“Müzakirəsiz və mübahisəsiz elm olmaz. Ona görə müəllimlə tələbə arasında fikir mübadiləsi əsas şərtlərdəndir...”
“Müəllim ilə tələbə iki etibara görə müştərəkdirlər. Elə buna görə də ədəb-ərkan qaydalarına riayət olunmalıdır. Hər birinin sual-cavabı biri digərini aciz etmək üçün deyil, yalnız xeyir işlərə görə olmalıdır...”
“Müəllim şagirdlərinin birinin digərindən fərqli və üstün olduğunu açıq-aşkar bildirməməlidir. Ola bilər, şagirdlər həm yaşda, həm fəzilətdə, həm də dəyanətdə (dindarlıqda) bərabər olsunlar. Ona görə ayrı-seçkilik salmaq şagirdlərdə müəllimə qarşı nifrət hissi yarada bilər...”
“Tələbələrdə müəllimlik qabiliyyətini gördükdə təhsil məclislərinə onun barəsində təqdimat verməlidir. Qabiliyyəti olmayan tələbə müəllimlik iddiasında olarsa, öyüd-nəsihətlə onu həmin fikirdən çəkindirməlidir...”
“Peyğəmbərimiz buyurmuşdur:
“Təmkinlə, mülayimətlə təlim edin (öyrədin!) Gözəl və xoşagələn ifadələrlə öyrədin!””
*** **** **** *** **** ***
XIX əsrin sonları və XX əsrin əvvəlləri Qarabağın elmi, mədəni və ictimai-siyasi mühiti Azərbaycan tarixinə bənzərsiz simalar bəxş edib. Bu simalar arasında həm uzaqgörən bir din xadimi, övliya, həm "Difai" hərəkatının fəallarından biri kimi 1905-1906-cı illərdə erməni separatçılığına qarşı mübarizə aparmış vətənpərvər ziyalı, həm də gələcək nəsillərin milli-mənəvi ruhda yetişməsinə can yandıran mükəmməl bir pedaqoq bədirlənir:
Şuşa qalasındakı "Təzə pir" məscidinin baş ruhanisi və qazısı olmuş Axund Hacı Molla Şükür Məhərrəmzadə.
Rəhmətlik Qarabağ övliyasının 1890-cı ildə mədrəsə şagirdləri üçün ərəb qrafikalı əski Azərbaycan əlifbasında qələmə aldığı, əlyazması hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan “Risaleyi-hüruf və hüquq” kitabı Azərbaycanda, daha sonra isə ayrıca Qarabağda maarifçiliyin inkişafına ciddi təkan verib.
Arxiv rəflərində kəşf olunacağı günü gözləyən bu zəngin irsin əsas hissəsi xalqımızın milli yaddaşına böyük bir töhfə olaraq çağdaş latın qrafikalı Azərbaycan əlifbasında yenidən işıq üzü görüb.
2021-cü ildən başlanaraq Hacı Molla Şükürün oğul nəticəsi, şəhid Milli Qəhrəman Şirin Mirzəyevin ömür-gün yoldaşı, Milli Məclisin sabiq üzvü Flora xanım Qasımovanın təşəbbüsü və maliyyə dəstəyi ilə bəhs edilən əsər tanınmış Azərbaycan şərqşünası, farsdilli əlyazmalar üzrə mütəxəssis, tərcüməçi, filoloq Arif Ramazanov tərəfindən əski əlifbadan transliterasiya edilib, daha sonra isı digər nəticə- kitabın ön sözünün müəllifi hazırda AMEA -nın A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda baş elmi işçi, tarix elmləri doktoru, etnoqraf-alim Solmaz Məhərrəmovanın rəhbərliyi ilə nəşrə hazırlanıb və ilk dəfə 2023-cü ildə nazik cilddə, 2024-cü ildə isə həmin il “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə itfah olunmaqla nəşr edilmiş qalın cilddə “Hacı Molla Şükür Məhərrəmzadə “Hərflər və xətlər””(bax sonda: qeyd1) adı altında nəfis şəkildə çapdan çıxıb. Qeyd edək ki, kitabın ikinci nəşrində ön sözün ingilis və rus dillərinə tərcümələri də verilib.
Tarixi arayış:
Hacı Molla Şükür Məhərrəmzadə kimdir?..
Əsərin pedaqoji dəyərini daha dərindən anlamaq üçün onun müəllifinin şərəfli ömür yoluna, xalq qarşısındakı xidmətlərinə və onun irsini yaşadan tədqiqatlara nəzər salmaq zəruridir:
Hacı Molla Şükür 1820-ci illərin əvvəllərində indiki Laçın rayonunun Ağanus kəndində Məhərrəm kişinin ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Qarabağın Bağırbəyli tayfasına məxsus Şivid kəndindəki mollaxanada alıb, daha sonra ali ruhani təhsil almaq məqsədilə Xorasana yollanıb.
Dərin zəkası sayəsində ədəbiyyat, riyaziyyat və fəlsəfə elmlərini mükəmməl mənimsəyib. O, Şərq və Qərb mühitini birləşdirən bir ziyalı kimi ərəb, fars və rus dillərini yüksək səviyyədə bilirdi.
Xalq arasında qazandığı böyük nüfuza görə Şuşa şəhərinin qazısı təyin edilib və uzun illər Şuşa qalasındakı məşhur "Təzə pir" məscidinin baş ruhanisi olub. Tarixi mənbələr onun Şuşada məşhur Xan qızı Xurşidbanu Natəvanın kəbinini kəsən şəxs olduğunu təsdiqləyir.
O, təkcə din xadimi deyil, həm də xalqın taleyinə biganə qalmayan bir mücahid idi. Tanınmış mərhum tədqiqatçı Ənvər Çingizoğlunun araşdırmasına görə, erməni daşnaklarının Qarabağda törətdiyi terrora qarşı yaradılan gizli "Difai" təşkilatının fəal axund üzvlərindən biri olub. Şuşanın müdafiəsində böyük rol oynayıb...
Ömrünün sonuna yaxın müqəddəs Məkkə şəhərini ziyarət edib "Hacı" rütbəsini qazanıb. Xalq arasında övliya kimi tanınan və uzaqgörənliyi ilə seçilən axund dünyasını dəyişəcəyi günü və saatı öncədən söyləyib.
Ötən illər boyu Moderator.az və digər saytlarda sabiq millət vəkili Flora xanım Qasımovanın, filoloq-müəllim, yazıçı-publisist Əslixan Hüseynoğlunun, etnoqraf-alim Solmaz Məhərrəmovanın və jurnalist Sultan Laçının Hacı Molla Şükürün həyat və fəlaiyyətinin ən maraqlı məqamları barəsində bir sıra geniş araşdırma yazıları dərc edilib, onun zəngin irsi mütəmadi olaraq ictimaiyyətə çatdırılıb.
Hacı Molla Şükürün “Hərflər və xətlər” adlı kitabının əsas məzmunu dil və hüquq qaydalarını ehtiva etsə də, əsərin 139-169-cu səhifələrini əhatə edən və "Sonluq" qismində verilən “Mədrəsələrdə müəllim ilə tələbə və şagirdlərin davranışı haqqında” bölməsi fərqli bir elmi və mənəvi çəkiyə malikdir. Hacı Molla Şükür bu bölmədə sadəcə bir din xadimi kimi deyil, dünyəvi və mənəvi elmləri sosiologiya və psixologiya ilə birləşdirən dahi bir pedaqoq kimi çıxış edir. Müəllif çağdaş təhsil sistemində də ən böyük rəqabət və inkişaf meyarı sayılan "müəllim-şagird münasibətləri"nin fundamental prinsiplərini hələ 130 il öncədən müəyyənləşdirib. O, elmi yararsız bir yük olmaqdan çıxaran əsas qüvvənin "əməl" və "saf niyyət" olduğunu vurğulayır. Təlim və tədrisi müqəddəs bir sənət hesab edən mütəfəkkir, elmin nüfuzunu qorumağı oxun hədəfə çatmasını təmin edən "qanda"ya (oxun arxa kəsiyinə) bənzədir: Əməlsiz elm, yaya taxıla bilməyən yararsız ox kimidir.
Müəllif müəllim üçün 8, tələbə və müəllimin müştərək fəaliyyəti üçün isə 5 fundamental əxlaqi və peşəkar meyar irəli sürür. Əhalisinin əksəriyyəti müsəlman olan və zəngin şərq-islam mədəniyyəti ilə yanaşı modern təhsil dəyərlərini yaşadan müasir Azərbaycan cəmiyyəti, müəllimləri və tələbələri üçün bu nəsihətlər sadəcə tarixi bir sənəd deyil, həm də canlı bir mənəvi kompasdır.
Moderator.az çağdaş dövrdə də Azərbaycan kimi əhalisinin əksəriyyəti müsəlman sayılan bir məmləkətin müəllim, şagird və tələbələri üçün aktual olan həmin tövsiyə və nəsihətləri hissə-hissə dəyərli oxucuların diqqətinə çatdırır:
Mədrəsələrdə müəllim ilə tələbə və şagirdlərin davranışı haqqında...
Üçüncü işarə
Müəllim ilə tələbə arasında olan münasibət haqqında
-Müəllim ilə tələbə dərslərin gedişində, müzakirələrdə, mübahisələrdə fəal iştirak edib, fənlərin təlimində, tədrisində ciddi olmalıdır. Tələbələr dərslərin öyrənilməsində, əzbərləmələrdə çalışqanlıq göstərməlidirlər. Elm var-dövlətdir. Hər kəs onu əldə etməyə çalışmalıdır;
-Müzakirəsiz və mübahisəsiz elm olmaz. Ona görə müəllimlə tələbə arasında fikir mübadiləsi əsas şərtlərdəndir;
-Müəllim ilə tələbə iki etibara görə müştərəkdirlər. Elə buna görə də ədəb-ərkan qaydalarına riayət olunmalıdır. Hər birinin sual-cavabı biri digərini aciz etmək üçün deyil, yalnız xeyir işlərə görə olmalıdır;
-İstər müəllim, istərsə tələbənin həyatında xoşagəlməz hadisə baş verərsə, maraqlanmalı, ona xeyir-dua verməlidir. Aralarında yaş fərqi də olsa belə, maraqlanmalı və əlindən gələn köməyi əsirgəməməlidirlər;
-Müəllim tələbənin suallarına cavab verməzdən əvvəl götür-qoy etməli, düzgün cavab verməyə çalışmalıdır;
- Tələbə də sual verərkən düşünməli, sualın həmin məclisə layiq olub-olmadığını fikirləşməlidir. Deməli, müəllim ilə tələbə arasında ədəb-ərkan qaydalarına riayət etmək əsas şərtdir;
-Müəllim ilə tələbə dərs məclisinə gəlməmişdən əvvəl yuyunmalı, geyiminə nəzər yetirməlidirlər;
-Müəllim ən gözəl xüsusiyyətlərə və insanlara xas olan yaxşı davranış qaydalarına malik olmalıdır ki, şagirdlərinin rəğbətini qazana bilsin, onlarda dərsə meyl və həvəs oyatsın. Elmə, fəzilətə, alimlərə varis olmağı onlara başa salsın. Müzakirələri maraqlı keçirsin. “Qurani-Kərim”də olan ən gözəl ayə və surələri şahid gətirməklə elmin dərinliklərini öyrətsin;
-Müəllim öz nəfsinə layiq bildiyini şagirdlərinə də əsirgəməməlidir. Özünə izzətli və şərəfli hesab etdiyini öz şagirdlərinə izzətli və şərəfli hesab etməlidir. Ona görə ki, həmin xüsusiyyət tam imandandır. Bərabərliyə sübutdur;
-Müəllim tələbə və şagirdlərini nalayiq işlərdən, şəriət ehkamlarında qadağan olunmuş hərəkətlərdən öyüd-nəsihət verməklə çəkindirməlidir. Nalayiq şəxslərlə oturub-durmağa icazə verməməlidir. İlk növbədə, işarə və ima ilə onlara bildirməli, sonra isə açıq-aşkar surətdə başa salmalıdır. Daha sonra isə cəzalandırmalı və hədə-qorxu gəlməlidir.
-Şagird həmin üç mərhələdən sonra islah olunmazsa, onu dərs məclislərindən məhrum etməlidir. Digər şagirdlərin onunla müaşirət etmələrinə icazə verməməlidir ki, bəlkə, həmin şagird bu cəzalardan nəticə çıxararaq axirət dünyası haqqında fikirləşə bilsin;
-Müəllim şagirdlərinə qarşı təvazökar olmalı, heç bir zaman onlara əks getməməlidir. Onlara hörmət və izzət bəsləməlidir. Allah-Təala Öz rəsuluna, yəni, peyğəmbər Məhəmməd Əleyhissalama buyurmuşdur: “Sənə iman gətirənlərə daim yardım əlini uzat!” Əslində, demişdir ki, hamilik qanadını onların qarşısına döşə!..
Yenə Yer üzərində olan Öz elçisinə buyurmuşdur: “Təlim edin, hörmət edin, incitməyin! Əziyyətdən elm xeyirlidir”.
Peyğəmbərimiz buyurmuşdur:
“Təmkinlə, mülayimətlə təlim edin (öyrədin!) Gözəl və xoşagələn ifadələrlə öyrədin!”
-Müəllim tələbə və şagirdlərə soyadları (künyələri) ilə müraciət etməlidir. Xüsusilə, çalışqan olanlara. Peyğəmbərimiz də öz əshabələrinə hörmət və nəzakətlə müraciət edərdi.
Peyğəmbərimiz Məhəmməd ibn Abdulla buyurub ki, Yer kürəsinin müxtəlif yerlərindən, şəhərlərdən, əyalətlərdən fiqh elmini öyrənmək istəyənlər olur. Onları hörmət- izzətlə qarşılayın, xeyir-dua verin və onlarla ciddi məşğul olun!..
-Müəllim tələbə və şagirdlərinin dərsə davamiyyəti ilə daim maraqlanmalıdır. Dərsə gəlməyəndə əhvalından xəbər tutmalı, səbəbini aydınlaşdırmalıdır. Tələbələrindən onun yanına göndərməlidir. Lakin şəxsən özü həmin işlə məşğul olarsa, daha yaxşıdır. Peyğəmbərimiz də şəxsən özü həmin işlərlə məşğul olarmış.
-Tələbə, yaxud şagird xəstələnərsə, ona baş çəkməlidir, bir müsibət baş verərsə, yardım etməlidir;
-Müəllim tələbə və şagirdlərinə keçdiyi dərslərin (fənlərin) nəticəsi ilə də maraqlanmalıdır. Öz biliyini tam surətdə onlara öyrədib, sonra da soruşmalıdır;
-Müəllim şagird və tələbələrini onlara aid olmayan kənar işlərdən çəkindirməlidir. Şagirdlər daxilən pak və təmiz olmalıdırlar;
-Müəllim dərslərin gedişində tələbə və şagirdlərin qavrama qabiliyyətini də nəzərə almalı, ayrı-ayrı misal və nümunələrlə gündəlik dərsi izah etməlidir. Qısa cümlələrlə, müxtəsər sübutlarla öz fikrini onlara çatdırmalıdır;
-Müəllim tələbkar olmalıdır. Keçdiyi dərsləri tələbə və şagirdlərindən sual-cavab və müzakirələr keçirməklə soruşmalıdır. Çalışqan şagirdləri tərifləməklə daha da fəal olmağa həvəsləndirməlidir. Zəif şagirdləri məzəmmət etməli, məsləhət gördükdə digər şagirdlərin qarşısında öyüd- nəsihət verməklə kifayətlənməlidir;
-Müəllim elmin incəliklərini və sirlərini tələbə və şagirdlərinə öyrətməlidir. Şagirdlərin bilik səviyyəsini yoxlamaq məqsədilə sual-cavab verməklə sınaqdan keçirməlidir.
Peyğəmbərimiz Məhəmməd Əleyhissəlam həzrətlərindən rəvayət olunur ki, o bir gün əshabələrindən soruşdu ki, hansı ağacdır ki, yarpaqları belə, əskik olmaz? Xasiyyəti isə müsəlman kimidir?
Bu sualı Peyğəmbər cənablarından eşidəndə güman etdilər ki, həsir qamışı ağacı olmalıdır. Lakin ibn Ömər fikirləşdikdən sonra dedi ki, həmin ağac xurma ağacı olmalıdır. Amma mən utanıb demədim.
Ondan sonra kübar əshabələr ərz etdilər:
– Ya Rəsulallah, bizə buyur hansı ağacdır?
O cənab buyurdu:
– Xurma ağacıdır.
-Müəllim şagirdlərini məcbur etməlidir ki, kollektiv şəkildə dərslərini öyrənsinlər. Ona görə ki, ayrı-ayrılıqda (təkbaşına) tapşırıqları öyrənmək təsirli olmaz;
-Müəllim şagird və tələbələri arasında mübahisəli məsələləri düzgün və ədalətli şəkildə həll etməlidir. Elmi məsələlər qarşılıqlı müzakirə və mübahisə formasında həll olunmalıdır. Mübahisə olmadan inkişaf da olmaz;
-Müəllim şagirdlərinin birinin digərindən fərqli və üstün olduğunu açıq-aşkar bildirməməlidir. Ola bilər, şagirdlər həm yaşda, həm fəzilətdə, həm də dəyanətdə (dindarlıqda) bərabər olsunlar. Ona görə ayrı-seçkilik salmaq şagirdlərdə müəllimə qarşı nifrət hissi yarada bilər. Müəllim çalışqan və bilikli şagirdi tərifləyərkən dəlil və sübutlarla onun çalışqan və savadlı olmasını xüsusi qeyd etməlidir ki, digər şagird və tələbələr başa düşsünlər ki, nə səbəbə görə bu şagird onlardan üstündür və çalışıb onun səviyyəsinə çatmağa can atsınlar;
-Müəllim şagird və tələbələrinin yaşını nəzərə alıb dərs keçməlidir. Şagirdləri çətin və mübahisəli fənlərlə əzab-əziyyətə salmamalı, onları qüvvələrindən yüksək olan təhsildən çəkindirməlidir;
-Müəllim ayrı-ayrı fənlərin tədrisini elə tənzimləməlidir ki, bir fənn digər fənnə qarşı olub, şagirdlərdə həmin fənnə qarşı soyuqluq hissi yaratmasın. Şagird və tələbələr əgər bir fənlə maraqlanarlarsa, müəllim həmin fənnin müəllimini şagird və tələbələrə təqdim etməklə onları həvəsləndirməlidir;
-Müəllim bilikli, savadlı şagird və tələbələrindən çəkinməməli, əksinə, onlarla fəxr etməlidir;
-Müəllim daim bilikli, çalışqan şagird və tələbələrini digər təhsil məclislərində və dərnəklərdə təqdim etməklə tanıtdırmalıdır. Gələcəkdə müəllim vəzifəsində işləmələrinə yol açmalıdır. Tələbələrdə müəllimlik qabiliyyətini gördükdə təhsil məclislərinə onun barəsində təqdimat verməlidir. Qabiliyyəti olmayan tələbə müəllimlik iddiasında olarsa, öyüd-nəsihətlə onu həmin fikirdən çəkindirməlidir.
Dördüncü işarə
(Davamı var)
Təqdim etdi:
Sultan Laçın