"Ən böyük arzum hər bir günümüzün Azərbaycan dilinə sevgi, ehtiram və qayğı ilə başlanmasıdır..."
"Azərbaycan dilinə sevgi Azərbaycan tarixinə, mədəniyyətinə və milli kimliyimizə sevgidir"
“Ana dilinə laqeyd yanaşmaq yolverilməzdir...”
“Dilimizə məsuliyyətli münasibət insanları bir-birinə daha da yaxınlaşdırır, milli birliyi möhkəmləndirir və gələcək nəsillərə ən qiymətli mənəvi irsin ötürülməsinə xidmət edir...”
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri Sevinc Əliyeva Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Moderator.az-a açıqlamasında xalqımızı, dilçi alim, pedaqoqlarımızı, media nümayəndələrini, bütün söz və qələm əhlini təbrik edib.
S. Əliyeva bildirib ki, bu əlamətdar gün münasibətilə Ana dilimizə- Azərbaycan dilinə bütün varlığı ilə bağlı olan hər bir soydaşını ürəkdən təbrik edir. O, diqqətə çatdırıb ki, bu təbrik yalnız sözlə deyil, əməlləri ilə də Azərbaycan dilini sevən, onu qoruyan, inkişaf etdirən və ona xidmət edən hər bir insana ünvanlanır.
Şöbə müdiri vurğulayıb ki, ən böyük arzusu hər bir günümüzün Azərbaycan dilinə sevgi, ehtiram və qayğı ilə başlanmasıdır...
Sevinc Əliyeva qeyd edib ki, hazırda işğaldan azad edilmiş Qarabağda, Şuşada olmaq onun üçün böyük qürur və sevinc hissi doğurur. O bildirib ki, 30 ildən artıq həsrət qaldığımız bu müqəddəs torpaqlarda Azərbaycan dilinin yenidən sərbəst səslənməsi böyük mənəvi dəyər daşıyır.
"Elə bil, bu dağlar, daşlar, küçələr, divarlar da bizim səsimiz, bizim dilimiz üçün darıxmışdı. Bu gün burada - Şuşada, Kəlbəcərdə, Laçında... - işğaldan azad edilmiş bütün torpaqlarımızda Ana dilimizin - Azərbaycan dilinin səslənməsi hər birimiz üçün böyük mənəvi dəyər, Böyük Qələbə anlamını da daşıyır", – deyə ziyalı-filoloq əlavə edib.
Dilçi alim hər bir ailəyə müraciət edərək valideynləri övladlarını Azərbaycan dilində danışmağa, bir-birinə doğma sözlərlə müraciət etməyə təşviq etməyə çağırıb. O hesab edir ki, ana dilinə sevgi məhz ailədən başlayır...
Sevinc Əliyeva vurğulayıb ki, bu gün Qarabağda azad şəkildə Azərbaycan dilində danışmaq, ana dilimizin həmin torpaqlarda sərbəst səslənməsi Böyük Zəfərin ən qiymətli mənəvi təzahürlərindən biridir. Onun fikrincə, belə bir gündə Azərbaycan dilinə laqeyd yanaşmaq və onu sevməmək yolverilməzdir.
Şöbə müdiri təəssüflə qeyd edib ki, bəzən reklam mətnlərində, tərcümələrdə, dublyaj sahəsində və digər informasiya məkanlarında Azərbaycan dilinə kifayət qədər məsuliyyətlə yanaşılmır. O bildirib ki, dil üzərində çalışan hər bir mütəxəssis öz fəaliyyətində peşəkarlıq nümayiş etdirməli, ana dilinə dərin hörmət və yüksək məsuliyyət hissi ilə yanaşmalıdır. Alim o qənaətdədir ki, dilimizə etinasız münasibət nə peşəkarlığa, nə də vətəndaşlıq mövqeyinə uyğun gəlir...
Sevinc Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan dilinə sevgi Azərbaycan tarixinə, mədəniyyətinə, milli kimliyimizə və xalqımıza sevgidir. O bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlının mənəvi sərvəti olan bu nüfuzlu dilə hörmət göstərmək hər bir vətəndaşın borcudur...
Şöbə müdiri hesab edir ki, ana dilinə məsuliyyətlə yanaşmaq ilk növbədə vətəndaşlıq məsuliyyətidir. O xatırladıb ki, cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu, məsuliyyət məsələsidir.
Sevinc Əliyevanın fikrincə, dilimizə məsuliyyətli münasibət insanları bir-birinə daha da yaxınlaşdırır, milli birliyi möhkəmləndirir və gələcək nəsillərə ən qiymətli mənəvi irsin ötürülməsinə xidmət edir.
Sonda Sevinc Əliyeva Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə xalqımızı, alim həmkarlarını, media nümayəndələrini, bütün qələm əhlini bir daha təbrik edərək, hər kəsə əmin-amanlıq, firavanlıq və doğma Azərbaycan dilinin daim uca tutulmasını arzulayıb.
Sultan Laçın