Hacı Molla Şükür dünyagörüşündə pedaqoji ədəb-ərkan:“Kitabını xəsislikdən tələbələrə verməyən 3 bəlaya düçar olar...”
Elm və Təhsil
1801
05 Aug 2026 | 14:14

Hacı Molla Şükür dünyagörüşündə pedaqoji ədəb-ərkan:Kitabını xəsislikdən tələbələrə verməyən 3 bəlaya düçar olar...”

“Sual edən şəxs ilə mübahisə edənin arasında şəxsi-qərəzlik  olmamalıdır. Şəxsi-qərəzliklə edilən elmi mübahisə ən çirkin xüsusiyyətlərdən hesab olunur...”
 
“Hər kəs xəsislik edib kitabını elm adamlarına və tələbələrə verməzsə, ən azı, üç bəlaya, yaxud üç bəladan birinə düçar olar. Ya kitabını itirər, ya dünyasını dəyişər, ölər, ya da elmdən uzaq düşər. Qeyd olunan üç cəhət təcrübə ilə sübut olunmuşdur...”
 
“Kitabı, yaxud əlyazmanı əmanət alıb qaytarmamaq da haram hesab olunur. Əmanətə xəyanət etmək olmaz. Əgər kitaba xəsarət yetirilərsə, onun əvəzinin, yaxud qiymətinin əvəzinin kitab sahibinə ödənilməsinə zəmanət verilməlidir...”
 
“Elm ilə məşğul olan hər bir şəxs kitab və xüsusilə əlyazma kitabına hörmətlə yanaşmalıdır. Kitabı dəyərsiz etmək olmaz. Hər bir kitab elmin xəzinəsi deməkdir. Kitab hər bir adamın əlinin altında, yatmış adamın başının altında, yemək yeyən adamın süfrəsinin yanında olmalıdır...”
 
Rəhmətlik tanınmış Qarabağ övliyası, Şuşa qalasındakı "Təzə pir" məscidinin baş ruhanisi və qazısı olmuş Axund Hacı Molla Şükür Məhərrəmzadənin1890-cı ildə mədrəsə şagirdləri üçün ərəb qrafikalı əski Azərbaycan əlifbasında qələmə aldığı, əlyazması hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan “Risaleyi-hüruf və hüquq” kitabı Azərbaycanda, daha sonra isə ayrıca Qarabağda maarifçiliyin inkişafına ciddi təkan verib.
Arxiv rəflərində kəşf olunacağı günü gözləyən bu zəngin irsin əsas hissəsi xalqımızın milli yaddaşına böyük bir töhfə olaraq çağdaş latın qrafikalı Azərbaycan əlifbasında yenidən işıq üzü görüb. 
 
2021-cü ildən başlanaraq Hacı Molla Şükürün oğul nəticəsi, şəhid Milli Qəhrəman Şirin Mirzəyevin ömür-gün yoldaşı, Milli Məclisin sabiq üzvü Flora xanım Qasımovanın təşəbbüsü və maliyyə dəstəyi ilə bəhs edilən əsər tanınmış  mərhum Azərbaycan şərqşünası, farsdilli əlyazmalar üzrə mütəxəssis, tərcüməçi, filoloq Arif Ramazanov tərəfindən əski əlifbadan transliterasiya edilib, daha sonra isı digər nəticə- kitabın ön sözünün müəllifi hazırda AMEA -nın A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda baş elmi işçi, tarix elmləri doktoru, etnoqraf-alim Solmaz Məhərrəmovanın rəhbərliyi ilə nəşrə hazırlanıb və ilk dəfə  2023-cü ildə nazik cilddə, 2024-cü ildə isə həmin il “İslam dünyasının  mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə itfah olunmaqla nəşr edilmiş qalın cilddə “Hacı Molla Şükür Məhərrəmzadə “Hərflər və xətlər”” adı altında nəfis şəkildə çapdan çıxıb. Qeyd edək ki, kitabın ikinci nəşrində ön sözün ingilis və rus dillərinə tərcümələri də verilib.
 
Hacı Molla Şükürün “Hərflər və xətlər” adlı kitabının əsas məzmunu dil və hüquq qaydalarını ehtiva etsə də, əsərin 139-169-cu səhifələrini əhatə edən və "Sonluq" qismində verilən “Mədrəsələrdə müəllim ilə tələbə və şagirdlərin davranışı haqqında” bölməsi fərqli bir elmi və mənəvi çəkiyə malikdir. Hacı Molla Şükür bu bölmədə sadəcə bir din xadimi kimi deyil, dünyəvi və mənəvi elmləri sosiologiya və psixologiya ilə birləşdirən dahi bir pedaqoq kimi çıxış edir. 
Müəllif çağdaş təhsil sistemində də ən böyük rəqabət və inkişaf meyarı sayılan "müəllim-şagird münasibətləri"nin fundamental prinsiplərini hələ 130 il öncədən müəyyənləşdirib. 
 
Hacı Molla Şükür müəllim üçün 8, tələbə və müəllimin müştərək fəaliyyəti üçün isə 5 fundamental əxlaqi və peşəkar meyar irəli sürür. 
 
Moderator.az çağdaş dövrdə də Azərbaycan kimi əhalisinin əksəriyyəti müsəlman sayılan bir məmləkətin müəllim, şagird və tələbələri üçün aktual olan həmin tövsiyə və nəsihətləri hissə-hissə dəyərli oxucuların diqqətinə çatdırır:
 
Mədrəsələrdə müəllim ilə tələbə və şagirdlərin davranışı haqqında...
(Əvvəli burada:)
 
8-ci işarə
 
Fətvanın, hökmün və müftinin (hökm edənin), müstəfinin (hökmü xahiş edənin) qayda-qanunları haqqında
 
Göstərilən mövzuda bir neçə şərt var ki, onların bəzisi xüsusi, digərləri isə müştərəkdir.
 
-Fətvanın verilməsi mühüm işlərdən biri hesab olunur. Onun əsri-mükafatı çox olmasına baxmayaraq, xətəri, cəzası da çox böyükdür. Bunu deməkdə məqsəd budur ki, fətva müfti tərəfindən verilir və  hökm dərəcəsinə bərabərdir. Deməli, fətva Allah-Təala ilə bizlərin arasında bir hökmdən ibarətdir...
 
Xülasə, hökmüllah deyilən hər bir əmr mütləq icra olunmalıdır. Əgər həmin hökm əməli ilə bərabər olarsa, mükafatı böyükdür. Əksinə, müxalif olarsa, xətəri, cəzası da böyükdür...
 
-Fətvanın mütabiq (düzgün) olması müfti tərəfindən məxəz və sübutlar əsasında verilməlidir. Müftinin alim və arif bir şəxs olması vacibdir. Müfti fətva verərkən səbəbkar hesab olunur. Öz işində dəqiq və bilikli olmalı, xətalara yol verməməlidir. Həmin iddialara şahid olaraq “Qurani-Kərim”də surələr nazil olmuş, Peyğəmbərimiz Məhəmməd ibn Abdulla həzrətlərindən fətva haqqında gözəl kəlamlar söylənmişdir. 
 
Fətva verən müftinin aşağıdakı xüsusiyyətlərə malik olması vacibdir:
 
-Əvvəla, mükəlləf olmalıdır. Yəni, həddi-büluğa çatmış şəxs olmalıdır.
 
-İkincisi, mütləq müsəlman, ədalətli və adil olmalıdır. Müctəhid olmayan şəxsin fətva verməyə səlahiyyəti yoxdur. Həmin çətin işə can atmasına icazə verilmir.
 
Fətva verən müftiyə buna əməl etmək vacib buyurulmuşdur:
 
 -Müfti fətva verərkən tam sağlam olmalıdır. Xəstə olduğu zama fətva məsələsini müstəfiyə həvalə etməlidir (Müstəfi - müftinin səlahiyyətli köməkçisi).    
 
-Müstəfi də əvvəlcədən müftidən icazə almalıdır. Hətta müftidən qabaqcadan xəmsə (beşlik) ehkamlarının qayda-qanunlarını soruşmalıdır; 
 
-Əsəbi halda fətva verməyə icazə buyurulmur. Təqlid hökmünə də əməl olunmalıdır. 
 
-Əgər müfti verdiyi fətvasından geri dönərsə, əvvəlki fətva ləğv olunur.
 
 -Müqəllid (təqlid edən) ikinci fətvaya əməl qılmalıdır. İstər həmin fətvanı müftinin özündən eşitsin, istərsə də digər ədalətli şəxsdən, fərq etməz.
 
9-cu işarə
 
Münazirə (elmi mübahisə) və onun qayda-qanunları haqqında
 
Münazirə şəriət adamlarının ifadəsində öz fikirlərini dini hökmlər ilə bərabər tutmaqdır.
 
Elmi mübahisələrin qayda-qanunları bir neçə şərtdən ibarətdir:
 
-Birinci şərt budur ki, elmi müzakirələr doğru-düzgün həqiqətə söykənməli, həqiqətin üzə çıxmasından ibarət olmalıdır.
 
-İkinci şərt odur ki, sual edən şəxs ilə mübahisə edənin arasında şəxsi-qərəzlik  olmamalıdır. Şəxsi-qərəzliklə edilən elmi mübahisə ən çirkin xüsusiyyətlərdən hesab olunur.
 
-Üçüncü şərt budur ki, mübahisəyə səbəb olmuş məsələ aydınlaşdıqdan sonra haqq yerini alır. Qarmaqarışıq məsələ mübahisə yolu ilə aydınlaşmasa, həmin münazirə haram hesab edilir.
 
- Münazirə edən şəxsin müctəhid olması vacibdir. Yalnız öz rəyi ilə fətva verə bilər. Başqasının fikri ilə fətva verməyə ixtiyarı yoxdur.
 
- Münazirələrin dərsdən kənar keçirilməsi məqsədəuyğun sayılır. Mübahisələr tamamilə sakit və qanun əsasında keçirilməlidir. Riyakarlığa yol verilməməli, mübahisəli məsələlər ədalətli və düzgün həll olunmalıdır.
 
-Münsiflərin iştirakı da məqsədəuyğundur.
10-cu işarə
 
Yazı və ona aid olan qaydalar haqqında
 
Yazı (kitabət) - iki və ikidən artıq şəxsin arasındakı ifadələrdən, bir çox adamların oxuduqları yazılardan (burada müəllif əlyazma kitablarını nəzərdə tutmuşdur –S.M.), yaxud bir nəfərin əzbərləmək üçün yazısından ibarətdir. 
 
-Əgər Allah-Təala tərəfindən təlim məqsədi ilə nazil olmuşsa, mövzu, məxluq tərəfindən yazılmışsa, ixtira hesab edilir.
 
-Kitablar (əlyazmalar) ayrı-ayrı katiblər (peşəkar katiblər) tərəfindən ümumxalq üçün nəzərdə tutulmuşsa, həmin yazı əbədi, gündəlik sözlərdən ibarət olarsa - fanidir, müvəqqəti hesab edilir.
 
-Kitabət, yəni, ayrı-ayrı əsərləri köçürmək hər bir xalqın və millətin ən mühüm işlərindən biridir, - onların yazılı abidələrini qorumaq deməkdir. İnsanlar buna möhtacdırlar. Bütün işlərdə, o cümlədən dini, dünyəvi və elmi işlərdə adamlar ona müraciət edirlər. Məktuba hörmət olduğu kimi, əlyazmaya da hörmətlə yanaşmaq lazımdır. Sənədlərin vacib olması kimi, əlyazmaların olması da vacib və gərəkli məsələlərdən hesab olunur;
 
-Bəzən kitabət (yazı, əlyazma) xoşagələn, bəzən məkruh (nifrətli, iyrənc), bəzən haram, bəzən də mübah (nə haram, nə halal) olur.
 
-Nəticədə qeyd etmək lazımdır ki, kitabət (yazı) beş ehkama (hökmlərə) daxil edilmişdir. Fiqh elmində (dini elmlər) də yazı işi vacib məsələlərdən sayılır.
 
Allah-Təalanın Yer üzərindəki elçisi cənab Məhəmməd ibn Abdulladan rəvayət olunmuşdur ki, o cənab buyurub:
 
Siz elmi qeyd edin!
 
Xəbər aldılar ki, elmi qeyd edin- nə deməkdir?
 
Buyurdu:
 
– Elmin qeydi elmin kitabətidir (yazısıdır).
 
Yenə cənab imam Sadiqdən rəvayət olunub ki, Übeyd ibn Zürarə buyurmuşdur:
 
– Elmi öyrənin və əzbərləyin yazı ilə (yazı əsərləri ilə)! Təcili olaraq yazıya ehtiyac duymaqdansa, elmi əzbərləyin!
 
-Tələbələr gərək pak niyyətlə kitabətlə, yəni, yazı yazmaqla məşğul olsunlar. Ona görə ki, kitabət (yazı) bir növ ibadət hesab olunaraq elmin bir hissəsini təşkil edir. Xeyiri və davamı nöqteyi-nəzərindən elmdən daha çox əhəmiyyətlidir. Ona görə demişlər ki: “alimin qələminin mürəkkəbi şəhidlərin qanından üstündür”.
 
-Oxumaq arzusunda olan hər kəsə kitab və yazmaq vacibdir. Həmin vəsait tələbə və elm həvəskarlarına çox gərəklidir. Maddi cəhətdən imkanlı tələbələr kitab və əlyazma kitablarını əldə etməlidirlər. İmkanı olmayan tələbələrə adət və ənənəyə görə müvəqqəti istifadə üçün kitab vermək olar. Həmin adət və ənənə gözəl xüsusiyyətlərdəndir. Ona görə ki, bu da bir növ öz tay-tuşlarına kömək və yardım hesab olunur. Bir şərtlə ki, aldığı kitab vaxtında sahibinə qaytarılsın.
 
- Hər kəs xəsislik edib kitabını elm adamlarına və tələbələrə verməzsə, ən azı, üç bəlaya, yaxud üç bəladan birinə düçar olar. Ya kitabını itirər, ya dünyasını dəyişər, ölər, ya da elmdən uzaq düşər. Qeyd olunan üç cəhət təcrübə ilə sübut olunmuşdur.
 
-Kitabı, yaxud əlyazmanı əmanət alıb qaytarmamaq da haram hesab olunur. Əmanətə xəyanət etmək olmaz. Əgər kitaba xəsarət yetirilərsə, onun əvəzinin, yaxud qiymətinin əvəzinin kitab sahibinə ödənilməsinə zəmanət verilməlidir.
 
-Kitab sahibinin icazəsi olmadan kitabda düzəlişlər etməyə də icazə verilmir. Əlyazma kitablarının ağ vərəqlərini yazmaq, orada qeydiyyat aparmaq da xoşagəlməz hallardandır. Əlyazma kitabı sahibinin icazəsi olmadan üzünü köçürmək olmaz. 
 
-Kitabların rəflərdə düzülüşünə də diqqət yetirmək vacib məsələlərdən biridir. “Qurani-Kərim”i müqəddəs kitab olduğundan digər kitabların üstünə qoymaq gərəkdir. Ondan sonra digər ilahi kitabları “Quran”ın təfsirləri (şərhləri), ayrı-ayrı məzhəblərə aid kitablar, fiqh elminə ədəbiyyatı sıra ilə üstünə düzmək olar.
 
-Kitabların düzülüşündə onların böyük və kiçik həcmli olmasına diqqət etmək lazımdır. Böyük və qalın kitablar kiçik həcmli kitablara xəsarət yetirə bilər.
 
-Əlyazma kitablarının adı və müəllifi son vərəqlərdə yazılmalıdır ki, onların əldə edilməsində çətinlik yaranmasın. 
 
-Elm ilə məşğul olan hər bir şəxs kitab və xüsusilə əlyazma kitabına hörmətlə yanaşmalıdır. Kitabı dəyərsiz etmək olmaz. Hər bir kitab elmin xəzinəsi deməkdir. Kitab hər bir adamın əlinin altında, yatmış adamın başının altında, yemək yeyən adamın süfrəsinin yanında olmalıdır.
 
-Müəllif və katiblər kitab yazanda və köçürərkən, ilk növbədə, Allah-Təalanın adı, ona həmd və səna (şükürlər və salam) ilə başlamalıdırlar.
 
-Katibin əsas ləvazimatlarından biri qələm hesab olunur. Çalışmaq lazımdır ki, qələm bərk, möhkəm və böyük olmasın. Çox incə və nazik də olmamalıdır. Orta vəziyyətdə olması məsləhətdir. Qələmi elə yonmaq lazımdır ki, mürəkkəbə batıran zaman oradan süzülməsin.
 
-Katibin istifadə etdiyi kağızın hamar və nişastalı olması vacibdir. Mürəkkəb isə quru, lığası (ipək, yun) pak və təmiz, mürəkkəbqabı isə mühafizəli olmalıdır.
 
11-ci işarə 
 
Elm haqqında
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər