“Prezidentin 24 iyun tarixli müraciəti islamofobiyaya qarşı mübarizəyə çağırışdır”
Ekskluziv
2629
28 Jun 2026 | 21:38

“Prezidentin 24 iyun tarixli müraciəti islamofobiyaya qarşı mübarizəyə çağırışdır”

Prezident İlham Əliyevin 24 iyun 2026-cı il tarixində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı müraciət beynəlxalq aləmdə geniş əks-sədaya səbəb olub.  Müraciətdə islamofobiyaya qarşı mübarizənin vacibliyini vurğulayan dövlət başçısı, Azərbaycanın bu istiqamətdə gördüyü işlərə diqqət çəkdi.

Maraqlıdır, Prezidentin səsləndirdiyi faktları əsas gətirərək söyləmək olarmı ki, bu gün Azərbaycan islamofobiyaya qarşı mübarizənin əsas mərkəzlərindən biri, bəlkə də birincisidir?

Moderator.az-a açıqlama verən millət vəkili Tənzilə Rüstəmxanlı Prezident İlham Əliyevin məlum müraciətinin islamofobiyaya qarşı mübarizə baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Dövlətimizin başçısının sözügedən müraciətin ruhu özündə dünyanın İslam dininə qarşı mənfi köklənişinə düzgün adekvat reaksiya məntiqini daşıyır. Müraciətdə, həmçinin ölkəmiz bu reaksiyanı müqavimət kimi formalaşdıran mərkəz qismində vurğulanır.

İslamofobiya klassik imperializmə söykənmiş siyasi düşüncə məhsuludur və qlobal təhlükəlidir. Elə bir təhlükə ki, obyektivliyi görməyə imkan tanımır, obrazlı desək, həqiqətlər pəncərəsini bağlamaqla, onları darısqal otaqlarda nəfəs almağa məcbur edir. Prezident İlham Əliyev diqqəti məhz belə xoşagəlməz tendensiyaya yönəldir. Bu mənada, dövlətimizin başçısının ifadə etdiyi fikirlər ədalətsizliyə qarşı həyacan təbili, sülhpərvər dünyanı bu istiqamətdə səfərbər etməyə çağırışdır.

Zaman göstərdi ki, texnoloji və elmi inkişaf mənəvi kamilliyi təmin etmir. Əksinə, bəşəriyyət inkişaf etdikcə bir çox hallarda mənəvi zənginliyə deyil, mənəvi aşınmaya və dəyərlər böhranına doğru istiqamət aldı. Bu baxımdan bu gün dünyada islamofobiya kimi təhlükəli meyillərin geniş yayılması ciddi narahatlıq doğurur. Müsəlmanlara və İslam dininə qarşı ayrı-seçkilik halları bir sıra ölkələrdə açıq şəkildə müşahidə olunur. Belə bir şəraitdə Azərbaycan islam dünyasının ayrılmaz parçası kimi müsəlman ölkələri arasında həmrəyliyin və birliyin gücləndirilməsinə mühüm töhfələr verir.

İslamofobiya özündə dini dözümsüzlüyü, ayrı-seçkiliyi və nifrət ideologiyasını daşıyan təmayülə malikdirsə, təkcə Azərbaycan deyil, bütövlükdə, müsəlman dünyası İslamın belə mənfi təqdimatlarına münasibətdə sipər yaratmalıdır. Sipər isə yalnız sözlə olmur. Mövcud istiqamətdə beynəlxalq təşkilatlarla, ayrı-ayrı dövlətlərlə iş aparılmalı, müsəlman dövlətlərinin vətəndaş cəmiyyəti strukturları prosesdə ciddi fəallıq nümayiş etdirməlidirlər”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər