“Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, güclü universitet sistemi olmadan dayanıqlı innovativ inkişafı təmin etmək mümkün deyil...”
"Ən yaxşı model bir neçə ölkənin ali təhsil təcrübəsi əsasında milli universitet modeli yaratmaqdır..."
"Elə bir beynəlxalq təcrübə yoxdur ki, onu olduğu kimi tətbiq edib, uğur qazanaq. Həm də tək bir ölkənin (universitetin) təcrübəsindən istifadə etmək də düzgün deyil..."
"Bu model göstərir ki, dünya səviyyəli universitetlər inzibati qərarlarla və ya qısamüddətli layihələrlə deyil, onilliklər davam edən sistemli inkişaf siyasəti ilə formalaşır. Azərbaycan ali təhsil sistemi niyə bu uğurlu modeldən faydalana bilmir?.."
.
"Ən əsas məsələ isə ali təhsil sisteminin bütün səviyyələrdə idarəedilməsinə səriştəsiz kadrların mühüm vəzifələr gətirilməsi praktikasına son qoyulmalıdır…"
"ETN qrant almaq istəyən alimlərə dəstək vermək, innovativ layihələrinin reallaşmasına yol açmaq əvəzinə, onların bu istəyinə çox pis baxır, sanki, “çörəyimizə şərik olmayın” mesajı verir..."
"Əsas məsələ "niyə bizim universitetlər irəliləmir?" sualını vermək deyil, "dünya təcrübəsinin sübut etdiyi inkişaf mexanizmlərini niyə sistemli şəkildə tətbiq etmirik?" sualına cavab axtarmaqdır..."
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun beynəlxalq çağdaş təcrübə ilə müqayisədə Azərbaycanda elm və təhsilin problemləri barədə “Dünya səviyyəli universitetlər təsadüfən yaranmır. İnnovativ iqtisadiyyatın inkişafında universitetlərin mühüm rolu...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Universitetlər hər bir ölkənin innovativ inkişafının əsas hərəkətverici qüvvələrindən biridir. Onlar yalnız ali təhsil verən müəssisələr deyil, həm də yeni biliklərin yaradıldığı elmi-tədqiqat mərkəzləridir. İnnovasiya iqtisadiyyatının inkişafı üçün yüksək ixtisaslı insan kapitalının hazırlanması universitetlərin ən mühüm missiyalarından hesab olunur...
Müasir universitetlər fundamental və tətbiqi tədqiqatlar aparmaqla yeni texnologiyaların yaranmasına şərait yaradır. Universitet–sənaye əməkdaşlığı elmi nəticələrin kommersiyalaşdırılmasını və innovativ məhsulların bazara çıxarılmasını sürətləndirir. Universitetlərin tərkibindəki Startap mərkəzləri, texnoparklar və biznes inkubatorları tələbələrin innovativ ideyalarını real biznes layihələrinə çevirməyə imkan verir. Universitetlərdə formalaşan innovasiya ekosistemi ölkənin rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verir. Süni intellekt, rəqəmsal texnologiyalar və yaşıl iqtisadiyyat kimi prioritet sahələr üzrə aparılan tədqiqatlar gələcəyin iqtisadi inkişafını müəyyənləşdirir...
Universitetlər həm də beynəlxalq elmi əməkdaşlıq vasitəsilə qabaqcıl bilik və texnologiyaların ölkəyə transferini təmin edirlər. Elmi nəşrlər, patentlər və yüksək texnologiyalı startaplar universitetlərin innovasiya potensialının əsas göstəriciləridir. Güclü universitetlər xarici investisiyaların cəlb edilməsində və innovasiya klasterlərinin formalaşmasında mühüm rol oynayırlar. Onlar dövlət, biznes və cəmiyyət arasında bilik mübadiləsini təmin edən strateji platforma funksiyasını yerinə yetirirlər.
Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, güclü universitet sistemi olmadan dayanıqlı innovativ inkişafı təmin etmək mümkün deyil. Buna görə də universitetlərin elmi potensialının, akademik müstəqilliyinin və innovasiya imkanlarının gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olmalıdır. Nəticə etibarilə, universitetlər bilik iqtisadiyyatının əsas dayağı olmaqla yanaşı, ölkənin innovasiya ekosisteminin formalaşmasında və qlobal rəqabət qabiliyyətinin artırılmasında həlledici rol oynayırlar...
Beynəlxalq təcrübədə hansı ali təhsil modeli bizə faydalı ola bilər?..
Süni intellekt dövründə dövlətlərin rəqabət qabiliyyəti universitetlərinin elmi potensialı, innovasiya ekosistemi və insan kapitalının keyfiyyətindən asılıdır. Dünyanın aparıcı ölkələri universitetlərə yalnız təhsil müəssisəsi kimi deyil, milli inkişafın, texnoloji suverenliyin və iqtisadi təhlükəsizliyin strateji institutu kimi baxırlar. Ali təhsil islahatlarının konseptual olaraq düzgün layihələndirilməsi üçün, beynəlxalq təcrübədən, qabaqcıl universitetlərdən öyrənmək zəruridir. Amma elə bir beynəlxalq təcrübə yoxdur ki, onu olduğu kimi tətbiq edib, uğur qazanaq. Həm də tək bir ölkənin (universitetin) təcrübəsindən istifadə etmək də düzgün deyil...
Ən yaxşı model bir neçə ölkənin ali təhsil təcrübəsi əsasında milli universitet modeli yaratmaqdır. Təbii ki, bu asan məsələ deyil. Bunun üçün uzunmüddətli elmi araşdırmalar, ciddi analitik fəaliyyət və səriştəli komanda lazımdır...
Müasir universitetlər uzunmüddətli strategiya və konkret layihələr silsiləsi, davamlı dövlət investisiyaları, qrantlar, güclü elm siyasəti olmasa, inkişaf edə bilməzlər. Bizim PHŞ edilən, kasıb universitetlər belə müsbət təcrübələrdən necə faydalansın?..
Ali təhsil sahəsində ABŞ, Kanada, Avropa və Çin kimi ölkələrin təcrübəsi maraq doğurur. Bu ölkələrin hər birinin təcrübəsini ayrılıqda öyrənmək və ümumiləşdirməyə ehtiyac var.
Çin təcrübəsi ilə tanış olaq. Çin ali təhsil modeli göstərir ki, dünya səviyyəli universitetlər uzunmüddətli strategiya ilə qurulur. Qlobal uğur qısamüddətli layihələrin nəticəsi deyil. Bunun üçün davamlı dövlət investisiyalarının, islahatların elmi təminatının və beynəlxalq əməkdaşlığın olması vacidbdir. Bizim ali təhsil sistemində isə isə bunlar yoxdur. Ölkədə ali təhsil problemlərini tədqiq edən elmi mərkəzlər və almi-metodik jurnallar yoxdur...
Son iyirmi ildə Çin universitetlərinin beynəlxalq reytinqlərdə sürətlə yüksəlməsi təsadüfi deyil. Bu, uzunmüddətli dövlət strategiyasının, ardıcıl maliyyələşmənin, güclü elmi siyasətin və beynəlxalq əməkdaşlığın məntiqi nəticəsidir. Bu model göstərir ki, dünya səviyyəli universitetlər inzibati qərarlarla və ya qısamüddətli layihələrlə deyil, onilliklər davam edən sistemli inkişaf siyasəti ilə formalaşır. Azərbaycan ali təhsil sistemi niyə bu uğurlu modeldən faydalana bilmir?..
Çində ali təhsil islahatına milli inkişaf strategiyası kimi baxılır...
Çin universitetlərinin yüksəlişinin əsasında bir neçə fundamental prinsip dayanır.
1. Ali təhsil dövlətin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Universitetlər sənaye siyasəti, innovasiya strategiyası, texnoloji inkişaf və ölkənin milli təhlükəsizlik məqsədləri ilə əlaqələndirilir.
2. Dövlət universitetlərə uzunmüddətli və sabit maliyyə dəstəyi verir. Müasir laboratoriyalar, elmi avadanlıq, doktorantura proqramları və beynəlxalq tədqiqat layihələri ardıcıl şəkildə maliyyələşdirilir.
3. Universitetlərin beynəlxalq inteqrasiyası məqsədyönlü şəkildə təşviq olunur. Dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq, xaricdə təhsil almış alimlərin geri cəlb edilməsi və beynəlxalq tədqiqat şəbəkələrinə qoşulma sistemli dövlət siyasətinin tərkib hissəsidir…
Bu modelin nəticəsi göz qabağındadır. Çin universitetləri qlobal reytinqlərdə yüksəlir, yüksək keyfiyyətli elmi tədqiqatlar aparır və texnoloji innovasiyaların əsas mərkəzlərinə çevrilirlər.
Dünya səviyyəli universitet təsadüfən yaranmır…
Universitetin beynəlxalq nüfuzu bir neçə il ərzində formalaşmır. Bunun üçün onilliklər tələb olunur. Dünya təcrübəsi göstərir ki, universitetlərin inkişafı bir sıra amillərə əsaslanır: uzunmüddətli strategiya, davamlı dövlət investisiyası, rəqabətli elmi qrant sistemi, akademik azadlıq və məsuliyyət, güclü doktorantura məktəbləri, beynəlxalq elmi əməkdaşlıq, innovasiya və texnologiya transferi. Bu amillərdən birinin zəifliyi bütöv sistemin səmərəliliyinə mənfi təsir göstərir.
Azərbaycan universitetlərinin əsas problemi...
Azərbaycan universitetlərinin əksəriyyətində əsas problem yalnız maliyyə çatışmazlığı deyil. Daha ciddi problem uzunmüddətli strateji planlaşdırmanın yoxluğudur. Bir çox hallarda inkişaf proqramları qısamüddətli layihələr və ya inzibati göstəricilər ətrafında qurulur, bəzən də digər strategiyaların tərkibində müəyyən istiqamətlər kimi verilir. Halbuki universitet transformasiyası 15–20 illik baxış tələb edir.
Elmi fəaliyyət üçün bizdə sabit maliyyələşmə mexanizmləri yoxdur. Hələ də elmi və təhsilin inkişafına ETN nə fərdi, nə də institusionaal qrantlar vermir. TİF fondu ümumən heç bir qrant vermir, belə fondun yaranmasına, universitetlərdən daavamlı olaraq maliyyə dəstəyi almasına nə ehtiyac vardı?..
Rəqabətli qrant mühiti kifayət qədər inkişaf etmədikdə tədqiqatların davamlılığı da zəifləyir. Nəticədə universitetlər daha çox gündəlik idarəetmə problemlərini həll etməyə çalışır, strateji inkişaf isə ikinci plana keçir. Maraqlıdır ki, ETN qrant almaq istəyən alimlərə dəstək vermək, innovativ layihələrinin reallaşmasına yol açmaq əvəzinə, onların bu istəyinə çox pis baxır, sanki, “çörəyimizə şərik olmayın” mesajı verir. Bəlkə də dünyanın heç bir ölkəsində inkişafyönlü konkret, ideyası olan alimin qabağına, ETN-nin 25 ildə çəkdiyi sədd yoxdur. Ona görə də patent, startap və innovasiya reytinqlərində son yerlərdəyik, amma menecerlər bu reytinqlərdəki mövqelərimizdən narahatlıq keçirmirlər...
PHŞ modeli öz-özlüyündə inkişaf modeli deyil...
Son illərdə bəzi universitetlərimiz tələsik publik hüquqi şəxs (PHŞ) statusuna keçirilib. Bu idarəetmə baxımından müəyyən imkanlar yarada bilərdi. Amma təşkilati-hüquqi statusun dəyişməsi avtomatik olaraq özlüyündə dünya səviyyəli universitet yaratmır.
Nəzərə alsaq ki, univeritetlərimiz maliyyə baxımından 35 ildir ciddi sıxıntılar yaşayır, təhsil haqqından başqa maliyyələşmə kanalları yoxdur, onda PHŞ modeli inkişafa təkan verə bilməz. Digər tərəfdən, əgər PHŞ statusu uzunmüddətli inkişaf strategiyası, əlavə və sabit investisiyalar, güclü elmi qrant proqramları, beynəlxalq professorların cəlbi, müasir tədqiqat infrastrukturu, nəticəyönümlü akademik idarəetmə müşayiət olunmursa, onda struktur dəyişikliyi gözlənilən keyfiyyət sıçrayışını təmin etməyəcək. Status inkişafın aləti ola bilər, lakin inkişafın özü deyil...
Süni intellekt dövründə gözləmə ziyanlıdır…
Bugünkü dünya əvvəlki dövrlərdən fərqlənir. Süni intellekt elmi, istehsalı, iqtisadiyyatı və ali təhsili sürətlə dəyişdirir. Belə şəraitdə universitetlərin inkişafını təxirə salmaq təkcə akademik deyil, həm də iqtisadi və texnoloji geriləmə riski yaradır. Universitetlər artıq milli innovasiya sisteminin əsas komponentinə çevrilirlər. Bu baxımdan ali təhsil siyasəti ölkənin milli təhlükəsizlik və rəqabət qabiliyyətinin mühüm hissəsidir.
Azərbaycan üçün strateji prioritetlər...
Çin modelini bizim reallıqda mexaniki şəkildə təkrarlamaq mümkün deyil. Çünki inkişaf səviyyələrində kifayət qədər fərq var. Belə ki, bu ölkələrin universitetləri arasında maliyyə, kadr, intellektual və texnoloji təminat baxımından ciddi fərqlər var. Bununla belə, əgər təhsil menecerləinin peşəkarlığı imkan verərsə, Çin təcrübəsini öyrənib, uyğunlaşdırıb, yaradıcı şəkildə tətbiq etmək mümkün olar. Hələ ki, ETN-də belə bir komanda müşahidə edilmir. Bu gün Çin ali təhsil modelindən bir çox ölkələr faydalanırlar…
Bu rakursda Çin ali təhsil modeli əsasında Azərbaycan ali təhsil sistemi üçün belə prioritet istiqamətlər təyin edilə bilər: 20 illik milli tədqiqat universitetləri proqramının hazırlanması, elmi qrantların həcminin və rəqabətliliyinin artırılması, süni intellekt və yüksək texnologiyalar üzrə milli tədqiqat mərkəzlərinin yaradılması, doktorantura və postdok sisteminin gücləndirilməsi, universitet–sənaye əməkdaşlığının institusional əsasda inkişaf etdirilməsi, beynəlxalq elmi konsorsiumlarda daha fəal iştirak. Ən əsas məsələ isə ali təhsil sisteminin bütün səviyyələrdə idarəedilməsinə səriştəsiz kadrların mühüm vəzifələr gətirilməsi praktikasına son qoyulmalıdır…
Ali təhsil sahəsində son 10 ilin acı təcrübəsindən, gec də olsa, nəticələr çıxarmalıyıq. Bu halda yalnız universitetlərin deyil, bütövlükdə ölkənin innovasiya potensialını gücləndirə bilər.
Çin təcrübəsi bir daha göstərir ki, dünya səviyyəli universitetlər təsadüfən yaranmırlar. Onlar uzunmüddətli siyasi iradənin, ardıcıl dövlət investisiyalarının, güclü elmi siyasətin və strateji idarəetmənin məhsuludur. Azərbaycan ali təhsil sistemi qarşısında duran əsas vəzifə qısamüddətli nəticələrə yönəlmiş, elmi araşdırmalara söykənməyən yanaşmalardan elmə əsaslanan uzunmüddətli institusional inkişaf modelinə keçməkdir. Bu yalnız universitetlərin reytinqdə mövqeyini yaxşılaşdırmaq üçün deyil, ölkənin elmi, texnoloji və iqtisadi gələcəyini təmin etmək üçün zəruridir…
Əsas məsələ "niyə bizim universitetlər irəliləmir?" sualını vermək deyil, "dünya təcrübəsinin sübut etdiyi inkişaf mexanizmlərini niyə sistemli şəkildə tətbiq etmirik?" sualına cavab axtarmaqdır. Əgər məqsəd həqiqətən rəqabətqabiliyyətli universitetlər yaratmaqdırsa, onda inkişafı inzibati status dəyişikliyi ilə deyil, uzunmüddətli elm və ali təhsil strategiyası ilə başlamaq lazımdır…
Müəllif: dosent İlham Əhmədov