“İndi əsas məsələ keçmişi ittiham etmək deyil. Əsas məsələ növbəti inkişaf mərhələsində eyni səhvlərin təkrarlanmamasıdır...”
“Əsas problem idarəetmənin keyfiyyətində, strateji planlaşdırmada və qəbul edilən qərarların elmi əsaslara söykənməməsindədir...”
“Əgər şagird sual verməyə təşviq olunmursa, müstəqil düşünməyə öyrədilmirsə, layihə hazırlamırsa, tədqiqat aparmırsa, komanda şəklində işləmirsə, onda universitet mərhələsində ondan innovator gözləmək çətin olacaq...”
“Bu gün əsas vəzifə uğursuzluqları gizlətmək deyil, onları obyektiv təhlil etmək, səbəblərini müəyyənləşdirmək və gələcək strategiyalarda səhvlərin qarşısını almaqdır...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun beynəlxalq çağdaş təcrübə ilə müqayisədə Azərbaycanda elm və təhsilin problemləri barədə “ETN “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nı yerinə yetirə bildimi?” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Azərbaycan Respublikasının son illərdə qəbul etdiyi ən mühüm strateji sənədlərdən biri "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" olmuşdur. Bu sənəd ölkənin uzunmüddətli inkişaf prioritetlərini müəyyənləşdirir və onun mühüm istiqamətlərindən biri də elm və təhsil sisteminin inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılmasıdır. Artıq Strategiyanın icra müddəti başa çatır. Təbii ki, aidiyyəti dövlət qurumları görülmüş işlər barədə hesabatlar hazırlayacaq, müxtəlif göstəricilər təqdim ediləcək. Lakin əsas sual budur:
Strategiyanın təhsilə dair hədəfləri necə həyata keçirildi?..
Bizim son beş il ərzində apardığımız müşahidələr, tədqiqatlar və təhsil siyasətinə dair dərc etdiyimiz çoxsaylı analitik-publisistik yazıların ümumiləşdirilmiş təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, ETN bu Strategiyanın təhsilə aid müddəalarının əhəmiyyətli hissəsini ya yarımçıq, ya da gözlənilən keyfiyyətdə həyata keçirə bilməyib. Bu, təkcə icra intizamı məsələsi deyil. Bəzi qərarlar və idarəetmə yanaşmaları elə ziddiyyətlər yaradıb ki, onlar strateji idarəetmənin elementar məntiqi ilə uzlaşmır. Bəzən də haqlı olaraq sual yaranır ki, niyə strateji sənədlərdə müəyyən edilmiş məqsədlərlə real idarəetmə arasında ciddi fərq yaranıb?
Kəmiyyət artdı, keyfiyyət gerilədi
Strategiyanın əsas məqsədlərindən biri ali təhsilə çıxış imkanlarının genişləndirilməsi idi. Bu məqsədlə ali məktəblərə qəbul planı hər il artırıldı. Prinsip etibarilə bu, müsbət addımdır. Ali təhsil imkanlarının genişlənməsi müasir dövlətlərin inkişaf siyasətinin əsas istiqamətlərindən biridir. Lakin burada mühüm prinsip unuduldu: ali təhsilə qəbulun genişləndirilməsi yalnız ümumi orta təhsilin keyfiyyəti yüksəldiyi halda müsbət nəticə verir. Əks halda, universitetlərə daha çox tələbə qəbul etmək sadəcə statistik göstəricini yaxşılaşdırır, lakin insan kapitalının keyfiyyətini artırmır.
Son illərdə məhz bu vəziyyət müşahidə olunur. Məktəb təhsilinin keyfiyyəti gözlənilən səviyyədə yüksəlmədiyi halda qəbul planları artırılıb. Nəticədə ali məktəblərə qəbul balı ildən-ilə aşağı salınmalı olub. Bu, Dövlət İmtahan Mərkəzinin problemi deyil. DİM yalnız mövcud vəziyyəti qiymətləndirən və qəbul prosesini təşkil edən qurumdur.
Problemin kökü ümumi təhsil sistemində və onun idarə edilməsindədir. Əgər məktəblər kifayət qədər hazırlıqlı məzun yetişdirmirsə, universitetlərə qəbul planını artırmaq üçün minimal keçid balını aşağı salmaq qaçılmaz olur. Beləliklə, səbəb deyil, nəticə dəyişdirilir.
150 balla keyfiyyətli mütəxəssis hazırlamaq mümkündürmü?..
Bu gün cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də minimal qəbul balıdır. Burada söhbət hansısa konkret rəqəmdən deyil, təhsil sisteminin fəlsəfəsindən gedir. Əgər universitetə qəbul üçün minimal hazırlıq səviyyəsi çox aşağıdırsa, ali məktəblər həmin boşluğu dörd il ərzində tam doldura bilməyəcək. Universitet orta məktəbin çatışmazlıqlarını kompensasiya edən müəssisə deyil. Hər təhsil pilləsinin öz vəzifəsi var. Universitet müəyyən baza biliklərinə malik gənci yüksək ixtisaslı mütəxəssisə çevirməlidir. Əgər bu baza zəifdirsə, nəticədə əmək bazarının tələblərinə cavab verən məzunlar formalaşmır. Bu isə Strategiyanın əsas məqsədi olan keyfiyyətli insan kapitalının inkişafı ilə ziddiyyət təşkil edir.
Burada başqa bir sosial məsələ də mövcuddur. Universitet təhsili hər bir gənc üçün yeganə inkişaf yolu deyil. Peşə təhsili, texniki ixtisaslar, sahibkarlıq və müxtəlif peşə istiqamətləri də cəmiyyət üçün eyni dərəcədə vacibdir. Ali təhsil sisteminin həddindən artıq genişləndirilməsi həm də peşə təhsilinin nüfuzunu zəiflədir. Bu onu göstərir ki, ETN –nin fəaliyyəti sistemli deyil, çünki, ETN təhsil elmlərini qəbul etmir. Artıq 10 ildir…
Tədqiqat universitetləri niyə yaradılmadı?..
Strategiyanın ən mühüm hədəflərindən biri ölkədə 2–3 tədqiqat universitetinin yaradılması idi. NK 2017-ci bu yöndə konkret meyarlar təyin edib. Amma hələ də heç bir universitet bu tələblərə cavab vermir. Strategiyada bu istiqamət təsadüfi seçilməyib.
Müasir dövrdə iqtisadi inkişafın əsas mənbəyi elmdir. Elm isə ilk növbədə güclü tədqiqat universitetlərində formalaşır. Lakin Strategiyanın icra müddətinin tezliklə başa çatacağına baxmayaraq, Azərbaycanda nəinki beynəlxalq meyarlara, heç sadələşdirilmiş yerli meyarlara da (NK-nın meyarları) uyğun tədqiqat universitetləri yaradılmadı.
Əsas problem təkcə hüquqi statusun verilməməsində deyil. Tədqiqat universiteti yalnız ad dəyişməklə yaranmır. Bunun üçün güclü elmi məktəblər, yüksək səviyyəli professor-müəllim heyəti, müasir laboratoriyalar, beynəlxalq elmi əməkdaşlıq, beynəlxalq tanınma, beynəlxalq akkreditasiya, elmi qrant sistemi, universitet-sənaye əməkdaşlığı, akademik azadlıq və nəticəyönümlü idarəetmə lazımdır. Bu komponentlər formalaşdırılmadan "tədqiqat universiteti" anlayışı formal xarakter daşıyacaq. Bu manipulyativ reytinq qazanmaq kimi bir iş olardı.
Bəs ETN bu istiqamətlərdə nə edib? PHŞ edilmiş kasıb universitetlərə nə maliyyə və təşkilati dəstək verib? Heç nə. Əksinə, onların əlində olan sərbəst vəzsaitləri də inkişafa yox, ETN-nin yaratdığı TİF Fonduna ödəməyi tələb edib.
Tədqiqat universiteti – bina deyil, ekosistemdir…
Son illərdə "tədqiqat universiteti" anlayışı tez-tez səsləndirilsə də, bu modelin mahiyyəti barədə kitədris müəssisələri deyil, yeni bilik və texnologiya istehsal edəfayət qədər sistemli müzakirə aparılmayıb. Dünyanın aparıcı tədqiqat universitetləri – Harvard, MIT, Stanford, Oxford, ETH Zurich, Tsinghua və digərləri – təkcə n mürəkkəb ekosistemlərdir.
Belə universitetlərdə elmi tədqiqat tədrisdən ayrılmazdır, professorun fəaliyyəti dərs saatı ilə deyil, elmi nəticələrlə qiymətləndirilir, universitet ilə sənaye arasında davamlı əməkdaşlıq mövcuddur, patent, startap və texnologiya transferi universitetin əsas göstəricilərindən hesab olunur. Azərbaycan universitetləri isə hələ də əsasən tədris yönümlü idarəetmə modeli ilə fəaliyyət göstərirlər. Bu səbəbdən yalnız status verməklə tədqiqat universiteti yaratmaq mümkün deyil. Əvvəlcə elmi mühit, maliyyələşmə mexanizmləri və akademik idarəetmə dəyişməlidir.
Reytinqlərdə irəliləyiş – real inkişaf, statistik effekt, yoxsa özünüaldanış?..
Strategiyada universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılması da prioritet istiqamətlərdən biri idi. Son illərdə ETN tərəfindən fəxrlə müəyyən irəliləyişlər haqqında məlumatlar təqdim olunur. Təbii olaraq sual yaranır: bu artım maliyyəsiz universitetlərin real elmi və akademik inkişafının nəticəsidir, yoxsa metodoloji, statistik manipulyasiyalar, subyektiv rəylər hesabına əldə edilmiş görüntüdür?
Beynəlxalq reytinqlər məqsəd deyil, keyfiyyətin, inkişafın nəticəsi olmalıdır. Əgər universitetlərin elmi məhsuldarlığı, patent fəaliyyəti, texnologiya transferi, innovasiya imkanları və məzunların rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə dəyişməyibsə, reytinqdə cüzi irəliləyişlər sistemli inkişafın göstəricisi kimi qəbul edilə bilməz…
Təhsil bütün inkişaf göstəricilərinin əsasını təşkil edir…
Strategiyada nəzərdə tutulan digər istiqamətlər – innovasiya, rəqəmsal iqtisadiyyat, startap ekosistemi, yüksək texnologiyalar, patent fəaliyyəti və rəqabətqabiliyyətli iqtisadiyyat – bir-birindən ayrı sahələr deyil. Onların hamısının təməlində insan kapitalı dayanır. Keyfiyyətli insan kapitalı isə məktəbdən başlayır. Əgər ümumi təhsil sistemi uzun illər ərzində gözlənilən nəticəni vermirsə, bunun təsiri innovasiya mühitində, elmdə, yüksək texnologiyalarda və iqtisadiyyatın rəqabət qabiliyyətində də özünü göstərir. Təsadüfi deyil ki, Azərbaycan innovasiya, patent, yüksək texnologiyalar və qlobal rəqabət qabiliyyəti üzrə bir çox beynəlxalq indekslərdə hələ də arzu olunan mövqedə deyil. Bu problemlərin əhəmiyyətli hissəsinin kökü təhsil sistemində formalaşan struktur çatışmazlıqlarla bağlıdır…
2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası təhsil sahəsində düzgün strateji hədəflər müəyyən etmişdi. Lakin bu hədəflərə çatmaq üçün həyata keçirilən idarəetmə mexanizmləri və islahatların ardıcıllığı gözlənilən nəticəni hələ ki vermir. Ali təhsilə qəbul planlarının artırılması məktəb təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə müşayiət olunmadı, tədqiqat universitetlərinin yaradılması reallaşmadı, beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində əldə olunan nəticələr isə hələ də ciddi müzakirə mövzusudur.
İndi əsas məsələ keçmişi ittiham etmək deyil. Əsas məsələ növbəti inkişaf mərhələsində eyni səhvlərin təkrarlanmamasıdır. Amma ETN-nin 25 illik fəaliyyəti eyni səhvlərin təkrarından ibarətdir: səhv kadr, maliyyə siyasəti, təhsil islahatlarında elmi təminatın yoxluğu. Səhvlərin təkrarının səbəbi isə menecerlərin ictimai rəyi, mütəxəssis təkliflərini, proseslərə elmi yanaşmanı inkar etməsidir...
Təhsilin əsas problemi idarəetmə böhranıdır...
Təhsil sistemində mövcud problemləri yalnız maliyyə çatışmazlığı, müəllim hazırlığı və ya demoqrafik amillərlə izah etmək düzgün olmazdı. Son beş ildə baş verən proseslər göstərir ki, maliyyə davamlı artsa da, nəticə yoxdur. Əsas problem idarəetmənin keyfiyyətində, strateji planlaşdırmada və qəbul edilən qərarların elmi əsaslara söykənməməsindədir.
Müasir təhsil idarəçiliyində strategiya sadəcə niyyətlər toplusu deyil. Strategiya – məqsəd, resurs, icra mexanizmi, risklərin idarə olunması və nəticələrin qiymətləndirilməsi arasında məntiqli əlaqə sistemidir. Əgər təhsilə dair strategiyada müəyyən edilmiş məqsədlərlə həyata keçirilən tədbirlər arasında səbəb-nəticə əlaqəsi qurulmayıbsa, ən yaxşı strateji sənəd belə formal xarakter daşıyacaq. Məhz bu baxımdan 2022–2026-cı illər Strategiyasının təhsilə dair istiqamətlərinin icrasında ciddi metodoloji və icra problemləri müşahidə olunur.
Təhsil sistemində nəticələr deyil, proseslər idarə olunur...
İnkişaf etmiş ölkələrdə təhsil siyasəti nəticəyönümlü idarəetmə prinsipləri üzərində qurulur. Burada əsas məsələ məktəb, müəllim və universitetin cəmiyyət üçün hansı nəticə yaratmasıdır. Bizdə isə çox vaxt proseslər idarə olunur, yəni əsas məsələ neçə məktəb təmir edildi, neçə müəllim sertifikatlaşdırıldı, neçə nəfər qəbul olundu, neçə layihə həyata keçirildi kimi faktlardır. Bu zaman daha vacib məsələlər kölgədə qalır: Şagirdlərin funksional savadlılığı artıbmı? Universitet məzunlarının əmək bazarında rəqabət qabiliyyəti yüksəlibmi? Elmi tədqiqatların iqtisadiyyata təsiri artıbmı? Məktəblərdə tənqidi düşünmə və problem həll etmə bacarıqları inkişaf edirmi? Əgər bu suallara müsbət cavab vermək çətindirsə, deməli, proseslərin çoxluğu nəticələrin yüksək olması anlamına gəlmir...
İnsan kapitalı strategiyanın mərkəzində idi, amma...
Strategiyanın əsas fəlsəfəsi insan kapitalının inkişafı idi. Çünki XXI əsrdə ölkələrin rəqabət üstünlüyünü artıq təbii sərvətlər deyil, bilik, innovasiya və texnologiyalar müəyyən edir. Lakin insan kapitalı yalnız ali təhsilə qəbul olunanların sayının artırılması ilə formalaşmır.
İnsan kapitalınin inkişafı keyfiyyətli məktəb → güclü universitet → rəqabətqabiliyyətli mütəxəssis → innovativ iqtisadiyyat → dayanıqlı inkişaf zənciri üzrə olmalıdır. Əgər zəncirin ilk halqası zəifdirsə, sonrakı mərhələlərdə bunu kompensasiya etmək çox çətindir. Bu baxımdan məktəb təhsilinin keyfiyyəti artmasa, ali təhsilin kəmiyyətcə genişləndirilməsi strateji baxımdan səhv qərardır.
İnnovasiya göstəricilərində geriləmənin kökü təhsildədir…
Son illərdə ölkədə innovasiya, startap və rəqəmsallaşma haqqında çox danışılır. Lakin innovasiya inzibati qərarla yaranmır. İnnovasiya düşüncə tərzi ilə başlayır. Bu düşüncə isə məktəbdə formalaşır. Əgər şagird sual verməyə təşviq olunmursa, müstəqil düşünməyə öyrədilmirsə, layihə hazırlamırsa, tədqiqat aparmırsa, komanda şəklində işləmirsə, onda universitet mərhələsində ondan innovator gözləmək çətin olacaq. Bu səbəbdən innovasiya siyasəti ilə təhsil siyasəti ayrılmaz şəkildə əlaqəlidir.
Növbəti strategiya nəyi dəyişməlidir?..
2027-ci ildən sonrakı dövr üçün hazırlanacaq yeni inkişaf strategiyası əvvəlki sənədin təkrarı olmamalıdır. Yeni yanaşma kəmiyyət deyil, keyfiyyət prioritet olmalıdır, məktəb və universitet islahatları vahid sistem kimi planlaşdırılmalıdır, tədqiqat universitetlərinin yaradılması konkret meyarlar və mərhələlərlə həyata keçirilməlidir, ali təhsildə maliyyələşmə nəticələrə bağlanmalıdır, müəllim və professor fəaliyyətinin qiymətləndirilməsi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır, süni intellekt, rəqəmsal texnologiyalar və açıq elm siyasəti təhsil islahatlarının ayrılmaz hissəsinə çevrilməlidir.
2022–2026-cı illər Strategiyası Azərbaycanın inkişafı üçün mühüm istiqamətlər müəyyən etmişdi. Bu strategiyada haqlı olaraq insan kapitalının formalaşdırılması ön planda idi. Bu isə ETN səlahiyyətində olan məsələdir. Strateji sənədin uğuru onun mətninin keyfiyyəti ilə deyil, icranın səmərəliliyi ilə ölçülür. Reallığın təhlili göstərir ki, insan kapitalının yetişdirilməsi uğurlu olmadı.
Bu gün əsas vəzifə uğursuzluqları gizlətmək deyil, onları obyektiv təhlil etmək, səbəblərini müəyyənləşdirmək və gələcək strategiyalarda səhvlərin qarşısını almaqdır. Bunu qlobal rəqabət və qonşu ölkələrin sürətli texnoloji inkişafı, ölkənin son illər qəbul etdiyi innovativ inkiaşf və rəqəmsal transformasiya proqramları bizdən tələb edir. Süni intellekt dövründə idarəetmə elmtutumlu qərarlara əsaslanmalıdır.
Təhsil sahəsində qəbul edilən hər bir yanlış qərarın təsiri yalnız bugünkü şagirdə deyil, gələcək onilliklərdə ölkənin elmi potensialına, iqtisadi inkişafına və milli təhlükəsizliyinə də sirayət edir. Buna görə də təhsil islahatları qısamüddətli inzibati kampaniyalar kimi deyil, milli inkişafın ən mühüm strateji layihəsi kimi həyata keçirilməlidir.
Əgər Azərbaycanın əsas sərvəti insan kapitalıdırsa, onda bu kapitalın formalaşmasına cavabdeh olan təhsil sistemi dövlət siyasətinin ən yüksək prioriteti olmalı və onun idarə edilməsi elmi əsaslara, peşəkarlığa və məsuliyyətə söykənməlidir...
Müəllif:
Dosent İlham Əhmədov