Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
2122
24 Jun 2026 | 15:15

Quran, Tövrat və İncil prizmasından tiranlıq, diktatorluq, totalitarizm.. -ARAŞDIRMA

(Peyğəmbərlər) kömək dilədilər və hər bir inadkar, diktator, inadcıl müstəbid (cəbbar) ziyana uğrayıb məhv oldu...” ( Quran, İbrahim surəsi, 15)
 
"Vay qeyri-adil qanunlar çıxaranların, məzlumların hüququnu tapdalamaq üçün zalım fərmanlar yazanların halına! Onlar yoxsulları ədalətdən məhrum edir..." (Tövrat, İşaya 10:1-2)
 
“Yəhudi teologiyası və Tövrat  insana mütləq səlahiyyət verilməsinə həmişə ən böyük şübhə ilə yanaşıb. Çünki mütləq güc mütləq şəkildə korrupsiyalaşır...”
 
“Yezidin qurduğu rejim — xalqın iradəsini heçə sayan, qorxu və tabeçilik üzərində qurulmuş tam bir diktatura nümunəsi idi. Məhz bu diktaturaya, zülmə və ədalətsizliyə boyun əyməyən İmam Hüseyn canı bahasına Kərbəlada azadlıq bayrağını qaldırdı...”
 
"Maraqlıdır ki, Allah təkcə diktatoru yox, ona yaltaqlıq edən, kreslo xatirinə zülmə göz yuman cəmiyyəti də xəbərdar edir..."
 
"Zalımların etdikləri əməllərdən Allahın qafil olduğunu əsla zənn etmə! Allah onların cəzasını sadəcə gözlərin bərələ qalacağı bir günə (Qiyamət gününə) təxirə salar."(İbrahim surəsi, 42-ci ayə)…
 
Dünya xəritəsinə baxanda mənzərə aydındır: bir tərəfdə imperiya iddialarından əl çəkməyən Rusiya, digər tərəfdə xalqını qaranlıq bir hücrədə saxlayan Şimali Koreya, dini teokratiya pərdəsi altında boğulan Səudiyyə Ərəbistanı, İran, qapalılıq rekordu vuran Türkmənistan, postsovet məkanının fərqli idarəetməli ölkələri və nəhayət, daxili siyasətində dini totalitarizmə, avtoritarizmə meyil edən Benyamin Netanyahunun idarə etdiyi İsrail, hətta Donald Trampın sözün əsil mənasında fironluq etməyə çalışdığı “demokratiya” beşiyi sayılan ABŞ ... 
 
Siyasi şərhçilər, politoloqlar bu rejimlərə "diktatura", "totalitarizm" və ya "avtoritarizm" damğası vururlar. Bəs göylərin hökmü nədir? Yaradanın qatında bu mütləqiyyətçi taxt-tac sahiblərinin hökmü necə verilib? Gəlin bəri başdan razılaşaq: səmavi dinlər — İslam, Yəhudilik və Xristianlıq — dövlətlərin rəsmi adlarına, bayraqlarına və ya bəlli, rəhbərlərinin siyasi titullarına baxmır. İlahi tərəzi tamamilə başqa bir meyarla ölçür: Ədalət, Zülm və İnsan Haqları!..
 
Gəlin müqəddəs mətnlərin tozlu səhifələrini vərəqləyək və çağdaş fironların ilahi statusunu üzə çıxaraq:
 
Tövratın siyasi manifesti: padşahlığın qaranlıq üzü...
 
Yəhudi teologiyası və Tövrat  insana mütləq səlahiyyət verilməsinə həmişə ən böyük şübhə ilə yanaşıb. Çünki mütləq güc mütləq şəkildə korrupsiyalaşır. Bu gün İsrailin daxilində və ya Rusiyada müşahidə olunan qanunları fərdə görə dəyişmək meylləri Tövratın ruhu ilə birbaşa toqquşur. 
 
Samuel(Şəmvil) peyğəmbərin diktatura xəbərdarlığı: 
 
Xalq peyğəmbərdən "bizə digər xalqlar kimi bir padşah seç" istəyəndə, Samuel onlara mütləqiyyətçi sistemin gələcəkdə necə bir bəlaya çevriləcəyini, resursları necə mənimsəyəcəyini belə izah etmişdi:
 
"Sizin üzərinizdə padşahlıq edəcək adamın hüququ bu olacaq: o, oğullarınızı götürüb öz arabalarında xidmətə məcbur edəcək... Tarlalarınızın, üzümlüklərinizin ən yaxşısını alıb öz məmurlarına verəcək... Və o gün seçdiyiniz padşahın əlindən fəryad edəcəksiniz, lakin Rəbb o gün sizə cavab verməyəcək." (1 Samuel 8:11-18)
 
Zalım fərmanlar çıxaran rejimlər:
 
İşaya(Şiya, yaxud Əşiya) peyğəmbərin bu sözləri sanki bu gün Şimali Koreyada və ya digər qapalı diktaturalarda çıxarılan absurd və qəddar qanunlara xitab edir: 
 
"Vay qeyri-adil qanunlar çıxaranların, məzlumların hüququnu tapdalamaq üçün zalım fərmanlar yazanların halına! Onlar yoxsulları ədalətdən məhrum edir..." (İşaya 10:1-2)
 
Tövratın ən böyük fəlsəfəsi — Misirdəki quldarlıqdan, yəni totalitar Firon rejimindən qurtuluşdur (Exodus). İnsanın azad iradəsini əlindən alan hər bir rejim Tövrat nəzərində bu ilahi azadlıq fəlsəfəsinə qarşı çıxmış sayılır… 
 
Xristianlıq: 
 
"Sezar" hara qədər haqlıdır? Xristian teologiyası dünyəvi qanunlara tabe olmağı tələb etsə də, diktatorların özlərini "tanrılaşdırmasını" qətiyyətlə rədd edir. Sərhəd harada çəkilir? 
 
İsa Məsihin məşhur "Sezarın olanı Sezara, Allahın olanı Allaha verin" (İncil, Matta 22:21) kəlamı dövlətlə fərdin inanc dünyasını ayırır. Amma əgər bir dövlət (məsələn, Şimali Koreya və ya teokratik iddialı rejimlər) insanın vicdanına, ruhuna əl uzadırsa, özünü Allahın yerinə qoyursa, artıq "Sezar" həddini aşmış olur. 
 
Vəhy Kitabındakı "Vəhşi heyvan": İncilin "Vəhy" (Apokalipsis) bölümündə insanlığı əzən, total nəzarət quran, azad düşüncəni yox edən imperiyalar və diktatorlar şərin rəmzi — "Babil" və ya göldən çıxan "Vəhşi heyvan" kimi təsvir olunur. Xristian teologiyası üçün son nöqtə aydındır: Allaha itaət, diktatorun qanunundan həmişə üstündür…
 
İslamın tərəzisi: "Firon modeli" və zalım sultanlar…
 
İslamın siyasi fəlsəfəsi üç sütun üzərində dayanır: 
 
Ədalət (ədl), Məsləhətləşmə (şura) və Əmanət… Əgər bir rejim vətəndaşın azad iradəsini buxovlayırsa, deməli, o, İslamın təməl prinsiplərini baltalayır. 
 
Fironun totalitarizmi: 
 
Qurani-Kərim mütləq hakimiyyəti əlində cəmləşdirib insanları əzən rəhbər tipini konkret bir obrazla təqdim edir – firon! Bu gün Şimali Koreyada və ya İranda tətbiq olunan cəmiyyəti siniflərə bölmə və qorxu mexanizmi əslində həmin köhnə ssenaridir. 
 
Allah buyurur:
 
"Həqiqətən, Firon yer üzündə baş qaldırıb təkəbbür göstərdi və onun əhalisini firqələrə (siniflərə) böldü. Onlardan bir tayfanı zəiflədir, onların oğlan uşaqlarını kəsir, qızlarını isə sağ buraxırdı. Sistemli şəkildə o, fəsad törədənlərdən idi!" (Qəsəs surəsi, 4)
 
İnadkar müstəbidlərin sonu: 
 
Quran məsləhətləşmədən (şuradan) imtina edən, yəni parlamenti, müstəqil məhkəməni sıfırlayan diktatorların sonunu belə cızır:
 
"(Peyğəmbərlər) kömək dilədilər və hər bir inadkar, diktator, inadcıl müstəbid (cəbbar) ziyana uğrayıb məhv oldu. (İbrahim surəsi, 15)
 
Səssiz çoxluğun günahı: 
 
Maraqlıdır ki, Allah təkcə diktatoru yox, ona yaltaqlıq edən, kreslo xatirinə zülmə göz yuman cəmiyyəti də xəbərdar edir: 
 
"Zülm edənlərə tərəf meyl etməyin, yoxsa sizə atəş toxunar..." (Hud surəsi, 113)
 
Peyğəmbər(s.ə.s.) hədislərinin kəskinliyi:
 
Məhəmməd Peyğəmbər (s.ə.s.) saray mollalarının yox, həqiqi aydınların dilindən çıxacaq cəsarəti cihad adlandırırdı: 
 
"Cihadın ən fəzilətlisi zalım sultanın qarşısında haqqı deməkdir." (Əbu Davud). 
 
Bu gün susanlar, zalımın qılıncını yalayanlar üçün isə o məşhur xəbərdarlıq var: 
 
"Məzlumun bədduasından qorxun, çünki onunla Allah arasında pərdə yoxdur." (Buxari).
 
Müaviyə, Yezid və Kərbəla dərsi:
 
İslam tarixində avtoritarizmə keçidin ilk sarsıdıcı addımı məhz Müaviyə dövründə atıldı. O, İslami məsləhətləşmə (şura) sistemini ləğv edərək, yerinə mütləqiyyətçi, irsi bir səltənət qurdu və özündən sonra oğlu Yezidi taxta çıxardı. Yezidin qurduğu rejim — xalqın iradəsini heçə sayan, qorxu və tabeçilik üzərində qurulmuş tam bir diktatura nümunəsi idi. Məhz bu diktaturaya, zülmə və ədalətsizliyə boyun əyməyən İmam Hüseyn canı bahasına Kərbəlada azadlıq bayrağını qaldırdı. İmam Hüseynin şəhadəti sübut etdi ki, İslam tiranlığa, gücün tək əldə cəmləşməsinə və xalqın haqlarının qəsb edilməsinə qarşı barışmaz bir müqavimət dinidir…
 
Qeyd edək ki, İslam fiqhində xaos və fitnə düşməməsi naminə bəzən rəhbərə qarşı silahlı üsyandan çəkinmək tövsiyə olunur, lakin bu, əsla və əsla avtoritarizmə, diktaturaya  bəraət qazandırmaq deyil, sadəcə xalqın qanını qorumaq strategiyasıdır...
 
 Üç din - bir hökm:
 
Sonda nöqtəni qoymaq vaxtıdır. Bu ilahiyyat araşdırmasının bizə göstərdiyi mənzərə təkdir, dəyişməzdir. Coğrafi mövqeyindən, adından, bayrağından asılı olmayaraq, mütləq hakimiyyət iddiasına düşən bütün bu rejimlər səmavi dinlərin müqəddəs məhkəməsində 3 ağır ittihamla üz-üzədir: 
 
İnsan ləyaqətinin təhqiri: 
 
İnsan – Yaradanın yer üzündəki xəlifəsi, yaratdığı ən şərəfli varlıqdır. Onu qul edən, iradəsini sındıran hər bir rejim əslində insana yox, birbaşa onun Yaradanına qarşı çıxır…
 
Çağdaş bütpərəstlik (Şirk): 
 
Diktatorların portretlərini bütləşdirən, rejim rəhbərlərinə "toxunulmazlıq" və "səhvsizlik" statusu verən bütün sistemlər səmavi dinlərin təməli olan Tək Tanrılıq (Tövhid) inancına ən böyük təhqirdir…
 
Əmanətə xəyanət: 
 
Dinlər üçün hakimiyyət şəxsi mülk və ya zövq mənbəyi deyil. 
 
O, xalqa xidmət üçün verilmiş müvəqqəti bir əmanətdir. Xalqın cibini soyan, tənqidə qapalı qalan idarəçilərin ilahi qatda cəmi bir adı var: ZALIM!
 
Tarix isə min illərdir eyni həqiqəti sübut edir: Fironların, avtoritarların, diktatorların hakimiyyəti, taxt-tacı nə qədər sarsılmaz, orduları nə qədər güclü görünsə də, İlahi tərəzinin ədaləti gec-tez o taxtları mütləq alt-üst edir…
 
Zira sonuncu İlahi Kitab olan Qurani-Kərim özünü toxunulmaz sanan bütün mütləqiyyətçi güclərə qarşı ən böyük və qəti xəbərdarlığını belə edir:
 
"Zalımların etdikləri əməllərdən Allahın qafil olduğunu əsla zənn etmə! Allah onların cəzasını sadəcə gözlərin bərələ qalacağı bir günə (Qiyamət gününə) təxirə salar."(İbrahim surəsi, 42-ci ayə)…
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər