“Müəllim evdən çıxan zaman cənab peyğəmbərimizdən rəvayət olunan duanı yavaş səslə oxumalıdır. Həmin duanın tərcüməsini təqdim edirik: “Pərvərdigara, mən pənah aparıram sənə, məni düz yoldan azdıranlardan, zülm edən şəxslərdən, cahil-nadan olan kimsələrdən qoru!..”
“Müəllim evdən dərs məclisinə çıxdıqda niyyəti və məqsədi yalnız elmin inkişafına və elmin müzakirəsinə yönəlməlidir...”
“Müəllim tələbə və şagirdlərin suallarına tez cavab verməlidir. Əgər bilmirsə, deməlidir ki, Allah-Təala qadirdir, yalnız o, hər şeydən xəbərdardır. Yaxud...”
“Tələbə öz nəfsini çirkin əməl və düşüncələrdən pak etməlidir. Xoşagəlməz qərəzlərdən və dünyəvi məqsədlərdən təmizlənməlidir...”
“Tələbə təhsil müddətində yalnız dərslə məşğul olmalıdır. Əmək fəaliyyəti ilə dərs öyrənmək bir-birinə uyğun gəlmir. Tələbə bu barədə düşünməli,...”
“Tələbələrə tövsiyə edirəm ki, əzbərləmək üçün ən əlverişli vaxt səhər tezdəndir. Dərs vaxtı müzakirələrin, mübahisəli məsələlərin araşdırılmasını səhərlər keçirməyi məsləhət görürəm...”
“Tələbə gecə-gündüz ona vacib olan ibadət və ehkamları, müvəffəqiyyətinə səbəb olan çalışmaları yerinə yetirməyə borcludur. Ona görə ki, ibadət insanın biliyinin artmasına kömək edir...”
XIX əsrin sonları və XX əsrin əvvəlləri Qarabağın elmi, mədəni və ictimai-siyasi mühiti Azərbaycan tarixinə bənzərsiz simalar bəxş edib. Bu simalar arasında həm uzaqgörən bir din xadimi, övliya, həm "Difai" hərəkatının fəallarından biri kimi 1905-1906-cı illərdə erməni separatçılığına qarşı mübarizə aparmış vətənpərvər ziyalı, həm də gələcək nəsillərin milli-mənəvi ruhda yetişməsinə can yandıran mükəmməl bir pedaqoq bədirlənir:
Şuşa qalasındakı "Təzə pir" məscidinin baş ruhanisi və qazısı olmuş Axund Hacı Molla Şükür Məhərrəmzadə.
Rəhmətlik Qarabağ övliyasının 1890-cı ildə mədrəsə şagirdləri üçün ərəb qrafikalı əski Azərbaycan əlifbasında qələmə aldığı, əlyazması hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan “Risaleyi-hüruf və hüquq” kitabı Azərbaycanda, daha sonra isə ayrıca Qarabağda maarifçiliyin inkişafına ciddi təkan verib.
Arxiv rəflərində kəşf olunacağı günü gözləyən bu zəngin irsin əsas hissəsi xalqımızın milli yaddaşına böyük bir töhfə olaraq çağdaş latın qrafikalı Azərbaycan əlifbasında yenidən işıq üzü görüb. 2021-cü ildən başlanaraq Hacı Molla Şükürün oğul nəticəsi, şəhid Milli Qəhrəman Şirin Mirzəyevin ömür-gün yoldaşı, Milli Məclisin sabiq üzvü Flora xanım Qasımovanın təşəbbüsü və maliyyə dəstəyi ilə bəhs edilən əsər tanınmış mərhum Azərbaycan şərqşünası, farsdilli əlyazmalar üzrə mütəxəssis, tərcüməçi, filoloq Arif Ramazanov tərəfindən əski əlifbadan transliterasiya edilib, daha sonra isı digər nəticə- kitabın ön sözünün müəllifi hazırda AMEA -nın A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda baş elmi işçi, tarix elmləri doktoru, etnoqraf-alim Solmaz Məhərrəmovanın rəhbərliyi ilə nəşrə hazırlanıb və ilk dəfə 2023-cü ildə nazik cilddə, 2024-cü ildə isə həmin il “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə itfah olunmaqla nəşr edilmiş qalın cilddə “Hacı Molla Şükür Məhərrəmzadə “Hərflər və xətlər”” adı altında nəfis şəkildə çapdan çıxıb. Qeyd edək ki, kitabın ikinci nəşrində ön sözün ingilis və rus dillərinə tərcümələri də verilib.
Tarixi arayış:
Hacı Molla Şükür Məhərrəmzadə kimdir?..
Əsərin pedaqoji dəyərini daha dərindən anlamaq üçün onun müəllifinin şərəfli ömür yoluna, xalq qarşısındakı xidmətlərinə və onun irsini yaşadan tədqiqatlara nəzər salmaq zəruridir:
Hacı Molla Şükür 1820-ci illərin əvvəllərində indiki Laçın rayonunun Ağanus kəndində Məhərrəm kişinin ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Qarabağın Bağırbəyli tayfasına məxsus Şivid kəndindəki mollaxanada alıb, daha sonra ali ruhani təhsil almaq məqsədilə Xorasana yollanıb.
Dərin zəkası sayəsində ədəbiyyat, riyaziyyat və fəlsəfə elmlərini mükəmməl mənimsəyib. O, Şərq və Qərb mühitini birləşdirən bir ziyalı kimi ərəb, fars və rus dillərini yüksək səviyyədə bilirdi.
Xalq arasında qazandığı böyük nüfuza görə Şuşa şəhərinin qazısı təyin edilib və uzun illər Şuşa qalasındakı məşhur "Təzə pir" məscidinin baş ruhanisi olub. Tarixi mənbələr onun Şuşada məşhur Xan qızı Xurşidbanu Natəvanın kəbinini kəsən şəxs olduğunu təsdiqləyir.
O, təkcə din xadimi deyil, həm də xalqın taleyinə biganə qalmayan bir mücahid idi. Tanınmış mərhum tədqiqatçı Ənvər Çingizoğlunun araşdırmasına görə, erməni daşnaklarının Qarabağda törətdiyi terrora qarşı yaradılan gizli "Difai" təşkilatının fəal axund üzvlərindən biri olub. Şuşanın müdafiəsində böyük rol oynayıb...
Ömrünün sonuna yaxın müqəddəs Məkkə şəhərini ziyarət edib "Hacı" rütbəsini qazanıb. Xalq arasında övliya kimi tanınan və uzaqgörənliyi ilə seçilən axund dünyasını dəyişəcəyi günü və saatı öncədən söyləyib.
Şuşa işğaldan azad edildikdən sonra Hacı Molla Şükürün Cıdır düzü yaxınlığındakı məzarı nəticəsi Flora xanım Qasımova tərəfindən bərpa etdirilib.
Allah rəhmət eləsin!..
Ötən illər boyu Moderator.az saytında sabiq millət vəkili Flora xanım Qasımovanın, filoloq-müəllim, yazıçı-publisist Əslixan Hüseynoğlunun, etnoqraf-alim Solmaz Məhərrəmovanın və jurnalist Sultan Laçının Hacı Molla Şükürün həyat və fəlaiyyətinin ən maraqlı məqamları barəsində bir sıra geniş araşdırma yazıları dərc edilib, onun zəngin irsi mütəmadi olaraq ictimaiyyətə çatdırılıb.
Hacı Molla Şükürün “Hərflər və xətlər” adlı kitabının əsas məzmunu dil və hüquq qaydalarını ehtiva etsə də, əsərin 139-169-cu səhifələrini əhatə edən və "Sonluq" qismində verilən “Mədrəsələrdə müəllim ilə tələbə və şagirdlərin davranışı haqqında” bölməsi fərqli bir elmi və mənəvi çəkiyə malikdir. Hacı Molla Şükür bu bölmədə sadəcə bir din xadimi kimi deyil, dünyəvi və mənəvi elmləri sosiologiya və psixologiya ilə birləşdirən dahi bir pedaqoq kimi çıxış edir. Müəllif çağdaş təhsil sistemində də ən böyük rəqabət və inkişaf meyarı sayılan "müəllim-şagird münasibətləri"nin fundamental prinsiplərini hələ 130 il öncədən müəyyənləşdirib. O, elmi yararsız bir yük olmaqdan çıxaran əsas qüvvənin "əməl" və "saf niyyət" olduğunu vurğulayır. Təlim və tədrisi müqəddəs bir sənət hesab edən mütəfəkkir, elmin nüfuzunu qorumağı oxun hədəfə çatmasını təmin edən "qanda"ya (oxun arxa kəsiyinə) bənzədir: Əməlsiz elm, yaya taxıla bilməyən yararsız ox kimidir.
Müəllif müəllim üçün 8, tələbə və müəllimin müştərək fəaliyyəti üçün isə 5 fundamental əxlaqi və peşəkar meyar irəli sürür. Əhalisinin əksəriyyəti müsəlman olan və zəngin şərq-islam mədəniyyəti ilə yanaşı modern təhsil dəyərlərini yaşadan müasir Azərbaycan cəmiyyəti, müəllimləri və tələbələri üçün bu nəsihətlər sadəcə tarixi bir sənəd deyil, həm də canlı bir mənəvi kompasdır.
Moderator.az çağdaş dövrdə də Azərbaycan kimi əhalisinin əksəriyyəti müsəlman sayılan bir məmləkətin müəllim, şagird və tələbələri üçün aktual olan həmin tövsiyə və nəsihətləri hissə-hissə dəyərli oxucuların diqqətinə çatdırır:
Mədrəsələrdə müəllim ilə tələbə və şagirdlərin davranışı haqqında...
4-cü işarə
Müəllim və müdərris (ruhani müəllimlər) dərs məclislərinə gələn zaman bir neçə cəhətə fikir verməlidir:
-Müəllim evdən çıxarkən, ilk növbədə, geyiminə nəzər yetirməlidir. Ona görə ki, səliqəli və təmiz geyim müəllim şəxsiyyətini bildirməkdən ötrü bir əlamət, bir işarədir. Müəllimlərə məsləhət görərdik ki, dərs məclisinə gedərkən ağ rəngli paltar geyinsinlər. Ağ rəngli geyim paltarların ən yaxşı növü hesab olunur. Bunun özü də şəriətə və elmə olan hörmət və ehtirama sübutdur. Müəllimlərə dərs məclislərinə gedərkən ətir-ənbərdən də istifadə etmələrini məsləhət görərdik.
-Müəllim saç və saqqalına da nəzər yetirməlidir.
-Müəllim evdən çıxan zaman cənab peyğəmbərimizdən rəvayət olunan duanı yavaş səslə oxumalıdır. Həmin duanın tərcüməsini təqdim edirik: “Pərvərdigara, mən pənah aparıram sənə, məni düz yoldan azdıranlardan, zülm edən şəxslərdən, cahil-nadan olan kimsələrdən qoru!
Pərvərdigara, sənin kölgənin mənim başımın üzərində olmağı mənə böyük nemətdir. Sən təksən, sənin şərikin yoxdur. Allah-Təalanın adını çəkməklə dərs məclisinə gedirəm. Mən bütün işlərimdə Allah-Təalanın yardımı və köməyini diləyirəm. Yardım və diqqət yalnız pərvərdigardan olmalıdır.
O, uca və böyükdür!”
Müəllim gərək həmin duanı qurtarandan sonra dərs məclisinə çatanadək zikr ilə məşğul olsun.
-Müəllim dərs məclisinə daxil olan zaman şagird və tələbələrlə salamlaşmalıdır.
Dərs məclisi məsciddə olarsa, iki rükət namaz qılmalıdır. Əgər məsciddən kənar ayrıca mədrəsədə dərs keçərsə, müvəffəqiyyəti xatirinə Allah-Təalaya şükr etməklə kifayətlənə bilər. Öz istəyinə nail olmaqdan, xəta-bəladan uzaq olmaqdan ötrü iki rükət namaz qılsa, daha məsləhətlidir.
Qeyd etməliyəm ki, sübh (səhər) namazından fərqli olaraq öz müvəffəqiyyəti və ailəsi üçün də Allah-Təalaya dua etməlidir.
-Müəllim şagird və tələbələrinin ruhani atası (mənəvi atası) yerindədir.
- Müəllim dərs məclisində istədiyi yerdə otura bilər. Lakin çalışmalıdır ki, arxası Qiblə tərəfə olmasın.
Məhəmməd həzrətlərindən rəvayət olunur ki, Qibləyə tərəf oturmaq ən yaxşı cəhətlərdəndir. Dərs məclisində müəllimə həmin iş qismət olmazsa, tələbə və şagirdlərə Qiblə tərəfə oturmaq vacibdir. Ona görə ki, onlar əksəriyyəti təşkil edirlər.
-Müəllim evdən dərs məclisinə çıxdıqda niyyəti və məqsədi yalnız elmin inkişafına və elmin müzakirəsinə yönəlməlidir.
-Müəllim bütün dərs boyu dərsə aid olmayan söhbətlərdən, tez-tez arada var-gəl etməkdən, əllərini əbəs yerə tərpətməkdən, ətrafa lüzumsuz nəzər salmaqdan, şit-şit zarafatlardan və çox gülməkdən uzaq olmalıdır. Azacıq zarafat etməyə icazə verilir.
-Müəllim dərs məclisində oturduğu və yaxud dayandığı yerə də fikir verməlidir. Elə bir yer seçməlidir ki, dinləyicilər onu görüb, dinləyə bilsinlər, hər an baxışlarını o tərəf-bu tərəfə yönəltməsinlər.
-Müəllim səhhətində zəiflik, xəstəlik hiss edərsə, dərs məclisinə getməyi məcburi deyil. Dərs məclisində dinləyicilərə mane olan, onların məzacına pis təsir edən əlamətlər olmamalıdır.
-Dərsin gedişində alim və fazil olan şəxslərdən biri həmin məclisə daxil olarsa, dərsi saxlamalı, o şəxs oturanadək gözləməlidir.
-Tələbə və şagirdlərin suallarına tez cavab verməlidir. Əgər bilmirsə, deməlidir ki, Allah-Təala qadirdir, yalnız o, hər şeydən xəbərdardır. Yaxud deməlidir ki, həmin məsələni hal-hazırda bilmirəm, sonra təhqiq edib (araşdırıb) vaxtında nəzərinizə çatdıraram...
Həmin məsələyə şahid olaraq Əli ibn Əbutalib (birinci imam) buyurmuşdur ki, alim və arif olan şəxs bilmədiyi sualın cavabında deməlidir ki, Allah bilən yaxşıdır. O, həm qadir, həm də hər şeydən xəbərdardır...
İmam Əbu Cəfər Məhəmməd Bağırdan rəvayət olunur ki, əgər alim “laədri” (bilmirəm deməkdir) deməyi tərgidərsə, həmin tərketmə uzanar, sonu isə xoşagəlməz olar.
Yenə ibn Məsuddan rəvayət olunur ki, “laədri” - yəni, bilmirəm elmin üçdə bir hissəsidir.
Yenə bəzi alim və fazil şəxslər demişlər ki, alim olan şəxs gərək öz tələbələrinə “laədri” -“bilmirəm” ifadəsini bir növ irs kimi qoymalıdır ki, onlarda adət kimi işlənsin. Bəziləri bu fikirdədirlər ki, “laədri” ifadəsi müəllimi hörmətdən salar.
-Müəllim dərsini qurtardıqdan sonra Məhəmməd həzrətlərindən müsəlmanlara irs qalmış duanı oxumalıdır. Dua ərəb dilində olduğuna görə burada qeyd etmədik...
5-ci işarə
Tələbə və şagirdlərin ədəb-ərkan qaydalarına riayət etmələri haqqında
Tələbələrin bir neçə xüsusiyyətə malik olması vacib şərtlərdəndir. Həmin şərtlər aşağıdakılardan ibarətdir:
-Tələbə öz nəfsini çirkin əməl və düşüncələrdən pak etməlidir. Xoşagəlməz qərəzlərdən və dünyəvi məqsədlərdən təmizlənməlidir. Həmin əməlləri etməsə, bilik, elm qazanmağa nail ola bilməz.
-Tələbə gənc yaşlarından oxumağa və təhsil əldə etməyə çalışmalıdır. Gənclikdə vaxtını qənimət bilməli və səmərəli keçirməli, vaxtının, ömrünün qədrini bilməlidir. Necə ki, rəvayət olunub ki, “qəmginliyi qəbul etməkdənsə, fiqh elmini və biliyi qəbul edin!”
Yenə Məhəmməd həzrətlərindən rəvayət olunur: “Tələbənin ürəyi çox incə və nazikdir. Deyilən hər bir sözü tez qavrayır. Elə bil ki, daş üzərində naxış kimi həkk olunur. Uşaqlıqda bilik qazanmaq daş üzərindəki naxışa bənzəyir...”
Belə də deyirlər ki: “Yaşa dolmuş vaxtda bilik əldə etmək suyun üzərində naxışa bənzəyir”. Lakin oxumaq, elm öyrənmək yaşa baxmır. Halbuki, bəzən yaşlı adamlar təhsil əldə etdikdən sonra məşhurlaşırlar. Ona görə ki, Allah-Təalanın fəziləti genişdir. İnsanların səyi və təlaşı buna kifayət qədərdir. Kiçik yaşlarından oxumaq və təhsil almaq daha etibarlı sayılır.
-Tələbə təhsil müddətində yalnız dərslə məşğul olmalıdır. Əmək fəaliyyəti ilə dərs öyrənmək bir-birinə uyğun gəlmir. Tələbə bu barədə düşünməli, ikisindən birini seçməlidir. Kifayət qədər məişət xərclərinə qane olmalı, geyimi köhnə olsa da, dolanışığı çətin keçsə də, dözməlidir.
-Elm talibi olanlar nəfsini elmə həsr etməli, əzab-əziyyətlərə dözməlidirlər. Böyük şəxsiyyətlərin, alimlərin dediyi kimi, elm əldə etmək istəyənlər dünya nemətlərinə göz yummalı, bağ-bostanı tərk etməli, qohum-qardaşdan uzaqlaşaraq elm dalınca getməlidirlər.
Ona (tələbəyə) mane olan işlərdən uzaqlaşmalıdır ki, açıq fikirlə elm əldə edə bilsin. Ən vacibi, mütləq subay olmalıdır. Ailəli olarsa, daim ailə haqqında düşünməli olacaq.
-Tələbə elm vurğunu olmalıdır. Harada olmasından asılı olmayaraq yalnız elm haqqında düşünməlidir.
-Tələbə əvvəlcədən hər şeyi götür-qoy etdikdən sonra elm arxasınca getməlidir. Hansı məqsədlə oxumağını qabaqcadan düşünməlidir. Ona görə ki, elm əldə etməklə daxilən və xaricən xəmsə (beşlik) ehkamlarına daxil olması deməkdir...
6-cı işarə
Tələbə və şagirdlərin davranışı haqqında
Bu işarədə tələbə və şagirdlərin müəllimlərinə, şeyx və ustadlarına qarşı münasibətləri haqqında danışmaq istərdik:
-İlk növbədə, şagird, yaxud tələbə dərs məclisinə daxil olan zaman müəllimdən icazə almalıdır. İcazə verildikdən sonra dərs məclisində oturan tələbə və şagirdlərlə salamlaşmalıdır. Sonra müəlliminə səmim-qəlblə xeyir-dua verməlidir. Müəllim icazə vermədən əyləşməməlidir. İcazə verildikdən sonra müvafiq yerdə əyləşməlidir. Əslində, tələbə və şagirdlər müəllimdən əvvəl dərs məclisinə girməlidirlər.
-Müəllimlə şagird arasında müəyyən məsafə olmalıdır. Şəraitdən və imkandan asılı olaraq müəllimlə üzbəüz oturmağı məsləhətdir. Müəllim köməkçisinə də yaxın oturmağı məsləhət deyil. Müəllimin göstərişlərinə əməl etməlidir. Alimlər müəllimi xurma ağacına bənzətmişlər. Xurma dəyməyincə qopmaz...
-Tələbə və şagirdlər müəllimin şərafətini və hörmətini qorumalı, mətanətlə ona qulaq asmalı, qarşısında ucadan danışmamalıdırlar.
-Tələbələrdən biri müəllimdən nə isə soruşduqda, digər tələbə və şagirdlər diqqətlə qulaq asmalıdırlar. Müəllimin əvəzinə cavab verməməli, sakit oturaraq müəllimin cavabını gözləməlidirlər.
-Tələbə və şagird müəllimlərinin arxasınca qeybət etməməli, ona qarşı böhtan və iftiradan çəkinməlidirlər. Əgər kənar şəxslərdən biri müəllimlərinin arxasınca nalayiq söz danışarsa, dərhal onun cavabını verməli, həmin şəxsin yersiz və sübutsuz böhtan və iftirasını rədd etməlidirlər.
-Tələbə və şagirdlər daim müəllimlərini kənar adamların yanında tərifləməli, hörmət və izzətini qorumalıdırlar.
7-ci işarə
Tələbələrin təhsil almaq qayda-qanunları və dərs ləvazimatı haqqında
-Tələbənin, ilk növbədə, “Kəlami-Məcid” olan “Quran”ı yaxşı oxuması və həmin müqəddəs kitabı əzbərdən bilməsi vacib olan məsələlərdəndir. Tələbə çalışmalıdır ki, “Quran” hafizi olsun (“Quran”ı əzbərdən bilən şəxsə hafiz deyilir). Müəllimlər də daim tələbələrinə bunu təkid ilə təkrar etməlidirlər. Çünki bu möhkəm iradə və ardıcıl məşğul olmağı tələb edir. “Quran”ı öyrənmək əsas elmlərdən biri hesab olunur. Dini ehkamlar (hökmlər, qərarlar), fiqh elminə aid məsələlər müqəddəs “Quran”a söykənir, misallar həmin kitabdan gətirilir, onun əsasında izah edilir. Dini hökmlərin əksəriyyəti ona möhtacdır.
-Tələbə dərsləri ilə lazımi qədər məşğul olmalıdır. Məşğuliyyəti o dərəcədə olmalıdır ki, idrak ona hami olsun. Bu işdə müəllim də tələbələrini həvəsləndirməli, onlara adət kimi aşılamalıdır.
Həddindən artıq elmlə məşğul olmaq tələbənin səhhət və məzacına xələl gətirər.
-Tələbə məzhəb və məsləkinin incəliklərini əldə etməyincə digər fənləri və kitabları öyrənməyə və oxumağa can atmamalıdır. Müəllim də tələbələrin belə işə girişmələrinə icazə verməməlidir. Təcrübə göstərmişdir ki, bəzən tələbələr öz məslək və məramlarından uzaqlaşaraq digər məslək və məramların ardınca gedirlər.
-Müəllim kiçikyaşlı şagirdlərə, yəni, həddi-büluğa çatmamış şagirdlərə əqli (zehni) ədəbiyyatı oxumasına mane olmalıdır. Şagird həddi-büluğa çatdıqdan, müstəqil düşüncəyə malik olduqdan sonra istədiyi ədəbiyyatla tanış ola bilər.
-Tələbə əzbərlədiyi mövzunu, ilk növbədə müəlliminə danışmalıdır. Müəllim də diqqətlə qulaq asmalı, düzəlişlərə ehtiyac duyularsa, tələbənin nəzərinə çatdırmalıdır.
-Tələbə müəlliminin fikirlərində səhv, yaxud yanlışa rast gələrsə, sual-cavab formasında soruşması məsləhətdir. Sual-cavabda ədəb-ərkan qaydalarına riayət olunmalıdır. Tələbə müəlliminə: - “yox, belə deyil!” – kimi ifadələrlə müraciət etməməlidir. Ona görə ki, bu ifadələrlə müəllimə qarşı ədəb-ərkandan uzaqdır.
-Tələbə gecə-gündüz ona vacib olan ibadət və ehkamları, müvəffəqiyyətinə səbəb olan çalışmaları yerinə yetirməyə borcludur. Ona görə ki, ibadət insanın biliyinin artmasına kömək edir.
-Tələbələrə tövsiyə edirəm ki, əzbərləmək üçün ən əlverişli vaxt səhər tezdəndir. Dərs vaxtı müzakirələrin, mübahisəli məsələlərin araşdırılmasını səhərlər keçirməyi məsləhət görürəm. Yazılı dərsləri günorta yazmaq məsləhətdir. Mütaliə isə gecə vaxtı daha faydalı və səmərəli olur. Göstərilən dərs və tapşırıqları yeməkdən əvvəl yerinə yetirmək daha məqsədəuyğundur. Həftə ərzində cümə axşamı mübarək gün hesab edilir. Bəzi rəvayətlərə görə bazar ertəsi dərsə başlamaq məsləhətdir. Lakin bu barədə olan fikirlər müxtəlifdir. Bir çoxları şənbə günündən dərsə getməyi tələbələrə məsləhət görürlər.
-Müəllim bir neçə gün üzürlü səbəbə görə dərsə gəlməyəndə onun daim oturduğu yeri boş saxlamalıdırlar. Onun yerində oturmağa icazə verilmir.
-Tələbə dərs məclisinə daxil olarkən ata-oğul, qardaş, yaxın qohumla arasında olan münasibətləri bir kənara qoyaraq mədrəsə qanunlarına uyğun hərəkət etməlidir.
Təqdim etdi:
Sultan Laçın