  müəllimi fənn, pedaqoji, rəqəmsal və tədqiqat  səriştələrini   inteqrasiya etməlidir. Təşkilati transformasiya şaquli idarəetmədən çevik, üfüqi əməkdaşlığa və məlumatəsaslı qərarverməyə keçidi nəzərdə tutur.  
 
Təqdimatın sonunda konfrans iştirakçıları Azərbaycan aliminə  suallar ünvanlayıb və bu maraqlı məruzə ətrafında müzakirələr aparıblar.   
 
Moderator.az əməkdaşı ilə söhbətində İlham Əhmədov bildirib ki,  bu konfransın  nəticələri  bizim ölkəmiz üçün də çox   aktualdır. Açıq təhsilin, distant təhsilin inkişafı,  eləcə də universitetlərin transformasiya  problemləri   bu gün  dünya  universitetlərinin  diqqət mərkəzindədir.  Gec də olsa,  bizim ölkəmizdə də bu məsələlər ali təhsil islahatının mərkəzi mövzusuna çevrilməlidir...

Sultan Laçın 

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər