“Hərbçi xanımı və anası olan sədaqətli, dəyanətli xanımlar cəmiyyətimizin gizli qəhrəmanlarıdır...”
2647
26 Jun 2026 | 14:54

“Hərbçi xanımı və anası olan sədaqətli, dəyanətli xanımlar cəmiyyətimizin gizli qəhrəmanlarıdır...”

“Ömür-gün yoldaşı, Müdafiə nazirinin sabiq müavini Mehman Səlimova həyatı boyu, ən ağır günlərində olan sədaqəti  və övladlarına verdiyi milli ruhlu tərbiyəsi ilə Nərminə xanım bu gün hər bir gənc hərbçi ailəsi üçün gerçək bir örnəkdir...”
 
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra Milli Ordu quruculuğunda, həmçinin  I Qarabağ savaşı zamanı torpaqlarımızın düşmən təcavüzündən qorunmasında danılmaz xidmətləri olan müdafiə nazirinin sabiq müavini, mərhum polkovnik Mehman Səlimovun xanımı Nərminə xanım Səlimova bir hərbçi ailəsinin bütün maddi-mənəvi yükünü, əzab və çətinliklərini çiyinlərində daşıyan fədakar Azərbaycan qadınının rəmzidir...
 
Hərbçi xanımı olmaq sadəcə bir ailə statusu deyil, böyük bir məsuliyyət və dözüm tələb edən çətin bir missiyadır. Nərminə xanım  gənc yaşlarından ömrünü Vətənə xidmətə, yenicə müstəqillik əldə etmiş, xarici təcavüzə qarşı mübarizə aparan ölkənin Silahlı Qüvvələrinin bərpasına həsr etmiş polkovnik Mehman Səlimovun ən etibarlı yol yoldaşı, arxası və mənəvi dayağı olub...
 
Özü də uzun illər həkim-cərrah kimi fəaliyyət göstərmiş Nərminə xanım hərbçi həyatının gərgin iş qrafikinə, xidməti ezamiyyətlərə, ön cəbhədə düşmənlə birbaşa savaş günlərinin təsəvvürolunmaz həyəcan və gərginliyinə və digər çətinliklərə rəğmən böyük iradə və məharətlə iş- həyat yoldaşı- ev balansı yaradaraq ailənin bütövlüyünü qoruyub-saxlamaq kimi çox ağır və çətin missiyanı şərəflə yerinə yetirməyi bacarıb...  
O, heç bir çətinlikdən şikayət etmədən həyat yoldaşının çiyinlərindəki ağır Vətən yükünü yüngülləşdirmək üçün evdə hər zaman hüzurlu və isti bir ailə mühiti yaradıb...
 
Nərminə xanım həyat yoldaşı ilə bərabər bütün övladlarını şəxsi mənfəətlərdən uzaq,  Vətənin, xalqın, dövlətin maraqlarını hər şeydən üstün tutan, bu yolda həyatını belə, fəda etməyə hazır  bir ruhda böyüdüb...
 
Nərminə Səlimova kimi sədaqətli, dəyanətli hərbçi xanımları, eləcə də anaları cəmiyyətimizin gizli qəhrəmanlarıdır. Onlar ön cəbhədə olmasalar da, arxa cəbhədə möhkəm dayaq duraraq ordumuzun gücünə güc qatırlar...
 
Ömür-gün yoldaşı, Müdafiə nazirinin sabiq müavini Mehman Səlimova həyatı boyu, ən ağır günlərində olan sədaqəti  və övladlarına verdiyi milli ruhlu tərbiyəsi ilə Nərminə xanım bu gün hər bir gənc hərbçi ailəsi üçün gerçək bir örnəkdir...
 
Nərminə Səlimova və övladlarının timsalında bütün hərbçi və xüsusən şəhid, qazi ailələrini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, şəxsi və ictimai həyatlarında, dövlət, xalq,Vətən naminə apardığı işlərdə yeni-yeni uğurlar diləyirik...  
 
Allahdan cümlə şəhidlərimizə və mərhum polkovnik Mehman Səlimov daxil olmaqla 1918-1920-ci illərdən bəri Milli Ordunun, bütövlükdə Silahlı Qüvvələrin yaradılmasında, formalaşmasında xidmətləri olmuş bütün oğul-qızlarımıza rəhmət diləyirik... 
 
Qeyd:
 
Mərhum polkovnik Mehman Səlimovla Nərminə Səlimovanın həyat hekayətlərinin ən maraqlı və ibrətamiz məqamlarıyla növbəti yazılarımızda tanış ola bilərsiniz.
 
Moderator.az-ı izləyin!
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər