“O hallarda biz deyə bilmərik ki, Dilçilik İnstitutu bunu belə deyir, bunu mitləq belə yazmalısınız, deməlisiniz...”
“Məsələn, kibermübarizə, hipersəs, antimilli və s. Bu, qızılla dəmiri, platinlə alüminiumu zorla bir-birinə lehimləməyə bənzəyir...”
“Belə hallarda defis işarəsi yadmənşəli, alınma sözü milli mənşəli sözdən ayırır və oxucu bir daha dərk edir ki, filan söz milli sözdür, digəri alınma... Məsələn, ərəb mənşəli “qeyri” sözünü uzun müddətdir, necə defislə yazırıqsa, “para”, “anti”, super” kimi komponentləri də o qayda ilə defislə yaza bilərik...”
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri Sevinc xanım Əliyeva ilə avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə etdiyimiz qısa söhbət zamanı son vaxtlar mətbuatda, qəzet, sayt, jurnal, kitab və digər nəşr, çap məhsullarında müxtəlif sözlərin yazılışında rast gəlinən bəzi ziddiyyətli məqamlara da toxunduq.
-Sevinc xanım, son vaxtlar mətbuatda KİV abreviaturasına -lar/-lər cəm şəkilçisinin artırılması halları geniş yayılıb. Məsələn, demək olar ki, sayt və qəzetlərimizin əksəriyyətində müxtəlif xəbərlərin başlığında və içərisində "KİV-lər", "Ukrayna KİV-ləri", "İran KİV-ləri", "Amerika KİV-ləri" və s. kimi yanlış hesab etdiyimiz yazılışlara rast gəlirik. Sizcə, bu, doğrudurmu? Axı KİV "kütləvi informasiya vasitələri" deməkdir və abreviaturanın tərkibində artıq cəmlik mənası ifadə olunub?..
-Sizin yanaşmanızla tamamilə razıyam. Çünki qeyd etdiyiniz kimi, atıq KİV abreviaturasının tərkibində cəmlik mənası ifadə olunub. Bu kimi qısaltmalara yenidən cəm şəkilçisi artırılması artıq təkrara, başqa sözlə, tavtologiyaya səbəb olur. Xüsusilə son dövrlərdə müxtəlif avtomatik tərcümə proqramları və süni intellekt sistemləri də bu cür formaları təqdim etdiyindən həmin yanlışlıq daha geniş yayılır. Lakin Azərbaycan dilinin qaydaları baxımından da “KİV-lər” forması düzgün hesab edilə bilməz...
Onu da deyim ki, vaxtilə bu abreviaturanı "media" sözü ilə əvəz etməyə daha çox üstünlük verilirdi. Sonradan KİV yenə də çox işlənməyə başlandı. Lakin istər "KİV", istərsə də "media" anlayışları öz mahiyyət etibarilə çoxluğu ifadə edir. Buna görə də belə abreviatura və sözlərə yenidən cəm şəkilçisinin artırılması tamamilə yersizdir...
- Bu gün mətbuatımızla yanaşı, bədii, elmi kitab və dərsliklərdə, həmçinin digər çap məhsullarında, eləcə də reklamlarda rast gəlinən digər ziddiyyətli məqam Azərbaycan türkcəsində işlənən müxtəlif mənşəli sözlərlə alınma sözlərin iştirakıyla mürəkəb sözlərin yazılışı zamanı onların bitişik yazılması və ya xarici mənşəli ön şəkilçinin Azərbaycan və digər mənşəli digər sözlərə birləşdirilməsi zamanı onların arasında defis qoyulmamasıdır. Səhv etmiriksə, sovet dövründə Azərbaycan dilçiliyində qüvvədə olan orfoqrafiya qaydalarında müxtəlif mənşəli sözlərin, həmçinin xüsusən Avropa mənşəli ön komponentlərlə yaranan bir sıra sözlərin defislə yazılması geniş tətbiq edilirdi. Xatırladığım qədərilə, bu qayda mərhum professor Əbdüləzəl Dəmirçizadənin müəllifi olduğu məktəb dərsliklərində də öz əksini tapmışdı. Həmin dövrdə anti-, super-, kontr- kimi ünsürlər milli mənşəli sözlərə artırıldıqda, bu iki fərqli sistemin (Avropa mənşəli ön şəkilçi + türk mənşəli kök) uyuşmazlığını vizual olaraq göstərmək üçün mütləq defis işarəsindən (anti-xalq, kontr-hücum, super-gəmi, avto-yürüş) istifadə olunurdu. Necə düşünürsüz, bəlkə yeni orfoqrafiya lüğətləri hazırlanarkən bu məsələnin də müzakirəyə ehtiyacı var?
-Bəli, sovet dövründə və müstəqilliyimizin ilk illərinədək dediyiniz qaydalar var idi. Lakin sonrakı dövrdə hazırlanmış orfoqrafiya qaydalarında və lüğətlərdə bu tip sözlərin bir qisminin bitişik yazılması təklif olundu Azərbaycan müstəqillik qazandıqdan sonra hazırlanan Azərbaycan dilinin Orfoqrafiya Qaydalarında (xüsusilə 2004 və 2019-cu il redaktələrində) bu yanaşma dəyişdirildi. Dilin daxili qanunauyğunluqlarını qorumaq məqsədilə xüsusi isimlər (Anti-Azərbaycan) istisna olmaqla, digər bütün hallarda bu şəkilçilərin bitişik yazılması (antiinflyasiya, supersəs) normativ qaydaya çevrildi. Məsələn, antiterror, antikiber kimi formalar normativ variant kimi təqdim edildi. Deməli, bu sahədə yanaşma zamanla dəyişib...
Bilirsiz, mən daim bizim institutun baş direktoru professor Nadir Məmmədli ilə də səmimi elmi müzakirələrimizdə də bu fikri deyirəm. Hesab edirə və müşahidə və təhlillərim də belə deməyə əsas verir ki, belə məsələlərdə yalnız ayrı-ayrı dilçi alimlərin subyektiv mövqeyi, iddiaları əsas götürülməməlidir. Yəni heç kəs hansısa məsələdə “yalnız belə olmalıdır” iddiasını irəli sürə bilməz. Orfoqrafiya qaydalarının hazırlanması zamanı media nümayəndələrinin, müəllimlərin, ziyalıların və digər mütəxəssislərin də fikirləri öyrənilməli, geniş ictimai müzakirələr aparılmalıdır. Çünki dil canlı sistemdir və yeni sözlərin dilə daxil olması, onların yazılışının formalaşması təbii inkişaf prosesidir.
Bu gün elm və texnologiya sürətlə inkişaf edir, dilimizə müxtəlif dillərdən yeni sözlər daxil olur, yeni ön komponentlər işlənməyə başlayır. Belə şəraitdə onların yazılışı ilə bağlı qərarlar geniş ictimai müzakirələrin nəticəsində qəbul edilməlidir. “İctimai müzakirə” deyəndə bəzi mütəxəssislərimiz qıcıqlanır. Ancaq belə deyil. Bilirsiz, orfoqrafiya lüğəti hazırlanıb çap olunduqdan sonra onun qəbul edilməməsi, ona istinad olunmaması da bizi narahat edə bilər. Lakin belə müzakirələr olmalıdır, günlərlə olsa da, əsas məqsəd odur ki, lüğət cəmiyyət tərəfindən qəbul edilən ümumi məhsula çevrilsin.
Bu baxımdan mətbuatın rolu xüsusilə böyükdür. Çünki yeni sözlərin və yeni yazılış formalarının cəmiyyətə çatdırılmasında ən çevik vasitə məhz media hesab olunur. Əgər hər hansı normanın dilimizdə möhkəmlənməsini istəyiriksə, media nümayəndələri həmin normanın ardıcıl tətbiqinə kömək edə bilərlər. Belə olduqda, xüsusilə gənc nəsil həmin formaları daha tez mənimsəyir və onlar dilə təbii şəkildə daxil olur.
Dil tarixində bunun çoxlu nümunələri var. Vaxtilə "spiker" sözü geniş işlədilirdi. Lakin Azərbaycan dilində yadmənşəli olsa da, artıq “vətəndaşlıq” qazanmış "sədr" sözü mövcud olduğundan media tədricən yenidən həmin sözə üstünlük verdi və nəticədə "spiker" sözü əvvəlki fəallığını itirdi. Deməli, hansı sözün yaşayıb-yaşamaması yalnız dilçilərin qərarından deyil, dil daşıyıcılarının və mətbuatın istifadəsindən də asılıdır.
Bu səbəbdən hesab edirəm ki, biz dilçilər daha çox orfoqrafiya, durğu işarələri və digər sırf normativ məsələlər barədə elmi mövqelərimizi bildirməlidirlər. Lakin sözalma-sözvermə prosesi dilin öz daxili inkişaf qanunları ilə bağlıdır və bu prosesi yalnız inzibati qərarlarla tənzimləmək mümkün deyil...
O hallarda biz deyə bilmərik ki, Dilçilik İnstitutu bunu belə deyir, bunu mitləq belə yazmalısınız, deməlisiniz. Ona görə də nümunə gətirdiyiniz sözlərin yazılışında da bu mütləq ictimai müzakirə öz sözünü deməlidir.
Məsələn, hansısa yazılış, sürətli yazıya mane olursa, bundan çıxış yolu tapmalıyıq. Yox, sürətli yazıya mane olmursa, düzgün variantın necə olmağını, mənbə dildə necə olmağını və s. araşdırmalıyıq. Bax, bunların hamısı nəzərə alınmalıdır. Ondan sonra biz o qərarı verə bilərik ki, növbəti 5 ilə hazırlanan orfoqrafiya lüğətində belə səhvlərə yol verməyək...
- Hesab edirik ki, bu məntiqlə də doğru deyil. Dilimizə, yad, leksikonumuza son onilliklərdə daxil olmuş bir Avropa, Amerika sözünü, yaxud sözönü komponenti milli mənşəli, eləcə də min ildən çoxdur ümumişlək sözlərə çevrilmiş fars-ərəb mənşəli sözlərə də bitişik yazmaq doğru deyil. Məsələn, kibermübarizə, hipersəs, antimilli və s. Bu, qızılla dəmiri, platinlə alüminiumu zorla bir-birinə lehimləməyə bənzəyir. Axı bunlar bir-birindən xassəcə çox uzaqdır. Bu günlərdə idmanla bağlı bir xəbərdə "paragüləş" məfhumunun yazılışına diqqət etdik. Para sözü dilimizdə də başqa mənada işlənir. Bunu bir az savadsız, yaxud 9-10 yaşlı uşaq necə anlasın. Bəziləri bunu hətta bizim məişət leksikonunda da hələ çox işlənən rus dilindəki "para"(cüt) anlamı kimi də başa düşər. Bu sözün “paragüləş” şəklində bitişik yazılmasındansa “para-güləş” formasında defislə yazılması daha məqsədəuyğun deyilmi?..
-Sizinlə razıyam. Belə hallarda defis işarəsi yadmənşəli sözü milli mənşəli sözdən ayırır və oxucu bir daha dərk edir ki, filan söz milli sözdür, digəri alınma... Məsələn, ərəb mənşəli “qeyri” sözünü uzun müddətdir, necə defislə yazırıqsa, “para”, “anti”, super” kimi komponentləri də o qayda ilə defislə yaza bilərik...
Mənə elə gəlir ki, bəzi hallarda defisdən istifadə sözün quruluşunu və komponentlərini daha aydın göstərir, həm də öyrənənlər üçün seçimi asanlaşdırır. Buna görə də bu tip sözlərin yazılışı tələsik deyil, geniş elmi əsaslandırma və ictimai müzakirə nəticəsində müəyyənləşdirilməlidir. Belə qənaətdəyəm ki, sizin bu yanaşma tamamilə doğrudur...
Sultan Laçın