Qarabağ övliyası Hacı Molla Şükür dünyagörüşündə pedaqoji ədəb-ərkan: “Elm daim ilahi elmə möhtacdır...”
Elm və Təhsil
1417
06 Aug 2026 | 15:25

Qarabağ övliyası Hacı Molla Şükür dünyagörüşündə pedaqoji ədəb-ərkan: “Elm daim ilahi elmə möhtacdır...”

“Elm daimi olmasına görə ilahi elmdən asılıdır...”
 
“Elmin ikinci hissəsi qeyri-ilahi elmdir ki, o öyrənməklə əldə edilir. Elmin həmin hissəsi insanlara aiddir. Elmin də nəticəsi mərifətdir...”
 
Rəhmətlik tanınmış Qarabağ övliyası, Şuşa qalasındakı "Təzə pir" məscidinin baş ruhanisi və qazısı olmuş Axund Hacı Molla Şükür Məhərrəmzadənin1890-cı ildə mədrəsə şagirdləri üçün ərəb qrafikalı əski Azərbaycan əlifbasında qələmə aldığı, əlyazması hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan “Risaleyi-hüruf və hüquq” kitabı Azərbaycanda, daha sonra isə ayrıca Qarabağda maarifçiliyin inkişafına ciddi təkan verib.
 
Arxiv rəflərində kəşf olunacağı günü gözləyən bu zəngin irsin əsas hissəsi xalqımızın milli yaddaşına böyük bir töhfə olaraq çağdaş latın qrafikalı Azərbaycan əlifbasında yenidən işıq üzü görüb. 
2021-cü ildən başlanaraq Hacı Molla Şükürün oğul nəticəsi, şəhid Milli Qəhrəman Şirin Mirzəyevin ömür-gün yoldaşı, Milli Məclisin sabiq üzvü Flora xanım Qasımovanın təşəbbüsü və maliyyə dəstəyi ilə bəhs edilən əsər tanınmış  mərhum Azərbaycan şərqşünası, farsdilli əlyazmalar üzrə mütəxəssis, tərcüməçi, filoloq Arif Ramazanov tərəfindən əski əlifbadan transliterasiya edilib, daha sonra isı digər nəticə- kitabın ön sözünün müəllifi hazırda AMEA -nın A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda baş elmi işçi, tarix elmləri doktoru, etnoqraf-alim Solmaz Məhərrəmovanın rəhbərliyi ilə nəşrə hazırlanıb və ilk dəfə  2023-cü ildə nazik cilddə, 2024-cü ildə isə həmin il “İslam dünyasının  mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə itfah olunmaqla nəşr edilmiş qalın cilddə “Hacı Molla Şükür Məhərrəmzadə “Hərflər və xətlər”” adı altında nəfis şəkildə çapdan çıxıb. Qeyd edək ki, kitabın ikinci nəşrində ön sözün ingilis və rus dillərinə tərcümələri də verilib.
 
Hacı Molla Şükürün “Hərflər və xətlər” adlı kitabının əsas məzmunu dil və hüquq qaydalarını ehtiva etsə də, əsərin 139-169-cu səhifələrini əhatə edən və "Sonluq" qismində verilən “Mədrəsələrdə müəllim ilə tələbə və şagirdlərin davranışı haqqında” bölməsi fərqli bir elmi və mənəvi çəkiyə malikdir. Hacı Molla Şükür bu bölmədə sadəcə bir din xadimi kimi deyil, dünyəvi və mənəvi elmləri sosiologiya və psixologiya ilə birləşdirən dahi bir pedaqoq kimi çıxış edir. 
 
Müəllif çağdaş təhsil sistemində də ən böyük rəqabət və inkişaf meyarı sayılan "müəllim-şagird münasibətləri"nin fundamental prinsiplərini hələ 130 il öncədən müəyyənləşdirib. 
 
Hacı Molla Şükür müəllim üçün 8, tələbə və müəllimin müştərək fəaliyyəti üçün isə 5 fundamental əxlaqi və peşəkar meyar irəli sürür. 
 
Moderator.az çağdaş dövrdə də Azərbaycan kimi əhalisinin əksəriyyəti müsəlman sayılan bir məmləkətin müəllim, şagird və tələbələri üçün aktual olan həmin tövsiyə və nəsihətləri hissə-hissə dəyərli oxucuların diqqətinə çatdırır:
Mədrəsələrdə müəllim ilə tələbə və şagirdlərin davranışı haqqında...
 
 (Əvvəli burada: )
 
11-ci işarə 
 
Elm haqqında…
“Elmin də nəticəsi mərifətdir. Necə ki, Allah-Təala “Quran”da buyurub: “İns və cinni yaratdım ki, yalnız mənə ibadət etsinlər və məni tanısınlar”...”
 
İlk növbədə, elmin nədən ibarət olması haqqında qısa məlumat vermək lazımdır. 
 
-Elm elə bir məqsədə deyilir ki, həmin məqsədin varlığı ağıl ilə yanaşıdır. Elm təbiət, cəmiyyət və təfəkkürün inkişaf qanunları haqqında biliklər sisteminə, hər bir əşyanın quruluşunun mövcud olmasına deyilir.
 
- İlahi elm isə deyilənlərə aid deyil. Ona görə ki, ilahi elm məlumatın hasilindən deyil, varlığından ibarətdir. Ona görə də: ilahi elm zat (əsas) kimi  bir şeydən ibarətdir - demişlər. Sonradan əlavə olunmuş şey deyil… 
 
Lakin əldə edilən elm - məxluqun elmi zata əlavə edilmişlərdəndir. Elm daim ilahi elmə möhtacdır, daimi olmasına görə ilahi elmdən asılıdır…
 
Məxluqun (insanların) elmi iki növdür. Onlardan biri ilahi elmdir. Yəni insanların Allah-Təalaya yaxın olması (ibadət etməsi) ilə əldə olunur. Get-gedə də artmaqdadır və artacaq. Elmin həmin hissəsi peyğəmbərlərə və onun vəsilərinə aiddir…   
 
Elmin ikinci hissəsi qeyri-ilahi elmdir ki, o öyrənməklə əldə edilir. Elmin həmin hissəsi insanlara aiddir. Elmin də nəticəsi mərifətdir. Necə ki, Allah-Təala “Quran”da buyurub: “İns və cinni yaratdım ki, yalnız mənə ibadət etsinlər və məni tanısınlar”...
Deməli, elm nəticəsinə görə aşağıdakılardan ibarətdir: 
 
1) Əgər insan öz xaliqinə tabe olub, onun ehkamlarına (hökmlərinə, qanunlarına) itaət edərsə, həmin ehkamlara “Fiqh elmi”  deyilir;
 
2) Əgər insan  xaliqinin kamal və cəlalı, hər şeydən pak olması, onun göndərdiyi peyğəmbərlərinin və vəsilərinin (davamçılarının) kimliyi və məadın (axirətin) varlığı ilə məşğul olarsa, ona “Kəlam elmi” deyilir… 
 
Dünyanın əvvəli (başlanğıcı) və axirəti də həmin elmə aiddir. Buna “Üsuləddin elmi” də deyilir;
 
3) Əgər insan fiqh elminin dəlillərinin şərhi ilə məşğul olarsa, ona “Fiqh elminin üsulu” deyilir. Hədislər də həmin elmə daxildir və “Fiqh elminin əsasları”  adlanır;
 
4) Əgər insan nazil olmuş kitaba, yəni, “Qurani- Kərim”ə nəzər yetirib onunla məşğul olarsa, ona “Təfsir elmi” deyilir. Həmin müqəddəs kitabın özü də bir neçə elmdən ibarətdir;
 
5) Əgər insan “Qurani-Kərim”in sözlərinin araşdırılması ilə məşğul olarsa, ona sərf , yaxud təfsir,  müasir dildə “Morfologiya elmi” deyilir;
 
6) Əgər insan “Qurani-Kərim”in ayrı-ayrı sözlərinin kökləri və hərəkələri ilə məşğul olarsa, ona nəhv elmi (“Sintaksis elmi) deyilir;
 
7) Əgər insan “Qurani-Kərim”in tənafirdən (uyğunsuzluqdan) xilas olmasına nəzər yetirərsə,  ona “Məani (bədiilik) elmi deyilir;
 
8) Əgər insan “Qurani-Kərim”in sözlərinə və bədiiliyinə nəzər yetirib, onu tərif, təkid, yəmin, and, həqiqət, məcaz, əxbar və inşa cəhətdən araşdırarsa, ona “Bəyan elmi” deyilir;
 
9) Əgər insan “Qurani-Kərim”in ayrı-ayrı sözlərini bədii cəhətdən araşdırırsa, ona “Bədii elm” deyilir;
 
10) Əgər insan “Qurani-Kərim”in ayrı-ayrı söz və ifadələrinin mənası ilə məşğul olarsa, ona “Lüğət elmi” deyilir;
 
11) Əgər insan “Qurani-Kərim”də ayrı-ayrı - tək və mürəkkəb sözlərin, hərflərin məxrəc və xüsusiyyətlərinə nəzər yetirərsə, ona “Elmi-təcvid” (“Təcvid elmi”) deyilir;
 
12) Əgər insan “Qurani-Kərim”də bəşərin (adamların) iradəsindən asılı olmayan hadisə və əməllərə nəzər yetirərsə, ona “Möcüzə elmi” deyilir.  Bu da yalnız peyğəmbərlərə, övliyalara və vəsilərə aiddir. 
 
Şahid olaraq “Qurani-Kərim”in “Bəqərə” surəsinin iyirmi üçüncü ayəsində Allah-Təalanın cənabi peyğəmbərə “xitabi amm iləş” (peyğəmbər həzrətlərinə müraciətlə) vəhy göndərdiyini və həmin ayənin tərcüməsini nəzərinizə çatdırmaq istərdim: 
Əgər bəndələrinizə nazil etdiyimiz “Qurani- Kərim”ə şəkkiniz varsa, siz də fəsahətdə və bəlağətdə ona bənzər bir surə gətirin. Və əgər sizin iddianız doğrudursa, Allahdan başqa bütün şahidlərinizi bu işdə köməyə çağırın!”… 
 
Yenə həmin surənin iyirmi dördüncü ayəsində Allah-Təala buyurur: 
 
“Madam ki, belə işi bacarmırsınız, heç bacara da bilməzsiniz. O halda kafirlər üçün hazırlanmış yanacağı insanlardan və daşlardan ibarət olan oddan həzər edin!”
 
Yenə Allah-Təala “Qurani-Kərim”in “Şura” surəsinin əlli ikinci ayəsində buyurur: 
 
“Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi, sənə də beləcə əmrimizdən olan bir vəhy göndərdik. Sən kitab nədir, iman nədir, bilməzdin. Lakin biz onu bəndələrimizdən istədiyimiz haqq yolunu göstərmək üçün bir nur etdik. Sən onunla insanları düz yola yönəldirsən. İslam dininə dəvət edib, haqqa qovuşdurursan”.
 
Müfəssirlər (“Quran”ı təfsir edənlər) yazmışlar ki, kitabdan murad (məqsəd) “Quran”dır. İmandan murad isə ehkamdır. Nəticəsi isə belədir: “Ya Məhəmməd! Biz “Quran” və ehkam göndərdik. Siz bunları bilmirdiniz”.
 
Hədisi-Qüdsinin sözləri və məanisi Allah-Təalanın sözləri və məanisidir. Lakin möcüzəyə şamil deyil.
 
13) Əgər insan cənabi Peyğəmbərin və imamların söylədikləri kəlamlara nəzər yetirərsə, ona “Hədis” elmi deyilir. Hədislər Peyğəmbər hədisləri və mənəvi hədislərə bölünür. Əgər sözlər və onların mənası Allah-Təalaya məxsusdursa, ona “Hədisi-Qüdsi” deyilir;
 
14) Əgər insan hədislərin kimlər tərəfindən deyilməsini araşdırırsa, ona “Rical elmi” deyilir. Müqəddəs kitabı araşdıran şəxs məsum, günahsız şəxs olmalıdır ki, onların dediklərinə və söylədiklərinə etimad olunsun.
 
15) Əgər insan məsum (günahsız) ümmətin icmasına nəzər yetirərsə, ona “İcma elmi” deyilir. İcma da iki növdür: biri mühəssil icma, digəri mənqul icma. Mühəssil icma ona deyilir ki, o icmadan ümmət kənar olmasın.Yəni düzgün və məsum şəxslərin ora daxil olması vacibdir. Mənqul icma isə o icmaya deyilir ki, müctəhid tərəfindən nəql olunsun (söylənilsin).
 
16) Əgər insan təb’i ağıl ilə külliyyata nəzər yetirərsə, ona “Əqli elm”,  bəzən də qiyas və dəlil elmi deyilir. 
 
17) Əgər insan cüz’iyyata səm’i-ağıl ilə (yəni, eşitmə yolu ilə) nəzər yetirərsə, ona “Səm ’i”, yaxud nəqli (söyləmə) elmi deyilir.
 
18) Əgər insan “Qurani-Kərim”də və hədislərdə olan elmlərdən başqa, aşkar edilən məxfi (gizli) kəlamlar müşahidə edərək üzə çıxararsa, ona “Bəda” elmi deyilir. Məxluqun elmləri Allah-Təalanın “Bəda” elminin qarşısında bir damcı su qədərdir… 
 
“Qurani-Kərim”in “Əraf” surəsində Allah-Təala buyurur: 
 
“Musa ilə otuz gecə oruc tutub dua edəcəyini, bunun müqabilində ona “Tövrat”ı nazil edəcəyimiz barədə vədələşdik. Sonra buna daha on gün də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət qırx gecə oldu. Musa qardaşı Haruna dedi:
– Sən tayfam içində mənim xəlifəm ol! Camaatı islah etməyə çalış! Yer üzərində fitnə-fəsad törədənlərin yolu ilə getmə!
Həmin vədələşməyə görə cənabi Musa öz tayfasına xəbər verdi ki, bir ay oruc tutub, sonra Tur dağın gedib, bir aydan sonra “Tövrat”ı  gətirəcək.
Orucu tutub Tur dağına yola düşdü. Bir ay tamamında qayıtmadı. Tayfasının arasına çaxnaşma düşdü. Cənabi Musaya bədgüman oldular. Halbuki, cənabi Musa Tur dağına gələn zaman ona xitab yetişdi ki, orucu tutandan sonra dişlərini yumalısan. Gərək on gün də əlavə oruc tutasan ki, ağızın “Tövrat”ı oxumağa layiq ola”.
Əl-hasil, on gün oruc səbəb oldu cənabi Musanın öz tayfasına verdiyi xəbərin gecikməsinə. Allah-Təala otuz gündə “Tövrat”ı göndərəcəkdi. Nəhayət, orucdan diş yumaq bidaya səbəb oldu.
 
Yenə “İnna fətəhna” surəsinin nazil olmasının şərəfinə olan bəyana görə cənabi Peyğəmbərin xəbərinə “Hüdəybə” sülhü bəyada səbəb olmuşdu.
Yenə cənab İbrahim Xəlilüllahm ağlamağı cənabi İsmayılın zibh olmamağına səbəb bida oldu”.
19) Əgər insan Tanrının müqəddəs kitabı olan “Qurani-Kərim”də xüsusi hadisələrlə və müəyyən vaqiələrlə maraqlanarsa, ona “Qisəs” elmi deyilir. Qisəs – “qissə” sözünün cəm formasıdır - nağıllar deməkdir.
 
Allah-Təala “Qurani-Kərim”n “Fil” surəsində buyurur: 
 
“Ya peyğəmbər! Məgər Rəbbin fil sahiblərinə nələr etdiyini görmədinmi? Məgər Rəbbin onların hiylələrini boşa çıxartmadımı? Onların üstünə qatar-qatar quşlar göndərdi. O quşlar onların başına möhkəm xırda daşlar yağdırdı. Rəbbin onları yeyilmiş əkin yarpaqlarına döndərdir”…
 
20) Əgər insan “Qurani-Kərim”in nücum elminə və səma cisimlərinə aid surələrinə nəzər yetirərsə, ona “Nücum və fələklər” elmi deyilir. Buna şahid olaraq “Qurani-Kərim”də “Əş-Şəms” (Günəş) surəsini göstərmək olar: 
 
“And olsun günəşə və onun işığına! And olsun günəşin ardınca çıxan aya! And olsun günəşi parlaq edən gündüzə! And olsun göyə və onu yaradana! And olsun yerə və onu döşəyənə! And olsun nəfəsi yaradana!”
 
21) Əgər insan ulduzların seyrinə, birləşmələrinə və onların yaxşı və nəhs olmasına (nəhs və sə’d) və istiqamətlərinə nəzər yetirərsə, ona “Təqvis” elmi deyilir.
 
22) Əgər insan göy ilə yer arasında olan buluda, ildırım, yağış, qar, dolu və dumana nəzər yetirərsə, ona “Cəvv” (atmosfer) elmi deyilir.
 
23) Əgər insan göylərə və Yer kürəsinə, ərşə və ərşdən kənar olan məxluqa nəzər yetirmək istərsə, ona “İlahiyyə” elmi deyilir. Lakin ərşdən kənar olan məxluqa  “Aləmi-nuraniyyə” deyirlər;
 
24) Əgər insan Yer kürəsinin tamamına və ona aid olanlara nəzər yetirərsə, ona “Yer kürəsi elmi” deyilir;
 
25) Əgər insan Yer kürəsinin və suyun tapılmasına nəzər yetirərsə, onun şərhi belədir. Allah-Təala öz hikmətinin iqtizası ilə heç nədən dörd ünsür yaratmışdır: birinci ünsür od, ikincisi su, üçüncüsü torpaq, dördüncüsü havadır. Bir müddətdən  Allah-Təalanın qüdrəti ilə daşlar, cəvahirlər, filizlər əmələ gəldi. Həmin əşyalara “Filizlər və mədən əşyaları elmi” deyilir;
 
26) Əgər insan dörd ünsürdən olan havanın qələbəsi nəticəsində yaranan biliklər aləminə nəzər yetirərsə, ona “Nəbatat elmi” deyilir;
 
27) Əgər insan dörd ünsürdən əmələ gələn heyvanlara nəzər yetirərsə, ona “Heyvan xasiyyətləri elmi” deyilir.
QEYD: Dörd ünsürün hər birinin qələbəsi nəticəsində bir şey əmələ gəlmişdir. Belə ki, torpağın qələbəsi nəticəsində camadlar, yəni, cisimlər, havanın qələbəsi nəticəsində bitkilər, odun qələbəsi nəticəsində heyvanlar yaranmışdır...
 
28) Əgər insan dörd ünsürdən biri olan suya nəzər yetirərsə, ona “Dənizlər və çaylar elmi” deyilir;
 
29) Əgər insan Yer kürəsini gəzib-dolanarsa və onun üzərində olan dağlara, təpələrə rast gələrsə, ona “Dağlar elmi” deyilir. Dağlar da iki cürdür: sıra dağlar və yanar dağlar.
Bir-birinə bitişik uzanıb-gedən dağlara “sıra dağlar” deyilir. Təpəsindən od və duman çıxan dağlara isə “yanar dağlar” deyilir;
 
30) Əgər insan ərazilərin ölçüsü ilə və ayrı-ayrı cisimlərin sahələrini müəyyənləşdirməklə məşğul olarsa, həmin elmə “Həndəsə elmi” deyilir;
 
31) Əgər insan məchul bir ədədi (rəqəmi) əldə etmək istərsə, ona “Hesab elmi” deyilir;
 
32) Əgər insan özünün və digərlərinin hərəkət və davranışına  nəzər yetirərsə, ona “Əxlaq elmi” deyilir;
 
33) Əgər insan öz evinin, əhli-əyalının və işçilərinin işlərinə nəzarət edərsə, ona “Ev və iş idarəçiliyi elmi” deyilir;
 
34) Əgər insan şəhər və kəndlərin işləri ilə məşğul olarsa, ona “Şəhər və kənd idarəçiliyi elmi” deyilir;
 
35) Əgər insan ayrı-ayrı hərflərin xüsusiyyətlərinə nəzər yetirərsə, ona “Cəfr elmi” deyilir;
 
36) Əgər insan yazıçılıq və əsər köçürməklə məşğul olarsa, ona “İnşa və imla elmi” deyilir.
Həmin “Hərflər və xətlər” risaləsi düşənbə günündə (bazar ertəsi) günorta vaxtı, şəvval ayının iyirmi altısında, 1309-cu sənəsində (ilində), miladi tarixi ilə 1892-ci il may ayının on birində, bahar fəslində Şuşa şəhərində Şükrüllah Məhərrəmzadə tərəfindən başa çatdı. İnsanları hidayət edənə - Allah-Təalaya salam olsun!..”
 
(Son)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər