“Hansı dövlət qurumunun fəaliyyəti idealdır ki, indi DİM-dən ideal fəaliyyət tələb olunur?..”-EKSPERT
Elm və Təhsil
3461
28 Jul 2026 | 19:05

“Hansı dövlət qurumunun fəaliyyəti idealdır ki, indi DİM-dən ideal fəaliyyət tələb olunur?..”-EKSPERT

Əgər sistemin bütövlükdə problemləri hələ də qalırsa, onda  yalnız bir müəssisədən  ideal nəticə gözləmək olarmı?..”
 
“Nəticənin zəifliyi qiymətləndirənin  zəifliyini yox, onun  obyektivliyini göstərir. Başqa sözlə, termometr yüksək temperatur yaratmır, onu ölçür...”
 
“Sağlam ictimai müzakirənin əsas prinsiplərindən biri bütün təşkilatlarda  eyni meyarların tətbiq edilməsidir...” 
 
“Təlim nəticələri yaxşılaşıbmı?  Şagird nailiyyətləri artıbmı? Müəllim hazırlığı güclənibmi?..”
 
“İdeal idarəetmə hər bir ölkənin uzunmüddətli məqsədidir, lakin bu məqsədə gedən yol normal işləyən institutların formalaşdırılmasından keçir...”
 
“Təhsil sistemi mürəkkəb ekosistemdir və burada əldə olunan nəticələr yalnız bir qurumun fəaliyyəti ilə izah oluna bilməz...”
 
“İdarəetmədə  şəxsi simpatiya və ya antipatiya deyil, nəticələr əsas meyar olmalıdır...” 
  
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Hər iş müqayisədə yaxşı dərk edilir, təhsildə də: Təhsil siyasətində qiymətləndirmə meyarları,  məsuliyyət, keyfiyyət  və "ideallıq" haqqında...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
...Elm və Təhsil Nazirliyinə yaxın jurnalistlərdən biri yazır ki, “DİM-in fəaliyyətində heç də hər iş ideal deyil”.  Bu ideyanın irəli sürülməsinin əsas səbəbi nədir?  Zənniçmcə, burada əsas məqsəd, son aylar keyfiyyət baxımından ciddi tənqidə məruz qalan  ETN-i  tənqiddən yayındırmaq, müzakirənin istiamətini dəyişdirmək, ictimai fikirdə çaşqınlıq yaratmaqla vəziyyəti ört-basdır etməkdir... 
 
İdarəetmə nəzəriyyəsində əsas prinsiplərdən biri qiymətləndirmədir. Bu prinsipdə deyilir ki,  heç bir müəssisə mütləq meyarlarla deyil, funksiya, missiya və  nəticələr əsasında qiymətləndirilir. Yəni hər bir qurumun fəaliyyəti onun ideal olub-olmaması ilə deyil, qarşıya qoyulmuş konkret vəzifələri hansı səviyyədə icra etməsi ilə ölçülür. Bu baxımdan son dövrlər Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti ilə bağlı səsləndirilən "ideal deyil" tipli tənqidlər metodoloji baxımdan səhvdir, bu yanaşma  ciddi suallar doğurur...
 
Maraqlıdır,  Azərbaycanın hansı dövlət qurumunun fəaliyyəti idealdır ki, indi DİM-dən ideal fəaliyyət tələb olunur?..
 
Bu sual polemik xarakter daşımır, əksinə, idarəetmə elminin əsas metodoloji prinsipinə söykənir. Çünki qiymətləndirmə müqayisə tələb edir. Müqayisə isə yalnız eyni funksiyanı yerinə yetirən və ya eyni sistem daxilində fəaliyyət göstərən müəssisələr arasında aparıldıqda elmi əsaslı ola bilər... 
 
İdeal və normal anlayışlarının qarışdırılması...
 
Müasir keyfiyyətin idarə edilməsi elmində 2 fərqli anlayış mövcuddur:
 
• normativ fəaliyyət – qəbul edilmiş standartlara uyğun işləmək, 
• mükəmməl fəaliyyət – həmin standartları aşaraq nümunəvi nəticələr əldə etmək. 
 
İnkişaf etmiş ölkələrdə belə dövlət qurumlarının böyük əksəriyyəti əvvəlcə normativ fəaliyyət səviyyəsinə çatmağa çalışır, yalnız bundan sonra mükəmməllik modellərinə keçid müzakirə olunur.  Bu baxımdan sual yaranır: ölkədə hansı sahələrdə  artıq "normal" fəaliyyət mərhələsi  başa vurulub ki, indi də "ideal" fəaliyyət axtarışına başlanılıb?  Əgər sistemin bütövlükdə problemləri hələ də qalırsa, onda  yalnız bir müəssisədən  ideal nəticə gözləmək olarmı?.. 
 
DİM və ETN: eyni sistemin fərqli funksiyaları
 
Təhsil sistemində fəaliyyət göstərən DİM və ETN  eyni funksiyalrı  yerinə yetirmirlər.  DİM-in  vəzifəsi  biliyin ölçülməsi, qiymətləndirmə mexanizmlərinin hazırlanması, imtahanların təşkili, obyektiv seçim prosesinin təmin edilməsidir.  ETN  vəzifəsi  isə tədris prosesinə, kurikulumların hazırlanmasına, müəllim hazırlığına, məktəblərin fəaliyyətinə, təlim nəticələrinə  cavabdehlikdir.  Başqa sözlə, biri qiymətləndirən, digəri isə öyrədən institutdur.   Bu iki funksiyanı bir-biri ilə qarışdırmaq sistemli təhlildə metodoloji səhvdir...
40 faizlik mənimsəmə nəyi göstərir?..
 
Əgər rəsmi hesabatlarda məzunların mənimsəmə səviyyəsinin təxminən 40 faiz olduğu göstərilirsə, bu göstərici ilk növbədə tədris prosesinin səmərəliliyi barədə suallar yaradır.  Burada vacib məqam odur ki, qiymətləndirmə sistemi zəif nəticə göstərmir,  qiymətləndirmə sistemi mövcud vəziyyəti üzə çıxarır.  
 
Nəticənin zəifliyi qiymətləndirənin  zəifliyini yox, onun  obyektivliyini göstərir. Başqa sözlə, termometr yüksək temperatur yaratmır, onu ölçür.  Əgər təlim prosesində əldə olunan nəticələr qənaətbəxş deyilsə, əsas diqqət həmin nəticələri yaradan amillərə yönəlməlidir:  kurikulumların keyfiyyəti, müəllim hazırlığı,  təhsildə kadr və maliyyə siyasətinin düzgün qurulması, məktəb idarəçiliyi, qiymətləndirmə mədəniyyəti, təhsil siyasətinin elmiliyi və səmərəliliyi  kimi amillərə nəzər yetirilməlidir...
 
Qiymətləndirici qurumun "daha ideal işləməsi" bu problemləri avtomatik həll etmir...
 
"İdeallıq" tələbi problemin mahiyyətini dəyişmir...
 
Bəzən belə fikir irəli sürülür ki, DİM daha mükəmməl işləsəydi, nəticələr daha yüksək olardı.  Burada səbəb-nəticə əlaqəsi düzgün qurulmur. Əgər şagirdlərin bilik səviyyəsi aşağıdırsa, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi həmin bilik səviyyəsini dəyişmir, əksinə, obyektiv qiymətləndirmə sistemi problemləri daha aydın görünən, daha şəffaf edir.  Bu baxımdan qiymətləndirici institutun əsas missiyası nəticələri dəyişmək deyil, onları obyektiv şəkildə ölçməkdir...
 
Seçici tənqid və təşkilati balans...
 
Sağlam ictimai müzakirənin əsas prinsiplərindən biri bütün təşkilatlarda  eyni meyarların tətbiq edilməsidir.  Əgər qiymətləndirici  qurumun  kiçik nöqsanları geniş müzakirə olunur, lakin təlim prosesinin sistemli problemləri ikinci plana keçirilirsə,  bu problemlər  səmərəli müzakirə edilmirsə, nəticələr çıxarılmırsa, onda ictimai diskussiyada balans pozulur.  Bu, tənqidin özünü zəifləşdirir.  Çünki tənqid yalnız ardıcıl və obyektiv olduqda islahatlara töhfə verir...
 
Bəs son 6 ilin nəticələri  hansı meyarla qiymətləndirilməlidir?..
 
Təhsilə dair  dövlət siyasəti və onun  reallaşdırılmasının  obyektiv qiymətləndirilməsi üçün əsas göstəricilər bunlardır: 
 
Təlim nəticələri yaxşılaşıbmı?  
 
Şagird nailiyyətləri artıbmı? 
 
Müəllim hazırlığı güclənibmi? 
 
Beynəlxalq qiymətləndirmələrdə irəliləyiş varmı? 
 
Ali təhsilə hazırlığın keyfiyyəti yüksəlibmi? 
 
Funksional savadlılıq inkişaf edibmi?.. 
 
Məhz bu göstəricilər əsasında idarəetmə səmərəliliyi  barədə elmi nəticə çıxarmaq mümkündür.  İdarəetmədə  şəxsi simpatiya və ya antipatiya deyil, nəticələr əsas meyar olmalıdır...
 
İctimai diskussiya emosiyalar üzərində deyil, real  müqayisələr üzərində qurulmalıdır...
 
Belə bir deyim var: "hər iş müqayisədə dərk edilir". Bu idarəetmə elminin də əsas prinsiplərindən biridir.  Müqayisə aparılarkən 3  prinsip gözlənilməlidir:  eyni funksiyaya malik institutlar müqayisə edilməlidir,  eyni meyarlar hamıya tətbiq olunmalıdır, nəticələr səbəblərlə qarışdırılmamalıdır.  Əks halda, problemlərin həlli deyil, onların ünvanının dəyişdirilməsi baş verir.
 
Beləliklə, görürük ki, ölkənin təhsil sisteminin inkişafı üçün ən vacib məsələ ayrı-ayrı qurumlarda "ideallıq" axtarmaq deyil, bütün sistemin minimum keyfiyyət standartlarına çatmasını təmin etməkdir. İdeal idarəetmə hər bir ölkənin uzunmüddətli məqsədidir, lakin bu məqsədə gedən yol normal işləyən institutların formalaşdırılmasından keçir...
 
Bununla yanaşı, analitik baxımdan bir vacib məqamı da qeyd etmək lazımdır. Təhsil sistemi mürəkkəb ekosistemdir və burada əldə olunan nəticələr yalnız bir qurumun fəaliyyəti ilə izah oluna bilməz. Təlimin keyfiyyəti, müəllim hazırlığı, kurikulum, sosial-iqtisadi amillər, ailə mühiti, məktəb idarəçiliyi və qiymətləndirmə mexanizmləri bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Buna görə də hər hansı problemin məsuliyyətini yalnız bir quruma aid etmək elmi baxımdan düz olmazdı...  
 
Əsl islahat  “kim günahkardır?" sualından deyil, "mövcud nəticələrin yaxşılaşması üçün hansı təşkilati dəyişikliklər tələb olunur?" sualından başlayır. Məhz bu yanaşma təhsil siyasətini emosional polemikadan çıxarıb faktlara, müqayisəli təhlilə və nəticəyönümlü idarəetməyə əsaslanan müstəviyə keçirə bilər...
 
Müəllif: dosent İlham Əhmədov
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər