"Baş nazir ailəsinin tələblərinin və dövlət hesabına maliyyələşdirilən xərclərin miqyası İsraildə analoqu olmayan səviyyəyə çatıb..."
İsrailin “Haaretz” qəzeti Baş nazir Benyamin Netanyahunun son illərdə istifadə etdiyi rəsmi və şəxsi 7 iqamətgahıyla bağlı geniş araşdırma dərc edib.
Moderator.az xəbər verir ki, araşdırmada dövlət vəsaiti hesabına aparılan təmir, yenidənqurma, təhlükəsizlik tədbirləri və xidmət xərclərinin miqyasının çox böyük olduğu bildirilir.
Məlumata görə, Netanyahu son aylarda ictimaiyyətə açıqlanmayan, məxfi saxlanılan yeni dövlət iqamətgahına köçüb. Bu vaxt Qüdsdəki rəsmi Baş nazir iqamətgahı – "Balfur villası" – artıq dörd ildir əsaslı təmirdədir və layihənin dəyəri təxminən 50 milyon şekel (16,7 milyon dollar) təşkil edir.
Netanyahunun həftəsonlarını keçirdiyi Kesariyadakı şəxsi villasında da uzun müddətdir genişmiqyaslı yenidənqurma işləri aparılır. Burada ərazinin abadlaşdırılması, hovuzun hidroizolyasiyası və digər təmir işləri həyata keçirilib. "Hizbullah"ın hücumundan sonra təhlükəsizlik tədbirlərinə əlavə 1,7 milyon şekel ayrılıb.
"Balfur villası" təmir olunduğu dövrdə hökumət Netanyahunun Qüdsün Qəzza küçəsində yerləşən mənzilindən rəsmi iqamətgah kimi istifadəni təsdiqləsə də, araşdırmaya əsasən, Baş nazir faktiki olaraq burada da yaşamır. Köhnə və gələcəkdə sökülməsi planlaşdırılan bu binaya dövlət hesabına təxminən 10 milyon şekel xərclənərək zirehli pəncərələr, yeni dam və əlavə möhkəmləndirmə işləri görülüb.
Bundan başqa, atasından miras qalmış digər şəxsi evdə də hidroizolyasiya, pəncərə təmiri və müxtəlif yeniləmələr dövlət vəsaiti hesabına maliyyələşdirilib.
Araşdırmada bildirilir ki, Netanyahu bir müddət iş adamı Simon Falikin Qüdsdəki malikanəsində də yaşayıb. Lakin bunun qanunsuz imtiyaz kimi qiymətləndirilə biləcəyi məlum olduqdan sonra bu praktikaya son verilib.
Hökumət eyni zamanda Qüdsdə yeni daimi Baş nazir kompleksi tikmək üçün on milyonlarla şekel xərcləyib. Lakin İsrailin Təhlükəsizlik Xidməti (ŞABAK) seçilmiş ərazini təhlükəsizlik baxımından yararsız hesab etdiyindən layihə problemlərlə üzləşib.
Araşdırmaya görə, Netanyahu ailəsinin hazırkı məxfi iqamətgahında mənzillərdən biri Baş nazir və həyat yoldaşı Sara Netanyahu üçün şəxsi gözəllik salonuna çevrilib. Həmçinin ABŞ-ın Florida ştatından qayıdan 35 yaşlı oğlu Yair Netanyahunun ailə ilə birlikdə yaşadığı və ya tez-tez burada qaldığı bildirilir. Jurnalistlərin iddiasına əsasən, bəzi hallarda dövlət qulluqçuları ona Baş nazir aparatının mətbəxindən qızardılmış çörək gətirirlər.
“Haaretz” vurğulayır ki, Baş nazir aparatındakı yüksək məxfilik səbəbindən xərclərin dəqiq məbləğini müəyyənləşdirmək çətindir. Buna baxmayaraq, jurnalistlərin topladığı məlumatlar və audit sənədləri göstərir ki, yalnız rəsmi iqamətgahların layihələndirilməsi və yenidən qurulmasına təxminən 100 milyon şekel, ailənin şəxsi mülklərinə isə əlavə olaraq on milyonlarla şekel dövlət vəsaiti sərf olunub.
Qəzet etiraf edir ki, bu xərclərin bir hissəsi təhlükəsizlik tələbləri ilə bağlıdır. Məsələn, keçmiş Baş nazir Naftali Bennettin evinin mühafizəsinə də təxminən 25 milyon şekel ayrılmışdı. Lakin nəşrin qənaətincə, Netanyahu ailəsinin tələblərinin və dövlət hesabına maliyyələşdirilən xərclərin miqyası İsraildə analoqu olmayan səviyyəyə çatıb.
Araşdırmanın sonunda bildirilir ki, Netanyahunun yeni məxfi iqamətgahında yerləşən dörd, sonradan isə beş mənzilin kirayəsi tamamilə dövlət büdcəsi, yəni vergi ödəyicilərinin vəsaiti hesabına ödənilir. Baş nazir aparatı bu xərclərlə bağlı sualları cavablandırmaqdan imtina edib və Netanyahunun əlavə xərclərin hər hansı hissəsini şəxsi vəsaiti hesabına ödəyib-ödəmədiyini açıqlamayıb.
S.Laçın