Qarabağ övliyası Hacı Molla Şükür dünyagörüşündə pedaqoji ədəb:“Cəmi varlıqların ilk müəllimi Allahdır...”
Elm və Təhsil
2025
02 Aug 2026 | 13:53

Qarabağ övliyası Hacı Molla Şükür dünyagörüşündə pedaqoji ədəb:“Cəmi varlıqların ilk müəllimi Allahdır...”

“İkinci müəllim isə peyğəmbərlərdir. Onların arasında ən mükəmməl olanı isə Məhəmməd Abdullahdır. Allahın ona salamı və bərəkəti olsun..."
 
“Öyrədicinin  və öyrənçinin bilik vermək və öyrənməkdə məqsəd və niyyətlərinin əsası bu dünyada və Axirətdə insaniyyətə gərək olan işlərin təlim və tədrisindən ibarət olmalıdır...”
 
“Müəllim çəkinmədən, qorxmadan haqq-ədaləti müdafiə etməlidir...” 
 
“Müəllim öz biliyini naəhl və cahil adamlara hədiyyə etməməlidir. Ona görə ki, onlar həmin biliyə qiymət verməyib zəlil və qiymətsiz edərlər...”
 
“Müəllimin sözü ilə əməli uyğun olmalıdır. Sözü ilə əməli düz olmasa, xalqın nəzərində hörməti olmaz...”
 
“Müəllim ilə tələbənin şüarı xalqa, millətə xidmət olmalıdır. Dinsiz- imansız müəllim və tələbənin elmi əsassız və köksüz olar. Necə ki, təcrübədə sınaqdan keçmişdir...”
 
"Xalq arasında övliya kimi tanınan və uzaqgörənliyi ilə seçilən axund Hacı Molla Şükür dünyasını dəyişəcəyi günü və saatı öncədən söyləyib..."
 
 
XIX əsrin sonları və XX əsrin əvvəlləri Qarabağın elmi, mədəni və ictimai-siyasi mühiti Azərbaycan tarixinə bənzərsiz simalar bəxş edib. Bu simalar arasında həm uzaqgörən bir din xadimi, övliya, həm  "Difai" hərəkatının fəallarından biri kimi 1905-1906-cı illərdə erməni separatçılığına qarşı mübarizə aparmış vətənpərvər ziyalı, həm də gələcək nəsillərin milli-mənəvi ruhda yetişməsinə can yandıran mükəmməl bir pedaqoq bədirlənir: 
 
Şuşa qalasındakı "Təzə pir" məscidinin baş ruhanisi və qazısı olmuş Axund Hacı Molla Şükür Məhərrəmzadə. 
Hacı Molla Şükürün Şuşadakı mülkü. Sovet dövrü...
 
Rəhmətlik Qarabağ övliyasının 1890-cı ildə mədrəsə şagirdləri üçün ərəb qrafikalı əski Azərbaycan əlifbasında qələmə aldığı, əlyazması hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan “Risaleyi-hüruf və hüquq” kitabı Azərbaycanda, daha sonra isə ayrıca Qarabağda maarifçiliyin inkişafına ciddi təkan verib.
 
Arxiv rəflərində kəşf olunacağı günü gözləyən bu zəngin irsin əsas hissəsi xalqımızın milli yaddaşına böyük bir töhfə olaraq çağdaş latın qrafikalı Azərbaycan əlifbasında yenidən işıq üzü görüb.  2021-cü ildən başlanaraq Hacı Molla Şükürün oğul nəticəsi, şəhid Milli Qəhrəman Şirin Mirzəyevin ömür-gün yoldaşı, Milli Məclisin sabiq üzvü Flora xanım Qasımovanın təşəbbüsü və maliyyə dəstəyi ilə bəhs edilən əsər tanınmış Azərbaycan şərqşünası, farsdilli əlyazmalar üzrə mütəxəssis, tərcüməçi, filoloq Arif Ramazanov tərəfindən əski əlifbadan transliterasiya edilib, daha sonra isı digər nəticə - kitabın ön sözünün müəllifi hazırda AMEA -nın A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda baş elmi işçi, tarix elmləri doktoru, etnoqraf-alim Solmaz Məhərrəmovanın rəhbərliyi ilə nəşrə hazırlanıb və ilk dəfə  2023-cü ildə nazik cilddə, 2024-cü ildə isə həmin il “İslam dünyasının  mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə itfah olunmaqla nəşr edilmiş qalın cilddə “Hacı Molla Şükür Məhərrəmzadə “Hərflər və xətlər””(bax sonda: redaksiyadan qeyd) adı altında nəfis şəkildə çapdan çıxıb. Qeyd edək ki, kitabın ikinci nəşrində ön sözün ingilis və rus dillərinə tərcümələri də verilib.
Tarixi arayış: 
 
Hacı Molla Şükür Məhərrəmzadə kimdir?..
 
Əsərin pedaqoji dəyərini daha dərindən anlamaq üçün onun müəllifinin şərəfli ömür yoluna, xalq qarşısındakı xidmətlərinə və onun irsini yaşadan tədqiqatlara nəzər salmaq zəruridir:
 
Hacı Molla Şükür 1820-ci illərin əvvəllərində( bəzi mənbələrə görə, 1830-cu illərin əvvəllərində) indiki Laçın rayonunun Ağanus kəndində Məhərrəm kişinin ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Qarabağın Bağırbəyli tayfasına məxsus Şivid kəndindəki mollaxanada alıb, daha sonra ali ruhani təhsil almaq məqsədilə Xorasana yollanıb. 
 
Dərin zəkası sayəsində ədəbiyyat, riyaziyyat və fəlsəfə elmlərini mükəmməl mənimsəyib. O, Şərq və Qərb mühitini birləşdirən bir ziyalı kimi ərəb, fars və rus dillərini yüksək səviyyədə bilirdi.
 
Xalq arasında qazandığı böyük nüfuza görə Şuşa şəhərinin qazısı təyin edilib və uzun illər Şuşa qalasındakı məşhur "Təzə pir" məscidinin baş ruhanisi olub. Tarixi mənbələr onun Şuşada məşhur Xan qızı Xurşidbanu Natəvanın kəbinini kəsən şəxs olduğunu təsdiqləyir. 
 
O, təkcə din xadimi deyil, həm də xalqın taleyinə biganə qalmayan bir mücahid idi. Tanınmış mərhum tədqiqatçı Ənvər Çingizoğlunun araşdırmasına görə, erməni daşnaklarının Qarabağda törətdiyi terrora qarşı yaradılan gizli "Difai" təşkilatının fəal axund üzvlərindən biri olub. Şuşanın müdafiəsində böyük rol oynayıb...
 
Ömrünün sonuna yaxın müqəddəs Məkkə şəhərini ziyarət edib və Hacı qazanıb. Xalq arasında övliya kimi, həm də təbii vasitələrlə yoxsul insanları pulsuz müalicə edən bir təbib kimi də tanınan və uzaqgörənliyi ilə seçilən axund dünyasını dəyişəcəyi günü və saatı öncədən söyləyib. 
Şuşanın  işğaldan azad edilməsindən sonra Hacı Molla Şükürün Cıdır Düzü yaxınlığındakı məzarı Flora xanım Qasımova tərəfindən bərpa etdirilib.   
Ötən illər boyu Moderator.az saytında sabiq millət vəkili Flora xanım Qasımovanın, filoloq-müəllim, yazıçı-publisist Əslixan Hüseynoğlunun, etnoqraf-alim Solmaz Məhərrəmovanın və jurnalist Sultan Laçının Hacı Molla Şükürün həyat və fəlaiyyətinin ən maraqlı məqamları barəsində bir sıra geniş araşdırma yazıları dərc edilib, onun zəngin irsi mütəmadi olaraq ictimaiyyətə çatdırılıb. Sözügedən kitabın ön sözündə də həmin materiallardan istifadə edilib.
 
Hacı Molla Şükürün “Hərflər və xətlər” adlı kitabının əsas məzmunu kəlam elmi və Qurani-Kərimin də yazıldığı ərəb hərflərinin yazılış qaydalarını ehtiva etsə də, əsərin 139-169-cu səhifələrini əhatə edən və "Sonluq" qismində verilən “Mədrəsələrdə müəllim ilə tələbə və şagirdlərin davranışı haqqında” bölməsi fərqli bir elmi və mənəvi çəkiyə malikdir. Hacı Molla Şükür bu bölmədə sadəcə bir din xadimi kimi deyil, dünyəvi və mənəvi elmləri sosiologiya və psixologiya ilə birləşdirən mükəmməl bir pedaqoq kimi çıxış edir. Müəllif çağdaş təhsil sistemində də ən böyük rəqabət və inkişaf meyarı sayılan "müəllim-şagird münasibətləri"nin fundamental prinsiplərini hələ 130 il öncədən müəyyənləşdirib. O, elmi yararsız bir yük olmaqdan çıxaran əsas qüvvənin "əməl" və "saf niyyət" olduğunu vurğulayır. Təlim və tədrisi müqəddəs bir sənət hesab edən mütəfəkkir, elmin nüfuzunu qorumağı oxun hədəfə çatmasını təmin edən "qanda"ya (oxun arxa kəsiyinə) bənzədir: Əməlsiz elm, yaya taxıla bilməyən yararsız ox kimidir. 
 
Müəllif müəllim üçün 8, tələbə və müəllimin müştərək fəaliyyəti üçün isə 5 fundamental əxlaqi və peşəkar meyar irəli sürür. Əhalisinin əksəriyyəti müsəlman olan və zəngin şərq-islam mədəniyyəti ilə yanaşı modern təhsil dəyərlərini yaşadan müasir Azərbaycan cəmiyyəti, müəllimləri və tələbələri üçün bu nəsihətlər sadəcə tarixi bir sənəd deyil, həm də canlı bir mənəvi kompasdır.
Beləliklə, Moderator.az  Hacı Molla Şükürün sözügedən əsərindəki həmin tövsiyə və nəsihətlərini hissə-hissə dəyərli oxucuların diqqətinə çatdırır:
 
“Müəlllim ilə tələbələrin ədəb-ərkanları və müştərək cəhətləri haqqında 
 
Müəllim ilə tələbə arasında müştərək xüsusiyyətlər 5-dir. 
 
Birincisi, müəllim ilə tələbənin tədris və təhsil almaqda niyyətlərinin və məqsədlərinin pak və xalis  olması vacib məsələlərdən biridir.  Yəni öyrədicinin  və öyrənçinin bilik vermək və öyrənməkdə məqsəd və niyyətlərinin əsası bu dünyada və Axirətdə insaniyyətə gərək olan işlərin təlim və tədrisindən ibarət olmalıdır.  Ona görə ki, müəllimlik və tələbəlik ayrı-ayrılıqda əməl və sənət hesab olunur. Məqsədsiz və niyyətsiz əməl və sənət heç bir şey deməkdir.  Hər bir niyyətin və məqsədin nəticəsi və faydası olmalıdır. Həmin nəticə və faydaya “səbəb” deyilir. Nəticə və fayda öz zatında və xüsusiyyətində pak və nəcib olarsa,  o zaman məqsəd və niyyət də pak və təmiz olar...
 
Təlim və tədris bir əməl və sənətdir. Qeyri-məqbul və qəbih surətdə yox, məqsəd və niyyətlə olmalıdır. Ona görə atalar yaxşı demişlər: 
 
“Qeyri-məqbul, qəbih niyyət və məqsəd bəzən əməl və sənəti sınıq qab kimi qiymətdən salar.”
 
Bəzən məqsəd və niyyət əməli cəvahir kimi qiymətli edər, bəzən də günaha, zillətə və uçuruma aparar. Bütün varlıqların ilk müəllimi Allah-Təaladır.  O, xaliq və yaradandır...
 
İkinci müəllim isə peyğəmbərlərdir. Onların arasında ən mükəmməl olanı isə Məhəmməd Abdullahdır. Allahın ona salamı və bərəkəti olsun...
 
Üçüncü: müəllimlər peyğəmbərlərin vəsiləridir. Onların arasında sonuncu peyğəmbərin vəsisi mükəmməldir.
 
Dördüncü: müəllimlər hər əsrin alimləridir.
 
Müəllim və tələbə öz elminə əməl etməlidir. Ona görə ki, əməlsiz elm fayda verməz. Əməlsiz elm qandasız(izah üçün yazının sonuna bax- S.L.) oxa bənzəyir.
 
Müəllim ilə tələbənin təbiəti çoxlarından daha üstün olmalıdır. Onların davranışları hər cəhətdən pak və təmiz, gözəl xüsusiyyətlərə mnlik olmaldıır. Günah hesab olunan işlərdən uzaq durmalı, təvazökar olmalıdırlar.  Müəlim ilə tələbə ali təbiətli və ali(yüksək) himmətli olmalı, elmin abır-həyasının keşiyində dayanmalıdırlar. Ona görə də yaxşı demişlər:
 
“Qədri bilinməmiş nemətin bazarı kasad olar.” 
 
Müəllim ilə tələbənin şüarı xalqa, millətə xidmət olmalıdır. Dinsiz- imansız müəllim və tələbənin elmi əsassız və köksüz olar. Necə ki, təcrübədə sınaqdan keçmişdir...
 
İkinci işarə:
 
Müəllimə xas olan xüsusiyyətlər haqda
 
Müəllimə xas olan xüsusiyyətlər 8-dir:
 
-Müəllim zümrəsinə daxil olan şəxs, yəni müəllimlik vəzifəsini qəbul edən şəxs, ilk növbədə təcrübəli alimlərdən, müəllimlərdən və səlahiyyətli şəxslərdən icazənamə almalıdır. Ona görə ki, bu vəzifə çox məsuliyyətli və çətindir. 
 
Atalar yaxşı deyib:
 
“Əta olunmamış xasiyyəti götürmək – dərzi tikmədiyi geyimi geymək kimidir...”
 
- Müəllim öz biliyini naəhl və cahil adamlara hədiyyə etməməlidir. Ona görə ki, onlar həmin biliyə qiymət verməyib zəlil və qiymətsiz edərlər. Allah-Təala buyurub ki, əməlsiz elm fəlakət və ölümdür. Cənab Əmirəl-Möminin(Həzrət Əli(ə.s.) –S.L.) isə buyurub ki,  elmi hörmətdən salan və şərəfsiz edən şəxs elə bil ki, mənim belimi qırır. Hər kəs elmi alçaldarsa, insanlar ona nifrət edər...
 
- Müəllim daim öz biliyini artırmağa çalışmalıdır.  Ona görə ki, bilikli alim öz dövrünün nəbisi səviyyəsindədir. 
 
- Müəllim biliklərini tələbələrindən əsirgəməməlidir.
 
- Müəllimin sözü ilə əməli uyğun olmalıdır. Sözü ilə əməli düz olmasa, xalqın nəzərində hörməti olmaz...
 
- Müəllim çəkinmədən, qorxmadan haqq-ədaləti müdafiə etməməlidir. 
 
- Müəllim xoş niyyətlə dərsə gələn tələbələrinə elm həvəskarlarına bildiklərini hədiyyə etməlidir. 
 
- Müəllim əxlaqına da fikir verməlidir.  Həmin xüsusiyyətin daha da yaxşılaşmasına daim  can atmalıdır...”
 
(Davamı var)
 
Redaksiyadan izah:
 
“Qandasız" sözünün kökü olan "qanda" (və ya digər variantı ilə qandav) qədim hərbi-silah terminidir və oxun "arxa tərəfindəki kəsik, dilik (yayın ipinin — kaman bəsinin oturduğu yer)" mənasını ifadə edir. Cümlənin tam bədii və məntiqi izahı aşağıdakı kimidir:Silah kimi mənası: Oxun yay ipinə (kamana) taxılan arxa hissəsində kəsik (qanda) olmalıdır ki, ip orada möhkəm otursun, güc alsın və hədəfə doğru uçub gedə bilsin. Əgər oxun arxasında o kəsik (qanda) yoxdursa, onu yaya bərkidib atmaq qeyri-mümkündür; belə ox yararsızdır və heç bir işə yaramır. 
 
Hikmətli kəlamın mənası: "Əməlsiz elm qandasız oxa bənzəyir" ifadəsi o deməkdir ki, insan nə qədər çox bilirsə bilsin, əgər o bildiklərini həyatda tətbiq etmirsə (əməl etmirsə), onun elmi yaya taxıla bilməyən, atılması qeyri-mümkün olan yararsız bir ox kimidir. Elm yalnız əməllə birləşdikdə güc qazanır və hədəfə çatır.
 
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər